Məhkəmə qərarları › İş №2-1(118)-2256/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2256/2022

04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2256/2022 04.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə (üçüncü şəxs – X2) qarşı “üçüncü şəxs - X1 iddiaçıya məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati mübahisəyə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Polis İdarəsinə qarşı “üçüncü şəxs - X1 iddiaçıya məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 72,40 kv.metr olan 3 otaqlı mənzil iddiaçının mülkiyyətindədir. Belə ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan da görünür ki, ünvan 1 iddiaçının xüsusi mülkiyyətində olmaqla xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İddia ərizəsinə əlavə edilən xx.xx.2022-ci il tarixdə verilmiş 155 saylı arayışdan görünür ki, X2 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında qeydiyyatdadır, lakin orada yaşamır. Göründüyü kimi, X2 hazırkı vaxtadək iddiaçının mülkiyyətində olan evdə yaşamasa da orada qeydiyyatdadır. Bu isə iddiaçının mülkiyyətçi kimi sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Üçüncü şxəsin formal qeydiyyatı iddiaçının mülkiyyət hüquqlarını pozur. Üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh orqana müraciət edilmişdir. Üçüncü şəxsin qeydiyyatdan çıxmaqla bağlı hər hansı bir etirazı yoxdur, lakin cavabdeh buna etiraz etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaçının iddiasına dair etirazının olmadığını və qərar qəbul olunacağı təqdirdə icra olunacağını bildirmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iş çoxluğu ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmişdir. Üçüncü şəxsə məhkəmə iclası barədə göndərilmiş bildiriş rabitə orqanı tərəfindən “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: • İş materiallarında olan xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 12-də yerləşən 61 nömrəli mənzil (bundan sonra – mübahisəli mənzil) iddiaçının xüsusi mülkiyyətindədir. • Abşeron rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 1 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Sahəsinin 155 nömrəli, xx.xx.2022-ci il tarixli arayışına əsasən X2 həqiqətən də Xırdalan şəhəri, 28-ci məhəllə, ev 12, mənzil 61-də qeydiyyatdadır. O, xx.xx.1985-ci il tarixdən hal-hazıra kimi həmin ünvanda qeydiyyatda olmasına baxmayaraq orada yaşamır. • İşdə olan şəxsiyyət vəsiqəsi məlumatlarından çıxarışa əsasən üçüncü şəxs – X2 mübahisəli mənzildə qeydiyyatdadır. • Cavabdehin iddiaçıya ünvanlanmış məktubunda onun ərizəsinin icrasından imtina edilmişdir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İşə əlavə edilən poçt qəbzindən və ərizədən də görünüyü kimi iddiaçı hazırkı tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciət etmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 12-də yerləşən 61 nömrəli mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin mənzildə üçüncü şəxs - X2 da qeydiyyatdadır. Hazırki iş üzrə iddiaçı həmin şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Abşeron rayon Polis İdarəsinə müraciət etmiş, lakin həmin orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxsin mənzildə qeydiyyatı formal xarakter daşıyır və onlar faktiki olaraq həmin mənzildə yaşamır. Üçüncü şəxs məhkəmə iclasına dəvət olunmasına baxmayaraq, məhkəməyə gəlməmiş, qeyd edilən halları təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxs iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.1958-ci il təvəllüdlü X1 iddiaçının mülkiyyətində olan ünvan 1-dən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxs - X1 iddiaçıya məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Abşeron Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar