Məhkəmə qərarları › İş №2-1(118)-2294/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2294/2023

07.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2294/2023 07.08.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsə qarşı “onun Olesya Qonçar adına Dnepropetrovsk Milli Universiteti tərəfindən verilmiş 2009-cu il tarixli 024790 nömrəli diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2005-ci il tarixdə Dnepropetrovsk Milli Universitetinə daxil olmuş və 2009-cu ildə Olesya Qonçar adına Dnepropetrovsk Milli Universitetinin “Müəssisələr və İqtisadiyyat” ixtisasını bitirmişdir. Diplomu əldə etdikdən sonra həmin diplom üzrə əldə etdiyi kvalifıkasiyanın Azərbaycan Respublikasında tanınması üçün xx.xx.2011-ci il tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etmiş, Ali təhsil haqqında aldığı kvalifıkasiyanın tanınması üçün lazım olan digər sənədləri də həmin qeyd etdiyi quruma təqdim etmiş, Təhsil Nazirliyinin xx.xx.2012-ci il tarixli imtina məktubu ilə müraciəti üzrə mənfi qərar qəbul edilməsi bildirilmişdir. Halbuki, xx.xx.2012-ci il tarixli imtina məktubu qeyd etdiyi yaşayış ünvanına göndərilməmiş, xx.xx.2022-ci il tarixdə TKTA-ya yenidən müraciət etdiyində yuxarıda qeyd etdiyi imtina məktubu ilə tanış olmuşdur. Cavabdeh iddia ərizəsində qeyd etdiyi bu halları araşdırmadan qərar vermiş və onun haqsız olaraq ali təhsil almağı haqqında olan diplomu tanınmamışdır.Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının təhsil aldığı müəssisənin fəaliyyəti məhkəmə qətnaməsinə əsasən 2007-ci ildən etibarən dayandırılmışdır. İddiaçı isə həmin universiteti 2009-cu ildə bitirmişdir. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınması Qaydaları” na uyğun olaraq həyata keçirilir. Sözügedən qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 fevral 2023-cü il tarixli, 34 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1 -ci bəndinə əsasən tanınma üçün müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsi fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməlidir. Həmin Qaydaların 3.10cu bəndinə əsasən bu Qaydaların 4.1 -ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir. Bununla yanaşı, Azərbaycan Respublikasının da qoşulduğu "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın 4-cü fəslin 1 -ci bəndinə əsasən Hər bir iştirakçı dövlət digər iştirakçı dövlətin ali təhsil sisteminə aid olan proqramlarının əldə edilməsinə imkan vermək məqsədilə bu ölkələrdə ali təhsilin əldə edilməsinə imkan verən ümumi tələblərə cavab verən ixtisasları, həmin dövlətdə ali təhsilin əldə edilməsinə imkan verən ümumi lələblər arasında əsaslı fərqlər olmadığı halda tanıyacaqdır. Azərbaycan Respublikasının da qoşulduğu “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın, habelə “Xarici kvalifikasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (qiymətləndirmə meyarları), “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın tətbiqinə dair qəbul edilmiş “Avropa regionu üzrə tanınma Təlimatı”nın 3-cü hissəsinə əsasən qeyd olunur ki, tanınma proseduru zamanı xarici ali təhsil ixtisasının əldə edildiyi ali təhsil müəssisəsinin statusu məsələsinə diqqət yetirilməli, yəni həmin müsəssisənin qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərməsi, o cümlədən, akkreditasiyasının və lisenziyasının olubolmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərdən aydın olur ki, iddiaçının ali təhsilə aid kvalifikasiyasının tanınmasına heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2022-ci il tarixli imtina qərarı, diplomun və onun əlavəsinin surəti, Təhsildə Keyfiyyət Təminatı Agentliyin etiraz ərizəsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2396/4-487-25 nömrəli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ təhsil sənədinin aldığı vaxtından yaranmış olur. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsi iddia tələbi üzrə həmin iddiaya cavab veribverməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Agentlik hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, xarici təhsil müəssisələrinin verdiyi təhsil sənədlərinin respublika ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Agentliyin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Agentlik hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Agentliyə müraciət etmiş, inzibati orqan xx.xx.2022-ci il tarixli məktubla onun müraciətinə müsbət cavab verməmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Abşeron rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır.Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun: - 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. - 27.4-cü maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. -29.0.21-ci maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biridir. - 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin: - 1.1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyriformal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. -2.2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. - 3.1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. - 3.1.8-ci bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının təhsil aldığı müəssisənin fəaliyyəti 1 saylı yerli iqtisad Məhkəməsinin 2396/4-487-25 nömrəli, 05 fevral 2007-ci il tarixli qətnaməsinə əsasən 2007-ci ildən dayandırılmışdır. İş materiallarından da göründüyü kimi iddiaçı həmin universiteti 2009-cu ildə bitirmişdir. Belə olan halda cavabdeh təşkilatın imtinası əsaslı olmuşdur. Belə ki, Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınması Qaydaları” na uyğun olaraq həyata keçirilir. Həmin qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 fevral 2023-cü il tarixli, 34 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1 -ci bəndinə əsasən tanınma üçün müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsi fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməlidir. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən bu Qaydaların 4.1 -ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının da qoşulduğu “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın 4-cü fəslin 1 -ci bəndinə əsasən Hər bir iştirakçı dövlət digər iştirakçı dövlətin ali təhsil sisteminə aid olan proqramlarının əldə edilməsinə imkan vermək məqsədilə bu ölkələrdə ali təhsilin əldə edilməsinə imkan verən ümumi tələblərə cavab verən ixtisasları, həmin dövlətdə ali təhsilin əldə edilməsinə imkan verən ümumi lələblər arasında əsaslı fərqlər olmadığı halda tanıyacaqdır. Azərbaycan Respublikasının da qoşulduğu “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın, habelə “Xarici kvalifikasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (qiymətləndirmə meyarları), “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın tətbiqinə dair qəbul edilmiş “Avropa regionu üzrə tanınma Təlimatı”nın 3-cü hissəsinə əsasən qeyd olunur ki, tanınma proseduru zamanı xarici ali təhsil ixtisasının əldə edildiyi ali təhsil müəssisəsinin statusu məsələsinə diqqət yetirilməli, yəni həmin müsəssisənin qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərməsi, o cümlədən, akkreditasiyasının və lisenziyasının olub-olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 2 nömrəli əlavəsinə ali təhsil müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyətlər sırasında yer almışdır. Beləliklə, məhkəmə hesab edir ki, diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olduğundan, cavabdeh inzibati orqanın imtinası ədalətlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsə qarşı “onun Olesya Qonçar adına Dnepropetrovsk Milli Universiteti tərəfindən verilmiş 2009-cu il tarixli 024790 nömrəli diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar