Məhkəmə qərarları › İş №2-1(118)-2260/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2260/2024

26.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2260/2024 26.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Abşeron rayon Hökməli bələdiyyəsinə qarşı “Abşeron rayon Hökməli bələdiyyəsi ərazisində yerləşən 0,05 ha torpaq sahəsi üzərində cavabdehin razılığı və ya qanunsuzluğa göz yumması nəticəsində digər şəxslərin apardığı qanunsuz tikinti və hasarlamanın aradan qaldırılması, həmin sahənin əvvəlki vəziyyətinə qaytarılması və ona dəymiş zərərin müəyyən edilərək ödənilməsi ilə bağlı müvafiq öhdəliyin cavabdehin üzərinə qoyulmasına” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, Abşeron rayonu, Hökməli bələdiyyəsi ərazisində 0,05 ha torpaq sahəsi fərdi ev tikmək məqsədilə Abşeron rayonu Hökməli Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2007-ci il tarixli, 04 nömrəli qərarı ilə alqı-satqı ilə satılmışdır. Torpaq sahəsinin həmin dövr üçün nəzərdə tutulan qiymətinə uyğun olaraq dəyəri tərəfindən X3 Bankının Abşeron rayon filialında xüsusi hesabına ödənilmişdir. Həmin qərarda alınan torpaq sahəsində fərdi yaşayış evi tikməyə ona icazə verilmişdir. Mübahisə obyekti olan torpaq sahəsinə dair tərtib edilən xx.xx.2007-ci il tarixli akta əsasən Hökməli qəsəbəsinin Baş inkişaf Planı əsasında fərdi yaşayış evlərinin tikintisi üçün ayrılan həyətyanı torpaq sahəsindən yerində ölçülüb nişangahlar qoyulduqdan sonra torpaq sahəsi ona təhvil edilmişdir. Həmin aktı hazırki iddia ərizəsinə də əlavə etmişdir. Torpaq sahəsi tərəfindən hasarlanmış və uzun illər öncədən mülkiyyətində olan torpaq sahəsinə qanunsuz müdaxilə edilmişdir. Belə ki, torpaq sahəsinin hasarı yan qonşuluqda yaşayan tanımadığı şəxslər tərəfindən qanunsuz olaraq uçurdulmuşdur. Torpaq sahəsi qanunsuz olaraq zəbt edilərək orada ev inşa etmişlər, hətta orada yaşayan sakinlər torpaq sahəsini Ramil adlı şəxsdən (bildiyi qədər maklerdir) aldıqlarını bildirmişlər. İddiaçı bununla bağlı hüquq mühafizə orqanlarına və cavabdehə müraciət edərək, baş vermiş qanunsuzluğun aradan qaldırılmasını xahiş etmişdir. Bundan başqa, cavabdehdən hansı əsaslarla onun torpaq sahəsinə başqa şəxslərin daxil olması (hasarlaması və tikinti işləri görməsi) barədə müraciətlər etmişdir. Son müraciətinə cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə imtina vermişdir. Hesab edir ki, daşınmaz əmlakın üzərində hüquqlarım qorunması və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmasına dair xahişindən imtina edilməsi barədə məktub əsassız və qanunsuzdur. Mübahisənin həlli yalnız məhkəmə qaydasında mümkündür və qeyd olunan torpaq sahəsinin qanunsuz zəbt edilən hissəsinin boşaldılması, həmin sahənin əvvəlki vəziyyətinə qaytarılması və dəymiş zərərin müəyyən edilərək ödənilməsi ilə bağlı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulması zəruridir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, mümkün hüquq müdafiə vasitələri izah edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı, Abşeron rayon Hökməli bələdiyyəsi ərazisində yerləşən 0,05 ha torpaq sahəsi üzərində cavabdehin razılığı və ya qanunsuzluğa göz yumması nəticəsində digər şəxslərin apardığı qanunsuz tikinti və hasarlamanın aradan qaldırılması, həmin sahənin əvvəlki vəziyyətinə qaytarılması və ona dəymiş zərərin müəyyən edilərək ödənilməsini istəyir. Lakin cavabdeh inzibati orqanın iş materiallarında olan cavab məktubundan görsənir ki, torpaq sahəsinin yerinin müəyyən edilməsi yerquruluşu planının rəqəmli koordinatlarının olmaması səbəbi ilə müəyyən edilməmişdir. Lakin hazırkı idddia torpaq sahəsinin yerinin müəyyən edilməsi ilə bağlı deyil. Bundan əlavə iddiaçı qeyd edir ki, Abşeron rayonu, Hökməli bələdiyyəsi ərazisində 0,05 ha torpaq sahəsi fərdi ev tikmək məqsədilə Abşeron rayonu Hökməli Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2007-ci il tarixli, 04 nömrəli qərarı ilə alqı-satqı ilə satılmışdır. Torpaq sahəsinin həmin dövr üçün nəzərdə tutulan qiymətinə uyğun olaraq dəyəri tərəfindən X3 Bankının Abşeron rayon filialında xüsusi hesabına ödənilmişdir. Həmin qərarda alman torpaq sahəsində fərdi yaşayış evi tikməyə ona icazə verilmişdir. Mübahisə obyekti olan torpaq sahəsinə dair tərtib edilən xx.xx.2007-ci il tarixli akta əsasən Hökməli qəsəbəsinin Baş inkişaf Planı əsasında fərdi yaşayış evlərinin tikintisi üçün ayrılan həyətyanı torpaq sahəsindən yerində ölçülüb nişangahlar qoyulduqdan sonra torpaq sahəsi ona təhvil edilmişdir. Həmin aktı hazırki iddia ərizəsinə də əlavə etmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, ona aid torpaq sahəsində iki ədəd ev tikilmişdir və həmin şəxslərin hüquqmüəyyənedici sənədləri yoxdur. Məhkəmə hesab edir ki, iddiaçı düzgün hüquq müdafiə vasitəsi seçməmişdir. İddiaçı 2007-ci ildə topaq sahəsi alsada həmin topaq sahəsi üzərində hüquqlarını dövlət qeydiyyatına aldırmamış və faktiki olaraq torpaq sahəsinə sahibliyi tam həyata keçirməmişdir. İddiaçı mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə etmə imkanı olduğu halda, düzgün hüquq müdafiə vasitəsi seçməmişdir. İddiaçıya izah edilsin ki, qanunsuz tikilmiş tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması iddiası ilə müvafiq ümumi məhkəmədə mülki məhkəmə icraatı qaydasında iddia qaldıra bilər. Bu zaman müəyyən edilmiş hüquqi vəziyyətə uyğun olaraq digər hüquq müdafiə vasitələrindən istifadə edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməmlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar