Məhkəmə qərarları › İş №2-1(118)-2291/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2291/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2291/2024 29.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qeydiyyatdan çıxarılma) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt şəhəri Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə inzibati işə 29 fevral 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

1. Sumqayıt Şəhər Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, e-2(060)-4913/2023 saylı 19 sentyabr 2017-ci il tarixli, e-2(060)-4913/2023 nömrəli qətnaməsi ilə İddiaçı ilə X8 arasında 26 avqust 2017-ci il tarixdə, Sumqayıt şəhər “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuşdur.

2. AZ-İ seriyalı 473746 saylı “Nikahın pozulması haqqında” Şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X3 nikahı pozulmuşdur.

3. 13 iyul 2017-ci il tarixli, ********** saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən əmlak İddiaçı xüsusi mülkiyyətindədir, həmin mülkiyyətə tam pay hüququ ilə sahiblik edir.

4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 18 noyabr 2023-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, 6 iyul 1989-cu il təvəllüdlü İddiaçı 30 dekabr 2017-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər isə 24 iyun 2022-ci il təvəllüdlü X6, 17 fevral 1998-ci il təvəllüdlü X8, 25 may 2018-ci il təvəllüdlü X4r.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq:

5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 20 dekabr 2023-cü il tarixli, 18/2-39709/23 nömrəli məktubuna əsasən, X3 qeyd olunan ünvana qeydiyyata alınmasına və ona şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlanma müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən, həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Əlavə olaraq bildirilir ki, ünvanda qeydiyyatda olan X6 və X7 “'Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələbinə uyğun olaraq valideynlərinin yaşayış yeri üzrə ilk dəfə şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilən azyaşlıdırlar.

6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 13 dekabr 2023-cü il tarixli, 3-21-3-31/2-4376/2023 nömrəli məktubuna əsasən, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 21, 82 saylı mənzilə dair istifadə hüquqlarının olub-olmaması barədə 2 saylı Sumqayıt Ərazi İdarəsində hər hansı məlumat aşkar edilməmişdir. Müvafiq mənzilə dair hər hansı məhkəmə mübahisəsi ilə bağlı məlumat aşkar edilməmişdir. Qeyd olunan mənzilə dair 2 saylı Sumqayıt Ərazi İdarəsində mövcud olan hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surəti qoşma ilə göndərilmişdir.

7. 5 iyul 2017-ci il tarixli, ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı - X9 tam mülkiyyət üzrə ona məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 69.2 kv.m, yaşayış sahəsi 39.6 kv.m olan 3 otaqlı mənzili alıcı-İddiaçı mülkiyyətinə verilmişdir.

8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 1 dekabr 2023-cü il tarixli, 3-21-3-31/2-4444/2023 nömrəli məktubuna əsasən, ərazi idarəsində mövcud olan arxiv materiallarına və elektron baza məlumatlarına əsasən Sumqayıt şəhəri, 10cu mikrorayon, ev 21 ünvanında yerləşən 82-ci mənzil 13 iyul 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və ünvan olaraq təkrarlanmır.

9. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalı Birliyi Mənzil Kommunal Sahəsinin 18 dekabr 2023-cü il tarixli, 1384 nömrəlı arayışına əsasən, ünvan 1-də X8 yaşamır.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri

10. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 birgə nikahdan doğulmuş uşaqları - X6 və X1 Sumqayıt şəhəri 10-cu mikrorayon, ev 21, mənzil 82-dən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri 10-cu mikrorayon, ev 21, mənzil 82 iddiaçının xüsusi mülkiyyətinə verilmişdir. Qeydiyyatdan çıxarılmaları tələb olunan şəxslər onun keçmiş həyat yoldaşı və övladlarıdır. Onlar faktiki olaraq qeydiyyatda qalmışdır, həmin ünvanda yaşamırlar. Dəfələrlə bu barədə xəbərdarlıq edilsə də, onlar buna məhəl qoymurlar. Nəzərə çatdırılır ki, Sumqayıt Şəhər Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(060)-4913/2023 saylı qətnamə ilə nikahları pozulmuşdur (§ 1). Üçüncü şəxs və övladları hazırda Sumqayıt şəhəri Yeni Yasayış masivi fərdi yaşayış evində yaşayırlar. Bu səbəbdən onlar ünvan 1-də olan istifadə hüququna xitam verilməsi məqsədi ilə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə, cavabdeh icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər əsaslandırmamış, orada yazılı inzibati aktın rekvizitləri tam göstərilməmiş, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin iddia verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır.

12. İddia tələbinin maddi hüquqi əsası kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 2.2.2, 4.1, 12.1, 14.3, 33.1, 33.2-cu maddələrinə istinad olunmuşdur.

13. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

14. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə təqdim edilmişdir.

15. Məhkəmənin 1 dekabr 2023-cü il tarixli, 2-1(118)-6129/2023 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə X3 üçüncü şəxs qismində (zəruri cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.

16. Həmin qərardadda məhkəmə bildirmişdir ki, qanunvericiliyin tələblərinə əsasən, yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edilməsi məhkəmənin səlahiyyətinə verilmişdir. Hazırki vəziyyətdə məhkəmə tərəfindən 25 may 2018-ci il təvəllüdlü X7 və 24 iyun 2022-ci il təvəllüdlü X2 inzibati məhkəmə icraatına mütləq cəlb edilməsini zəruri edən hallar müəyyən edilməmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan şəxslərin mənafeyi onların qanuni nümayəndələri tərəfindən qorunmalıdır. Bu səbəbdən, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə qüvvədə olan qanunvericiliyin tələblərinə əsaslanmaqla hesab etmişdir ki, iddia tələbi üzrə qəbul edəcəyi qərarın X3 maraqlarına toxunması ehtimalı olduğundan, iş üzrə üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb olunmalı və onun iştirakı ilə məhkəmə araşdırması davam etdirilərək tərəflərin hüquq və maraqları ilə bağlı vahid qərar qəbul edilməlidir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

17. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş məktubda iddiaya qarşı heç bir atirazının olmadığı bildirilmişdir.

18. Üçüncü şəxs “Elektron kabinet” vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçı ilə rəsmi nikahda olarkən 5 il müddətində Sumqayıt şəhəri, 10-cu mirkorayon, ev 21-də yerləşən 82 saylı mənzildə 5 il müddətinə yaşamışdır. Birgə nikahdan olan övladları həmin mənzildə doğulmuşdur. Üçüncü şəxsin hazırda yaşayış yeri yoxdur, iki azyaşlı uşağı ilə yaşayış sahəsi kimi həmin mənzildən istifadə etməyə ehtiyacı vardır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, həmin mənzilə müəyyən müddətə istifadə hüququ saxlanılmalıdır. Çünki, heç bir yerdə işləmir, kirayə haqqını ödəməyə maddi imkanı yoxdur. Əlavə olaraq bildirir ki, aralarında həmin mənzil ilə bağlı mübahisə olduğundan mübahisəyə inzibati məhkəmə tərəfindən deyil, mülki məhkəmə tərəfindən baxılmalıdır.

c) Tərəflərin iştirakı və izahatları:

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ünvanlanmış məktubda cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması xahiş edilmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

20. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddianı müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir (§ 11).

21. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs izahatında məhkəməyə təqdim etdiyi ərizədə qeyd olunanları müdafiə edərək, iddianın təmin edilməməsini xahiş etmişdir (§ 18).

ƏSASLANDİRMA HİSSƏSİ

a) İddianın mümkünlüyü:

22. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

23. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

24. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

25. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

26. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

b) Tətbiq edilən hüquq:

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 24. Fiziki şəxs anlayışı 24.1. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. ...”

“Maddə 27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. ...”

28. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. ... 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. ...”

29. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.”

“Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. ... On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.”

“Maddə 5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.”

“Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür.”

30. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “14. Vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. ...”

31. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. …”

“Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. …”

c) Məhkəmənin mövqeyi:

32. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır.

33. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir.

34. Hazırkı işdən də müəyyən olunur ki, üçüncü şəxs mübahisəli ünvanda qeydiyyatda olsa da, mülkiyyətçinin keçmiş arvadı olmaqla hazırda iddiaçının ailə üzvü deyil, həmin ünvanda faktiki olaraq yaşamır, onun mənzilə dair istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda üçüncü şəxs iddiaçıya məxsus mənzilə dair əmlak hüquqları olmayan şəxs olduğundan, mənzilin hazırkı mülkiyyətçisi onun qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh inzibati orqanın isə üçüncü şəxsin qeydiyyatdan çıxarılmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir.

35. Lakin məhkəmə iddianı X6 və X5 aid hissədə əsassız hesab edir.

36. Belə ki, X6 və X7 iddiaçının ailə üzvləri (uşaqları) olduğundan, onların yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana əmlak hüquqlarının yaranıb-yaranması, hazırda mövcud olub-olmaması (xitam verilməsi və ya itirilmiş hesab edilməsi) məsələsi inzibati mühakimə icraatı qaydasında baxılan hazırkı məhkəmə tədqiqatının predmeti ola bilməz. Çünki, bu hüquqlar əmlak hüquqi xarakterli olub, mülki hüquq münasibətlərindən meydana gəlməklə, mülki mühakimə icraatı qaydasında baxılan işlərin predmeti ola bilər. İnzibati mühakimə icraatı qaydasında isə iddiaçının həmin şəxslər barəsində hüququna inzibati orqanın müdaxiləsinin qanuni olub-olmaması məsələləri araşdırıla bilər.

37. Qeyd olunan mövqedən çıxış edərək məhkəmə hesab edir ki, hazırkı tələb inzibati orqan olan rayon polis idarəsinə qarşı yönəldiyindən, qeydiyyatdan çıxarılması tələb olunan X6 və X1 mübahisəli mənzilə dair hər hansı əmlak hüququna, o cümlədən istifadə hüququna sahib olub-olmamasını müəyyənləşdirmək və bu əsasdan şəxsləri mənzilə əmlak hüququ olmayan şəxs kimi tanıyaraq onları iddiaçının tələbi əsasında qeydiyyatdan çıxarmaq cavabdeh inzibati orqanın hazırkı inzibati icraat çərçivəsində baxıb öz qiymətləndirməsi ilə həll edə biləcəyi məsələ deyildir.

38. Təsadüfi deyildir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsi qeydiyyatı həyata keçirən orqana qeydiyyatdan çıxarılmaya əsas olan halları müəyyənləşdirmək deyil, yalnız artıq hüquqi mübahisə doğurmayan faktlar əsasında (müvafiq icra hakimiyyəti orqanlarının məlumatı, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, qərarı, eləcə də əmlaka dair hüquqla bağlı-yaşayış sahəsindən çıxarma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi) qeydiyyatdan çıxarılmanı həvalə etmişdir.

39. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanından üçüncü şəxsin qeydiyyatdan çıxarılması öhdəliyi Sumqayıt şəhəri Polis İdarəsinə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

40. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia qismən təmin edilsin. ünvan 1 ünvanından X3 qeydiyyatdan çıxarılması öhdəliyi Sumqayıt şəhəri Polis İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar