Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2255/2021 13.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, İddiaçı Qusar rayonunun Quxuroba bələdiyyəsinin sədri X1 iştirakı ilə, İddiaçı Qusar rayonu X6 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı "JN:0707 kod 30127005 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsız hesab edilməsi" tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı Qusar rayonu X7 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı "X3 verilmiş JN:0707 kod 30127005 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsız hesab edilməsi" tələbinə dairqərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iştrak edən İddiaçı Qusar rayonunun Quxuroba bələdiyyəsinin sədri X4 iddia tələbinə uyğun izahat vertərək, bildirmişdir ki, X2 adına torpaq sahəsinin ayrılması haqqında Quxuroba bələdiyyəsinin saxta qərarları əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hüquqlar dövlət qeydiyyatına alınaraq JN:0707 kod 30127005 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Hal hazırda həmin bələdiyyə qərarları ləğv edilmişdir və həmin torpaq sahələrinin kənd sakinləri tərəfindən istifadə olunmasına zərurət var. Ona görədə JN:0707 kod 30127005 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında ləğv edilməsinə zərurət var. Qeyd olunanlara əsasən iddiaçının nümayəndəsi JN:0707 kod 30127005 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər bir iddianın hüquqi cəhətdən yoxlanılması mümkünlük və əsaslılıq baxımından iki hissəyə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair» 04.04.2012-ci il Qərarına əsasən, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Bu baxımdan məhkəmə bildirir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və sair ilə bağlı yaranan münasibətlərdən meydana gəlir. Əgər inzibati orqanlar bir-biri ilə mübahisə edirsə, bu zaman söhbət fərdlərin subyektiv hüquqlarının qorunmasından getmir. Başqa sözlə, inzibati ədliyyə yalnız ayrı-ayrı şəxslərin subyektiv hüquqlarının qorunması məqsədilə qəbul edilmişdir. İnzibati orqanlar arasındakı mübahisələr isə icra hakimiyyətinin daxilində baş verməklə, nəzarət qaydasında yuxarı inzibati orqan tərəfindən həll edilməlidir. Bu tələb nəzəri cəhətdən dövlətin vahidliyi prinsipindən irəli gəlir. Bundan əlavə, "İnzibati icraat haqqında" AR Qanununun 2.0.1., 2.0.3. və 2.0.6-cı maddələrinə görə, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs; inzibati icraat fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.3-cü maddəsinə görə, Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxs olmayan orqanları həyata keçirir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinə əsasən inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Qeyd olunan normaların təhlilindən də göründüyü kimi, bələdiyyənin inzibati orqan olaraq başqa bir inzibati orqana qarşı inzibati mühakimə icraatı qaydasında iddia qaldırması qanunvericiliyin tələblərinə ziddir. Eyni zamanda, İnzibati Prosessual Məcəlləsinin 2.2.8-ci maddəsinin tələbləri baxımından qanunverici bələdiyyələrin yalnız inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı inzibati məhkəmə icraatı qaydasında iddia vermə imkanını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli qərarının 15.7-ci bəndinə görə, dövlət və bələdiyyə orqanları, ancaq qanunla onlara səlahiyyət verildiyi hallarda inzibati işlərdə iddiaçı qismində çıxış edə bilərlər. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Qusar rayonu X6 cavabdehlər X5 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı "JN:0707 kod 30127005 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsız hesab edilməsi" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhərində yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2255/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2255/2021
13.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver