Məhkəmə qərarları › İş №2-1(118)-2266/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2266/2023

13.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2266/2023 13.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı məznil üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, AAAF park yaşayış massivi, 23-cü küçə, 10 saylı evdə yerləşən 25 saylı mənzilin üzərində mülkiyyət hüququnun tanınması və həmin torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, AAAF park yaşayış massivi, 23-cü küçə, 10 saylı evdə yerləşən 25 saylı mənzilin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın veilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə 03 noyabr 2022-ci il tarixdə bağladığı müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, AAAF park yaşayış massivi, 23-cü küçə, ev 10 ünvanında yerləşən iki otaqlı 25 saylı mənzili əldə etmişdir. Məznil onun qanuni sahibliyində və istifadəsindədir. İddiaçı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2023-cü il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin idarə tərəfindən ona imtina cavabı verilmişdir. İddiaçı iddia tələbini müfdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasınını vaxtı veri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasında nümayəndisinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia ərizəsində etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş sənədlərdə 25 saylı mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı aşkar edilmişdir və bu səbəblə iddiaçıya imtina bildirişi verilmişdir. İş materiallarında olan : - xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, AAAF park yaşayış massivi, 23-cü küçə, ev 10 ünvanında yerləşən 25 saylı mənzili İddiaçı satmışdır. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, AAAF park yaşayış massivi, 23-cü küçə, ev 10 ünvanında yerləşən 25 saylı mənzildə mənzil alqı-satqı müqaviləsinə əsasən qeydiyyatsız faktiki olaraq yaşayır. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti. “AAAF Park" yaşayış massivi, 23-cü küçə, 10 saylı çoxmərtəbəli yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan həm iddiaçının ərizəsinə verdiyi imtina məktubunda, həm də iddia ərizəsinə etirazında ona istinad etmişdir ki, iddiaçının aldığı qeyri-yaşayış sahəsinin yerləşdiyi bina üzərində mülkiyyət hüququ qeydə alınmamışdır. Etirazda həmçinin qeyd edilmişdir ki, binanın istismara qəbul aktı mövcud deyildir və müqavilə notariat qaydasında təsdiq edilməli olduğu halda sadə şəkildə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Göstərilən Məcəllənin 407.2-ci maddəsinə görə sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respubikası Mülki Məcəlləsinin 144-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir (144-1.1). Mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış mülkiyyətçi tikiləcək binanın tərkib hissələrinin sayına və sahəsinə mütənasib olaraq həmin torpaq sahəsini bu Məcəllənin 144.5-ci maddəsində nəzərdə tutulmuş qaydada bölünmə planı əsasında paylara bölə bilər və bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququnun qeydə alınmasını tələb edə bilər. Tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra sərəncam verə bilər (144-1.2). Bölünmə planına əsasən mülkiyyətindəki torpaq sahəsində yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli və tərkib hissələri əldə edən şəxslərin xeyrinə bu Məcəllənin 147-ci maddəsinə uyğun olaraq təminat qeydi aparılmalıdır (144-1.4). Həmin Məcəllənin 144-1.5-ci maddəsinə görə bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların alqı-satqı şərtləri, təminat qeydinin aparılmasına dair torpaq sahəsi mülkiyyətçisinin və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəlikləri və 147.2-ci maddəsində nəzərdə tutulan razılıqları, habelə bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsindən sonra torpaq sahəsində müvafiq paya və tərkib hissəyə mülkiyyət hüququnun xeyrinə təminat qeydi aparılmış şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı açıq-aydın ifadə edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur ... 8.0.9 Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1- dək) inşa edilmiş tikililərə dair:…8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə-torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 272 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nın 3.6.1- 3.6.6-cı bəndlərinə əsasən tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq, Agentliyin nümayəndələrinin iştirakı ilə yaradılmış sifarişçi və ya dövlət qəbul komissiyaları tərəfindən istismara qəbul edilir. Obyekt istismara bütövlüklə və yaxud hissəhissə (tikintinin növbələri kimi) qəbul edilə bilər. Yaşayış binaları, o cümlədən mənzillər yalnız elektrik, qaz və su xətlərinə tam həcmdə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul üçün dövlət qəbul komissiyasına təqdim edilə bilərlər. Yalnız tikintinin başlanmasına və aparılmasına icazə sənədləri olan, layihə-smeta sənədləri dövlət ekspertizasından keçmiş və təsdiq edilmiş, tikintisi zamanı bütün norma, standart və qaydalara riayət edilməsinə dair Agentlik tərəfindən müsbət rəy verildikdən sonra qəbul komissiyası işə başlaya bilər. Bu obyektlər müvafiq qanunvericiliyə uyğun olaraq yaradılmış qəbul komissiyası tərəfindən istismara qəbul ediləndən sonra istismar oluna bilər və onlara kommunal xidmətlər (tikinti obyektlərinin texniki və yanğın təhlükəsizliyini təmin edən kommunikasiya xətləri istisna olmaqla) göstərilə bilər. Qəbul komissiyasının tərkibinə sifarişçinin, podratçının, subpodratçının, layihəçinin, istismarçının, Fövqəladə Hallar Nazirliyi X6 Xidmətinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin və tələb olunan hallarda X3 Görülməsi və X4 Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, yerli icra hakimiyyəti (şəhərin tərkibində olan rayonlar üzrə həm şəhər, həm də rayon icra hakimiyyəti) və ya bələdiyyə orqanının, kommunal xidmətləri göstərən təşkilatların (qaz, su, elektrik və kanalizasiya) və tələb olunan hallarda digər müvafiq təşkilatların nümayəndələri daxil edilməlidir. İstismara qəbul edilmək üçün təqdim edilən obyekt və yaxud onun tikinti növbəsi təsdiq olunmuş layihə və müqavilə sənədlərinə və qüvvədə olan tikinti norma və standartlarına uyğun və tam hazır vəziyyətdə olmalıdır. Bu obyektdə və yaxud onun tikinti növbələrində radiasiya təhlükəsizliyi, sanitar-gigiyena və təhlükəsizlik texnikası tələblərinə uyğun şərait təmin edilməlidir. Qəbul komissiyası işin yekunu üzrə obyektin istismara qəbul edilməsi və ya edilməməsi haqqında qərar qəbul edir və bu qərar akt formasında rəsmiləşdirilir. Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına, o cümlədən 101-ci maddəsinin tələbinə görə tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2009-cu il tarixli 47 saylı əmri ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzırindı hüquqların qeydiyyatı, texniki sənədlərin tərtib edilməsi və dövlət reyestrindən arayışlar üçün tələb olunan sənədlərin qəbulu, dövriyyəsi, ekspertizası və verilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 43-cü bəndində isə göstərilir ki, dövlət torpaqlarında, özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrində fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş (və ya qanuni yolla əldə edilmiş) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün ərizə, torpaq sahəsinin qanuni istifadədə olduğunu təsdiq edən sənəd (müvafiq icra hakimiyyəti orqanının sərəncamı, icarə müqaviləsi və s.), obyektin inşaat pasportu, obyektin layihə sənədləri, obyektin istismara qəbul aktı, obyektin texniki pasportu, dövlət rüsumunun ödənilməsi barədə qəbz təqdim edilməsi tələb olunur. Beləliklə, qanunvericiliyin müəyyən etdiyi qaydalar onu tələb edir ki, tikintisi başa çatmış yaşayış evinin istismara qəbul edilməsini təsdiq edən istismara qəbul aktı mövcud olmalıdır ki, həmin binada yerləşən mənzillərin dövlət reyestrindən ilkin qeydiyyatının aparılması mümkün olsun. Lakin, iddiaçının əldə etdiyi mənzilin yerləşdiyi yaşayış binasının istismara qəbul aktı mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, AAAF park yaşayış massivi, 23-cü küçə, 10 saylı evdə yerləşən 25 saylı mənzilin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsindən imtinası mahiyyətcə qanuna zidd olmamışdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar