Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2263/2023 07.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X2 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 qarşı “cavabdehinlərin xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanına olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən çıxarılmasına ” dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 13-cü mkr/n ev 51, mənzil 17 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2 iddiaçının gəlini, X1, Cavabdeh3, Cavabdeh4 nəvələridir. Cavabdeh X3, Cavabdeh2 və nəvələri iddiaçının evində pasport qeydiyyatındadır. Onların iddiaçıya məxsus mənzildə istifadə hüququ var. Hal-hazırda və 18 ildən artıqdır ki, onlar iddiaçının mənzilində yaşamırlar. Özlərinə məxsus evləri var. Bu qonşuların iştirakı ilə tərtib olunmuş aktda da öz təsdiqini tapır. Dəfələrlə cavabdehə müraciət edərək, ona məxsus mənzildən qeydiyyatdan çıxmasını tələb etsə də, o, hər dəfə müxtəlif bəhanələr gətirərək qeydiyyatdan çıxmamışdır. Həmçinin qeyd edir ki, gəlini Cavabdeh2 dəfələrlə evində ona hücum edərək təhqir edici ifadələr işlədərək döyməyə çalışmışdır. Onların mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir. İddiaçı cavadehin və onların yetkinlik yaşına çatmayan uşaqlarının əvəzinə kommunal xidmət haqqı ödəyir. Bu isə əlavə xərcdir. Buna maddi imkanı çatmır. Himayələrində iki qızı bir nəvəsi var. Ailə yoldaşının və özünün aldığı pensiya ilə dolanır. Hesab edir ki, cavabdehin və onların övladlarının iddiaçıya məxsus mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir və mənzildən çıxarılmalıdır. Ona görə da hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş iddia tələbi aydınlaşdırılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı, oğlu və onun ailə üzvlərinin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən çıxarılmasını istəyir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi inzibati hüquq münasibətlərində cavabdeh kimi mütləq qaydada inzibati orqan çıxış edir. Lakin iddiaçı cavabdeh fiziki şəxsin mənzilindən istifadə hüqununun itirilmiş hesab edilməsini tələb edir ki, inzibati məhkəmə icraatı qaydasında bu cür iddialara baxılması nəzərdə tutulmamışdır. Bundan əlavə istifadə hüququna xitam verilməsi ilə bağlı iddialara mülki qaydada baxıla bilər. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, üçüncü şəxslərin istifadə hüququna dair məsələnin həlli mülki məhkəmə icraatı qaydasında həllini tapmamışdır. İddiaçıya izah edilsin ki, üçüncü şəxslərin yaşayış sahəsinə istifadə hüququnun itirilməsi ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət edə və bunun nəticəsinə uyğun olaraq təkrar inzibati orqana müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev