Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2276/2025 18.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, xx.xx.2023-cü il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satın aldığı 0.70 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzəriən qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2-8704/2024 saylı imtina məktubu ilə Xaçmaz rayonu, Palçıqoba kəndi ərazisində yerləşən 0.70 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün müraciətim əsasında hüququnun qeydiyyata alınmasından imtina edilmişdir. Cavabdehin məktubunda göstərilir ki, sənədlərin eskpertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz, Xaçmaz rayon 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli. 4Ə-3212 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında əldə olunmuş 0.70 ha torpaq sahəsinin faktiki istifadə vəziyyəti torpaqların kadastr uçotu informasiya sisteminə (TEKUİS) uyğun deyil fərqlidir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Nəzərinizə çatdırırıq ki, torpaq sahəsi ilə bağlı uyğunsuzluqlar AzKAD və torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) aradan qaldırıldıqdan sonra ərizənizin icrasına Ərazi İdarəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacadır. Qeyd etmək istəyirik ki, bu işlə bağlı Sizə əvvəlki müraciətiniz zamanı xx.xx.2024-cü il tarixdə, 3-21-3-34/2-2483/2024 saylı məktubla münasibət bildirilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11. i və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunur. İddiaçı hesab edir ki, qeyd olunan imtina əsassızdır, bu səbəbdən də cavabdehin üzərinə Xaçmaz rayonu, Palçıqoba kəndi ərazisində yerləşən 0.70 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması öhdəliyi qoyulmalıdır. Daşınmaz Əmlakın xx.xx.2023-cü il tarixli, AN- 1№ ******* saylı alqı-satqı müqaviləsinə əsasən X7 və X4ma məxsus hər biri 0.35 ha olmaqla ümumilikdə 0.70 ha torpaq sahəsini satın almışdır. Qeyd olunan torpaq sahəsi “Torpağa mülkiyyət hüququna dair” JN-053, KOD 30213028 saylı Dövlət Aktına əsasən X8, X2, X6, X9 və X5 məxsus olmuşdur. Torpaq sahəsini satın alarkən cavabdehin mütəxəssis F.Vəliyev tərəfindən bölgü planı tərtib edilərək notarial qaydada xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş və bölgü planına uyğun olaraq torpaq sahəsi ayrılmışdır. Başqa sözlə bölgü planı hazırlanarkən cavabdehin əməkdaşı F.Vəliyev ərazidə ölçmə işləri aparmış, ərazidəki mülkiyyətçilərin yerləşdiyi ərazilər üzrə müvafiq bölgü sxemi hazırlamış və həmin sxem notarial qaydada təsdiqlənmişdir. Torpaq sahəsinin bölgü sxemindən görünür ki, satın aldığı torpaq sahəsi həyat yoldaşı Gəncəliyeva (Hacımuradova) Aygün Mehman qızına məxsus 0.35 ha torpaq sahəsi ilə yanaşıdır. Əks tərəfdə isə Aygünün əmisi X12 torpaq sahəsi yerləşir. Məhz onun müdaxiləsinə görə cavabdeh hüququnun qeydiyyata alınmasından imtina etmişdir. Belə ki, X12 həmişə bildirirdi ki, 5 saylı Xaçmaz Ərazi İdarəsində adamları var, iddiaçıya mülkiyyət sənədi verilməsinə adamları vasitəsilə imkan verməyəcəkdir. Məhz müvafiq aktı imzalamaqdan imtina etdiyinə görə TEKUİS məlumat bazasında düzəlişlərin edilməsi mümkün olmamışdır. Bu barədə cavabdehin xx.xx.2024-cü il tarixli, 3- 21-3-34/2-8466/2024 saylı müraciətə baxılması barədə məktubunda qeyd edilmişdir. Qonşu torpaq sahəsinin aktı imzalaması iddiaçının hüququmun qeydiyyata alınaraq mülkiyyət sənədinin verilməsində imtina üçün əsas ola bilməz. Göründüyü kimi cavabdehin imtinası üçün heç bir əsas yoxdur. Əgər həqiqətən də, torpaq sahəsinin faktiki istifadə vəziyyəti torpaqların elektron kadastr informasiya sisteminə (TEKUİS) uyğun deyilsə də, iddiaçının hüququ dövlət reyestrində, yəni torpaqların elektron kadastr informasiya sisteminə (TEKUİS) qeydiyyata alınaraq çıxarış verilməlidir ki, çıxarışa uyğun olaraq torpaq sahəmin koordinatlarına müvafiq olaraq torpaq sahəsini başqa şəxslərin qanunsuz sahibliyindən geri tələb edə bilsin. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, Xaçmaz rayon 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-3212 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında əldə olunmuş 0.70 ha torpaq sahəsinin faktiki istifadə vəziyyəti torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) uyğun deyil fərqlidir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: JN 053, KOD 30213028 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 06 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə X8 və digərlərinə 1.75 ha torpaq sahəsi ayrılmışdır. xx.xx.2023-cü il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı ünvan 1i ünvanında yerləşən 1.75 ha torpaq sahəsinin 0.70 ha hissəsini X7 və X1 almışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publk hüquqi şəxsin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin 21 aprel 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Mərkəzin arxivində JN-0053 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın arxiv nüsxəsi aşkar edilməmişdir. Arxivdə saxlanılan X3 adına JN-0053 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın tərtib edilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 21 oktyabr 2025-ci il tarixli məktubu ilə torpaq sahəsinin müayinə aktı məkhəməyə təqdim edilmişdir. Müayinə aktında qeyd edilmişdir ki, İş materiallarında olan JN 0053, KOD 30213028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Xaçmaz rayon AİK xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı ilə X10 və ailə üzvlərinə 1.75 ha torpaq sahəsi ayrılmışdır. AN-İ ******* saylı, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 1.75 ha torpaq sahəsinin 0.70 ha hissəsi Hacimuradov Elgün və Hacımuradova Firəngiz tərəfindən iddiaçıya satılmışdır. 0.70 ha torpaq sahəsinin faktiki və sənəd üzrə koordinatları arasında uyğunsuzluğun mövcüd deyil, lakin elektron kadastr uçotu informasiya sistemində olan məlumat faktiki istifadə vəziyyəti ilə fərqlidir. İddiaçının faktiki istifadəsində olan 0.70 ha torpaq sahəsinin koordinatlarının JN 053, KOD 30213028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına, bölgü sxeminə uyğundur. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, JN 053, KOD 30213028 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 06 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə X8 və digərlərinə 1.75 ha torpaq sahəsi ayrılmışdır. xx.xx.2023-cü il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1i ünvanında yerləşən 1.75 ha torpaq sahəsinin 0.70 ha hissəsini İddiaçı X7 və X1 almışdır. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşnmaz əmlakın dövlət reyestrində qeydə alınmasını istəyir. Cavabdeh isə qeyd edir ki, Xaçmaz rayon 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-3212 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında əldə olunmuş 0.70 ha torpaq sahəsinin faktiki istifadə vəziyyəti torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) uyğun deyil fərqlidir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr (...) 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Göründüyü kimi torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün hüquqi əsaslar mövcuddur. Azərbaycan Respublikasının Torpaq İslahatı haqqında Qanununa əsasən: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsində göstərilir ki, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsas təşkil edir. Göründüyü kimi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının hüquqi əsası mövcuddur. Cavabdehin imtinasına münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə sorğusuna cavab olaraq cavabdehin 21 oktyabr 2025-ci il tarixli məktubu ilə torpaq sahəsinin müayinə aktı məkhəməyə təqdim edilmişdir. Müayinə aktında qeyd edilmişdir ki, İş materiallarında olan JN 0053, KOD 30213028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Xaçmaz rayon AİK xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı ilə X10 və ailə üzvlərinə 1.75 ha torpaq sahəsi ayrılmışdır. AN-İ ******* saylı, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 1.75 ha torpaq sahəsinin 0.70 ha hissəsi Hacimuradov Elgün və Hacımuradova Firəngiz tərəfindən iddiaçıya satılmışdır. 0.70 ha torpaq sahəsinin faktiki və sənəd üzrə koordinatları arasında uyğunsuzluğun mövcüd deyil, lakin elektron kadastr uçotu informasiya sistemində olan məlumat faktiki istifadə vəziyyəti ilə fərqlidir. İddiaçının faktiki istifadəsində olan 0.70 ha torpaq sahəsinin koordinatlarının JN 053, KOD 30213028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına, bölgü sxeminə uyğundur. Mübahisəli 0.70 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinin torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) uyğun olmamasına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.0.20-ci maddəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Belə ki, iddiaçıya satılmış 0.70 ha torpaq sahəsinin faktiki və sənəd üzrə koordinatları arasında uyğunsuzluğun mövcüd deyildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43.3-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi yerquruluşu işlərinə aid edilmişdir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Göründüyü kimi torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması cavabdehin səlahiyyətlərinə aid edilmişdir. Göründüyü kimi torpaq sahəsi üzərində hüququn qeydə alınmasını istisna edən hal müəyyən olunmur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satın aldığı 0.70 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-2276/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2276/2025
18.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver