Məhkəmə qərarları › İş №2-1(118)-2261/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2261/2024

29.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2261/2024 29.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “X1 xidmətdən buraxıldığı 08 mart 2018-ci il tarixindən 2020-ci ilin mart ayınadək ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli qərarının 5-6-cı bəndlərinə əsasən yüksəkliyə görə əlavə əmək haqqında artımın (əmsalın) minimum 1.2 miqdarı ilə hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib cavabdehin üzərinə 20 fevral 2018-ci il tarixdən sonuncu xidmət keçdiyim vəzifəmə uyğun vəzifə maaşı 432,00 manat, rütbə maaşı 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavə - 291,00 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavə - 151,20 manat, yüksəkliyə görə vəzifə və rütbə maaşının, xidmət illəri və məharət dərəcəsinə görə əlavələrin cəmi məbləğinin 20 faizi miqdarında əlavə - 204,84 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla əmək pensiyasının yenidən hesablanaraq müvafiq təminat xərcliyinin (1293,04 manat) 100 faizi - 1293,04 manat müəyyən edilib və onun ilkin müraciətinə cavab verildiyi tarixdən, yəni xx.xx.2021-ci il tarixdən üç il əvvəl müddətində, yəni xx.xx.2018-ci il tarixdən yenidən hesablanması və ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Sumqayıt İnzibati Məhkəməsinə 9 sentyabr 2021-ci il tarixdə “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabnetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarının 5-ci bəndinə və mənim işlədiyim ərazilərin həmin qərarın 2 nömrəli əlavəsinə əsasən, dəniz səviyyəsindən 1500 metrdən-2000 metrədək yuxanda yerləşən yaşayış məntəqələrinin siyahısında olduğunu nəzərə alaraq mənə əmək haqqında artımın (əmsalın) minimum miqdarının 1,2% məbləğində müəyyən edilməsi" barədə iddia ərizəsi ilə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 1 fevral 2022-ci il tarixli, 2-1(118)-268/2022 nömrəli qərarı ilə onun “əmək haqqımda artımın minumum miqdarının 1,2% məbləğində müəyyən edilməsi” iddiam rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 sentyabr 2022-ci il tarixli, 2-1(105)- 365/2022 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 1 fevral 2022-ci il tarixli, 2- 1(118)-268/2022 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddiam təmin edilmiş, xidmətdən buraxıldığı günə aldığını əmək haqqında artmım (əmsal) minumum miqdarı 1,2 məbləğində müəyyən edilərək yeni məlumat vərəqinin tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 sentyabr 2022-ci il tarixli, 2-1(105)-365/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin 20 oktyabr 2023-cü il tarixli, 3-17-1/2-A- 246367/2023 saylı məktubu ilə onun müraciətinə müsbət cavab verilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1ci və 37.7- ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş müddət üçün alınmamış emək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. Qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. İddiaçı iddia edir ki, pensiya hüququ yarandığı gündən, xx.xx.2018-ci il tarixdən üç il keçməmiş 2021-ci ilin fevral ayından mütəmadi olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etdiyini bildirmişdir. Lakin iddiaçı onu nəzərə almır ki, həmin dövrdə ona Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin məlumat vərəqinə əsasən pensiya təyin edilmişdir. Daha sonra, iddiaçı “yeni məlumat vərəqinin verilməsi” tələbi ilə Daxili İşlər Nazirliyini cavabdeh qismində qeyd etməklə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Ali Məhkəmə xx.xx.2022-ci il tarixli, 2-1(102)-2355/2022 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayətini təmin etməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır. Bundan sonra iddiaçı 13 mart 2023-cü il tarixdə yeni məlumat vərəqi əsasında Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filalına müraciət etmiş, Mərkəzi filial tərəfindən Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən həmin tarixdən əvvəlki üç il üzrə yüksəkliyə görə vəzifə və rütbə maaşının, xidmət illəri və məharət dərəcəsinə görə ələvələrin cəmi məbləğinin 20 faizi məbləğində hesablanaraq ödənilmişdir. Göründüyü kimi iddiaçıya yeni məlumat vərəqinə əsasən həmin tarixdən əvvəlki üç il nəzərə alınmaqla pensiyaya əlavə hesablanaraq ödənilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara; Cavabdehin 3-17-1/2-A-246367/2023 nömrəli, xx.xx.2023-cü il tarixli imtina məktubu, etiraz ərizəsi,Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2355/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2355/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının qəbul edildiyi vaxtdan yaranmış olur. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xidmət göstərdiyi ərazinin sakinidir və sosial müavinətlərin, o cümlədən əmək pensiyalarının vətəndaşlara verilməsi DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aiddir. Belə olduğu təqdirdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və cavabdehin 33-17-1/2-A-246367/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Andreyeva Latviyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 sentyabr 2022-ci il tarixli, 2-1(105)-365/2022 nömrəli qərarı ilə iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002ci il tarixli 137 nömrəli qərarının 5-6-cı bəndlərinə əsasən yüksəkliyə görə əlavə əmək haqqında artımın (əmsalın) minimum 1.2 miqdarı ilə hesablanararaq yeni məlumat vərəqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilmişdir. İddiaçının pensiya təminatı hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2355/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı əsasında qəti şəkildə bərpa olmuşdur. İddiaçı qazanmış hüququn hazırkı cavabdeh orqandan tələb etməsinə baxmayaraq, onun müraciət əsassız olaraq təmin edilməmişdir. Cavabdeh təşkilatın gətirdiyi arqumentlər məhkəmə tərəfindən araşdırılmış və əsassız olduğu müəyyən edilmişdir. İddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinin tətbiq edilməsi yolverilməzdir.İş materiallarından göründüyü kimi, məhz onun pensiya təminatı hüququ digər məhkəmə mübahisəsi əsasında təmin edilmiş, lakin cavabdehin hərəkətləri pryedusial əhəmiyyət daşıyan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 sentyabr 2022-ci il tarixli, 2-1(105)-365/2022 nömrəli qərarının təftiş edilməsi ilə nəticələnə bilər. Belə olan halda iddiaçı tərəfindən məhkəmə qaydasında qazanılmış hüququn iddiaçının günahı ucbatından olmadan məhdudlaşıdırlması yolverilməzdir. Nəzərə alınmalıdır ki, Qanunun 32.1-1-ci maddəsi əmək pensiyalarının ödənilməsi üçün 3 illik müddət müəyyən edib, iddia tələbi isə əmək pensiyası ilə deyil əmək pensiyasına əlavələrin ödənilməsi ilə bağlıdır.Göründüyü kimi Qanunun 32.2-1-ci maddəsində əlavələrin ödənilməsi ilə bağlı (məhdudiyyət) hər hansı bir müddəa öz əksini tapmayıb. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı X1 xidmətdən buraxıldığı 08 mart 2018-ci il tarixindən 2020-ci ilin mart ayınadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli qərarının 5-6-cı bəndlərinə əsasən yüksəkliyə görə əlavə əmək haqqında artımın (əmsalın) minimum 1.2 miqdarı ilə hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar