Məhkəmə qərarları › İş №2-1(118)-2288/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2288/2022

19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2288/2022 19.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Quba rayonu Digah kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 1973-1979-cu illərdə təhsil aldığı dövrün onun sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 21 sentyabr 1972-ci il tarixdən 01 mart 2001-ci il tarixə kimi işlədiyi, hərbi xidmədtə olduğu və təhsil aldığı dövrlər nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 1973-1979cu illərdə təhsil aldığı dövrün onun sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını məhkəmədən xahiş etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1955-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə 21 sentyabr 1972-ci Quba rayonu Əzizbəyov adına sovxozda fəhlə kimi başlamışdır. 27 avqust 1973-cü ildə təhsil almağa getdiyi üçün işdən çıxmış, 03 iyul 1974cü ildə Təmir Tikinti İdarəsində işə qəbul olunmuşdur. 01 avqust 1979-cu ildə X1 İdarəsinə mühəndis texnik vəzifəsinə qəbul olunmuşdur. Bundan sonra hərbi xidmət yaşının çatması ilə əlaqədar hərbi xidmətə çağırılmışdır. 15 noyabr 1979-cu ildən 20 aprel 1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra əvvəlki işinə bərpa olunaraq 2001-ci ilə kimi “Təbriz İnşaat” Kooperativində, 3 nömrəli Avtomobil yollarının tikintisi və istismarı idarəsində, 40 nömrəli Tikinti Quraşdırma İdarəsində, Quba 6 saylı Yol Tikintisi İdarəsində işləmişdir. Əmək pensiyasını almaq üçün yaş həddinə çatdığından cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdehin 20 may 2022-ci il tarixli **********5 saylı məktubu olə ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümnkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iddiaçı 29 aprel 2022ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi filialda aidiyyəti üzrə baxılmış və qaunvericiliyin yuxarıda sadalanan tələbləri baxımdan iddiaçının ərizəsinin təmin edilməsi mümkün olmamışdır.Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.1972-ci və xx.xx.1979-cu il tarixdə tərtib edilmiş əmək kitabçaları və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin arayışına əsasən iddiaçının sığorta stajı 23 il 2 ay 10 gün təşkil edərək, qanunvericiliklə tələb edilən 25 ildən az olduğundan müvafiq pensiya təyinatına imkan verməmişdir.Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Həmçinin iddiaçıya əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinin müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilməsi bildirilmişdir.Əlavə olaraq iddiaçıya təhsilinin əyani olması haqqında arayışı Quba regional “ASAN xidmət” mərkəzinə və ya 1 saylı Quba-Xaçmaz regional filialına təqdim etdikdən sonra yaşa görə əmək pensiyası hüququna yenidən baxıla bilməsi barədə məlumat verilsə də, iddiaçı tərəfindən müvafiq arayış cavabdeh inzibati orqana təqdim edilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izah etdi ki, iddiaçının təhsil dövrü sosial sığorta stajına daxil edilməmişdir. Belə ki, iddiaçının qiyabi və ya əyani təhsil alması barədə məlumat əldə edilməmişdir. İş materiallarında olan: - iddiaçıya məxsus AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1955-ci il təvəllüdlüdür. - Azərbaycan Mühəndis İnşaat İnstitutunun EB № 265380 seriyalı diplomun surıtindən görünür ki, İddiaçı 1973-1979-cu illərdə həmin institutun “hidromeliorasiya” ixtisası üzrə tam kursu bitirmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, 1955-ci il təvəllüdlü İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək SSRİ Silahlı Qüvvlərində zabit kimi xidmət etmişdir. -iddiaçıya məxsus xx.xx.1972-ci ildə açılmış əmək kitabçasından görünür ki,İddiaçı xx.xx.1972-xx.xx.1973-cü illərdə Quba rayon Əzizbəyov adına sovxozda, xx.xx.1974xx.xx.1975-ci illərdə Təmir Tikinti İdarəsində, xx.xx.1975-ci ildə Nərimanov rayon X6 nəzdində gözətçi işinə qəbul olunmuşdur. -iddiaçıya məxsus xx.xx.1979-cu ildə açılmış əmək kitabçasından görünür ki,İddiaçı xx.xx.1979-xx.xx.1979-cu illərdə və xx.xx.1981-xx.xx.1985-ci illərdə Quba -X5 idarəsində mühəndis-hidrotexnik, xx.xx.1985-xx.xx.1988-ci illərdə X2 Dəstəsində prorab, xx.xx.1989xx.xx.1989-cu illərdə Su Təsərrüfatı Nazirliyinin Quba rayon İdarəsində xx.xx.1989xx.xx.1989-cu illərdə 12 saylı Mexanikləşdirmə Dəstədə, xx.xx.1989-xx.xx.1990-cı illərdə “Təbriz İnşşat” Kooperativində iş icraçısı, xx.xx.1990-xx.xx.1990-cı illərdə Quba rayon 3 saylı Yol Tikinti İdarəsində, xx.xx.1990-xx.xx.1990-cı illərdə Quba rayon Yol Tikinti İdarəsində, xx.xx.1990-xx.xx.1996-cı illərdə “Azəriqaztəchizat” İB–də, xx.xx.1996xx.xx.2000-ci illərdə 40 nömrəli Təmir Tikitni Quraşdırma İdarəsində, xx.xx.2000xx.xx.2001-ci illərdə Quba 6 saylı Yol Tikinti İdarəsində fəhlə işləmişdir. -Məhkəmənin sorğusuna əsasən Azərbaycan Memarlıq Universiteti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixli 114 u/p saylı əmrlə Çingiz İldırım adma Azərbaycan Politexnik İnstitutunun “Hidromeliorasiya” fakültəsinin əyani şöbəsinə qəbul olmuşdur (qr.363a), xx.xx.1975-ci il tarixli 92 u/p saylı əmrlə təkrar (əyani) kursda qalmışdır (qr.364a), xx.xx.1979-cü il, 82u/p saylı əmrlə Azərbaycan Mühəndis İnşaat İnstitutunun “Hidromeliorasiya” fakültəsinin əyani şöbəsinin “Hidromeliorasiya” ixtisası üzrə tam kursu bitirmiş və Dövlət İmtahan Komissiyasının qərarına əsasən ona “Hidrotexnika- mühəndisi” ixtisası verilmişdir. -Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən verilmiş 31/546 nömrəli, xx.xx.2022-ci il tarixli məktuba əsasən, İddiaçı xx.xx.1973-cü il, 114 u/p saylı əmrlə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Hİdromeliorasiya" fakültəsinin əyani şöbəsinə qəbul olmuş, xx.xx.1979-cü il, 82 u/p saylı əmrlə Azərbaycan Politexnik İnstitutunun “Hİdromeliorasiya” fakültəsinin əyani şöbəsinin “Hİdromeliorasiya” ixtisası üzrə tam kursu bitirmiş və Dövlət imtahan Komissiyasının qərarına əsasən ona “Hidrotexnika-mühəndisi” ixtisası verilmişdir (Diplom EB № 265380, qeydiyyat № 812). ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunvericiliyin normasından göründüyü kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün göstərilən yaşa çatmaq və azı 25 il sığorta stajına malik olmaq tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı əmək pensiyasının təyin edilməsi üçün müraciət etdikdə cavabdeh inzibati orqan onun iki əmək kitabçasında qeyd olunan iş stajını və hərbi xidmət müddətini hesablayaraq onun cəmi 23 il 2 ay 10 gün sosial sığorta stajına malik olması qənaətinə gəlmişdir. Cavabdeh imtina məktubunda iddiaçının təqdim etdiyi diploma ümumiyətlə münasibət bildirməmişdir. Bununla yanaşı cavabdehin nümayəndəsi izahatında izah etdi ki, iddiaçının təhsilinin əyani və ya qiyabi olması barədə məlumat olmadığından onun təhsili sosial sığorta stajı müddətinə daxil edilməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Başqa sözlə, cavabdeh iddiaçının təhsilinin əyani və ya qiyavi formada almasını müvafiq sorğular vermək yolu ilə müəyyənləşdirməli idi. Məhkəmənin verdiyi sorğular nəticəsində müəyyən edildi ki, iddiaçı 1973-1979-cu illərdə əyani formada ali təhsil almışdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının 1972-ci ildə açılmış əmək kitabçasında onun xx.xx.1974-xx.xx.1975-ci illərdə Təmir Tikinti İdarəsində, xx.xx.1975-ci ildə Nərimanov rayon X6 nəzdində gözətçi işinə qəbul olunması (işdən azad edilməsi barədə qeyd yoxdur) barədə qeydlər vardır. Həmin dövrlər onun təhsil müddəti ilə üst-üstə düşür. Bununla bağlı iddiaçı izah etdi ki, o, gündüzlər oxuyub, gecələr gecə növbəsində işləmişdir. Bu halı təsdiq edən sübut olmadığından məhkəmə hesab edir ki, cavabdeh təhsil dövrü ilə üst-üstə düşən iş dövrünü nəzərə almasa belə, iddiaçının təhsil dövrü nəzərə alındıqda onun yaşa görə əmək pensiyası hüququ verən 25 illik sosil sığorta stajı tamamlanmış olur. “İnizbati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 16.2-ci maddəsnə görə hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 1973-1979-cu illərdə təhsil aldığı dövrün onun sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar