Məhkəmə qərarları › İş №2-1(118)-2286/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2286/2025

20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2286/2025 20.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə (Açar sözlər: ödəmə tələbnaməsinin verilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “cavabdehin üzərinə iddiaçıya mülkiyyətçisi olduğu Sumqayıt şəhəri, 10-cu mikrorayon, 23 ünvanında olan qeyri-yaşayış binasının altındakı torpaq sahəsinin dəyərini müəyyən olunmuş qaydada ödəmək üçün ödəmə tələbnaməsinin verilməsi vəzifəsi qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 23 ünvanında olan qeyri-yaşayış binasının altındakı torpaq sahəsinin dəyərini müəyyən olunmuş qaydada ödəmək üçün ödəmə tələbnaməsinin verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 23 ünvanında yerləşən qeyri-yaşayış binasının mülkiyyətçisidir (reyestr nömrəsi: **********69- 06301, qeydiyyat nömrəsi: **********). Həmin binanın altında olan 20 kv.m sahəsində olan torpaq sahəsinin icarəçisidir (icarə müqaviləsinin surəti əlavə olunur). Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 659 nömrəli Fərmanı əsasında təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin , habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin 12-ci bəndinə əsasən mülkiyyətçi olduğu binanın altındakı torpaq sahəsini almaq məqsədilə xx.xx.2024- cü il tarixli ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (Dövlət Xidməti) müraciət etmişdir (ərizənin surətini əlavə edir). Əsasnamənin 13-cü bəndinə əsasən Dövlət Xidməti ərizənin daxil olduğu andan 20 gün müddətində özəlləşdirilmiş müəssisənin (obyektin) mülkiyyətçisinə torpaq sahəsinin dəyərini müəyyən olunmuş qaydada ödəmək üçün ödəmə tələbnaməsi verir və müəyyən olunmuş məbləğ ödənildikdən sonra 10 gün müddətində alqı-satqı müqaviləsini bağlamaqla alıcıya müvafiq şəhadətnamə verir. Buna baxmayaraq Dövlət Xidməti ona torpaq sahəsinin dəyərini müəyyən olunmuş qaydada ödəmək üçün ödəmə tələbnaməsini verməmişdir, əvəzinə müəmmalı səbəbi göstərməklə Əsasnamə ilə nəzərdə tutulmamış “ekspertiza”nın keçirildiyi və aydın olmayan qanunvericilik tələblərinə əsasən ərizəsindəki xahişinin icra olunmasının mümkün olmadığını bildirmişdir (Dövlət Xidmətinin cavab surətini əlavə etmişdir). İddiaçı cavabdehin etirazına münasibətində və iddia tələbinə əlavəsində qeyd edir: “Cavabdehin etirazı: İddiaçıya məxsus qeyri-yaşayış obyekti ticarət cərgəsinin bir hissəsi olması səbəbindən onun yerləşdiyi torpaq sahəsi üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada birgə hüquqlar yarandığından, qeyd edilən torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinin ticarət cərgəsi ərazisindən istifadə edən digər şəxslərin hüquqlarını məhdudlaşdıracağını və bununla mübahisəli vəziyyətin yarana biləcəyini nəzərə alaraq, Xidmət tərəfindən əsaslı olaraq torpaq sahəsində yalnız icarə əsasında istifadə edilməsinin mümkün olduğu iddiaçıya bildirilmişdir. İddiaçının cavabı:

1. Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşaedilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin 13-cü bəndinə əsasən, ödəmə tələbnaməsinin verilməsi üçün yeganə şərt olaraq Xidmətə ərizənin təqdim edilməsi göstərilmişdir. Bu halda həmin bənd əsasında Xidmətin üzərinə ərizənin daxil olduğu andan 20 gün müddətində ərizəçiyə ödəmə tələbnaməsinin verilməsi vəzifəsi qoyulmuşdur. Qanunla və yaxud digər normativ aktlarla ərizəçiyə ödəmə tələbnaməsinin verilməsindən imtina üçün digər əsaslar (məsələn, "birgə hüquqlar”, “mübahisəli vəziyyət” və s.) nəzərdə tutulmayıb. Lakin, qeyd olunan müddət keçməsinə baxmayaraq Xidmət (cavabdeh) öz vəzifəsini yerinə yetirməmişdir.

2. Mülkiyyətçi olduğu bir mərtəbəli və zirzəmisi olmayan qeyri-yaşayış binası yalnız ona məxsusdur. Bu əmlak üzərində, onun üstündə və ya içində digər şəxslərə məxsus mülkiyyət hüquqları yoxdur. Beləliklə, onun altındakı torpağın yeganə mülkiyyətçisi iddiaçı olandan sonra həmin torpağın üzərində də birgə hüquqlar və ya hər hansı “mübahisəli vəziyyət" yaranmayacaqdır. Belə vəziyyət yaransa belə, inzibati deyil, mülki münasibətlərin predmeti olacaqdır və hazırda mübahisəli olan predmetlə əlaqəli deyildir. İİ. Cavabdehin etirazı: Mülki Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Yuxarıda istinad olunan qanunvericilik normasına əsasən mülki hüququn subyektləri müqavilələr, o cümlədən özlərinə məxsus əmlaklar barədə müqavilələr bağlamaqda sərbəstdirlər və onlar müqavilə bağlamağa məcbur edilə bilməzlər. Bu səbəbdən, iddiaçının onunla torpaq sahəsinin alqısatqı müqaviləsi bağlanılmasına Əmlak Məsələləri Dövlət Xidmətinin məcbur edilməsi barədə tələbi əsassızdır. İddiaçının cavabı: Hazırkı iddia ilə, cavabdehi onunla müqavilə bağlamağa məcbur edilməsini Məhkəmədən tələb etməmişdir. İİİ. Cavabdehin etirazı: Əmlak Məsələləri Dövlət Xidmətinin cavab məktubunda iddiaçının hər hansı hüquqları məhdudlaşdırılmamış, icarə müqaviləsi əsasında torpaq sahəsi üzərində hüquqlarının rəsmiləşdirilməsinin mümkünlüyü iddiaçıya bildirilmişdir. Bununla belə, İddiaçı tərəfindən iddia predmeti olan torpaq sahəsi üzərində icarə əsasında hüquqlarının rəsmiləşdirilməsinin mülkiyyət hüququ ilə müqayisədə onun torpaq sahəsi üzərində hüquqlarının həyata keçirilməsinin hər hansı şəkildə məhdudlaşdıracağı ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İddiaçının cavabı:

1. Hazırkı iddia ilə, hüquqlarının həyata keçirilməsinin məhdudlaşdıracağını iddia etməmiş, iddia etmədiyi predmetlə bağlı sübutları təqdim etmək isə ağlabatan deyildir.

2. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də məxsusdur. Nəzərə alınsa ki, mülkiyyətçi olduğu qeyri-yaşayış binasının altındakı torpağa sahiblik edir, onun üzərində mülkiyyət hüquqları da, qeyd olunan maddə əsasında, iddiaçıya məxsusdur. Mülki Məcəllənin 157.1-ci maddəsinə əsasən isə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.” Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, iddiaçının iddia tələbində qeyd olunan məsələ ilə bağlı müraciətinə Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 3- 21-3/2-H-1168-8/2024 nömrəli nömrəli məktubu ilə cavab verilərək mülkiyyətində olan obyektin tikilinin bir hissəsi olması səbəbindən torpaq sahəsindən yalnız icarə əsasında istifadənin mümkünlüyü iddiaçıya bildirilmiş və torpaq sahəsinin özəlləşdirilməsindən imtina olunmuşdur. Belə ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 23 ünvanında yerləşən iddiaçıya məxsus qeyri-yaşayış binasının yerləşdiyi mübahisə predmeti olan torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının icarəsindədir. İddiaçıya məxsus qeyri-yaşayış obyekti ticarət cərgəsinin bir hissəsi olması səbəbindən onun yerləşdiyi torpaq sahəsi üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada birgə hüquqlar yarandığından, qeyd edilən torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinin ticarət cərgəsi ərazisindən istifadə edən digər şəxslərin hüquqlarını məhdudlaşdıracağını və bununla mübahisəli vəziyyətin yarana biləcəyini nəzərə alaraq, Xidmət tərəfindən əsaslı olaraq torpaq sahəsində yalnız icarə əsasında istifadə edilməsinin mümkün olduğu iddiaçıya bildirilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Yuxarıda istinad olunan qanunvericilik normasına əsasən mülki hüququn subyektləri müqavilələr, o cümlədən özlərinə məxsus əmlaklar barədə müqavilələr bağlamaqda sərbəstdirlər və onlar müqavilə bağlamağa məcbur edilə bilməzlər. Bu səbəbdən, iddiaçının onunla torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanılmasına Əmlak Məsələləri Dövlət Xidmətinin məcbur edilməsi barədə tələbi əsassızdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Əmlak Məsələləri Dövlət Xidmətinin cavab məktubunda iddiaçının hər hansı hüquqları məhdudlaşdırılmamış, icarə müqaviləsi əsasında torpaq sahəsi üzərində hüquqlarının rəsmiləşdirilməsinin mümkünlüyü iddiaçıya bildirilmişdir. Bununla belə, iddiaçı tərəfindən iddia predmeti olan torpaq sahəsi üzərində icarə əsasında hüquqlarının rəsmiləşdirilməsinin mülkiyyət hüququ ilə müqayisədə onun torpaq sahəsi üzərində hüquqlarının həyata keçirilməsinin hər hansı şəkildə məhdudlaşdıracağı ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. 23 yanvar 2025-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. 20 fevral 2025-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir.

Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 27 aprel 2023-cü il tarixli, 5041 saylı müqavilədən görünür ki, icarəyəverən Azərbaycan Respublikası İqtisadiyyat Naazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin icarəyə verdiyi Sumqayıt şəhəri, 10-cu mkr, 23 ünvanındakı qeyriyaşayış binasının yerləşdiyi 20.0 kv.m torpaq sahəsi icarəçi İddiaçı tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir. Texniki pasportun surəti iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 28 oktyabr 2024-cü il tarixli, 3-21-3-31/2-4066/2024 saylı məktubunda qeyd edilmişdir ki, ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən İddiaçı mülkiyyətində olan, Sumqayıt şəhəri 10-cu mikrorayon, 23 ünvanında yerləşən, ümumi sahəsi 17.5 kvadratmetr olan qeyri-yaşayış binasının yerləşdiyi dövlət mülkiyyəti olan 0.002 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fizki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 27 aprel 2023-cü il tarixli, 5041 nömrəli müqaviləsinə əsasən icarəsindədir. 06 iyun 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış vətəndaş tərəfindən götürülməmişdir.

Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı cavabdehin üzərinə iddiaçıya mülkiyyətçisi olduğu Sumqayıt şəhəri, 10-cu mikrorayon, 23 ünvanında olan qeyri-yaşayış binasının altındakı torpaq sahəsinin dəyərini müəyyən olunmuş qaydada ödəmək üçün ödəmə tələbnaməsinin verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, iddiaçının iddia tələbində qeyd olunan məsələ ilə bağlı müraciətinə Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-21-3/2-H-1168- 8/2024 nömrəli nömrəli məktubu ilə cavab verilərək mülkiyyətində olan obyektin tikilinin bir hissəsi olması səbəbindən torpaq sahəsindən yalnız icarə əsasında istifadənin mümkünlüyü iddiaçıya bildirilmiş və torpaq sahəsinin özəlləşdirilməsindən imtina olunmuşdur. Belə ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 23 ünvanında yerləşən iddiaçıya məxsus qeyri-yaşayış binasının yerləşdiyi mübahisə predmeti olan torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının icarəsindədir. İddiaçıya məxsus qeyri-yaşayış obyekti ticarət cərgəsinin bir hissəsi olması səbəbindən onun yerləşdiyi torpaq sahəsi üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada birgə hüquqlar yarandığından, qeyd edilən torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinin ticarət cərgəsi ərazisindən istifadə edən digər şəxslərin hüquqlarını məhdudlaşdıracağını və bununla mübahisəli vəziyyətin yarana biləcəyini nəzərə alaraq, Xidmət tərəfindən əsaslı olaraq torpaq sahəsində yalnız icarə əsasında istifadə edilməsinin mümkün olduğu iddiaçıya bildirilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Yuxarıda istinad olunan qanunvericilik normasına əsasən mülki hüququn subyektləri müqavilələr, o cümlədən özlərinə məxsus əmlaklar barədə müqavilələr bağlamaqda sərbəstdirlər və onlar müqavilə bağlamağa məcbur edilə bilməzlər. Bu səbəbdən, iddiaçının onunla torpaq sahəsinin alqısatqı müqaviləsi bağlanılmasına Əmlak Məsələləri Dövlət Xidmətinin məcbur edilməsi barədə tələbi əsassızdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Əmlak Məsələləri Dövlət Xidmətinin cavab məktubunda iddiaçının hər hansı hüquqları məhdudlaşdırılmamış, icarə müqaviləsi əsasında torpaq sahəsi üzərində hüquqlarının rəsmiləşdirilməsinin mümkünlüyü iddiaçıya bildirilmişdir. Bununla belə, iddiaçı tərəfindən iddia predmeti olan torpaq sahəsi üzərində icarə əsasında hüquqlarının rəsmiləşdirilməsinin mülkiyyət hüququ ilə müqayisədə onun torpaq sahəsi üzərində hüquqlarının həyata keçirilməsinin hər hansı şəkildə məhdudlaşdıracağı ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə” 4-cü bəndinə əsasən özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır. Qanunvericiliyin tələbindən görünür ki, özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır. İşin hallarından məlum olur ki, Sumqayıt şəhəri 10-cu mikrorayon, 23 ünvanında yerləşən, ümumi sahəsi 17.5 kvadratmetr olan qeyri-yaşayış binasının yerləşdiyi dövlət mülkiyyəti olan 0.002 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fizki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 27 aprel 2023-cü il tarixli, 5041 nömrəli müqaviləsinə əsasən icarəsindədir. İşin mübahisələndirilməyən halına görə iddiaçının iddia etdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nə görə:

2. Xidmətin fəaliyyət istiqamətləri 2.0. Xidmətin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.5. dövlət əmlakının, o cümlədən dövlət mənzil fondunun və dövlət mülkiyyətində olan torpaqların özəlləşdirilməsini həyata keçirmək;

3. Xidmətin vəzifələri 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.8. Nazirliklə razılaşdırmaqla, Azərbaycan Respublikasının adından əmlakın alınmasını və dövlət əmlakının satılmasını təşkil etmək; 3.0.17. dövlət əmlakının, o cümlədən dövlət mülkiyyətinə keçməklə müsadirə olunmuş əmlakın, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda digər əmlakın hərraclarda satışını təşkil etmək; Beləliklə, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlətin adından əmlak barəsində sərəncam vermək hüququna malikdir və bu hüquq qanunla qorunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 14-cü maddəsinə əsasən: 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3 və 73.3.1 maddələrinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə, məhkəmə bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Həmin məcəllənin 74-cü maddəsi diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü tənzimləyərək müəyyən edir ki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçı qarşısında mübahisələndirilən torpaq sahəsinin ona satılması ilə bağlı öhdəlik daşımır. İddiaçının arzuladığı tələbə uyğun inzibati aktın qəbulu ilə bağlı vəzifənin cavabdehin üzərinə qoyulması onun hüquqlarına birbaşa müdaxilə hesab olunur. Belə olduqda isə, cavabdehin müqavilə bağlamaq barədə qərar qəbul edilməsindən imtina etməsi iddiaçının hüquqlarını pozmur. Aparılan araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması halı müəyyən edilməmiş, imtina əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar