Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2267/2023 07.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı “16 ay üçün 4679 manat əmək haqqının və həmin dövr üçün 803,32 manat mükafat pulunun iddiaçıya ödənməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı “16 ay üçün 4679 manat əmək haqqının və həmin dövr üçün 803,32 manat mükafat pulunun iddiaçıya ödənməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı həmin normaya uyğun olaraq hüquqi yardım olunması üçün məhkəməyə dəvət olunmuş və məhkəmə iclasında onun tələbi aydınlaşdırılmış və hüquqi yardım olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iş materiallarını araşdıraraq elə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Nazirliyin Quba Regional Meşə təsərrüfatı Mərkəzinin meşə mühafizəsi mühəndisi vəzifəsində işləmişdir. Nazirliyin xx.xx.2019-cu il tarixli 201\ü saylı məktubunu əsas götürərək X1 Sultanovun xx.xx.2019-cu il tarixli 63\k saylı əmri ilə məni AR ƏM-nin 62-ci maddəsinə əsasən işdən kənarlaşdırmışlar. Onun işdən kənarlaşdırılmasına dair səbəb kimi AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində aparılan cinayət işinin istintaqını göstərmişlər. İstintaqın yekununda qəbul edilən xx.xx.2019-cu il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən, əməlimizdə cinayət tərkibi olmadığı və təqsiri olmadığı üçün, Mərkəzin direktoru Ramin Mursalov və digər şəxslərlə birlikdə iddiaçının da barəsində cinayət təqibinin başlanması rədd edildi. İstintaq onların barəsində rədd qərarı qəbul etdikdən sonra onun işə qaytarılması məsələsi həll ediləndə bildirmişlər ki, onun əvvəlki mühəndis ştatı ixtisara düşüb və onu həmin işə qaytara bilməzlər. Buna görə də ona bu barədə ərizə yazdırmışlar və Nazirliyin Meşələrin inkişafı Xidmətinin xx.xx.2020-ci il tarixli 117\k saylı əmri əsas götürülərək, X1 Sultanovun xx.xx.2020-ci il tarixli 143\k saylı əmrinə əsasən, onu xx.xx.2020-ci il tarixdən Mərkəzin Vəl-Vələ meşəbəyliyinə meşəbəyi köməkçisi vəzifəsinə təyin etmişlər və həmin tarixdən Mərkəzin Quba rayonu üzrə meşə mühafizəsi mühəndisi vəzifəsindən azad etmişlər. X2 Baxışovun xx.xx.2022-ci il tarixli 046\k saylı əmri ilə onunl bağlanmış əmək müqaviləsi xx.xx.2022-ci il tarixdən ləğv edilmiş və baş mühasibə onun son haqq hesabın ödənilməsi tapşırılmışdır. Mərkəzin direktor əvəzi Elvin Baxışovun xx.xx.2022-ci il tarixli 086/k saylı əmrinə əsaəsn o Alpan meşəbəyliyinin 7 saylı dolayısına meşə gözətçisi təyin edilmişdir. Hal-hazırda da oarada işləyir. Onun bu iddia ərizəsi ilə məhkəməyə müraciət etməyinə səbəb odur ki, təqsirsiz olaraq xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək işdən kənarlaşdırılması müddət üçün əmək haqqı və mükafatları bu günə kimi ona ödənilməmişdir. O bu barədə dəfələrlə Mərkəzin Direktorlarına müracət etsə də ona hər hansı bir cavab verilməmişdir. Ona görə də son olaraq Nazirə müraciət etsə də ona hər hansı bir cavab verilməmişdir. Ona görə də son olaraq Nazirə müraciət etmişdir və ona cavabda bildirmişdirlər ki, istintaqda olduğu üçün onun işdən kənarlaşdırılmağı qanuni olmuşdur və bu zaman həmin müddətə görə əmək haqqının ödənməsi nəzərdə tutulmamışdır. Bu cavabda cavabdehin əsaslandırması qanunsuz olmuşdur. Belə ki, cavabda istinad edilən normalar barəsində cinayət işi olan təqsirləndirilən şəxslər barəsindədir. O isə təsiqləndirilən şəxs olmamışdır. Nazirliyin təqdimatı əsasında barəsində araşdırma aparılıb və sonda əməlində cinayət tərkibi olmaması qərara alınıb. Bundan əlavə hətta o təqsirləndirilən şəxs olsa da, sonda bəraət alsaydı, yenə də cavabdeh həmin müddət üçün əmək haqqını ödəməli idi. Hazırda cavabdeh həmin müddət üçün əmək haqqını ödəmədiyi üçün məhkəməyə müraciət ediir və belə hesab edir ki, onun göstərdiyi müddət üçün əmək haqqının ödənməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq elə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddianı qaldırmaqla düzgün hüquqi müdafiə vasitəsini seçməmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının tələbi cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 16 ay üçün 4679 manat əmək haqqının və həmin dövr üçün 803,32 manat mükafat pulunun iddiaçıya ödənməsidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Ali məhkəmənin yuxarıda adı qeyd olunan Plenum qərarının 12-ci bəndindən də göründüyü kimi, inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Məhkəmə qeyd edir ki, dövlət qulluqçusu olmayan şəxslərlərlə işə götürən orqan arasındakı xidməti mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Onlar arasındakı əmək mübahisələri Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə tənzimləməli olan hüquq münasibətlərinə aid olmaqla mülki məhkəmənin araşdırma predmetinə aiddir. Buna görə də məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-2267/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2267/2023
07.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver