Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-225/2024 04.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: “şəxsi hesab vərəqəsinin “İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər” başlıqlı sətrində qeyd olunmuş “Məcburi dövlət sosial sığorta haqqı və penya üzrə hesablanmış borc məbləğinin silinməsi”) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X4, üçüncü şəxsin nümayəndəsi X5 iştirakları ilə İddiaçı "xxxx" ASC-nin (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə inzibati işə 4 oktyabr 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında inzibati icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. "xxxx" ASC-nin Nizamnaməsindən (qeydiyyat tarixi 18 dekabr 2001-ci il, №D-3333) görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - “Cəmiyyət”) Azərbaycan Respublikasının 208-1Q nömrəli, 1996-cı il 29 noyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq "xxxx" Dövlət Şirkətinin tabeliyində olan Sumqayıt Superfosfat zavodunun çevrilməsi nəticəsində yaradılır və onun hüquqi varisidir. Cəmiyyət kommersiya hüquqi şəxsi olaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qüvvədə olan normativhüquqi aktlarına və bu nizamnaməyə uyğun olaraq həyata keçirir. Cəmiyyətin təsisçisi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentidir. Cəmiyyətin tam rəsmi adı: "xxxx" Açıq Səhmdar Cəmiyyəti. Cəmiyyətin qısaldılmış adı: "xxxx" ASC.Cəmiyyətin hüquqi ünvanı: Sumqayıt şəhəri, Bakı-Rostov şossesi. (1.1-1.4-cü bəndlər)
2. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış ərizədən görünür ki, Cəmiyyətin vergi orqanında olan şəxsi hesab vərəqəsində 1 yanvar 2019-cu il tarixə mövcud olan “Məcburi dövlət sosial sığorta haqları üzrə” 347.452,97 manat, “penya üzrə” 3.833,25 manat, ümumilikdə 351,286.22 manat borc məbləğinin silinməsinə köməklik edilməsi xahiş edilmişdir. Ərizədə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinə (bundan sonra - “VM”) edilmiş 30 noyabr 2018-ci il tarixli dəyişikliyə əsasən, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə keçmişdir. Qeyd olunan dəyişiklikdən sonra "xxxx" ASC-nin şəxsi hesab vərəqəsinə “İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər” başlıqlı yeni sətir əlavə edilmiş və həmin sətirdə 1 yanvar 2019-cu il tarixə saldo olaraq Məcburi dövlət sosial sığorta haqları üzrə 347.452,97 manat, penya üzrə 3.833,25 manat, ümumilikdə 351,286.22 manat borc məbləği əks etdirilmişdir. Özləri tərəfindən aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, cəmiyyətin məcburi dövlət sosial sığorta haqları və penya üzrə 1 yanvar 2019-cu il tarixə faktiki olaraq 351.286,22 manat borcu mövcud olmamış, 1 yanvar 2019-cu il tarixədək sosial sığorta haqlarının toplanmasına nəzarət edən qurum tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Cəmiyyət tərəfindən 1 yanvar 2019-cu il tarixədək həyata keçirilmiş ödənişlər nəzərə alınmadan, səhvən sadəcə hesablanmış məbləğlər barədə məlumatlar verilmişdir. Bu səbəbdən də şəxsi hesab vərəqəsində 1 yanvar 2019-ci il tarixə cəmiyyətin borcu düzgün olmayaraq 351.286,22 manat əks etdirilmişdir. Başqa sözlə, bu halda Cəmiyyət 351.286,22 manat məcburi dövlət sosial sığorta haqlarını ikinci dəfə ödəməli olacaqdır. "xxxx" ASC uzun müddətdir tam fəaliyyət göstərmir və hər hansı mənfəət əldə etmir. Bu isə Cəmiyyətin hazırkı tarixə şəxsi hesab vərəqəsinin “İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər” başlıqlı sətrində mövcud olan 351.286,22 manat borcun ödənilməsini mümkünsüz edir. Qeyd olunan saldo borcun şəxsi hesab vərəqəsindən silinməsi ilə bağlı uçotda olduqları vergi orqanına müraciət edilsə də, verilən cavab məktubunda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanmış elektron məlumat mübadiləsi haqqında razılaşmaya əsasən “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinə (hesabatı)” aid məlumatların Dövlət Vergi Xidmətinin “X2 Sistemi” vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi”nə ötürülməsi 1 yanvar 2019-cu ildən təmin olunduğu qeyd edilmiş və müvafiq borcun təyinatının müəyyənləşdirilməsi və ya azaldılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilməsi tövsiyə olunmuşdur.
3. "xxxx" ASC-yə göndərilmiş 30 avqust 2022-ci il tarixli, **********041100 nömrəli “Müraciətə baxılması barədə” məktubdan görünür ki, Cəmiyyətin şəxsi hesab vərəqəsinə sosial sığorta və işsizlikdən sığorta haqları üzrə 1 yanvar 2019-cu il tarixədək dövrə saldo qalığı kimin işlənilmiş borc məbləğləri üzrə ödənilmiş ödənişlər barədə yəni (ödəniş qəbzləri barədə) məlumatların dəqiqləşdirilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət olunması tövsiyə olunmuşdur.
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun "xxxx" ASC-yə göndərilmiş 19 sentyabr 2022-ci il tarixli, **********2 nömrəli “Məcburi dövlət sosial sığorta haqları üzrə borc məlumatlarının təqdim edilməsi haqqında” məktubundan görünür ki, Nazirliyin X1 sistemində olan məlumatlara əsasən, sığortaedənin 2018-ci il 1 oktyabr tarixə 0111 fəaliyyət növünə görə (işəgötürənlər -muzdla işləyənləri əmək müqaviləsi ilə işəgötürən hüquqi şəxslər (büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla) məcburi dövlət sosial sığorta haqqı üzrə 347.452 manat 97 qəpik və maliyyə sanksiyası (o cümlədən, penya) üzrə 3.833 manat 25 qəpik borcu yaranmışdır. Əlavə olaraq bildirilmişdir ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1042-VQ nömrəli Qanununa uyğun olaraq sığortaedənin maliyyə sanksiyası (o cümlədən penya) üzrə 96.499 manat 26 qəpik borcu silinmişdir. Qoşma ilə aşağıdakı sənəd göndərilmişdir: - “"xxxx" ASC-nin 1 yanvar 2006-cı il tarixdən 1 oktyabr 2018-ci il tarixə kimi məcburi dövlət sosial sığorta haqqı üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna olan bordan və ödənişlləri barədə” məlumatlardan görünür ki, sığortaedənin cəmi 351.286,22 manat borcu vardır.
5. "xxxx" ASC-nin 31 oktyabr 2022-ci il tarixli “Şəxsi hesab vərəqəsi”.
Cavabdeh tərəfindən təqdim olunmuş və iş materiallarına əlavə olunmuş sənədlər:
6. "xxxx" ASC-nin 29 dekabr 2022-ci il tarixli “Şəxsi hesab vərəqəsi”.
Üçüncü şəxs tərəfindən təqdim olunmuş və iş materiallarına əlavə olunmuş sənədlər:
7. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12 oktyabr 2015-ci il tarixli, 2-2(85)- 1650/2015 nömrəli qiyabi qətnaməsindən görünür ki, "xxxx" ASC-dən 1 aprel 2012-ci il tarixdən 1 oktyabr 2014-cü il tarixədək olan dövr üzrə yaranmış 113.515,76 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə borcu "xxxx" ASC-nin fəaliyyətin dayandırılması və əmlakın satılması yolu ilə Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə Departamentinin xeyrinə tutulması qət edilmişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 avqust 2016-cı il tarixli, 2-2(105)-87/2016 nömrəli qətnaməsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12 oktyabr 2015-ci il tarixli, 2-2(85)-1650/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 12 yanvar 2017-ci il tarixli, 2-2(102)-14/2017 nömrəli Qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 avqust 2016-cı il tarixli, 2-2(105)-87/2016 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə Departamentinin cavabdeh "xxxx" ASC-yə qarşı məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun tutulması tələbinə dair iqtisadi iş üzrə icraata xitam verilmişdir.
10. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 14 iyun 2023-cü il tarixli, 3-17-1/2-135344/2023 nömrəli məktubu ilə məcburi dövlət sosial sığorta haqları üzrə borc məlumatları haqqında hesabatların təsdiq olunmuş surəti qoşma ilə göndərilmişdir: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun "xxxx" ASC-yə göndərilmiş “Məcburi dövlət sosial sığorta haqları üzrə borc məlumatlarının təqdim edilməsi haqqında” (§4); - “"xxxx" ASC-nin 1 yanvar 2006-cı il tarixdən 1 oktyabr 2018-ci il tarixə kimi məcburi dövlət sosial sığorta haqqı üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna olan borcdan və ödənişləri barədə” məlumatlar (§4); - 2006-2017-ci illər üzrə hesabat vərəqələri.
11. §7-10-da qeyd olunan sənədlərin surəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filial tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına göndərilmişdir.
Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 5 dekabr 2023-cü il tarixli, **********654400 nömrəli məktubundan görünür ki, hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən hüquqi ünvanı Sumqayıt şəhəri, Bakı-Rostov şosesi olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəhbəri X3r. Qoşma ilə aşağıdakı sənəd göndərilmişdir: - "xxxx" ASC-nin aktiv bank hesabların siyahısından görünür ki, ASC-nin "xxxx" ASCnin Sumqayıt şəhər filialında iki aktiv hesabı mövcuddur.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri
13. İddiaçı "xxxx" ASC (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının şəxsi hesab vərəqəsində 1 yanvar 2019-cu il tarixə MDSS üzrə 347.452,97 manat, penya üzrə 3.833,25 manat, ümumilikdə 351.286,22 manat saldo borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi işin hallarına (§1-5) istinad edərək onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, cəmiyyətin məcburi dövlət sosial sığorta haqları və penya üzrə 1 yanvar 2019-cu il tarixə faktiki olaraq 351.286,22 manat borcu mövcud olmamış, 1 yanvar 2019-cu il tarixədək sosial sığorta haqlarının toplanmasına nəzarət edən qurum tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Cəmiyyət tərəfindən 1 yanvar 2019-cu il tarixədək həyata keçirilmiş ödənişlər nəzərə alınmadan, səhvən sadəcə hesablanmış məbləğlər barədə məlumatlar verilmişdir. Bu səbəbdən də şəxsi hesab vərəqəsində 1 yanvar 2019-ci il tarixə cəmiyyətin borcu düzgün olmayaraq 351.286,22 manat əks etdirilmişdir. Başqa sözlə, bu halda Cəmiyyət 351.286,22 manat məcburi dövlət sosial sığorta haqlarını ikinci dəfə ödəməli olacaqdır. Həmçinin, iddiaçı ASC uzun müddətdir tam fəaliyyət göstərmir və hər hansı mənfəət əldə etmir. Bu isə Cəmiyyətin hazırkı tarixə şəxsi hesab vərəqəsinin “İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər” başlıqlı sətrində mövcud olan 351.286,22 manat borcun ödənilməsini mümkünsüz edir. Qeyd olunan borcun silinməsi ilə bağlı cavabdeh orqana və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilsə də, sonuncu tərəfindən müraciət təmin edilməmişdir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçının şəxsi hesab vərəqəsində 1 yanvar 2019-cu il tarixə MDSS üzrə 347.452,97 manat, penya üzrə 3.833,25 manat, ümumilikdə 351.286,22 manat saldo borcun silinməsi öhdəliyi cavabdeh vergi orqanların üzərinə qoyulmalıdır.
15. İddia tələbinin prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə (bundan sonra – “İPM”) 3.1, 4.1, 2.2.3, 30.1, 30.2, 34.1-ci maddələrinə istinad olunmuşdur.
16. Məhkəmənin 27 fevral 2023-cü il tarixli, e-2-1(118)-1091/2023 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının (bundan sonra – “üçüncü şəxs”) üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
17. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək, onun təmin edilməməsini xahiş etmişdir.
18. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqəsinin, işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işəgötürən hüquqi şəxslər hissəsində olan 329.178,96 manat (347.452,97 manat əsas, 3.833,25 manat faiz) borc məbləği 1 yanvar 2019-cu il tarixə saldo olaraq Dövlət Vergi Xidmətinə daxil olmuşdur. Hesab edilir ki, müddətlə bağlı məhdudiyyətin qanunvericilikdə nəzərdə tutulmamasının başlıca səbəblərindən biri vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində öz əksini tapmış sosial təminat hüququnun dövlət tərəfindən ən ali hüquqlarından biri kimi qiymətləndirilməsi ilə əlaqədardır. Əks halda, yəni sığortaedən yaxud sığortaolunanların sığorta borclarının ümidsiz hesab olunaraq silinməsi bu vəsaitlərin Fonda ödənilməməsi deməkdir ki, bu da işçilərin əmək pensiyası hüquqlarının birbaşa pozulmasına gətirib çıxarır. Belə ki, işçinin mövcud iş stajı o halda onun sığorta stajı kimi qəbul edilir ki, sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta haqları sığortaçı təşkilata ödənilmiş olsun. Qeyd edilir ki, 2019-cu ilin 1 yanvar tarixindən etibarən məcburi dövlət sosial sığorta haqlarının yığımı, təqdim edilmiş hesabatların qəbulu və emalı, bu sahədə nəzarət və yaranacaq borcların yığılması Azərbaycan Respublikasının Vergilər Nazirliyinə həvalə edilmişdir.
19. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli, 1356-VQD nömrəli Qanununa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 21.1-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 304-cü maddəsinin 2-ci bəndinə, ““Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin birinci hissəsinin yeddinci abzasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli Plenum Qərarına, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə (bundan sonra – “İPM”) 48.2-ci maddəsinə istinad olunmuşdur.
c) Tərəflərin iştirakları və izahatları:
20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir.
21. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etirazda qeyd edilənləri müdafiə edərək, iddiaçı tərəfinin proseslərdən yayındığını bildirmiş, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
22. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin səlahiyyətli nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...
42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
24. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
25. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
26. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə izahat verərək, iddia tələbini müdafiə etmişdir.
27. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
28. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
29. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
30. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
31. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir.
Tətbiq edilən hüquq:
32. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ.Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.”
33. VM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər (-) 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.”
“Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; (-)
Maddə 15. Vergi ödəyicisinin hüquqları 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: ... 15.1.15-3. hesablanmış, yenidən hesablanmış, ödənilmiş və artıq ödənilmiş vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, fаizlər, maliyyə sanksiyaları və inzibati cərimələrlə bağlı vergi orqanlarından elektron və (və ya) kağız daşıyıcılarda üzləşmə aktı tələb etmək; ... Maddə 56. Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmənin və maliyyə sanksiyalarının alınmasının müddəti 56.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir.
34. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutlmuşdur:
M a d d ə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. sosial sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat forması; (-) 1.1.7. sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər; 1.1.8. sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslər; (-) 1.1.10. məcburi dövlət sosial sığorta haqqı – sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaiti; (-)
Maddə 3. Sosial sığortanın prinsipləri Sosial sığortanın prinsipləri aşağıdakılardır: sosial sığortanın müntəzəmliyinə dövlət təminatı; sosial sığortanın ümumiliyi; sosial sığortanın işçilərə əmək qabiliyyətinin itirildiyi hər bir halda təminat verməsi; sosial sığorta subyektlərinin hüquq bərabərliyi; dövlət sosial sığortasının məcburiliyi; məcburi dövlət sosial sığortasının idarə edilməsində ictimai təşkilatların iştirakının təmin olunması.
Maddə 9. Sığortaçının hüquq və vəzifələri Sığortaçının hüquqları aşağıdakılardır: müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) məcburi dövlət sosial sığorta haqları üzrə məlumat və hesabatlar almaq; sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq; sığortaedənlər tərəfindən bu qanunun tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək; könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək; məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin və sığortaolunanların uçotunu aparmaq; məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaq; məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Maddə 9-1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 9-1.2. Artıq ödənilmiş və ya düzgün tutulmamış məcburi dövlət sosial sığorta haqlarının geri qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 10. Sığortaedənlərin hüquq və vəzifələri Sığortaedənlər aşağıdakı hüquqlara malikdirlər: sosial sığortanın bütün formalarında iştirak etmək; könüllü (əlavə) sosial sığortanı həyata keçirmək üçün sığortaçı təşkilatı müstəqil seçmək; sosial sığorta qaydalarına və könüllü (əlavə) sosial sığorta üzrə müqavilələrə əməl edilməsini tələb etmək. Sığortaedənlərin vəzifələri aşağıdakılardır: ... bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək; hesabat dövründə fəaliyyət göstərmədiyi halda Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək; bu Qanunun 14.5.1-1-ci maddəsində (bu Qanunun 14.5.1-1.10-cu maddəsi istisna olmaqla) nəzərdə tutulan fəaliyyət növlərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla həyata keçirmək; bu Qanunun 14.5.1-1.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növünü Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” almaqla həyata keçirmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Maddə 14. Məcburi dövlət sosial sığorta haqqı ... 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. 14.3. Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. 14.4. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı dərəcələrlə ödənilir: (-)
Maddə 16. Məcburi dövlət sosial sığorta ödəmələrinin təyin edilməsinin şərtləri və qaydası
Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin təyin edilməsinin şərtləri və qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi iləmüəyyən edilir.
Maddə 18. Məcburi dövlət sosial sığortası sahəsində idarəetmə
Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı: məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir; bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar verir və səlahiyyəti daxilində normativ aktlar qəbul edir; (-)
Azərbaycan Respublikası Prezidentinin “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmanının 2.1-ci bəndinə əsasən, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində nəzərdə tutulmuş “məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Həmin Fərmanının 2.4-cü bəndinə əsasən, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin dördüncü abzasında və ikinci hissəsində “orqan” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.
35. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərədə tutulmuşdur:
Maddə 1.0.6. fərdi uçot - sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; Maddə 1.0.7. fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; Maddə 1.0.8. fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır (2017-ci il tarixdən qüvvədə olan redaksiyada); Maddə 1.0.10. pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir.
36. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.”
“Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-) Məhkəmənin mövqeyi
37. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
38. İddiaçı tərəfin mövqeyinə görə mübahisələndirilən borc məbləği nəzarət edən qurumun həyata keçirilmiş ödənişləri nəzərə almaması səbəbindən səhvən yaranmışdır. Bundan əlavə, iddiaçı uzun müddətdir tam fəaliyyət göstərmir və hər hansı mənfəət əldə etmir. Bu isə Cəmiyyətin hazırkı tarixə şəxsi hesab vərəqəsinin “İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər” başlıqlı sətrində mövcud olan 351.286,22 manat borcun ödənilməsini mümkünsüz edir.
39. Cavabdeh tərəfin mövqeyinə görə müddətlə bağlı məhdudiyyətin qanunvericilikdə nəzərdə tutulmamasının başlıca səbəblərindən biri vətəndaşların sosial təminat hüququnun dövlət tərəfindən ən ali hüquqlarından biri kimi qiymətləndirilməsi ilə əlaqədardır. Əks halda, yəni sığortaedən yaxud sığortaolunanların sığorta borclarının ümidsiz hesab olunaraq silinməsi bu vəsaitlərin Fonda ödənilməməsi deməkdir ki, bu da işçilərin əmək pensiyası hüquqlarının birbaşa pozulmasına gətirib çıxarır. Belə ki, işçinin mövcud iş stajı o halda onun sığorta stajı kimi qəbul edilir ki, sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta haqları sığortaçı təşkilata ödənilmiş olsun.
40. Üçüncü şəxsin mövqeyi cavabdeh orqanla üst-üstə düşmüşdür.
41. Hazırki mübahisənin əsasında “İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər” başlıqlı sətrində mövcud olan borcun silinməsinin qanunvericiliklə necə tənzimlənməsi və sübutetmə yükü ilə bağlı məsələlər dayanır.
42. Yuxarıda sadalanmış normaların məzmunundan aydın olur ki, vergi - fiziki və hüququ şəxslərin sahib olduqları mülkiyyət əldə etdikləri gəlirlərin müəyyən hissəsinin hesablanaraq dövlətə məcburən əvəzsiz qaydada ödədiyi xərcidir. Vergiləri digər xərclərdən fərqləndirən səciyyəvi xüsusiyyətlər vardır ki, bunlara aşağıdakılar daxildir: - vergi ödənişləri hər hansı mal və ya xidmət əvəzində edilmir; - müəssisələrin bu cür ödənişi edib etməməyə dair seçimləri yoxdur. Yəni, belə ödənişlər məcburidir.
43. Müəssisə üçün vergi xərcinin digər xərclərdən fərqi odur ki, maddi formada qarşılığında hər hansı bir məhsul və ya xidmət alınmadan edilir. Bu ödəniş qarşılığında müəssisə yalnız ölkədə fəaliyyət göstərmə, yaxud mülkiyyətə sahib olma hüququ əldə edə bilər. Ödəyici bu cür ödənişləri etməməklə fəaliyyətindən və mülkiyyət hüququndan məhrum oluna bilər. Vergi və sosial ödənişlərin uçotunun aparılıb bəyannamələrinin tərtib olunmasında əsas məqsəd isə dövlətin maraqlarının təmin olunmasıdır. Bu məsələlər dövlətin əsas qanunvericilik aktları olan VM, “Sosial sığorta haqqında” Qanun, mülki və digər qanunvericilik aktları ilə tənzimləyir.
44. Sığorta ödənişləri şəxslərin gələcəkdə əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar baş verə biləcək risklərin bölüşdürülməsi və ötürülməsi məqsədi ilə ixtisaslaşmış sığorta təşkilatına (müəssisəsinə) edilən ödənişlərdir.
45. Sosial sığorta sistemi isə vətəndaşların yaşlılıq, xəstəlik, təbii fəlakətlər və s. işlərinə görə risklərinin qarşısını almaq məqsədilə dövlət tərəfindən toplanan məcburi sosial sığorta haqlarının toplanması vasitəsi ilə qurulan sığorta sistemidir. Bu cür sığorta sistemi zamanı qanuna əsasən həm sığortaedən təşkilatların gəlirlərindən, həm də sığorta olunanların gəlirlərindən müəyyən məbləğ pul Dövlət Sosial Müdafiə Fonduna köçürülərək pensiya yaşına çatanda sığorta olunana qaytarılması yolu ilə həyata keçirilir. Sosial sığorta ödənişləri əhalinin sosial təminatının həyata keçirilməsi məqsədilə ölkədə aktiv fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin gəlirlərinin bir hissəsinin tutularaq Sosial Müdafiə Fonduna ödənilən hissəsidir. Azərbaycanda mövcud sosial sığorta ödənişi sistemi Azərbaycan Respublikası “Sosial sığorta haqqında qanunu (SSQ)” və digər uyğun normativ hüquqi aktlar vasitəsilə tənzimlənir.
46. Sosial sığorta ödənişlərinin iki forması vardır (SSQ, Maddə 2): məcburi (icbari) dövlət sığortası forması; könüllü (əlavə) sığorta forması.
47. Sosial sığorta – SSQ-də nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Məcburi dövlət sosial sığorta haqqı (MDSS) - sığortalamaya görə sığortaçı təşkilata ödənilən pul vəsaitidir. Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün müəssisələr (fiziki və hüquqi şəxslər) işçiləri əmək müqaviləsi əsasında muzdlu əmək fəaliyyətinə cəlb etdikləri zaman onlara görə məcburi sosial sığorta haqqı (mdss) ödənişi etməlidirlər. Bu zaman mdss ödənişləri özü də 2 yerə bölünür: - Sığortaedənin (SE) - işə götürən müəssisənin hesabına tutulan sosial ödənişlər; - Sığorta olunanın (SO) - işçinin hesabına tutulan sosial ödənişlər.
48. SSQ-nin 14-cü maddəsinə əsasən, MDSS-nin hesablanması qaydası iki istiqamət üzrə aparılmalıdır: qeyri-neft-qaz və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığorta olunanlar üçün MDSS-nin hesablanması; neft-qaz və dövlət sektoruna aid edilən, sığortaedənlərdə işləyən sığorta olunanlar üçün MDSS-nin hesablanması.
49. SE (Sığortaedən) hesabına ödənişlər - işəgötürən müəssisə tərəfindən (işçinin maaşından tutulmayan) ödənilən sosial ödənişlərdir. Bu cür ödənişlər müəssisənin xərci kimi qeyd olunaraq MZHH-a daxil edilir.
50. Beləliklə, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı münasibətlər “Sosial sığorta haqqında” Qanunla tənzimlənir. Həmin Qanuna əsasən, sosial sığorta münasibətlərinin iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Belə ki, sığortaçı - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir. Sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. Sığortaolunanlar - xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslərdir. “Sosial sığorta haqqında” Qanunla hər üç subyektin hüquq və vəzifələri müəyyən edilmişdir.
51. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” 8 aprel 2002-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunmuşdur ki, “1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntularına görə məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 56-cı maddəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulan cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti isə bu Məcəllənin 75-ci maddəsində nəzərdə tutulan qaydada tətbiq olunmalıdır.”
52. VM-in 56.1-ci maddəsində isə qeyd olunur ki, VM-in tələblərini məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz.
53. Məhkəmə, həmçinin cavabdeh tərəfindən təqdim edilmiş etirazın dəlilində qeyd olunanlarla razılaşaraq qeyd edir ki, müddətlə bağlı məhdudiyyətin qanunvericilikdə nəzərdə tutulmamasının başlıca səbəblərindən biri vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində öz əksini tapmış sosial təminat hüququnun dövlət tərəfindən ən ali hüquqlarından biri kimi qiymətləndirilməsi ilə əlaqədardır. Sığortaedən yaxud sığortaolunanların sığorta borclarının ümidsiz hesab olunaraq silinməsi bu vəsaitlərin Fonda ödənilməməsi deməkdir ki, bu da işçilərin əmək pensiyası hüquqlarının birbaşa pozulmasına gətirib çıxarır. Belə ki, işçinin mövcud iş stajı o halda onun sığorta stajı kimi qəbul edilir ki, sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta haqları sığortaçı təşkilata ödənilmiş olsun.
54. Hansı ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 6 iyun 2024-cü il tarixli, 2-1(1102)-1116/2024 saylı qərarı ilə müəyyən olunmuşdur ki, “Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, yuxarıda istinad olunan normalara (“Sosial sığorta haqqında” Qanunun 18-ci maddəsinin xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyasına) görə, cavabdeh məcburi dövlət sosial sığortası sahəsində idarəetməni, eləcə də məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarəti həyata keçirir. Həmin səlahiyyətlər çərçivəsində sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını qəbul edir. Məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə, cavabdeh sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda, sığortaedənin hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırır, eləcə də ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün məhkəmədə iddia qaldırır.”
55. Eyni zamanda, üçüncü şəxs tərəfindən verilmiş məlumatlardan görünür ki, Nazirliyin X1 sistemində olan məlumatlara əsasən, sığortaedənin 2018-ci il 1 oktyabr tarixə 0111 fəaliyyət növünə görə (işəgötürənlər -muzdla işləyənləri əmək müqaviləsi ilə işəgötürən hüquqi şəxslər (büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla) məcburi dövlət sosial sığorta haqqı üzrə 347.452 manat 97 qəpik və maliyyə sanksiyası (o cümlədən, penya) üzrə 3.833 manat 25 qəpik borcu yaranmışdır. Əlavə olaraq bildirilmişdir ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1042-VQ nömrəli Qanununa uyğun olaraq sığortaedənin maliyyə sanksiyası (o cümlədən penya) üzrə 96.499 manat 26 qəpik borcu silinmişdir, cəmi 351.286,22 manat borcu vardır.
56. Bu səbəbdən də, iddiaçının uzun müddətdir tam fəaliyyət göstərməməsi və hər hansı mənfəət əldə etməməsi, Cəmiyyətin hazırkı tarixə şəxsi hesab vərəqəsinin “İşəgötürənlərmuzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər” başlıqlı sətrində mövcud olan 351.286,22 manat borcun ödənilməsi öhdəliyindən azad edə bilməz.
57. Başqa sözlə, belə olan halda “Məcburi dövlət sosial sığorta haqqı” ilə bağlı münasibətləri tənzimləyən normaların bir əhəmiyyəti qalmayacaq.
58. Bundan əlavə, iddiaçı tərəf bildirmişdir ki, özləri tərəfindən aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, cəmiyyətin məcburi dövlət sosial sığorta haqları və penya üzrə 1 yanvar 2019-cu il tarixə faktiki olaraq 351.286,22 manat borcu mövcud olmamış, 1 yanvar 2019-cu il tarixədək sosial sığorta haqlarının toplanmasına nəzarət edən qurum tərəfindən cavabdehə, Cəmiyyət tərəfindən 1 yanvar 2019-cu il tarixədək həyata keçirilmiş ödənişlər nəzərə alınmadan, səhvən sadəcə hesablanmış məbləğlər barədə məlumatlar verilmişdir ki, bu halda Cəmiyyət 351.286,22 manat məcburi dövlət sosial sığorta haqlarını ikinci dəfə ödəməli olacaqdır.
59. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 14.5.1-1-ci maddəsində (bu Qanunun 14.5.1-1.10-cu maddəsi istisna olmaqla) nəzərdə tutulan fəaliyyət növlərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla həyata keçirmək sığortaedənlərin vəzifələridir.
60. İş materialına əlavə edilmiş iddiaçıya göndərilmiş məktubdan görünür ki, Cəmiyyətin şəxsi hesab vərəqəsinə sosial sığorta və işsizlikdən sığorta haqları üzrə 1 yanvar 2019-cu il tarixədək dövrə saldo qalığı kimin işlənilmiş borc məbləğləri üzrə ödənilmiş ödənişlər barədə yəni (ödəniş qəbzləri barədə) məlumatların dəqiqləşdirilməsi üçün, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət olunması tövsiyə də olunmuşdur.
61. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 avqust 2024-cü il tarixli, 2-1(102)-1617/2024 saylı qərarında da qeyd olunduğu kimi, “... qeyd edilən halların araşdırılması və qiymətləndirilməsi məhkəmənin xidməti vəzifəsinə görə müstəqil qaydada toplayacağı sübutlarla yanaşı, həm də sübutetmə yükünün bölüşdürülməsi qaydasında tərəflərin hər birinin təqdim etməli olduğu sübutlardan da asılıdır.” (bənd 37)
62. Bütün bunlara baxmayaraq, iddiaçı iddia tələbində istinad etdiyi hala dair heç bir sübut təqdim edə bilməmişdir.
63. Beləliklə, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, iddiaçının cavabdehə qarşı “borcun silinməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin еdilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
64. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Könül Həbibova