Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2280/2023 03.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “atası İİ qrup müharibə əlili Eynullayev İsmət Müqdat oğlu vəfat etdiyinə görə mərhumun mənzil uçotu növbəsinə onun daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası Eynullayev İsmət Müqdat oğlu 2-ci qrup Qarabağ müharibəsi əlili kimi 10 may 2008-ci il tarixdə mənzil uçotuna alınmışdır. Atası və onun ailə üzvləri nənəsi - Atasnın anası X1 mülkiyyətində olan mənzildə qeydiyyatda olmaqla yaşamışlar. Lakin atasının nə icarəsində, nə istifadəsində və nə də mülkiyyətində yaşayış sahəsi olmamışdır. Atası 2021-ci ilin fevral ayının 10-da vəfat edəndən sonra onun doğma övladı olaraq atanın mənzil uçotunda olduğu cavabdeh təşkilata müraciət edərək atasının öldüyünə görə onun mənzil uçotunun iddiaçının adına keçirilməsini xahiş etmişdir. Cavabdeh təşkilat 21 may 2021-ci il tarixli cavab məktubla onun müraciəti təmin edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı dəqiqləşdirmə ərizəsi verərək, atası İİ qrup müharibə əlili Eynullayev İsmət Müqdat oğlu vəfat etdiyinə görə mərhumun mənzil uçotu növbəsinə onun daxil edilməsi öhdəliyinin cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin 2012-ci ilə olan növbəlilik sənədlərinin yoxlanılması və mənzil növbəlilik siyahıları ilə bağlı dürüstləşdirmə işi aparılarkən müəyyən olunmuşdur ki, İddiaçı atası Eynullayev İsmət Müqdat oğlunun sənədlərinin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, o, anasının mükiyyətində olan yaşayış sahəsi 51,4 kvadrat metrdən ibarət 3 otaqlı Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 2/45, mənzil 21-də 4 nəfərlə qeydiyyatda olmaqla 2-ci dərəcəli Qarabağ müharibəsi əlili kimi yaşayış yeri üzrə xx.xx.2008-ci il tarixdə mənzil uçotuna alınmışdır. Göründüyü kimi mərhum İsmət Eynullayev mənzil uçotuna artıq yaşayış sahəsi (4x9=45) fakt 51.4 ilə götürülmüşdür. Növbəlilik sənədlərinin yoxlanılması məqsədilə İsmət Eynullayevə dəfələrlə sənəd təqdim etməsi bildirilmişdir. xx.xx.2011-ci il tarixdə isə yaşadığı ünvana 55 saylı xəbərdarlıq məktubu göndərilmiş, lakin o, sənəd təqdim etməmişdir.Beləliklə də, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55-ci maddəsinin 55.1.2 bəndinə əsasən İsmət Eynullayev imtiyazlı şərtlərlə mənzil uçotunda olan şəxslərin siyahısından kənarlaşdırılmışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2021-ci il tarixli E-7-068 nömrəli imtina məktubu, Ölüm haqqında şəhadətnamənin surəti, Vərəsəlik hüququ haqqında şəhadətnamənin surəti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 06 iyun 2021- ci il tarixli arayış, yaşayış sahəsinə dair Qeydiyyat Vəsiqəsinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar travma aldığı vaxtından yaranmış olur. Sumqayıt Şəhər İcra Hakimiyyəti iddia tələbi üzrə həmin iddiaya cavab veribverməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Sumqayıt Şəhər İcra Hakimiyyəti hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, əlillərin mənzil uçotuna götürülməsi yerli icra hakimiyyətinin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Agentliyin yuxarı orqanına müraciət etmiş, inzibati orqan xx.xx.2021-ci il tarixli E-7-068 nömrəli məktubla onun müraciətinə müsbət cavab verməmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İİ hissəsinə görə dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçotdan çıxarılması qaydası aşağıdakı kimi müəyyən edilmişdir. Vətəndaşlar uçot yeri üzrə uçotdan çıxmaq barədə ərizə verdikdə; vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qaldırıldıqda; vətəndaşlar digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsində yaşamağa çıxdıqda; qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən yaşayış sahəsinin əldə edilməsi üçün güzəştli ipoteka krediti verildikdə; müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə; uçota alınmanı həyata keçirən orqana təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və uçota alınmaq üçün əsas olmuş məlumatlar aşkar edildikdə; Bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla vətəndaş vəfat etdikdə. Həmin məcəllənin 55.2-ci maddəsinə əsasən, vətəndaşların uçotdan çıxarılması üçün əsaslar müəyyən edildiyi gündən yaşayış sahəsinə ehtiyacı olan vətəndaşları uçota almış orqan tərəfindən otuz iş günündən gec olmayaraq onların uçotdan çıxarılması haqqında qərar qəbul edilməlidir. Həmin qərarda mütləq bu Məcəllənin 55.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallara istinad etməklə uçotdan çıxarılmanın əsasları göstərilməlidir. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaşların uçotdan çıxarılması haqqında qərar qəbul edildiyi vaxtdan üç iş günündən gec olmayaraq barələrində qərar qəbul edilmiş şəxslərə verilir və ya göndərilir. Həmin qərardan qeyd edilən vətəndaşlar tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Həmin məcəllənin 55.3-cü maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydası “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Məhkəmə araşdırması ilə məlum olur ki, iddiaçının mərhum atası İsmət Eynullayev Sumqayıt Şəhəri İcra Hakimiyyətinin müharibə əlili kimi 2008-ci ildə yaşayış sahəsinə ehtiyacı olan şəxslərin siyahısına daxil edilmişdir. Sonradan iddiaçı mərhum atası İsmət Eynullayevin vəfatı səbəbindən cavabdehə müraciət edərək, atasının əvəzinə yeganə varis kimi onun mənzil növbəsinə daxil edilməsini xahiş etmiş, lakin cavabdeh təşkilat onu mənzil uçotu növbəsinə daxil edilməsindən imtina edir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan aşağıdakı səbəblərə əsasən iddiaçının tələbinin təmin edilməməsində imtinası əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55.2-ci maddəsinə əsasən, vətəndaşların uçotdan çıxarılması üçün əsaslar müəyyən edildiyi gündən yaşayış sahəsinə ehtiyacı olan vətəndaşları uçota almış orqan tərəfindən otuz iş günündən gec olmayaraq onların uçotdan çıxarılması haqqında qərar qəbul edilməlidir. İşin araşdırılan hallarından görünür ki, cavabdeh təşkilat iddiaçının mərhum atası İsmət Eynullayevi mənzil uçotundan çıxarılmasını iddia etsə də bununla bağlı hər hansı bir qanunvericiliyə uyğun olaraq qərar qəbul etməmiş və ya etibarlı sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda iddiaçının hüququ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 31.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Beləliklə, iddiaçının atası İİ qrup müharibə əlili Eynullayev İsmət Müqdat oğlu yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs kimi vəfat etdiyi səbəbindən həmin uçot onun ailə üzvü və qanun üzrə vərəsəsi olan İddiaçı hüququdur. Ona görə də iddiaçının mənzil uçotu növbəsinə daxil edilməsi öhdəliyi cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçının atası İİ qrup müharibə əlili Eynullayev İsmət Müqdat oğlu vəfat etdiyinə görə mərhumun mənzil uçotu növbəsinə İddiaçı daxil edilməsi öhdəliyini cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2280/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2280/2023
03.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver