Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2267/2022 21.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə qarşı “X4 hərbi xidməti vəzifələrini yerinə yetirən zaman həlak olduğuna görə ona “şəhid ailəsi” statusunun verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Sumqayıt İnzibati Məhkəməsinin 27 iyul 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “şəhid ailəsi” statusunu təsdiq edən arayışın verilməsi vəzifəsini cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl cavabdeh kimi Azərbaycan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum oğlu X7 xx.xx.1998-ci il tarixdə Xaçmaz rayonunun Köhnə Xudat kəndində anadan olmuşdur. SHXÇDX Xaçmaz rayonu şöbəsi tərəfindən xx.xx.2017-ci i tarixdə həqiqi hərbi xidmətə çağırılmış və Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbio xidmətini başa vurduqdan sonra xx.xx.2018-ci il tarixdə tərxis olunmuşdur. xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Qüvvələrinin (Yaşma) komandanlığında müddətdən artıq həqiqi hərbi qulluqçu-əsgər, 1-ci xüsusi əməliyyat taborunun təminat manqasının atıcısı (daşıyıcısı) vəzisfəsinə qəbul olunmuş və 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən sağ baldırından dəlib-keçən güllə yarası almış, sağaldıqdan sonra yenidən döyüşlərə qayıtmışdır.Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə döyüş tapşırıqlarını yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2020-ci il tarixli, 2358 N-li sərəncamı ilə "Cəbrayılın azad olunmasına görə", 30 dekabr 2020-ci i! tarixli 2374 N-li sərəncamı ilə "Hərbi xidmətlərə görə", 24 iyun 2021-ci il tarixli 2712 N-li sərəncamı ilə "Xocavəndin azad olunmasına görə" və 24 iyun 2021-ci il tarixli 2724 N-li sərəncamı ilə "Cəsur döyüşçü" medallarına layiq görülmüşdür. Bundan başqa Azərbaycan Respublikasının Müdafiə nazirinin 28 dekabr 2020-ci il tarixli 0218 N-li əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə İİİ dərəcəli medalına layiq görülmüşdür. Müharibədən sonra X7 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi qulluqçusu-əsgər, 1-ci xüsusi əməliyyat taborunun təminat manqasının atıcısı (daşıyıcısı) vəzisfəsində hərbi xidmətini davam etdirmişdir. X3 da xx.xx.2021-ci il tarixdə beyninə qan sızması nəticəsində vəfat etmişdir. N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Qüvvələrinin komandanlığında müddətdən artıq həqiqi hərbi qulluqçu-əsgər, 1-ci xüsusi əməliyyat taborunun təminat manqasının atıcısı (daşıyıcısı) Məmmədov Kami! Şamil oğlu N saylı hərbi hissə komandirinin 14.012021-ci il tarixli 043 N-li əmri ilə Xüsusi Təyinatlı Qüvvələrinin komandanının şifahi əmri ilə keçirilmiş xx.xx.2021-ci il tarixdə 1, 3 və 4-cü taborların şəxsi heyətinin Pusqu döyüş atış təlimi bitdikdən sonra Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin maddi-texniki təminat bölüyünün avtomobil taqımının 1-ci avtomobil manqasının X9 URAL-432Q66 markalı J 018 QQ hərbi qeydiyyat nişanlı yük avtomobilini idarə edərək hərbi hissə - Yaşma-Ağdərə-Dovşansiyakeş-Xızı-hərbi hissə marşrutu üzrə hərbi hissəyə qayıdarkən saat 15:00 radələrində yolun Xızı rayonunun Gızıldərə yaşayış məntəqəsinin ərazisindən keçən hissəsində hərbi texnikanın idarəetmə qaydalarını pozmaqla ehtiyatsızlıq edərək idarəetməni itirmiş və avtomobil aşmış və övladı X7 açıq kəllə-beyin tarvması, baş-beyin əzilməsi, beyin əsasının sınığı, serebral koma nəticəsində Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında müalicə olunarkən xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci tarixli 1-1(093)-186/2021 N-li hökmü ilə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin maddi-texniki təminat bölüyünün avtomibil taqımının 1-ci avtomobil manqasının sürücüsü X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir ) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3(üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzası 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il sınaq müddəti verilməklə şərti hesab edilmişdir. Sumqayıt ASAN Xidmət Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İİ Ns161185 N-li ölüm haqqında şəhadətnamə N saylı hərbi hissə nümayəndəsi tərəfindən onlara təqdim edilmişdir. Eyni zamanda N saylı hərbi hissəsinin komandirinin xx.xx.2021-ci il tarixli 1489 N-li “hərbi xidmət vəzifələrini yerinə yetirən zaman" həlak olması barədə Arayışı da ona verilmişdir. İddiaçı müvafiq arayışlarla aidiyyəti dövlət qurumlarına ona şəhid ailəsi statusunun verilməsi ilə müraciət etsə də onun müraciətlər müsbət həll edilməmişdir. Məhz bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçının oğlu hərbi xidməti vəzifələrinin icrası zamanı vəfat etmişdir. Belə ki, bu məlumat Müdafiə Nazirliyi tərəfindən verilmiş arayışda öz əksinin tapmışdır. Qanunvericiliyin tələblərinə görə şəhidlik statusu yalnız döyüş tapşırığını yerinə yetirilməsi zamanı vəfat etmiş şəxslərə verilə bilər. Məhkəmənin ötən prosesində şahid qismində ifadə vermiş X5 bildirmişdir ki, avtoqəza baş verdiyi an mərhumla bir nəqliyyat vasitəsində döyüş tapşırığının yerinə yetrilməsi üçün yollanmışdır. Baş vermiş avtoqəza nəticəsində X7 vəfat etmişdir. Məhkəmənin ötən prosesində şahid qismində ifadə vermiş digər şahid XN eyni məzmunlu ifadə verərək, bildirmişdir ki, avtoqəza nəticəsində özüdə xəsarət alaraq qazi olmuşdur. Təlimdən birbaşa döyüş tapşırığının yerinə yetirilməsi üçün yollanmışdılar. Mərhum döyüşlərdə cəsarəti və mərdliyi ilə fərqlənirdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli M/854 nömrəli imtina məktubu, Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1489 nömrəli arayış, xx.xx.2021-ci il tarixli, 3482 nömrəli arayış, N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2632 nömrəli məktub, şəxsiyyət vəsiqəsinin, doğum haqqında şəhadətnamənin və xx.xx.2021-ci il tarixli 161165 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətləri və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair N aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun oğlu X4 vəfat etdiyi vaxtdan yaranmış olur. Azərbaycan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi iddia tələbi üzrə həmin iddiaya cavab veribverməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq SHXÇDX-nın Xaçmaz rayon şöbəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının mərhum oğlunun ilkin hərbi qeydiyyatının aparıldığı ərazi SHXÇDX-nın Xaçmaz rayon şöbəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə ilkin hərbi xidmət üçün qeydiyyatın aparılması səlahiyyəti və eyni zamanda əsgər hərbi qulluqçulara münasibətdə şəhid statusunun verilməsi barədə arayışın verilməsi SHXÇDX-nın Xaçmaz rayon şöbəsinə aiddir. Belə olduğu tədqirdə SHXÇDX-nın Xaçmaz rayon şöbəsi hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehə müraciət etmiş və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli M/854 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçının qeydiyyatda olduğu yer Xaçmaz rayonu ərazisi olduğundan məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının oğlu X7 hərbi xidməti vəzifələrini yerinə yetirən zaman avtoqəza nəticəsində ağır yaralanmış və xx.xx.2021-ci ildə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat etmişdir. X1 hərbi xidməti vəzifələrini yerinə yetirən zaman aldığı xəsarətin nəticəsi olaraq öldüyünü əsas gətirərək, ona “şəhid” ailəsi statusunun verilməsinə üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən tələb edir. Lakin cavabdeh inzibati orqan onun müraciəti müsbət həll etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmamışdır. Belə ki, qüvvədə olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.5-ci və 1.2.6-cı yarımbəndlərinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qaydanın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2632 nömrəli məktubdan müəyyən etmək olur ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu X7 döyüş tapşırığının yerinə yetirilməsinə hazırlıq zamanı aldığı ağır xəsarət nəticəsində vəfat etmişdir. Belə ki, məhkəmədə dindirilmiş şahidlər ifadələrində bildirmişdilər ki, təlimdən sonra onlar döyüş tapşırığının yerinə yetirilməsi məqsədi ilə təlim məntəqəsindən döyüş tapşırığının yerinə yetirilməsi üçün daşınarkən baş vermiş avtoqəza nəticəsində mərhum X7 vəfat etmişdir. Qeyd olunan xüsusat həmçinin hərbi hissədən göndərilən N saylı məktubla qismən də olsa öz təsdiqini tapmışdır. Hesab olunur ki, döyüş tapşırığıa hazırlıq döyüş tapşırığının bir hissəsidir, yəni həmin təlimlər məhz düşmənə qarşı hərbi əməliyyatların həyata keçirilməsinə yönəldilmişdir. Belə olan halda “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.5-ci və 1.2.6-cı yarımbəndlərinə uyğun şəhid hesab edilməsi öz təsdiqini tapmış olur. Bu səbəbdən də X1 “şəhid” hesab edilməsi və İddiaçı “şəhid ailəsi” statusunun verilməsi üçün qanunvericilikdə hər hansı bir maneə mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X4 hərbi xidməti vəzifələrini yerinə yetirən zaman həlak olduğuna görə İddiaçı “şəhid ailəsi” statusunun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2267/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2267/2022
21.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver