Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2262/2021 20.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X9 Mövlətxan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı “X10 ,X8 , X6 və X1 iddiaçıya məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 2A, ünvanında yerləşən 6 saylı mənzilində olan qeydiyyatlarının ləğv edilməsi öhdəliyinin cavabdeh Abşeron Rayon Polis İdarəsinin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat Şöbəsinin üzərinə öhdəlik qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Ərəbxanova X7 Rəna Şamil qızı, X8 , X6 və X1 iddiaçıya məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 2A, ünvanında yerləşən 6 saylı mənzilində olan qeydiyyatlarının ləğv edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 04.11.2021-ci il tarixli 128-85825Ə saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Bu barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i tərəfindən mənə Seriya MH ******* №-li çıxarışda verilmişdir. 02 iyul 1996-cı ildə X4 ilə aralarında olan alqı- satqı müqaviləsi əsasında sözügedən mənzili satın almışdır. Cavabdehlər - X10,X8, X6 və X5 alqı- satqı müqaviləsi bağladığı X2 yaxın ailə üzvləridirlər. Alqı-satqı müqaviləsi bağladıqdan sonra X4 digər ailə üzvlərinin qeydiyyatdan çıxmaları barədə söz versədə onlar iddiaçıya məxsus mənzildən bugünki günə kimi qeydiyyatdan çıxmamışlar. Sonuncuların təqsiri üzündən qanuni mülkiyyətçi kimi mübahisələndirilən mənzilinə iddiaçı istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Bu isə onun dövlət tərəfindən tanınan və qorunan hüquqlarının ciddi surətdə pozulması deməkdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı qızı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində məhkəmənin qəbul edəcəyi qərarla razılaşdıqlarını bildirmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, MH Seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə istifadədə olan 0.13 ha torpaq sahəsində yerləşən 2 A nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 69.3 kv.m ümumi, 48.2 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 6 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmənin 22.11.2021-ci il tarixli sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi 07.12.2021-ci il tarixli, **********61 saylı cavab məktubunda bildirmişdir ki, keçmiş Abşeron rayonu X3 və Mülkiyyət Hüquqlarının Qeydiyatı İdarəsi tərəfindənX2 adına Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 2A, 6 nömrəli mənzilə1996-cı il tarixdə mülkiyyət hüququna dair 11649 reyestr nömrəli qeydiyyat vəsiqəsi (26 noyabr 1974-cü il 211 nömrəli order əsasında) verilmişdir.Abşeron rayonu 1 nömrəli Dövlət notariat kontorunun 02.07.1996-cı il tarixli 3M-1-91-Ə reyestr nömrəli alqısatqı müqaviləsinə (alqı-satqı müqaviləsi arxiv əsaslarında aşkar edilməmişdir) əsasən mənzil İddiaçı adına özgəninkiləşdirilmişdir. Abşeron rayonu X3 və Mülkiyyət Hüquqlarının Qeydiyatı İdarəsi tərəfindən sözügedən mənzilə İddiaçı adına mülkiyyət hüququna dair 11649 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 11649 reyestr nömrəli qeydiyyat vəsiqəsi əsasında daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı adına 08.09.2009-cu il tarixində mülkiyyət hüququna dair **********46-05101-093016 reyestr nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 2 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 20.12.2021-ci il tarixli 253 saylı Arayışa əsasən, İddiaçı qızı ünvan 1 ünvanında öz ailəsi ilə birlikdə yaşayır. X10 ,X8 , X6 və X5 həmin mənzildə qeydiyyatda olmasına baxmayaraq göstərilən ünvanda yaşamırlar. 1996-cı il tarixdə mənzili satmışdırlar. Üçüncü şəxslər hazırda həmin ünvanda pasport qeydiyyatındadır. Üçüncü şəxslərin, iddiaçının mənzilindən istifadə hüququnun olması və həmin ünvanda yaşaması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olsa da həmin evdə yaşamır və yaşayış sahəsinə əmlak hüquqları mövcud olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Üçüncü şəxslərin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Hazırkı mübahisə üzrə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün hər hansı bir hüquqi əsas məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə yaşamayan şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X10 ,X8 , X6 və X1 iddiaçıya məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 2A, ünvanında yerləşən 6 saylı mənzilində olan qeydiyyatlarının ləğv edilməsi öhdəliyi cavabdeh Abşeron Rayon Polis İdarəsinin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat Şöbəsinin üzərinə öhdəlik qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X10, X8 , X6 və X1 iddiaçıya məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 2A, ünvanında yerləşən 6 saylı mənzilində olan qeydiyyatlarının ləğv edilməsi öhdəliyi cavabdeh Abşeron Rayon Polis İdarəsinin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat Şöbəsinin üzərinə öhdəlik qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev