Məhkəmə qərarları › İş №2-1(118)-226/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-226/2020

12.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-226/2020 12.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı cavabdehin iddiaçıya pensiya qalıq pullarının ödənilməsindən imtinasının qanuna zidd hesab edilməsi, iddiaçıya xx xxxxxxxx 1995-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi və xx xxxxxxxx 1995-ci il tarixdən xx xxxxx 2016-cı il tarixədək ödənilmiş müavinətlə ödənilməmiş pensiya arasındakı fərqi hesablayıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx xxxxxx 1967-ci ildə anadan olmuşdur. İddiaçıya xx xxxxxxxx 1995-ci il tarixdən 2-ci qrup əlilliyə görə sosial müavinət təyin edilmişdir. İddiaçı xx xxxxxxxx 1995-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi və xx xxxxxxxx 1995-ci il tarixdən ödənilmiş müavinətlə ödənilməmiş pensiya arasındakı fərqi hesablayıb ödənilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Həmin orqanın **********2 saylı, xx xxxxxx 2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1967-ci il tarixdə Azərbaycan Respublikası, Laçın rayonunun Şamkənd icra nümayəndəliyinin Ələkçi kəndində anadan olmuşdur. Laçın rayon məcburi köçkünüdür və hal-hazırda Sumqayıt şəhərində yuxarıda göstərilən ünvanda məskunlaşıb yaşayır. Ona xx xxxxxxxx 1995-ci il tarixdən 2-ci qrup əlilliyə görə sosial müavinət təyin edilmişdir. xx xxxxxxxx 1995-ci il tarixdən xx xxxxx 2016-cı il tarixə kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzindən 2-ci qrup əlilliyə görə sosial müavinət almışdır. xx xxxxx 2016-cı il tarixdən isə müvafiq qanunvericiliyə uyğun olaraq sosial müavinəti əmək pensiyasına keçmiş və ona həmin tarixdən 159.05 manat məbləğində əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Müxtəlif illərdə müxtəlif müəssisələrdə işləməklə əmək stajına malik olmuşdur. Lakin əmək stajına malik olmağı barədə arxiv sənədləri və bu barədə olan əmək kitabçası işğal zonasında qaldığı və ya digər səbəblərdən əldə edə bilmədiyi üçün əmək pensiyası ala bilmirdi. xx xxxxxx 2016-cı il tarixdə Məhkəmə onun xx xxxxxx 1982-ci il tarixdən xx xxx 1992-ci il tarixə kimi Laçın rayonunun Şamkənd kəndində yerləşən “S.M.Kirov” adına damazlıq sovxozunda sağıcı və xx xxx 1992-ci il tarixdən xx xxxxxx 1997-ci il tarixə kimi isə Bərdə rayonu ərazisində yerləşən “Qılınclı” kolxozunda fermada sağıcı, tarlada pambıq yığan, suçu, alaqçı, ot yığan işlərində işləməyi ilə əmək stajına malik olmağına dair qətnamə çıxarmış və məhkəmənin həmin qətnaməsi əsasında iddiaçı hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsindən əmək pensiyası alır. İş materialına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 2(060) -965/2016 saylı mülki iş üzrə xx xxxxxx 2016-cı il tarili Qətnaməsinə (hakim Ceyhun Məmmədov) əsasən iddiaçının əmək stajı xx xxxxxx 1982-ci il tarixdən xx xxxxxx 1997-ci il tarixləri əhatə etməklə 15 (on beş) il 11 (on bir) ay 14 (on dörd) gün təşkil edir. İddiaçı hal-hazırda həmin əmək stajı ilə əmək pensiyası alır. İddiaçı müavinəti isə xx xxxxxxxx 1995-ci il tarixdən xx xxxxx 2016-cı il tarixə kimi almışdır. Müavinət aldığına başladığı ildə iddiaçının əmək pensiyası almaq hüququ yarandığı halda, ondan asılı olmayan səbəbə görə əmək pensiyası ala bilməmişdir. Belə ki, yuxarıda göstərdiyi kimi əmək stajını təsdiq edən əmək kitabçası işğal zonasında qalmışdır. Həmçinin məcburi köçkün həyatı, imkansızlıq, savadsızlıq və digər səbəblərdən əmək stajını bərpa edə bilməmək üzündən əmək pensiyası ala bilməmişdir. Odur ki, xx xxxxxxxx 1995-ci il tarixdən xx xxxxx 2016-cı il tarixə, yəni iddiaçıya əmək pensiyası təyin edildiyi günə kimi əmək pensiyası almaq hüququnun olmasını nəzərə alaraq, həmin illərə dair əmək pensiyasının hesablanmasına və aldığı müavinət pullarını çıxmaqla yerdə qalan həmin illərə dair qalıq pullarının verilməsi tam qanuna uyğundur. Bununla əlaqədar olaraq, xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə ərizə ilə müraciət edərək, ona xx xxxxxxxx 1995-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi və xx xxxxxxxx 1995-ci il tarixdən xx xxxxx 2016-cı il tarixə kimi ödənilmiş müavinətlə ödənilməmiş pensiya arasındakı fərqi hesablayıb ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi xx xxxxxx 2019-cu il tarixli məktubla imtina etmişdir. İddiaçı hesab edir ki, Azərbaycan- Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin imtinası aşağıdakılara əsasən, qanuna zidd və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə gorə hər kəsin sosial təminat huququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə gorə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat huququna malikdir. xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiyə təminatı haqqında” xx xxxxxxxx 1992-ci il tarixli 305 saylı Azərbaycan Respublikası Qanununun 2ci maddəsinə əsasən, bu Qanunla vətəndaşlara aşağıdakı pensiyalar təyin edilir: a) əmək "(sosial sığoıta) pensiyaları: yaşa (qocalığa) görə, əlilliyə görə, ailə başçısını itirməyə görə, xidmət illərinə görə; b) sosial pensiyalar. Həmin qanunun 24-cü maddəsininə əsasən, əlilliyə görə pensiyalar, orqanizmin funksiyalarının pozulması ilə əlaqədar səhhətin pisləşməsi zamanı əmək qabiliyyətinin tam və ya qismən itirildiyi aşağıdakı hallarda təyin edilir: a) əmək zədəsi və ya peşə xəstəliyi; b) ümumi xəstəlik (o cümlədən işlə əlaqədar olmayan zədə); v) müddətli hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə və ya cəbhədə olmaqla əlaqədar xəstələnmə, həmçinin müddətli hərbi xidmət və alternativ xidmət zamanı xəstələnmə. Həmin qanunun 25-ci maddəsinin 2-ci hissəsinə əsasən, ümumi xəstəlik nəticəsində əlilliyə görə pensiyalar 21 yaşına çatanadək əlil olmuş şəxslərə iş stajından asılı olmayaraq, 26 yaşınadək əlil olmuş şəxslərə bir il iş stajı olduqda, 23 yaşından sonra əlil olmuş şəxslərə isə bir il iş stajı və əlavə olaraq yaşın üstünə gələn hər növbəti il üçün üç ay iş stajı olduqda təyin edilir. Göstərilən maddənin tələblərindən göründüyü kimi ümumi xəstəlik nəticəsində əlilliyə görə pensiyalar 21 yaşına çatanadək əlil olmuş şəxslərə iş stajından asılı olmayaraq təyin edilir. Bərdə ASAN xidməti mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1967-ci il tarixdə anadan olmuşdur. İş materialına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Sumqayıt şəhər Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, xx xxxxxx 2006-cı il tarixədək iddiaçının 15 il 11 ay 14 gün ümumi əmək stajı var, xx xxxxxxxx 1995-ci ildən xx xxxxx 2016-cı il tarixə kimi 2-ci qrup əliliyə görə sosial müavinət almışdır və xx xxxxx 2016cı il tarixdən isə 2-ci qrup əlilliyə görə əmək pensiyası alır və hal-hazırda pensiyanın məbləği 178.78 manat təşkil edir. Beləliklə də, “Vətəndaşların pensiyə təminatı haqqında” xx xxxxxxxx 1992- ci il tarixli 305 saylı Azərbaycan Respublikası Qanununun 24-25-ci maddələrinə əsasən, iddiaçıya sosial pensiya yox, əlilliyə görə əmək pensiyası təyin edilməli idi. Azərbaycan Respublikası Əmək pensiyaları haqqında Qanununun 31.1 -ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Azərbaycan Respublikası Əmək pensiyaları haqqında Qanunun 32.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun müəyyən olunduğu gündən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi bütün əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiyə yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Beləliklə, əlilliyə görə əmək pensiyası hüququ xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” xx xxxxxxxx 1992-ci il tarixli 305 saylı Azərbaycan Respublikası Qanununun qüvvədə olduğu dövrdə yarandığı üçün, iddiaçıya əlilliyə görə əmək pensiyası həmin qanunun 25-ci maddəsinin 2-ci hissəsinə əsasən təyin edilməlidir. İnzibati orqanın Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin xx xxxxxx 2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun müddəalarına istinad edərək imtinası əsassızdır və qanuna ziddir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 36.1-ci maddəsinə əsasən əlillik qrupu dəyişdikdə, əmək pensiyasının məbləği əlillik qrupunun dəyişdiyi aydan sonrakı ayın 1-dən yenidən təyin edilir. Bununla əlaqədar olaraq qeyd edilir ki, vətəndaşın iddia ərizəsində qeyd etdiyi müddətdə ona ödənilmiş müavinət ilə əmək pensiyasında qeyd edilmiş fərqin tələb olunması qanunvericiliyə uyğun deyildir. Beləki, vətəndaşın əmək pensiyası hüququ onun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə xx.xx.2016-cı il tarixli ərizəsinə və Sumqayıt şəhər yerli məhkəməsinin 01,02.2016-cı il tarixli qərarının xx.xx.2016-cı il tarixdən qüvvəyə minməsi ilə müəyyənləşdirilmişdir. Qətnamənin xx.xx.2016-cı il tarixdən qüvvəyə minməsi vətəndaşın keçmiş dövr üçün ödənilməmiş məbləğin tələb edilməsi qanunsuz olduğunu müəyyənləşdirir. Qeyd kimi bildirilir ki, vətəndaşa 01,03.2016-cı il tarixdən əmək pensiyası təyin edilmiş, hal-hazırda pensiyasının məbləği 200.00 manat təyin edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, izahatında bildirmişdir ki, iddiaçının əmək pensiyası hüququ onun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə 2016-cı il tarixli müraciətinə əsasən və Sumqayıt şəhər məhkəməsinin qərarının 2016-cı ildə qanuni qüvvəyə minməsi ilə müəyyənləşdirilmişdir. Qətnamə 2016cı il tarixdən qüvvəyə mindiyi üçün vətəndaşın keçmiş dövr üçün ödənilməmiş məbləği tələb etməsi əsassızdır. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 12.1-ci maddəsinə əsasən İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; Qanunun 31.1-ci maddəsinə əsasən, Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. 31.1-1. Bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Qanunun 31.2-ci Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçı xx xxxxxxxx 1995-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi və xx xxxxxxxx 1995-ci il tarixdən xx xxxxx 2016-cı il tarixədək ödənilmiş müavinətlə ödənilməmiş pensiya arasındakı fərqi hesablayıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını istəyir. İş materiallarından görünür ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)-965/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə Ərizəçi İddiaçı xx xxxxxx 1982-ci ildən xx xxx 1992-ci ilədək Laçın rayonunun Şamkənd kəndində yerləşən “S.M.Kirov” adına damazlıq sovxozunda sağıcı və xx xxx 1992-ci ildən xx xxxxxx 1997-ci il tarixinə kimi Bərdə rayonu ərazisində yerləşən “Qılınclı” kolxozunda fermada sağıcı, tarlada pambıq yığan, suçu, alaqçı, ot yığan işlərində işləməsi faktı müəyyən edilmişdir. Bundan sonra iddiaçının müraciəti əsasında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə İddiaçı əlilliyə görə əmək pensiyası xx.xx.2016-cı il tarixdən ömürlük təyin edilmişdir. İddiaçı 2016-cı ildə ona təyin olunan pensiyanı mübahisələndirməmiş, həmin pensiya ilə razılaşmış, yalnız 3 ildən sonra yenidən inzibati orqana müraciət etmişdir. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası qanunununun 32.1-1-ci maddəsinə əsasən Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlardan görsənir ki, iddiaçı hüquq müdafiyə vasitələrindən vaxtında və düzgün istifadə etməmişdir və mövcud qanunvericiliyə əsasən iddiaçıya keçmiş dövrlərə görə pensiya ödənişi istisna edilir. Beləliklə inzibati orqanın qanunsuz hərəkəti müəyyən edilmir və qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar