Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-229/2021 01.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Cavabdehin nümayəndəsi X4 (Azərbaycan Respublikası DİN X11 İdarəsində baş inspektor işləyən, Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 1054, mənzil 192-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşməsi ilə bağlı məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1971-ci ildə Xaçmaz rayonunun Çarxı kəndində anadan olmuşdur. Hərbi xidmətini tam və qüsursuz başa vurduqdan sonra öz istəyi ilə 1992-ci ilin may ayında Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin Şabran (Dəvəçi) rayon Mühafizə Bölməsinə polis nəfəri kimi işə qəbul olunub xidmətə başlamışdır. Həmin bölmədə polis nəfəri kimi xidmət etdiyi zaman Şabran (Dəvəçi) rayon Polis Şöbəsinin 245 saylı əmri ilə 1992-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Qarabağ bölgəsində gedən döyüşlərdə iştirak etmişdir. Lakin həmin ərəfədə müharibə veteranı adı və vəsiqəsini ala bilməmişdir. Möhtərəm Prezidentin müharibə veteranlarına göstərdiyi diqqətin nəticəsində onun məlum Fərmanı ilə 2020-ci ilin aprel ayının 1-dən onlara ayrılmış aylıq 80 (səksən) manatdan faydalanmaq məqsədilə «müharibə veteranı» adı və vəsiqəsi almaq üçün əvvəlcə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi X8, daha sonra isə onunla birlikdə həmin bölmədə xidmət aparan və qeyd etdiyi vaxtda onunla birgə döyüş bölgəsində iştirak edən iki nəfər şəxsin onun həqiqətən Şabran (Dəvəçi) rayon Polis Şöbəsinin 245 saylı əmri ilə 1992-ci ilin sentyabr ayında onlarla birlikdə döyüş bölgəsində olmağını təsdiqləməkləri barədə Xaçmaz rayon 1 saylı Notariat Ofisində təsdiqlənmiş aktı da Nazirliyin Kadrlar İdarəsinə göndərsə də, heç bir müsbət nəticəsi olmamışdır. Hər iki dəfə imtina gələrək Şabran rayon Polis Şöbəsinin 1992-ci ili əhatə edən əmrlərində 245 saylı əmr müəyən olunmadığından, qaldırılmış məsələnin həllinin mümkün olmadığı bildirilmişdir. Onunla birgə döyüş bölgəsində iştirak edib döyüşən şəxslər «Müharibə veteranı» adı və vəsiqəsi alıb, onlara ayrılmış güzəştlərdən istifadə edir. O isə bundan istifadə edə bilmir. Buna görə də o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəvərdar edilməsinə baxmayaraq məhkəmə iclasına iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izaha verərəkj iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X6 iddianı qəbul etmədi və izah etdi ki, iddiaçının Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakını təsdiq edən əmrlər arxivd aşkar edilmədiyindən ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İş materiallarında olan : - ИТ-İ №-li ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı 29.06.1992- 05.06.2001-ci il tarixlərində daxili işlər orqanlarında xidmət etmişdir. - Azərbaycan Respublikası Dəvəçi rayon Polis Şöbəsinnin 25.11.1998-ci il tarixli 2371 saylı arayışından görünür ki, İddiaçı həqiqətən Azərbaycan Respublikasının ərazi bütövlüyü, torpaqların azadlığı uğrunda gedən dğöyüşlərdə Qarabağ döyüş bölgəsində 1992-ci il tarixli RPŞ-nin 245 saylı əmri ilə xidməti ezamiyyətdə olmuşdur. - X5 və X3 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, onlar Xaçmaz rayonu, Çarxı kənd sakini İddiaçı tanıyırlar. Onlar əvvəllər DİN-nin Baş Mühafizə İdarəsinin Şabran (Dəvəçi) rayon Mühafizə Bölməsində polis nəfəri kimi işləyib təqaüdə çıxmışlar. İşlədikləri dövrdə Şabran (Dəvəçi) rayon Polis Şöbəsinin rəhbərliyinin 245 saylı əmri ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Qarabağ bölgəsində gedən döyüşlərdə onlarla birlikdə Şabran rayon Mühafizə Bölməsində polis nəfəri işləyən İddiaçı da həmin bölgəyə ezam olunmaqla iştirak etmişdir. Buna görə onların hər ikisinə «Müharibə veteranı» adı və vəsiqəsi verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlərlə İş İdarəsi tərəfindən verilmiş 11.12.2019-cu il tarixli 024-55438O-3219 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arxiv sənədlərində iddiaçının Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı barədə məlumat olmadığına görə ‘Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mümkün olmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlərlə İş İdarəsi tərəfindən verilmiş 03.07.2020-ci il tarixli 024-13604/2O-3220 saylı məktubundan görünür ki, Şabran (Dəvəçi) rayon Polis Şöbəsinin 1992-ci il tarixli, 245 nömrəli əmrilə ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştiraka görə ona «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin X1 Nazirliyinə ünvanlanmış eyniməzmunlu müraciətə baxılmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən X11 İdarəsinə daxil olmuş məktuba əsasən iddiaçının ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı barədə əmr aşkar olunmamışdır. Şabran rayon Polis Şöbəsinin 1992-ci ili əhatə edən əmrlərində 245 nömrəli əmr müəyyən olunmamışdır. Bu səbəbdən qaldırılmış məsələnin həlli mümkün deyildir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şabran rayon Polis Şöbəsi tərəfindən verilmiş 14.03.2021-ci il tarixli 1004602-1221 saylı sorğuya cavab məktubundan görünür ki, Şabran rayon Polis Şöbəsində 1992-1994-cü illərdə İddiaçı adlı əməkdaş xidmət etmədiyi üçün, Qarabağ bölgəsində gedən döyüşlərdə iştirakı üçün ezamiyyətə göndərilməsi barədə hər hansı bir məlumatın və əmrlərin surətlərinin məhkəməyə təqdim edilməsi mümkün deyildir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin 14.06.2021-ci il tarixli 038-12369-1221 saylı sorğuya cavab məktubundan görünür ki, DİN-in Baş Mühafizə İdarəsinin sabiq əməkdaşı İddiaçı daxili işlər orqanlarında xidmət etdiyi müddət ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etməyi barədə heç bir məlumat aşkar edilmədiyi barədə Baş İdarənin 21.05.2021-ci il tarixli 038-10519-1221 nömrəli məktubu ilə cavab verilmişdir. Bu səbəbdən məsələnin müsbət həlli mümkün deyildir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə cavabdehin nümayəndəsini izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunundan göründüyü kimi «Müharibə veteranı» adının verilməsi üçün şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi əsas sayılır. Həmin Qanunun 7-ci maddəsinin üçüncü abzasına görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Məhkəmə hesab edir ki, iddiaçının döyüş bölgəsində xidmətinin təsdiqlənməməsi səbəbindən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilməsi əsassızdır. Belə ki, iddiaçının təqdim etdiyi arayışda onun Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvəlr veteranı və əmək veteranı adlarının verilməsi qatdası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasəmn müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına uyğunluğunin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun 09 iyul 2007-ci il tarixli Qərarında göstərilir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuna yetirilməsi vacibdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 2116 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bölməsinin 11ci abzasına əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidimət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuzsiya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, mili təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Cavabdeh tərəfindən iddiaçının hərbi xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının döyüş bölgəsinə ezam olunması və döyüş əməliyyatlarında iştirak etməsi təsdiq edildiyindən cavabdehin imtinası əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Göstərilən Məcəllənin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-229/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-229/2021
01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver