Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2259/2021 24.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil (Sumqayıt Regional Vəkil bürosunun vəkili, Sumqayıt şəhəri, 9cu mikrorayon, ev 9 v, mənzil 25-də yaşayan) iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı X1 və X2 Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, 2 saylı evdə yerləşən 23 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə ünvan 1 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 və X2 Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, 2 saylı evdə yerləşən 23 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 09.12.2021-ci il qərardadı ilə X3 və X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, 2 saylı evdə yerləşən 23 saylı mənzil 17.12.2014-cü ildən İddiaçı mülkiyyətindədir. X3 iddiaçının keçmiş gəlinidir. Belə ki, N.Əliyeva onin mərhum oğlu X10 ilə nikahda olmuşdur. Aralarında bağlanmış nikah pozulduqdan sonra N.Əliyeva sözügedən ünvanda yaşamır. İddiaçının oğlu X11 14 fevral 2019-cu il tarixdə vəfat etmişdir. X6 isə iddiaçının qız nəvəsidir, 2017-ci ildə ailə həyatı quraraq köçmüşdür. Lakin onların qeydiyyatı formal olaraq iddiaçının mənzilində qalmaqdadır. Bu isə öz növbəsində iddiaçının küquqlarını məhdudlaşdırır. İddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh ona imtina cavabı vermişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxslər şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - ƏMDX yannda DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX № ******* nömrəli 17.12.2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 23 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. -Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 23 saylı evdə X3, X9, X6, X12.X13 və İddiaçı Mürşüd qızı qeydiyyatdadırlar. -21 saylı Mənzil Kommunal sahəsi tərəfindən verilmiş 1682 saylı 28.10.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 23 saylı evdə özündən əlavə X3, X9, X6, X12.X13 pasport qeydiyyatındadırlar . -21 saylı Mənzil Kommunal sahəsi tərəfindən təsdiq edilmiş qonşular tərəfindən tərtib edilmiş 25.10.2021-ci il tarixli aktdan görünür ki, X3, X6 uzun müddətdir həmin evdə yaşamırlar. - AZ-İ № 027947 seriyalı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X10 ilə X4 arasındakı rəsmi nikah 19.07.1996-cı ildə pozulmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Cavabdeh inzibati orqan imtinanın əsası kimi, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmamasını göstərmişdir. Məhkəmə imtina cavabının dəlilləri ilə qismən razılaşmayaraq qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, qanun yaşayış yeri üzrə qeydiyyatın məqsədini müəyyən etmişdir və bu məqsəd üçün hər bir şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Şəxsin uzun müddət (hazırki vəziyyətdə iki ildən çox) qeydiyyatda olduğu ünvanda yaşamaması qeyd edilən qanunun məqsədlərinə ziddir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Üçüncü şəxslərdən X6 iddiaçının nəvəsi, X3 isə keçmiş gəlinidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarının 3cü bəndində göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə qeyd edir ki, üçüncü şəxslərin nə vaxtdan həmin mənzildə pasport qeydiyyatında olmalarının müəyyən edilməsi üçün Azərbaycan Respublikası DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə sorğu verilmişdir. Lakin sorğuya cavab daxil olmamışdır. Bununla yanaşı iddiaçının mərhum oğlu ilə üçüncü şəxs X3 arasında nikahın 1996-cı ildə pozulduğu nəzərə alındıqda onun həmin vaxtdan əvvəl sözügedən mənzilə qeydiyyata düşməsini güman etmək mümkündür. Belə olan halda məhkəmə hesab edir ki, N. Əliyevanın hüququ yaranmamış şəxs kimi qeydiyyatdan çıxarılması məqsədəuyğun deyildir. N.Əliyevanın mübahisəli mənzildən qeydiyyatdan çıxarılması yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia həll edildikdən sonra həll oluna bilər. Hazırki vəziyyətdə cavabdeh inzibati orqanın onun qeydiyyatdan çıxarılmasından imtinası qanunun mahiyyətinə uyundur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci ilin sentyabr 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Həmin Məcələnin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. İddiaçı ilə üçüncü şəxs N.Əliyeva arasında yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar hüquq münasibətləri 2000ci ilin sentyabrın 1-dək yaranmışdır və ona görə də onlara aid bu mübahisə həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinin tələblərinə uyğun ümumi məhkəmə tərəfindən həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, X2 İddiaçı məxsus Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, 2 saylı evdə yerləşən 23 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. X2 iddiaçı İddiaçı məxsus Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, 2 saylı evdə yerləşən 23 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2259/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2259/2021
24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver