Məhkəmə qərarları › İş №2-1(118)-2292/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2292/2024

04.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2292/2024 04.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı ll dərəcəli əlil kimi mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, mənzil ayrılmasına dair qərarın çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ll dərəcəli əlil kimi mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ll dərəcəli əlil kimi 2004-cü ildən Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən mənzil uçotuna götürülmüşdür. Lakin hazıradək mənzillə təmin edilməmişdir. Cavabdeh etirazını onunla əsaslandırılmışdır ki, iddiaçı ümumi xəstəliyə görə ll dərəcəli əlil kimi xx.xx.2004-cü il tarixdən imtiyazlı əsaslarla mənzil növbəsinə götürülmüşdür. Həmin siyahı üzrə 821-ci şəxsdir. Lakin hazırda şəhər ərazisində ümumi xəstəliyə görə əlillər üçün mənzil tikintisi aparılmadığından və bununla bağlı dövlət mənzil fondunda boş yaşayış sahələrinin mövcud olmaması səbəbindən iddiaçının müraciətinin təmin olunması mümkün deyildir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçının iddia tələbinin mahiyəti mənzillə təmin olunması ilə bağlıdır. Məhkəmə hesab edir ki, iddiaçının tələbi Sumqayıt şəhər İcra Hakimiyyətinə deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı yönəlməlidir. Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyəti iddiaçını imtiyazlı əsaslarla mənzil növbəsinə götürməklə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsi yaradılmış və “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə Agentliyin nizamnaməsi təsdiq edilmişdir. Sosial Xidmətlər Agentliyi sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığa götürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 N-li Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı ll dərəcəli əlil kimi mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı ll dərəcəli əlil kimi mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar