Məhkəmə qərarları › İş №2-1(118)-2281/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2281/2023

30.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2281/2023 30.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı xx.xx.2022-ci il təvəllüdlü X1 adının “Zümrə”dən “Zümra”ya dəyişdirilməsinə dair razılığın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı xx.xx.2022-ci il təvəllüdlü X1 adının “Zümrə”dən “Zümra”ya dəyişdirilməsinə dair razılığın verilməsi öhdəliyinin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin əsl cavabdeh Sumqayıt şəhər İcra Hakmiyyəti ilə əvəz edilməsini xahiş etmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının prosessual iştirkaına xitam verilmiş, Sumqayıt şəhər İcra Hakimiyyəti cavabdeh qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 və İddiaçı2 xx.xx.2020-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan xx.xx.2022-ci il təvəllüdlü X3 anadan olmuşdur. Hazırda uşağa ilkin doğum haqqında şəhadətnamə alarkən ASAN Xidmət Mərkəızinin könüllüləri uşağın doğum haqqında şəhadətnaməsinin alınması üçün ərizə qəbul edərkən uşağın adını “Zümra” əvəzinə “Zümrə” kimi qeyd etmişdilr. Nəticə etibarı ilə uşağın doğum haqqında şəhadətnaməsində adı “Zümrə” kimi qeyd olunmuşdur. Sonradan doğum haqqında şəhadətnaməyə nəzər salarkən uşağın adının səhv yazıldığını bilmişlər. Halbuki, onlar digər qızlarının adının “Zəhra” olması ilə əlaqədar ikinci qızlarının adının bacısınını adına uyğun olaraq “Zümra” yazılmasını istəmişlər. Bundan sonra Sumqayıt şəhər İcra Hakimiyyətinə ərizə ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciıət etmişlər, lakin onlara imtina cavabı verilmişir. İddiaçı1 iddia tələbini müdafiə etdi və iddia rəizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və digər İddiaçı2 şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən İddiaçı2 və cavabdehin nümayənəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2023-cü il tarixdə birgə ərizə ilə Sumqayıt şəhər icra Hakimiyyətinə müraciət edərək, birgə nikahlarından doğulmuş övladları, xx.xx.2022-ci il təvəllüdlü X1 adının “Zümra" kimi dəyişdirilməsinə icazə verilməsini xahiş etmişdir. Qaldırılan məsələ ilə bağlı iddiaçılar Komissiyada qəbul edilmişlər. Qəbul zamanı ərizəçilərə uşağın adının dəyişdirilməsi barədə qanunvericiliyin tələbləri barədə ətraflı izahat verilmişdir. Eyni zamanda ərizəçilərə, qaldırılan məsələ ilə bağlı 5-6/1 -B-38-164/2023 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubu göndərilmişdir.Cavab məktubunda qeyd olunan adın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin ‘Azərbaycan şəxs adları barədə məlumat” siyahısında göstərilmədiyi üçün azyaşlının adının qeyd olunan ada dəyişdirilməsi məqsədəmüvafiq hesab edilmədiyi bildirilmişdir. İş materiallarında olan: - AZ-İV № 807506 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2022-cü il tarixdə anadan olmuşdur. -Nikahln bağlanması haqqında AZİİ 411734 seriyalı şəhadətnamədən görünür ki, Babayev X4 Günel Təbriz qızı ilə xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə İddiaçı1 izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının 21 iyul 1992-ci ildən qoşulduğu "Uşaq hüquqları haqqında" Konvensiyanın 7-ci maddəsinin 1-ci hissəsinə əsasən uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq almaq hüququna, habelə, mümkün olduğu dərəcədə, öz valideyinlərini tapmaq və onlardan qayğı görmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Məhkəmə aradşırması zamanı müəyyən olundu ki, iddiaçılar, təni xx.xx.2022-ci il təvəllüdlü X1 valideynləri Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edərək uşağnın adının “Zümrə”dən “Zümraya” dəyişdirilməsinə icazə verilməsini xahiş etmişlər. Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti isə həmin adın Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Azərbaycan şəxs adları barədə məlumat” siyahısında göstərilmədiyinə istinad edərək iddiaçılara imtina cavabı vermişdir. Bundan başqa cavabdeh məhkəmənin uşağın 18 yaşına çatmadığına nəzər salmasını xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri və ya rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri, xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə konsulluqlar tərəfindən adların, ata adlarının və soyadların verilməsi, həmçinin qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən onların dəyişdirilməsi məsələlərini tənzimləyir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırki iş üzrə adının dəyişidirilməsi tələb edilən Zümrə azyaşlıdır və valideynləri Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun adının dəyişdirilməsinə icazə verilməsini xahiş edirlər. Cavabdehin “Zümra” adının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Azərbaycan şəxs adları barədə məlumat” siyahısında olmamasına gəldikdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, uşağa qoyulmuş “Zümrə” adı da həmin Siyahıda öz əksini tsapmamışdır. Belə olan halda məhkəmə bu əsasla iddiaçılara imtina cavabı verilməsini əsassız hesab edir. Məhkəmə hesab edir ki, cavabdehin verdiyi imtina cavabı qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, iddiaçılar valideyn kimi birgə razılıqlarına əsasən uşağın adının dəyişdirilməsi ilə bağlı yerli icra hakimiyyəti orqanına müraciət etmək hüququna malikdirlər. Adın dəyişdirilməsi uşağın mənafeyinə zidd deyildir və qanunvericiliyin tələbləri çərçivəsindədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək, xx.xx.2022-ci il təvəllüdlü X1 adının “Zümrə”dən “Zümra”ya dəyişdirilməsinə dair razılığın verilməsi öhdəliyinin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X1 adının “Zümrə”dən “Zümra”ya dəyişdirilməsinə dair razılığın verilməsi öhdəliyi cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti,70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar