Məhkəmə qərarları › İş №2-1(118)-2254/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2254/2022

01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2254/2022 01.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı1, Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Qusar Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı “cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Qusar Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin üzərinə İddiaçı1 ayrılmış 0.20 ha həyatyanı torpaq sahəsinin onun üzərində inşa edilən evə, yarımçıq tikililərinə və İddiaçı2 ayrılmış 0.20 ha həyatyanı torpaq sahələrinin adlarına dövlət qeydiyyatına alınması, çıxarışın hazırlanması öhdəliyinin qoyulması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Qusar Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı iddia qaldıraraq “cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Qusar Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin üzərinə İddiaçı1 ayrılmış 0.20 ha həyatyanı torpaq sahəsinin onun üzərində inşa edilən evə, yarımçıq tikililərinə və İddiaçı2 ayrılmış 0.20 ha həyatyanı torpaq sahələrinin adlarına dövlət qeydiyyatına alınması, çıxarışın hazırlanması öhdəliyinin qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar Rayon AİK-nın 25 iyun 1998-ci il tarixli 11/5 saylı qərarına əsasən torpağın mülkiyyətə verilməsinə JN-207A kod 30113028 nömrəli Şəhadətnamə ilə 0.20 ha həyatyanı torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsində tikilən evdə 2009-cu ilədək iddiaçılar ailələri ilə birgə yaşamışdır. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Qusar rayon İH-ə və Qusar rayon Kuzun Bələdiyyəsinə ünvanlanmış 630/07 və 631/07 xx.xx.2009-cu il tarixli məktubuna əsasən bizə ayrılmış həyətyanı torpaq sahələrinin X1 ərazisinə düşməsi səbəbindən başqa ərazidən torpaq sahəsi ilə təmin edilməsi ilə əlaqədar Kuzun Bələdiyyəsinin 06 aprel 2009-cu il tarixli 02 saylı və 16 iyul 2010-cu il taixli 07 qərarları ilə İddiaçı1 və İddiaçı2 hər birinə 0.20 ha həyətyanı torpaq sahələri ayrılmışdır. Kuzun Bələdiyyəsinin müvafiq qərarlarına əsasən DT və XK-nin Qusar rayon Şöbəsi tərəfindən iddiaçılara ayrılmış torpaq sahələri təhkim aktı ilə ayrılaraq, planı təsdiq edilmişdir, həmçinin İddiaçı1 mülkiyyətində olan torpaq sahəsində ev və yardımçı tikililərin olması nəzərə alınaraq AR MM-ə uyğun fərdi evin və yardımçı tikililərin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən inşa edilməsi öhdəliyi götürülmüşdür. Aparılan "Şahdağ” X2 dövlət üçün böyük əhəmiyyətli olması və bu işə cavabdehlər – Nazirliyin və Qusar RİH-nin məsul əməkdaşlarının iddiaçılar evlərinin və yardımçı tikililərin tez bir zamanda inşa olunaraq sənədləşdirməklə təhvil verəcəkləri barədə öhdəliklərini nəzərə almaq məcburiyyətində qalmışdırlar. Halbuki Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında AR MM-nin 246.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərə "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada aparılmalı idi. Həmin Məcəllənin 246.2. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar qəbul etmiş müvafiq hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı; 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməli; 246.4. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə uyğun olaraq torpağın alqı-satqı müqaviləsi bağlandıqdan sonra alan orqan 90 (doxsan) təqvim günü ərzində aşağıdakıları həyata keçirirməli ; 246.4.2. torpaqla bağlı hüquqların dövlətə verilməsi (keçməsi) üçün öz xərcləri hesabına lazımi tədbirləri görməli və Mülki Məcəllənin digər maddələri ilə tənzimlənən hərkətləri aparmalı idi. Nəhayət 06 dekabr 2011-ci il tarixdə cavabdeh Mədəniyyət və Turizm Nazirliyi tərəfindən inşa edilən yardımçı tikililər aparılmadan evə köçürülmə ilə bağlı AKTİ imza etməkdən etiraz etmək məcburiyyətində qalmışlar. Çünki mal qaranı sxlamaq üçün heç bir yardımçı tikili aparılmamışdı. Bu səbəbdən evheyvanlarının bir qismini satmaq məcbur olub xeyli müddət qohumlar və qonşuların evlərində yaşamaqla, qalan heyvanları isə onlara məxsu tövlələrdə saxlamaq məcburiyyətində qalmışlar. Bütün bu kimi iddiaçılara qarşı ədalətsiz və qanunsuz hərəkətlərdən sonra öz hesablarına əlavə tikililər aparmaqla 2016-cı ildən evə köçmək məcburiyyətində qalmışlar. Həmin tarixdən torpaq sahələrinin, evin dövlət qeydiyyatın alınmasının təmin edilməsi məqsədilə dəfələrlə aidiyyəti üzrə iddiaçıların dövlət qürumlarına müraciətləri cavabdeh orqanların vəzifəli şəxsləri tərəfindən müvafiq sənədləşmələr aparılmaması və sair müxtəlif bəhanələrlə icra olunmamışdır. Belə ki, Qusar rayon İHB-nın başçısının müavini Zoya Eldarovanın 18 fevral 2016-cı il tarixli e/39 nömrəli cavabında bildirilir ki, evlərin sənədləşdirilməsi "kömək məqsədilə müvafiq təşkilatlarla birgə araşdırma işləri aparılır.” Müraciətlərininin üstündən illər keçməsinə baxmayaraq hələ də araşdırılma tamamlanmayıb, bu günə kimi mülkiyyət hüquqlarının dövlət qeydiyyatı təmin edilməmişdir. Göstərilən səbəblərdən xx.xx.2022-ci il tarixli SS706781729AZ seriya nömrəli cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinə və SS706779124AZ seriya nömrəli sifarişli (xəbərnaməli) məktublarla müraciət etməli olmuşlar. Bir müddət keçdikdən sonra yəni xx.xx.2022-ci il tarixli SS706781729AZ seriya nömrəli sifarişli məktubla yenidən cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinə müraciət etmişlər.Təxminən 8 ildir ki, iddiaçılar dövlət hesabına inşa edilən evdə yaşayırlar. Lakin onların razılaşdığı şərtlər - iddiaçılara tikilən evin və torpaq sahələrinin dövlət qeydiyyatına alınması cavabdehlər müvafiq Mərkəzi və yerli İH orqanları tərəfindən icra olunmamış qalmışdır. Bu cür vəziyyət Azərbaycan Respublikası Konstitusiyasına və mülkiyyət hüququna dair mövcud qanunvericiliyə ziddir, iddiaçıların əsas hüquq və azadlıqlarını pozur. Qeyd edirlər ki, iddiaçılara evin, yardımçı tikili və torpaq sahəsinin əvəzinin razılaşdıaları şərtlər formasında icrası təmin edilmir. Müraciətlərinin üstündən illər keçməsinə baxmayaraq hələ də araşdırılma tamamlanmayıb, bu günə kimi iddiaçıların mülkiyyət hüquqlarının dövlət qeydiyyatı təmin edilməmişdir. Məsələ ilə bağlı cavabdeh Qusar rayon İcra Hakimiyyətinə dəfələrlə getmişlər və müraciətlərinə şifahi cavablarla bildirilmişdir ki, “Sizin tələbiniz haqlıdır, yeni təyin olunan Nazirlə ələqə saxlamışıq, tezliklə tələbiniz həll olunacaq”. Haqlı tələblərinin illərlə süründürülməsi səbəbindən cavabdeh orqanların qərəzli hüquqa zidd hərəkətsizliyindən məcburetmə haqqında iddia ərizəsi ilə iddiaçılar məhkəməyə müraciət etmişlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı1 iştirak etmiş, məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Digər İddiaçı2 məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi iddiaya etirazında qeyd etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Qusar Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə qarşı “cavabdeh dövlət orqanlarının vəzifəli şəxslərinin üzərinə əmlakların dövlət qeydiyyatına alınması və çıxarışın hazırlanması öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılara məxsus olmuş torpaq sahələri “Şahdağ” X2 ərazisinə düşdüyündən, onlara digər ərazidən torpaq sahələri ayrılmış, lakin hazırki vaxtadək həmin torpaq sahələrinə dair müvafiq hüquqmüəyyənedici sənədləri əldə edə bilmirlər. Hesab edirlər ki, cavabdeh dövlət orqanları bu məsələdə məsuldurlar. Hətta Qusar Rayon İcra Hakimiyyəti tərəfindən onlara kömək ediləcəyinə dair cavab məktubu göndərilsə də, heç bir kömək göstərilməmişdir. İddia ərizəsinə etiraz edir və iddianın mahiyyətinə toxunmadan hesab edirlər ki, iddia mümkün sayılmamalıdır. İşin iddia ərizəsində də təsdiq edilən mübahisəsiz hallarından müəyyən edilir ki, mübahisə predmeti torpaq sahələri əvvəllər “Şahdağ” X2 ərazisində yerləşmiş, sonradan adıçəkilən komleksin tikintisi ilə əlaqədar olaraq iddiaçılara başqa ərazidən torpaq sahələri ayrılmışdır. İddiaçılar hazırda onlara ayrılmış torpaq sahələrinə dair hüquqların dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasını məhkəmədən xahiş edirlər. İlk növbədə bildirirlər ki, iddia ərizəsində cavabdehlərdən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin adı düzgün qeyd olunmamış, adıçəkilən dövlət orqanı “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi” kimi qeyd olunmuşdur. Görünür, iddiaçılar həmin dövlət orqanının 2018-ci ildə ləğv edildiyindən məlumatsız olmuş, bu səbəbdən də, iddianı düzgün olmayan cavabdehə qarşı qaldırmışlar. Belə ki, “Şahdağ” qış-yay turizm kompleksi əvvəllər Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olsa da, sonradan adıçəkilən Nazirlik Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 4 nömrəli Sərəncamına əsasən ləğv edilmiş, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılmış, “Şahdağ” qış-yay turizm kompleksi də aidiyyəti üzrə X4 tabeliyinə verilmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi X8 iştirak etmiş və iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iddiaçılar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Qusar Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin üzərinə İddiaçı1 ayrılmış 0.20 ha həyatyanı torpaq sahəsinin onun üzərində inşa edilən evə, yarımçıq tikililərinə və İddiaçı2 ayrılmış 0.20 ha həyatyanı torpaq sahələrinin adlarına dövlət qeydiyyatına alınması, çıxarışın hazırlanması öhdəliyinin qoyulmasını istəyirlər. Lakin iddiaçıların iddia tələbini yönəltdiyi cavabdeh orqanların belə bir səlahiyyəti qanunvericiliklə müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinə əsasən: 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək və s. Qanunveriliyin də tələbindən göründüyü kimi daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin səlahiyyətlərinə aiddir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçılara ixah edilsin ki, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin tabeliyində olan müvafiq quruma müraciət edə bilər. Cavabdeh inzibati orqanlara isə onların səlahiyyətində olan məsələlərin həlli ilə bağlı müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar