Məhkəmə qərarları › İş №2-1(118)-2285/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2285/2024

03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2285/2024 03.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayon Fatmayı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08/692 saylı Qərarı ilə Fatmayı bələdiyyəsi ərazisində iddiaçının sahibliyinə verilmiş 0.08 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış, plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, Abşeron rayon Fatmayı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08/692 saylı Qərarı ilə Fatmayı bələdiyyəsi ərazisində iddiaçının sahibliyinə verilmiş 0.08 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış, plan və ölçü sənədinin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin xx.xx.2020-ci il tarixli **********81 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, Abşeron rayonu, Fatmayı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08/692 saylı qərarı ilə Fatmayı bələdiyyəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. Bundan sonra dəyəri iddiaçı tərəfindən ödənildikdən sonra torpaq sahəsi ona təhvil verilmişdir. Faktiki olaraq həmin vaxtdan torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyindədir. Həmin torpaq sahəsini daş hasara alınmışdır. Hər il torpaq vergisini Fatmayı bələdiyyəsinə ödəmiş və bələdiyyəyə torpaq vergisinə görə heç-bir borcu yoxdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi idarəsinə Abşeron rayonu, Fatmayı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08/692 sayh qərarı ilə Fatmayı bələdiyyəsi ərazisində istifadəsinə və sahibliyinə verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın və plan və ölçü sənədinin verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət etmiş, lakin 4 saylı Abşeron Ərazi idarəsinin xx.xx.2020-ci il tarixli bildiriş məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin yuxarıda qeyd olunan hərəkəti qanunsuz hesab edilməli və iddia tələbi üzrə qərar qəbul edilməlidir. Tələbin hüquqi əsasları: Əlavə olaraq bildirmək istəyir ki, 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, bildiriş məktubunda Abşeron rayonu Fatmayı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08/692 saylı qərarı ilə Fatmayı bələdiyyəsi ərazisində 0.08 ha torpaq sahəsinin ayrıldığı halda:

1. Alqı-satqı aktının 12 avqust 2020-ci il tarixdə verildiyi, rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyinin ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçrilmişdir.

2. Müraciətə əlavə edilmiş Abşeron rayonu, Fatmayı bələdiyyəsinin yerquruluşu planından çıxarışının ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə təsdiq edilmədiyi aşkar edilmişdir. Qeyd edilən səbəblərdən də "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edildiyi qeyd edilmişdir. Bildirir ki, sadalanan sənədlərin olmaması iddiaçının nöqsanı deyil, Fatmayı Bələdiyyənin nöqsanıdır. Bələdiyyənin müvafiq sənədləşməni qanuna uyğun şəkildə aparmaması iddiaçının səhvi olmamaqla onun mülkiyyət hüququndan istifadə etməyinə maneə törətməməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə etmişdir. Cavabdeh etirazında qeyd edir ki, aparılan araşdırma zamanı:

1. Fatmayı Bələdiyyəsi tərəfindən İddiaçı 0.08 ha torpaq sahəsinin 18 iyun 2007-ci il tarixində ayrılmasına baxmayaraq, alqı-satqı aktının 12 avqust 2020-ci il tarixində verildiyi;

2. Müraciət üzrə əlavə edilmiş Abşeron Rayonu Fatmayı Bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunauyğun formada (ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiqlənmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması və xitamı dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, daşınmaz əmlaka hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklülüyü), başqasına keçməsi və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinə əsasən, qanuna uyğun olaraq, hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub- olmaması müəyyən edilir. Həmin Qanunun 8-ci maddəsinə görə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklülüyü) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi, icarəsi, istifadəsi və ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4- cü cümləsinə əsasən, torpaq sahəsinin mülkiyyət, istifadə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyəti və torpağın ayrılma məqsədi, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyqun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Əsasnamənin 19-cu bəndinə əsasən, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyqun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsi, onların planı və ölçüsünün tərtib edilməsi, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanması və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə uyğun olaraq, hüquqların mövcudluğu, əldə edilməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklənməsi) və onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15- ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Əsaslandırma hissəsi:

Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı Abşeron rayon Fatmayı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08/692 saylı Qərarı ilə Fatmayı bələdiyyəsi ərazisində iddiaçının sahibliyinə verilmiş 0.08 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış, plan və ölçü sənədinin verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, aparılan araşdırma zamanı:

1. Fatmayı Bələdiyyəsi tərəfindən İddiaçı 0.08 ha torpaq sahəsinin 18 iyun 2007-ci il tarixində ayrılmasına baxmayaraq, alqı-satqı aktının 12 avqust 2020-ci il tarixində verildiyi;

2. Müraciət üzrə əlavə edilmiş Abşeron Rayonu Fatmayı Bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunauyğun formada (ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiqlənmədiyi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, Abşeron rayon Fatmayı Bələdiyyəsinin 18 iyun 2007-cı il tarixli 08/692 saylı Qərarı ilə 800 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək məqsədilə iddiaçıya satılmışdır. Torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən bələdiyyənin hesabına ödənilmişdir. Torpağın alqı-satqısına dair müqavilə xx.xx.2020-ci il tarixdə tərtib və təsdiq edilmiş, xx.xx.2020-ci il tarixdə 18 nömrə ilə qeydiyyata alınmışdır. Abşeron rayon Fatmayı bələdiyyəsinin yerquruluşu planından çıxarış iş materiallarına əlavə edilmişdir. Məhkəmə araşdırması zamanı torpaq sahəsinin ortofoto görüntüsü və müayinə aktının təsdiqlənmiş surəti məhkəməyə təqdim edilmişdir. Müayinə aktında torpaq sahəsinin koordinatlarının uyğun olduğu qeyd edilmişdir. Torpaq sahəsi ayrıldığı vaxtdan iddiaçının istifadəsinə verilmiş, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Torpaq sahəsinə bələdiyyə tərəfindən hər hansı bir iddia irəli sürülməmiş, iddiaçıya verilən sənədlər mübahisələndirilməmişdir. Cavabdeh həmçinin qeyd edir ki, Abşeron Rayonu Fatmayı Bələdiyyəsinin yerquruluşu planından çıxarış qanunauyğun formada (ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiqlənməmişdir. Cavabdehin bu mövqeyinə münasibətdə məhkəmə qeyd edir ki, inzibati orqan tərəfindən müayinə aktı və ortofoto baza xəritəsindən çıxarış məhkəməyə təqdim edilmişdir. İddianın təmin edilməsini istisna edəcək hər hansı bir hal müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar mövcud deyil, inzibati orqanın imtinası əsaslı hesab edilə bilməz, inzibati orqanın qeyd etdiyi əsaslar iddiaçının hüquqları məhdudlaşdırmamalıdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan normanın mənasından göründüyü kimi bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. İddiaçıya səlahiyyətli orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalar iddiaçının hüquqlarını qoruyan normalar kimi hazırkı işə tətbiq edilməli və iddianın təmini üçün əsas təşkil etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Abşeron rayon Fatmayı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08/692 saylı Qərarı ilə Fatmayı bələdiyyəsi ərazisində iddiaçının sahibliyinə verilmiş 0.08 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış, plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar