Məhkəmə qərarları › İş №2-1(118)-2283/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2283/2025

02.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2283/2025 02.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş JN 410F Kod 30313088 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Quba rayonu, Hacıqayıb kəndi ərazisində yerləşən 0,11 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 30 aprel 2006-cı il tarixli 4-Ə-69 saylı alqı-satqı müqaviləsinə əsasən Quba rayonu Hacıqayıb kəndi ərazisindən 0,11 ha həyətyanı torpaq sahəsini satın almış və adına mülkiyyətini təsdiq edən keçmiş Azərbaycan Respublikası Dövlət Torpağ və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən təsdiq edilmiş JN-410F Kod 30313088 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmiş və həmin vaxtdan hal-hazıra kimi torpaqdan istifadə edərək sahiblik edir. Həmin torpaq sahəsində özünə fərdi yaşayış evi inşa etmişdir. O, hal-hazırda həmin torpaq sahəsinə dair mülkiyyətini təqdiq edən çıxarışın alınması üçün hüquqmüəyyənedici sənədləri toplayaraq, cavabdeh təşkilata təqdim etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən İddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilənlərlə əlaqədar bildirir ki, İddiaçı Quba rayonu, Hacıqayıb kəndi ərazisində yerləşən 0.11 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir.Sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilmiş, ərizəyə əlavə olunmuş JN-410 F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və şəhadətnamənin arxiv nüsxəsi Ərazi İdarəsində aşkar edilməmişdir. Bundan əlavə, JN-410 F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır.Nəzərinizə çatdırırıq ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-13808/2023 nömrəli məktubla imtina edilmişdir”. Qeyd edildiyi kimi, JN-410 F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” elektron məlumat bazasında da öz əksini tapmamışdır. Bununla da torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir və ərazinin hansı hissəhində yerləşdiyinə dair sənəd, sxem mövcud deyildir. Həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir...Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Ötən məhkəmə iclasının iştirakçılarına məhkəmə qərarının elanının vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə qərarın elanında iştirak etməmişlər. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehə ünvanlanmış ərizənin surəti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş JN 410F Kod 30313088 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surəti, 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyi və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun yaranması vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı oğlu DƏDKR-in 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqan onun müraciətini cavablandırmamışdır. Lakin, cavabdehin etiraz ərizəsindən görünür ki, iddiaçının müraciəti xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli ərizə əsasında idarədə qeydiyyata alınmışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Quba rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakı qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı.....Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Quba rayon Notariat kontorunun 30 aprel 2006-cı il tarixli, 4-Ə-69 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Quba rayonu ərazisində yerləşən 0.11 hektar torpaq sahəsi iddiaçıya satılmışdır. Həmin torpaq sahəsi cavabdehin sələfi olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən iddiaçının adına qeydə alınaraq JN 410F Kod 30313088 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. İddiaçı müqavilə əsasında 0.11 ha torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, “Hüquqların dövlət qeydiyyatından imtina”nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Araşdırma zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində öz əksini tapmışdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin maddədə göstərilən əsaslardan biri 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hesab olunur ki, Quba rayonu ərazisində yerləşən JN 410F Kod 30313088 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 0.11 ha torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınmışdır.Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Cavabdeh təşkilatın imtinasında gətirdiyi yeganə arqumentlər JN 410F Kod 30313088 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə barədə məlumatlar idarənin elektron baza xəritəsində, arxiv sənədlərində öz əksini tapmaması və həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməsidir. Cavabdeh təşkilatın gətirdiyi arqumentdə münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, mübahisə predmeti olan torpaq sahəsinə dair 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyi alınmışdır. Həmin rəydə qeyd olunmuşdur ki, “mübahisəli torpaq sahəsinə naturada (yerdə) baxış keçirilmiş və iddia olunan torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə götürülmüşdür. Torpaq sahəsinin müayinəsi zamanı heç bir mübahisəli hal qeydə alınmamışdır.Faktiki olaraq iddia olunan torpaq sahəsi mişar daşı ilə hasarlanmışdır, yol və qonşu torpaq sahələri ilə həmsərhəddir. Faktiki olaraq torpaq sahəsinin daxilində fərdi yaşayış evi və köməkçi həyət tikilisi mövcuddur. Kameral araşdırma nəticəsi olaraq bildirilir ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi 0.1220 ha təşkil edir. JN-410F kod 30313088 saylı şəhadətnamə baza məlumatlarında olan xəritə materialları üzərində öz əksini tapmamışdır və DBF siyahısında həmin nömrə qeyd olunmamışdır. İddia olunan torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olub, uqodiyası fərdi yaşayış kimi, mülkiyyət növü isə bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Torpaq sahəsi heç bir mühafizə zolağında yerləşmir”. Göründüyü kimi cavabdeh təşkilatın öz rəyində qeyd etdiyi məlumatlar, yəni iddiaçıya faktiki ayrılmış torpaq sahəsi TEKUİS öz əksini tapmış və eyni zamanda etirazında bildirdiyi texniki hissəyə də münasibət bildirilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda cavabdeh təşkilat mübahisə predmeti olan torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış və plan ölçü sənədi verməlidir. Nəzərə alınmalıdır ki, iddiaçı müvafiq torpaq sahəsini Quba rayon Notariat kontorunun 30 aprel 2006-cı il tarixli, 4-Ə-69 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında əldə etmiş və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən iddiaçının adına qeydə alınaraq JN 410F Kod 30313088 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Sözügedən şəhadətnamə qüvvədədir və preyudisial əhəmiyyətə malikdir.Belə olan halda iddiaçının tələbinin təmin edilməməsində hər hansı maneə mövcud deyildir. Cavabdehin imtinasında gətirdiyi arqumentin əhəmiyyətsiz olduğu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında da öz əksini tapmışdır. Belə ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. ......Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.“İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilən hallara əsasən məhkəmə hesab edir ki, indiki halda torpaq sahəsinin ayrılmasına dair müvafiq sənədlərin qeydiyyata alınması və arxivə təhvil verilməsi məhz müvafiq səlahiyyətli qurumların öhdəlik daşıdığı hal kimi çıxış etmişdir. Belə olan halda, məhz müvafiq qurumların öz öhdəliyini lazimi qaydada icra edilməməsinin nəticələrinə istinad edilməklə, iddiaçının mövcud olan hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunvericiliyin mahiyyətinə, məqsədinə və prinsiplərinə zidd olmaqla yanaşı, iddiaçının konstitusion hüququnun əsassız olaraq mədudlaşdırılmasına gətirib çıxardır. Başqa sözlə desək, indiki halda iddiaçının təqsiri ilə əhatə olunmayan və məsuliyyət daşımadığı hala istinad edilməklə, onun mövcud olan əmlak hüququnun məhdudlaşdırılması ilk növbədə qanunvericiliyin mütənasiblik və digər prinsiplərinin mahiyyətinə ziddir. Belə ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, nəzərə alınmalıdır ki, torpaq sahsinin ayrılmasına dair müvafiq sənədlərin qeydə alınması iddiaçının iradəsi və hərəkətləri nəticəsində deyil, müvafiq dövlət orqanlarının öz vəzifələrini və səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə yaranmışdır. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Bu baxımından məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinasınının dəlilləri əsassız olmuşdur”. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cu il 10 avqust tarixli, 113 nömrəli Fərmanının 4.2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsində nəzərdə tutulmuş “qeydiyyat orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 13.11-ci maddəsinə əsasən Dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Torpaq mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi həmin dövrdə qüvvədə olmuş xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanla təsdiq edilmiş eyniadlı Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin 4, 10, 11-ci bəndlərinə görə, torpağa mülkiyyət və daimi istifadə hüquqlarına dair dövlət aktları, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə 2 nüsxədən ibarət hazırlanır. Dövlət aktlarının və şəhadətnamələrin ilkin torpaqayırma sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerqurluşu Lahiyə İnstitunun arxivində müddətsiz olaraq saxlanır. Dövlət aktı və şəhadətnamənin verilməsi xüsusi qeydiyyat kitabında əks etdirilir. Qeydiyyat kitabında qeydə almanın rayon (şəhər) torpaq şöbələri həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.3-cü maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verilməlidirlər. Göründüyü kimi, torpaq üzərində hüquqlara dair Dövlət aktlarının hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keşmiş DTXK tərəfindən aparılmışdır. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitablarında, yaxud elektron baza xəritə (DwJ) məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının səhvidir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1ci maddəsinə əsasən torpaq sahəsi üzərində iddiaçıların hüquqlarının dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Belə olduğu tədqirdə cavabdeh təşkilatın öz mülahizələrinə əsaslandığı və iddia tələbinin təmin edilməməsi ilə bağlı gətirdiyi bütün arqumentlər öz əhəmiyyətini itirmiş olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş JN 410F Kod 30313088 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Quba rayonu, Hacıqayıb kəndi ərazisində yerləşən 0,11 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar