Məhkəmə qərarları › İş №2-1(118)-2250/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2250/2025

11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2250/2025 11.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X11 Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı X8 Ali Asgar, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı X8 Ali Asgarin cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı “onun “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsi çərçivəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbi olmağının təsdiqlənməsi, sosial təminat hüququnun təmin edilməsi və aylıq yaşa görə müavinətin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1 yanvar 1958-ci ildə İran İslam Respublikasında doğulmuş və həmin dövlətin vətəndaşıdır. İranda mövcud rejimdən əziyyət çəkən ailənin üzvü kimi 1991-ci ildə Azərbaycan Respublikasına gələrək sığınacağa müraciət etmiş, 1993- cü ildə Azərbaycan Respublikasında siyasi sığınacaq almış, 2000-ci ildə BMT QAK tərəfindən mandat qaçqını statusu verilmişdir. 1995-1999-cu illərdə isə Ali təhsil müəssisənə, Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olub bitirmiş, 31 avqust 2005-ci ildə isə Azərbaycan dövləti tərəfindən qaçqın statusu almışdır.Həmin statusu təsdiq edən Azərbaycan Respublikası tərəfindən verilmiş, ən son 29 sentyabr 2022-ci il tarixində yenilənmiş QV0000*** identifikasiya nömrəli qaçqın qeydiyyat vəsiqəsinin daşıyıcısıdır. 2006-cı ildə Azneft istehsalat Birliyinə iş üçün müraciət etmiş, lakin imtina barədə cavab məktubunu alıb işlə təmin olunmamış, beləliklə, 30 ildən artıq Azərbaycanda daimi və qanuni əsaslarla yaşayır.“Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən "Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar”. Həmin Qanuna uyğun olaraq, qaçqın statusunu almış şəxsə verilən təminatlardan biri kimi dövlətin təyin etdiyi birdəfəlik və ya digər yardım almaq təminatı nəzərdə tutulub. Yuxarıda istinad edilən qanunvericilik tələblərinə rəğmən, mənim dövlət tərəfindən təyin edilən sosial müavinət almağıma dövlət orqanları tərəfindən maneçilik yaradılır və bununla, Azərbaycan Respublikası vətəndaşları ilə bərabər olmayan şərait yaradılaraq hüquqları məhdudlaşdırılır. Belə ki, 5 sentyabr 2023-cü il tarixində 4 saylı DOST Mərkəzinə yaxınlaşaraq yaşa görə müavinət ala bilməyi üçün yazılı müraciət etdim. Sözügedən qurum 19 sentyabr 2023-cü il tarixli 3-17-1/2-R-214693/2023 nömrəli cavab məktubunda onun yaşına görə müavinətin təyin edilməsindən imtina etmişdir.28 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, 19 aprel 2024-cü il tarixli 3-17/2-M-3778/2024 saylı cavab məktubunda əks edilmiş imtina cavabı onunla əsaslandırılmışdır ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, dövlət qulluqçusuna ömürlük müavinət istisna olmaqla, həmin Qanunla Azərbaycan Respublikasının vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydalarla aylıq müavinət almaq hüququna malikdir.Həmçinin, eyni məsələ ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyaı vasitəsilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyimin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edilmişdir və cavab məktublarında imtina eyni əsasla əsaslandırılmışdır. “Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır.Faktiki olaraq isə, səlahiyyətli orqan "daimi yaşayan vətəndaşlığı olmayan şəxs və əcnəbi" anlayışını dar və məhdud çərçivədə təfsir edərək, nəticədə məsələni səhv qiymətləndirmişdir. Daimi yaşamaq faktının yalnız daimi yaşamaq üçün icazə vəsiqəsi ilə təsdiqlənməsi qanunazidd və yanlış yanaşmadır. İddiaçı dövlət tərəfindən qaçqın statusu almış əcnəbi şəxs kimi 20 ilə yaxındır ki, Azərbaycan Respublikasının ərazisində daimi əsaslarla yaşayıram, və mənim qaçqın vəsiqəmdə Azərbaycan Respublikası daimi yaşadığım ölkə kimi göstərilmişdir. Bütün sadalananlar mənim Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbi olmağını sübut edir.Cavabdehlərin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçıya verilən xx.xx.2023-cü il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən sonuncu dəfə etibarlılıq müddəti 29 sentyabr 2022-ci il tarixdən 29 sentyabr 2024-cü il tarixədək olan QV0Q00*** nömrəli qaçqın vəsiqəsi ilə təmin olunmuşdur. Göründüyü kimi, qaçqın vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir.İddiaçı Ah Äsghar oğlu hazırda Azərbaycan Respublikasının vətəndaşı olmadığı və ya Azərbaycanda daimi yaşamaq üçün icazə vəsiqəsi olmadığı üçün ona təqdim edilən qaçqın vəsiqəsi əsasında yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Belə ki, “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədlərin nümunələrinin təsdiq edilməsi haqqında” 15 iyul 2000- ci il tarixli 372 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanında qeyd olunmuşdur: - “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında xüsusi sənədləri haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: -“Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və xüsusi sənədləri haqqında” Əsasnamədə nəzərdə tutulmuş aşağıdakı sənədlər təsdiq edilsin (əlavə olunur):-Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşma çatanadək-Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin eskizi, nümunəsi və təsviri; Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşma çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin eskizi, nümunəsi və təsviri;...Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin və Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin spesifikasiyası. -Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki; bu Fərmanın 1-ci bəndində göstərilən Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin xüsusi sənədlərin blanklarının hazırlanması və istehsalı ilə bağlı qanunvericiliklə müəyyən edilmiş tədbirləri həyata keçirsin:....“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. 28 aprel 2022-ci il tarixli 175 nömrəli “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 2.2.1-ci maddəsinə əsasən Qanunun 22-1 -ci maddəsinə uyğun olaraq əmək pensiyası təyin edilən sığortaolunanlar və Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla, əmək pensiyası təyin edilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti) tələb olunur. Bundan əlavə “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nın təsdiq edilməsi haqqında 30 iyul 2024-cü il tarixli 368 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunmuş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi” Qaydasının 4.1-ci bəndinə əsasən sosial ödənişlərin müraciət əsasında təyin edilməsi üçün sosial ödəniş almaq hüququ olan şəxsin şəxsiyyət vəsiqəsinin surəti (“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən sosial müavinətlərin təyin edilməsi üçün müraciət etmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti) və aşağıdakı aidiyyəti sənədlərin və ya onların surətinin (bu Qaydanın 4.4-cü bəndinin tələbi nəzərə alınmaqla) təqdim edilməsi tələb olunur. İddiaçı Rabbanı X1 isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi yoxdur. Ona məxsus sadəcə Azərbaycan Respublikası qaçqın vəsiqəsi vardır.İddiaçı iddia tələbi yaşa görə sosial müavinətin təyin olunmasından ibarət olduğundan və yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərindən aydın olur ki, sosial müavinətlərin təyin edilməsi üçün müraciət etmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti mütləq təqdim olunmalıdır.Göründüyü kimi sosial müavinətlərin təyin edilməsi üçün müraciət etmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hiiququ verən icazə vəsiqəsinin surəti təqdim olunmalıdır. İddiaçının isə daimi yaşayış hüququ verən icazə vəsiqəsi olmadığı üçün ona qaçqın vəsiqəsi əsasənda yaşa görə sosial müavinətin təyin olunması qanunvericiliyin tələblərinə ziddir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh DSMF-nin xx.xx.2023-cü il tarixli 3-17-1/2-R-214693/2023 nömrəli məktubun surəti, 4 saylı DOST Mərkəzinin 19 sentyabr 2023-cü il tarixli 3-17-1/2-R- 214693/2023 nömrəli məktubu, cavabdehin etiraz ərizəsi, iddiaçıya aid pensiya işinin surəti, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun qaçqın statusuna malik olduğu vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun xidmət göstərdiyi ərazinin sakinidir və əmək pensiyalarının təyin edilməsi, sosial müavinətlərin, təqaüdlərinin verilməsi DSMF-nin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, ƏƏSMN və Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandırlar. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehlərin məktubları ilə imtina cavabını almışdır. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Abşeron rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmuş və iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Qaçqınların statusu haqqında” Konvensiyanın 25-ci maddəsinə əsasən qaçqınların hər hansı hüquqdan istifadə etməsi üçün onların müraciət edə bilmədikləri xarici dövlətin hakimiyyət orqanlarının köməyinin tələb olunduğu hallarda bu qaçqınların öz ərazisində yer vermiş Razılığa gələn Dövlətlər tədbirlər görəcəklər ki, həmin dövlətin hakimiyyət orqanları və ya hər hansı beynəlxalq qurum onlara bu cür kömək göstərsinlər.Göstərilən hakimiyyət orqanları və ya beynəlxalq qurum qaçqınları vətəndaşı olduqları dövlətlərin hakimiyyət orqanları tərəfindən və ya onların vasitəsilə adətən əcnəbilərə verilən sənədlər və vəsiqələr ilə təchiz edəcək, yaxud öz nəzarətləri altında bunu təmin edəcəklər. Bu qaydada verilən sənədlər və vəsiqələr vətəndaşı olduqları dövlətlərin hakimiyyət orqanları tərəfindən və ya onların vasitəsilə əcnəbilərə verilən rəsmi sənədləri əvəz edəcək və onların etibarsızlığı sübut olunmadıqca etibarlı sayılacaqdır. “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarıdır. Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, bu Qanunun 4.0.1.1- ci maddəsində nəzərdə tutulan müavinət istisna olmaqla, bu Qanunla Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. 28 aprel 2022-ci il tarixli 175 nömrəli “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 2.2.1-ci maddəsinə əsasən Qanunun 22-1-ci maddəsinə uyğun olaraq əmək pensiyası təyin edilən sığortaolunanlar və Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla, əmək pensiyası təyin edilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti) tələb olunur. “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nın təsdiq edilməsi haqqında 30 iyul 2024-cü il tarixli 368 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunmuş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi” Qaydasının 4.1-ci bəndinə əsasən sosial ödənişlərin müraciət əsasında təyin edilməsi üçün sosial ödəniş almaq hüququ olan şəxsin şəxsiyyət vəsiqəsinin surəti (“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən sosial müavinətlərin təyin edilməsi üçün müraciət etmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti) və aşağıdakı aidiyyəti sənədlərin və ya onların surətinin (bu Qaydanın 4.4-cü bəndinin tələbi nəzərə alınmaqla) təqdim edilməsi tələb olunur. İşin araşdılrılan hallarından görünür ki, iddiaçı X8 Ali Asqharın Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi yoxdur.Belə ki, bu fakt Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin məktubu ilə də öz təsdiqini tapmışdır. Normativ hüquqi aktlardan göründüyü kimi, cavabdeh təşkilat qanunvericilik normalarına əsasən hərəkət etmişdir. Sosial müavinətlərin təyin edilməsi üçün müraciət etmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti təqdim olunmalıdır.Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın üzərinə hər hansı öhdəliyin qoyulması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı X8 Ali Asgarin cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı “onun “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsi çərçivəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbi olmağının təsdiqlənməsi, sosial təminat hüququnun təmin edilməsi və aylıq yaşa görə müavinətin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar