Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2301/2021 08.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X2 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə, Abşeron rayon Masazır Bələdiyyəsinə qarşı “Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Binəqədi şossesi döngə 2 ünvanında 200 kv. m. sahədə yerləşən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi barədə cavabdeh orqanların üzərinə vəzifə qoyulması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Binəqədi rayon İcra Hakimiyyəti və qeyrilərinə qarşı fərdi yaşayış evi və torpaq sahəsinin adına sənədləşdirilməsi barədə iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Binəqədi şossesi 2-ci döngədə, mərkəz nöqtəsi X-395617.67 Y-4478563.93 koordinatına düşən 200 kv. m. torpaq sahəsi 10 (on) ildən artıq müddətdir ki, 2-ci qrup Qarabağ müharibəsi əlili atası X3 istifadəsindədir. Lakin atası hüquqi savadı olmamasına görə həmin torpaq sahəsinin sənədləşdirilməsi barədə heç bir iş görməmişdir. İddiaçı 2-ci Qarabağ Vətən müharibəsində iştirak etdikdən sonra ailəsi ilə birlikdə yaşamaq ona çətin gəlmiş və bu səbəbdəndə çıxış yolu olaraq yuxarıda göstərilən torpaq sahəsində fərdi yaşayış evi tikərək tək yaşamaq qərarına gəlmişdir. Aidiyyəti orqanlara məlumat verməklə, göstərilən torpaq sahəsinin 90 kv. m. hissəsində özü yaşamağı üçün fərdi yaşayış evi inşa etmişdir. Hal-hazırda həmin evdə yaşayır. Fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin sənədləşdirilməsinə köməklik göstərilməsi və əmlaka dair ilkin qeydiyyatın aparılması barədə müraciəti cavabdeh orqanlar tərəfindən müsbət həll olunmamışdır. Bu səbəbdəndə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7372/2021 saylı, 10.09.2021-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə qərardadında qeyd edilmişdir ki, iddiaçının hazırki iddia tələbi ilə mübahisələndirdiyi məsələ daşınmaz əmlaka sənədləşmə işlərinin aparılması ilə bağlı olmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçının inzibati orqana qarşı tələbi müvafiq koordinatlara düşən atasının istifadəsində olmuş, hal-hazırda fərdi yaşayış evi istifadə etdiyi torpaq sahəsi və adı çəkilən fərdi yaşayış evi ilə bağlı olmuşdur. İddiaçı hər nə qədər torpaq sahəsinin və fərdi yaşayış evinin yerləşdiyi yerin Bakı şəhəri, Binəqədi rayonu ərazisində olduğunu qeyd etsə də, iş materiallarında məhkəm icraatı gedişatında təqdim edilən yerquruluşu plan-sxemi əsasında Abşeron rayon ərazisi olduğu müəyyən edilmişdir. Belə ki, həmin plan-sxemin Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti 1 saylı Bakı Ərazi idarəsinə göndərilməsi ilə əlaqədar sorğuya əsasən də İdarə Məhkəməyə məlumat təqdim edərək koordinatların müəyyənləşdirilməsi ilə bağlı müraciətə baxıldığı, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin Abşeron rayon ərazi hüdudları daxilində yerləşdiyi qeyd edilmiş, aidiyyəti üzrə Abşeron rayon Ərazi idarəsinə müraciət edilməsi tövsiyə edilmişdir. İnzibati iş Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan zaman iddiaçı məhkəməyə vəsatət göndərərək, məhkəmə işi üzrə cavabdeh qismində iştirak edən orqanların cavabdehlikdən çıxarılmasını və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin və Abşeron Rayon Masazır Bələdiyyəsinin məhkəmə işinə cavabdeh qismində cəlb edilməsini məhkəmədən xahiş etmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş və nəticədə ona hüquqi yardım edilməmişdir. İş Bakı İnzibati Məhkəməsinin icraatında olan zamanda iddiaçıya hüquqi yardım edilməsidə iş materiallarına əsasən qeyri müəyyəndir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsi əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları və iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. İddiaçı məhkəməyə təqdim etdiyi ərizəsində cavabdehlərin dəyişilməsini xahiş etsədə, iddia tələbini dəyişilməsini isə xahiş etməmişdir. Məhkəmə qeyd edir ki, hər bir halda iddia tələbi cavabdeh orqana yönəlməlidir. Lakin hazırkı işdə iddia tələbi və bunun cavab verməli olan orqana yönəlməsi qeyrimüəyyəndir. Ona görədə məhkəmə hesab edir ki, ilkin olaraq bu əsasla iddia mümkün hesab edilə bilməz. Lakin iddia ərizəsində qeyd edilənləri və iş materiallarını nəzərə alaraq məhkəmə bəzi məqamlara münasibət bildirməyi vacib sayır. İlkin olaraq ərizədə iddiaçı onun atasına aid olan hüqüqu qeyd etsədə, iddia həmin şəxs tərəfindən qaldırılmamışdır. Halbu ki, iddia hüquq sahibi tərəfindən qaldırılmalıdır. Bu halda qeyri-müəyyənlik olduğu halda subyektiv hüquq baxımından iddianın mümkünlüyü müzakirə edilə bilər. Bundan əlavə iş materiallarından mübahisə predmeti olan torpaq sahəsinin hansı bələdiyyənin ərazisində olmasıda qeyri müəyyəndir. İş materiallarından görünür ki, iş aidiyyət üzrə göndəriləndən sonra, iddiaçının Abşeron rayon X1 rayon Masazır kəndi, Əzizə Cəfərzadə küçəsində yerləşən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin cavabdeh tərəfindən rəsmiləşdirilməsinə dair müraciəti olmuşdur. Lakin həmin orqanın iddiaçıya imtina etməsi müəyyən edilmir və həmin müraciətdən 35 gün keçməsi müəyyən edilmir. Eyni zamanda həmin orqana qarşıda tələb irəli sürülməmişdir. İddiaçı növbəti iddiasını qaldıran zaman bu halları nəzərə almalı, ilkin olaraq düzgün inzibati orqana müraciət etməli, ona uyğun olaraq hüquq müdafiə vasitəsi seçməlidir. Bu zaman isə düzgün hüquqi yardım alınması məqsədəmüvafiq hesab edilə bilər. İddiaçıya izah edilsin ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq hüquq müdafiə vasitələri seçə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-2301/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2301/2021
08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver