Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2303/2022 01.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1392 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququ qeydiyyata alınmaqla ona torpaq sahəsinə dair çıxarışın və plan və ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia qaldıraraq iddiaçıya məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi 1392 ünvanda yerləşən torpaq sahəsinin plan ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqidləşdirərək ona məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1392 ünvanında yerləşən 0.12ha torpaq sahəsinin üzərində mülkiyyət hüququ qeydiyyata alınmaqla ona torpaq sahəsinə dair çıxarışın və plan və ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 24 iyul 2002-ci il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən Kommunal Təsərrüfat Birliynin X13nin 1392 nömrəli, 0,12 hektarlıq bağlıq sahəsini almışdır. Qeyd olunan bağ sahəsində 20 il ərzində zəruri abadlıq-becərmə işləri görülmüş, bağ sahəsi iki tərəfdən mişarlanmış əhəngdaşı ilə hasarlanmışdır. Ağacların becərilməsi üçün sayğaclı su xəttinin çəkilməsini təmin etmişdir. Uzun illər apardığı kultivasiya və becərmə işləri ilə bağda çoxsaylı bəzək kolları, meyvə ağacları yetişdirilmişdir. xx.xx.2022-ci il tarixdə ona və ailəsinə məxsus olan Novxanı bağ massivində yerləşən 1392 nömrəli 0,12 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planölçüsünün verilməsi ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, ərizə ********** nömrəsi ilə qeydə alınaraq baxılmş və əsassız olaraq təmin olunmasından imtina edilmişdir. Ərizə təqdim olunarkən bağın iddiaçıya məxsus olmasını özündə əks etdirən sənədlər paketini tam şəkildə idarənin məsul şəxsi-Göyçək Kərimovaya təqdim etmişdir. Göyçək Kərimova ərizə və tam sənədlər paketini aparıb başqa otaqda kiməsə göstərmişdir. 20 dəqiqədən sonra yenidən iş masasına qayıtmış və təqdim etdiyi sənədlərdən yalnız icarə müqaviləsini götürüb digər sənədlərə ehtiyac olmadığını bildirərək geri qaytarmışdır. İyun ayının 01-i tarixində idarənin mühəndisi X8 zəruri tədbirlərin icrası və torpaq sahəsinə yerində baxılması üçün şərait yaradılmasını xahiş etmişdir. Həmin gün sözügedən bağ sahəsinə gəlmişlər və Şahin Muxtarov özü ilə gətirdiyi xüsusi sputnik cihazından istifadə edərək əraziyə baxış keçirmiş və rəy hazırlamışdır. Şahin Muxtarov həmçinin onun, iki qonşusunun, bələdiyyə işçisinin və özünün iştirakı ilə akt tərtib edilmişdir ki, həmin bağ həqiqətən onun istifadəsindədir və qonşuları kimlərdir. Ərizənin icrası barədə telefona SMS gələcəyini bildirib Şahin Muxtarov tərtib edilən aktı özü ilə aparıb iş yerinə qaytımışdır. İdarədə ona 125 manat dövlət rüsumunun ödənilməsi bildirilmişdir. Həmin rüsum idarənin xəzinəsinə ödənilmişdir (qəbzin kserosürəti təqdim edilmişdir). Bundan 22 gün keçdiyindən və ona hər hansı SMS gəlmədiyi səbəbindən ərizənin icrası ilə maraqlandıqda məlum olmuşdur ki, ərizənin müsbət icrasından imtina olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi ərizənin təmin olunmasından imtina məktubunda göstərilmişdir ki, "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş, X9, Sumqayıt şəhəri Novxanı bağ massivi, B-1392 ünvanda yerləşən torpaq sahəsinin plan ölçüsünün verilməsi ilə əlaqədar “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə daxil olmuş xx.xx.2022-ci il tarixli, ********** nömrəli ərizənizə baxılmışdır, müraciətinizlə əlaqədar bildiririk ki, ərizəyə əlavə olunmuş “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə 11894 nömrəli xx.xx.2003-cü il tarixli müqavilənin həqiqiliyinə şübhə yarandığı üçün müqavilənin verilməsinə əsas kimi qeyd olunan Sumqayıt Şəhər İcra Hakimiyyətinin Bağlar təsərrüfatının məsələləri üzrə komissiyanın xx.xx.1996-cı il tarixli 435 nömrəli təsdiq olunmuş surətinin idarəyə təqdim olunması ilə bağlı Dövlət Arxivinin Sumqayıt Filialına sorğu ünvanlanmış, sorğuya cavab olaraq “bağ torpaq sahələrinin icarəyə verilməsi, geri alınması qaydaları və şəərtləri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1996-cı il tarixli 435 nömrəli ümumi sərəncamının təsdiq olunmuş surəti təqdim edilmişdir, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Resmpublikasının Qanununun 15-ci maddəsinə əsasən ərizənizin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Cavabdeh şəxsi mülahizəsi ilə heç bir əsas göstərmədən qanunsuz olaraq müraciətinin təmin olunmasından imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1392 ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin plan ölçüsünün verilməsi barədə xx.xx.2022-ci il tarixli ərizə ilə Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, ərizəyə əlavə olunmuş “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” 9535 nömrəli xx.xx.2002-ci il tarixli müqavilənin həqiqiliyinə şübhə yarandığı üçün, müqavilənin verilməsinə əsas kimi qeyd olunan Sumqayıt Şəhər İcra Hakimiyyətinin Bağlar təsərrüfatının məsələləri üzrə komissiyanın xx.xx.1996-cı il tarixli 435 nömrəli protokolun təsdiq olunmuş surətinin idarəyə təqdim olunması ilə bağlı Dövlət Arxivinin Sumqayıt Filialına sorğu ünvanlanmış və sorğuya cavab olaraq "Bağ torpaq sahələrinin icarəyə verilməsi, geri alınması qaydaları və şərtləri haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1996-cı il tarixli 435 nömrəli ümumi sərəncamının təsdiq olunmuş surəti təqdim edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılmasını (yüklənməsini) , onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Cavabdehnə qarşı iddiası mümkün sayılmamalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün” 9535 nömrəli, 24 iyul 2002-cü il tarixli müqavilənin surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən və sahəsi 0.12 ha olan 1392 saylı bağ torpaq sahəsi Sumqayıt şəhər İcra Hakimiyyəti Kommunal X1 X13 tərəfindən 24 iyul 2002-ci il tarixdən 24 iyul 2012-ci il tarixədək X4 icarəsinə verilmişdir. - 2775 inventar nömrəli Azərbaycan Respublikası Sumqayıt şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş “Vətəndaşların istifadəsində olan bağ təsərrüfatının texniki pasportu”ndan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi 1392 ünvanda yerləşən torpaq sahəsinin ölçüsü 1200 kv.m göstərilmişdir. - Sumqayıt şəhər X13 tərəfindən verilmiş AA seriyalı 001922 saylı, 14 avqust 2002-ci il tarixli, CHZ seriyalı 033300 saylı, 02 iyun 2003-ci il tarixli mədaxil qəbzindən görünür ki, X7 tərəfindən 14 avqust 2002-ci il tarixdə 20400 manat, 02 iyun 2003-ci il tarixdə 11181 manat ödəniş edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesstri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün” 9535 nömrəli, 24 iyul 2022 il tarixli müqavilə ilə Sumqayıt şəhəri, Novxanı bağ massivi 1392 ünvanda yerləşən və sahəsi 0.12 ha olan torpaq sahəsi Sumqayıt şəhər İcra Hakimiyyəti Kommunal X1 X13 tərəfindən 24 iyul 2002-ci il tarixdən 24 iyul 2012-ci il tarixədək İddiaçı icarəsinə verilmişdir. Hazırki iş üzrə iddiaçı onun icarəsinə verilmiş 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Buna əsas kimi cavabdeh tərəfindən ərizəyə əlavə olunmuş “Bağ sahəsinin və tikintiklərin uzun müddətli icarəyə verilməsi barədə” 9535 nömrəli, xx.xx.2002-ci il tarixli müqavilənin həqiqiliyinə şübhə yaranması göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin bununla bağlı imtinası əsassızdır. Belə ki, cavabdeh öz imtinasının dəlili kimi sözügedən torpaq sahəsinə dair müqavilənin həqiqiliyinə şübhəli olmasını göstərsə də bu şübhənin nədən ibarət olmasını, şübhənin əsaslarını qeyd etməmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh orqandan icarə maqaviləsinin arxiv nüsxəsi əldə edilmiş, qeyd olunan şübhənin əsasları müəyyən edilməmişdir. Eyni zamanda həmin müqavilənin qüvvədən düşdüyü müəyyən edilməmiş, cavabdeh tərəfindən də onun qüvvədən düşdüyünü təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. İnzibati icraat haqqında Azərbaycan Respublikası haqqında Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsində Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar təsbit edilmişdir. Həmin Qanunun 8.0 və 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. İddiaçıya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olduğundan, cavabdeh idarənin onun müraciətini təmin etməməsini əsaslı hesab etmək olmaz. Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində təsbit olunmuşdur. Həmin normaya əsasən Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1392 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququ qeydiyyata alınmaqla ona torpaq sahəsinə dair çıxarışın və plan və ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1392 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququ qeydiyyata alınmaqla ona torpaq sahəsinə dair çıxarışın və plan və ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-2303/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2303/2022
01.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver