Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2262/2025 13.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “X2” publik hüquqi şəxsin Abşeron Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixdə 589 nömrə ilə qeydiyyata alınmış seriya HTM №002374 şəhadətnaməsinə əsasən qalib olduğu və xx.xx.2024-cü il tarixli AN-İ №1271039 alqı-satqı müqaviləsi ilə aldığı, Abşeron rayon Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı məhkəməyə müraciət edərək “X2” publik hüquqi şəxsin Abşeron Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixdə 589 nömrə ilə qeydiyyata alınmış seriya HTM №002374 şəhadətnaməsinə əsasən qalib olduğu və xx.xx.2024-cü il tarixli AN-İ №1271039 alqı-satqı müqaviləsi ilə aldığı, Abşeron rayon Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, çıxarış və plan-ölçü sənədinin verilməsini xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, “X2” publik hüquqi şəxsin Abşeron Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş açıq torpaq müsabiqəsinin nəticələrinə əsasən iddiaçı Abşeron ərazisində yerləşən Saray bələdiyyəsi tərəfindən satışa çıxarılan 0.10 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsinin (torpaq üzərində hüququ təsdiq edən sənədin reyestr nömrəsi **********09) qalib olmuşdur. Müsabiqənin sonunda komissiya tərəfindən xx.xx.2023-cü il tarixli 107/2 nömrəli protokol tərtib edilmişdir və ona 002374 nömrəli şəhadətnamə verilmişdir. Bütün hüquqi əsaslara baxmayaraq Saray bələdiyyəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinn və hərraclarınn keçirilməsi” Qaydalarını pozaraq torpaq sahəsini onunla 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq alqı-satqı etməkdən yayınmışdır. İddiaçının uzun müddət gərgin tələbindən sonra Saray bələdiyyəsinin torpağı alqı-satqı etməməyinin səbəbi kimi Sumqayıt Regional Ədliyyə İdarəsi tərəfindən qeyd olunan torpaq sahəsinə dair Saray bələdiyyəsinə qarşı Sumqayıt İnzibati Məhkəməsində xx.xx.2022-ci il tarixli 1(118)-3867/2022 saylı iddia qaldırılması bildirilmişdir. Bunu nəzərə alaraq dəfələrlə Sumqayıt Regional Ədliyyə İdarəsinin rəisinin ünvanına və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisinə məktub ünvanlamışdır. Bu məsələyə aydınlıq gətirmək üçün ərizə ilə Sumqayıt Regional Ədliyyə İdarəsinə və Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin ona göndərdiyi cavab məktubunda Sumqayıt Regional Ədliyyə İdarəsinin cavabdeh Saray bələdiyyəsinə qarşı “torpaq sahələrinin mülkiyyətə verilməsi barədə qərarların ləğv olunması” tələbinə dair iddiası Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 1234/2023 saylı, 13 iyun 2023-cü il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Birinci ərizəsinə Sumqayıt Regional Ədliyyə İdarəsində baxılmasa da sonraki şikayət ərizəsinə baxılmışdır və müsabiqədə qalib olduğu torpaq sahəsinin alqı-satqı olunması üçün hüquqi şərait yaradılaraq problemin müsbət həll olunmasına köməklik göstərilmişdir. Saray bələdiyyəsi, iddiaçı onun hesabına 8520 manat məbləğində torpağın dəyərini ödədikdən sonra müsabiqədə qalib olduğu torpaq sahəsinin xx.xx.2024-cü il tarixində Sumqayıt şəhər 4 saylı notariat ofisində alqı-satqı müqaviləsini onunla bağlamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, sözügedən torpaq sahəsinə dair X2 publik hüquqi şəxsi tərəfindən verilən 002374 nömrəli şəhadətnamə müsabiqə və hərracda qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqlarına münasibətdə müvafiq bələdiyyə, dövlət torpaqlarına münasibətdə isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müqavilə bağlanması üçün əsas hesab olunur. Torpaq müsabiqəsinin, hərracın 19 yanvar 2023-cü il tarixdə keçirildiyi halda tərəflər arasında notarial alqı-satqı müqaviləsinin 11 iyul 2024-cü il tarixində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş müddətdə həyata keçirilmişdir. Bundan başqa torpaq sahəsi barəsində mübahisə olduğu aşkar edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Abşeron rayon Saray bələdiyyəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: X2 publik hüquqi şəxsin Abşeron Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracının nəticələri barədə 19 yanvar 2023-cü il tarixli iclasının 107/2 saylı protokolu ilə Abşeron ərazisində yerləşən Saray bələdiyyə dövlət mülkiyyətinə aid 0.1 ha torpaq sahəsinin satılması məqsədilə 19 yanvar 2023-cü il tarixdə keçirilən müsabiqədə, hərracda iştirak edən 3 şəxsin: X3, X1, İddiaçı siyahısı təsdiq edilmiş, İddiaçı müsabiqənin qalibi elan edilmişdir. HTM seriyalı, 002374 saylı şəhadətnamə X2 publik hüquqi şəxsin Abşeron Ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 19 yanvar 2023-cü il tarixdə 589 nömrə ilə qeydiyyata alınmaqla hərracın, müsabiqənin qalibinə verilmişdir. AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Abşeron rayon Saray bələdiyyəsi Abşeron rayon Saray qəsəbəsi ünvanında yerləşən 0.1 ha torpaq sahəsini İddiaçı satmışdır. Torpaq sahəsinin görüntüsü əks etdirən, iddiaçının ərizəsinə qoşma edilmiş CD diski iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixli **********09 reyestr nömrəli çıxarışa əsasən Saray bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin üzərində məhdudiyyət aşkar edilməmiş, məhdudiyyətin qoyulması ilə bağlı məhkəmə aktının olub-olmaması barədə məlumat aşkar edilməmişdir. Həmçinin sözügedən torpaq sahəsi ilə bağlı mübahisə olduğu barədə xx.xx.2024-cü il tarixli müraciət daxil olmuşdur. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı “X2” publik hüquqi şəxsin Abşeron Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixdə 589 nömrə ilə qeydiyyata alınmış seriya HTM №002374 şəhadətnaməsinə əsasən qalib olduğu və xx.xx.2024-cü il tarixli AN-İ №1271039 alqı-satqı müqaviləsi ilə Abşeron rayon Saray qəsəbəsində 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, çıxarış və plan-ölçü sənədinin verilməsini istəyir. Cavabdeh orqan imtinasını onunla əsaslandırır ki, sözügedən torpaq sahəsinə dair X2 publik hüquqi şəxsi tərəfindən verilən 002374 nömrəli şəhadətnamə müsabiqə və hərracda qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqlarına münasibətdə müvafiq bələdiyyə, dövlət torpaqlarına münasibətdə isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müqavilə bağlanması üçün əsas hesab olunur. Torpaq müsabiqəsinin, hərracın 19 yanvar 2023-cü il tarixdə keçirildiyi halda tərəflər arasında notarial alqı-satqı müqaviləsinin 11 iyul 2024-cü il tarixində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş müddətdə həyata keçirilmişdir. Bundan başqa torpaq sahəsi barəsində mübahisə olduğu aşkar edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol. Göründüyü kimi torpaq sahəsi üzərində hüququn qeydə alınması hüquqi əsas mövcuddur. Cavabdehin imtinasına münasibətdə məhkəmə qeyd edir ki, X2 publik hüquqi şəxsin Abşeron Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracının nəticələri barədə 19 yanvar 2023-cü il tarixli iclasının 107/2 saylı protokolu ilə Abşeron ərazisində yerləşən Saray bələdiyyə dövlət mülkiyyətinə aid 0.1 ha torpaq sahəsinin satılması məqsədilə 19 yanvar 2023-cü il tarixdə keçirilən müsabiqədə, hərracda iştirak edən 3 şəxsin: X3, X1, İddiaçı siyahısı təsdiq edilmiş, İddiaçı müsabiqənin qalibi elan edilmişdir. HTM seriyalı, 002374 saylı şəhadətnamə X2 publik hüquqi şəxsin Abşeron Ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 19 yanvar 2023-cü il tarixdə 589 nömrə ilə qeydiyyata alınmaqla hərracın, müsabiqənin qalibinə verilmişdir. AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Abşeron rayon Saray bələdiyyəsi Abşeron rayon Saray qəsəbəsi ünvanında yerləşən 0.1 ha torpaq sahəsini İddiaçı satmışdır. X2 publik hüquqi şəxsin Abşeron Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracının nəticələri barədə 19 yanvar 2023-cü il tarixli iclasının 107/2 saylı protokolu qüvvədədir. Cavabdeh tərəfindən digər şəxsə münasibətdə mübahisəli hal olduğu qeyd edilsə də, həmin şəxsin də daxil olduğu siyahıda faktiki olaraq iddiaçı hərracın qalibi elan edilmişdir. Digər şəxs – X3 torpaq sahəsi üzərində hər hansı hüququnun mövcud olması məhkəmə araşdırması ilə müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı ilə bələdiyyə arasında müqavilənin sonradan bağlanmış olması iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında notarial alqı-satqı müqaviləsinin 11 iyul 2024-cü il tarixində rəsmiləşdirilməsinə səbəb Sumqayıt Regional Ədliyyə İdarəsi tərəfindən Saray bələdiyyəsinə qarşı iddia qaldırılması olmuşdur ki, Saray bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubunda sözügedən qərarların məhkəmə qaydasında mübahisələndirildiyindən, həmin qərarlarla bağlı hərəkətlərin aparılmasının mümkün olmadığı qeyd edilmişdir. Sumqayıt Regional Ədliyyə İdarəsi tərəfindən Saray bələdiyyəsinə qarşı qaldırılmış “qərarların ləğv olunması” tələbinə dair iş məhkəmənin 13 iyun 2023-cü il tarixli qərardadı ilə mümkün sayılmamışdır ki, bundan sonra sonra iddiaçı və Saray bələdiyyəsi arasında alqı-satqı müqaviləsinin bağlanması həyata keçirilmişdir. Torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Cavabdehin imtinasını əsaslandırdığı hallar iddiaçının təqsiri kimi qiymətləndirilib onun gözlənilən mülkiyyət hüququnun pozulmasına və onun məsuliyyətinə səbəb ola bilməz. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Beləliklə, məhkəmə tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istisna edən hal müəyyən edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı “X2” publik hüquqi şəxsin Abşeron Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixdə 589 nömrə ilə qeydiyyata alınmış seriya HTM №002374 şəhadətnaməsinə əsasən qalib olduğu və xx.xx.2024-cü il tarixli AN-İ №1271039 alqı-satqı müqaviləsi ilə aldığı, Abşeron rayon Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-2262/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2262/2025
13.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver