Məhkəmə qərarları › İş №2-1(118)-2304/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2304/2023

29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2304/2023 29.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “xx.xx.2018-ci il tarixdən 2-ci dərəcə ümumi xəstəliklə əlaqədar müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi”nə dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia qaldıraraq “xx.xx.2018-ci il tarixdən 2-ci dərəcə ümumi xəstəliklə əlaqədar müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, İddiaçı xx.xx.1992-ci il tarixində Azərbaycan Respublikası, Quba rayonunda anadan olmuşdur. xx.xx.2018-ci ildən ona 2-cı dərəcə "Ümumi xəstəliklə əlaqədar" müddətsiz əlillik təyin edilmişdir. 2022-ci ilin dekabr ayında elektron altsıstemə baxış keçirən zaman ona məlum olmuşdur ki, xx.xx.2022- ci il tarixdə onun əlillik təyinatından imtina edilmişdir. Hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin iddiaçının müddətsiz əlillik təyinatını əsassız ləğv edərək imtina etməsi qanunsuzdur, belə ki, iddiaçı müddətsiz əlildir, bu səbəbdən də cavabdeh tərəfindən xx.xx.2018-ci ildə ona 2-ci dərəcə "ümumi xəstəliklə əlaqədar" müddətsiz təyin edilmiş əlillik bərpa edilməlidir. Ali Məhkəmənin 2-l(102)-2004/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Ali Məhkəmənin 2-1(102)- 94/2022 nömrəli. xx.xx.2022-ci il tarixli, Ali Məhkəmənin 2-1(102)-996/2022 nömrəli. xx.xx.2022-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2-İ(103)-188/2022 nömrəli. xx.xx.2022-ci il tarixli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4867/2021 nömrəli. xx.xx.2021-ci il tarixli, Şirvan Apellyasiya Məhkəməsinin 2-l(106)-29/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və Şirvan İnzibati Məhkəməsinin 2-1 (120)-l426/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarların nəzərə alaraq iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əlilliyinin bərpa edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, o, 2018-ci ildə qiymətləndirilmişdir və müddətsiz əlildir, hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin ona qarşı etdiyi haqsızlıq tam əsassızdır, bu səbəbdən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən onun əlilliyi bərpa edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, iddiaçıya 2022-ci ilin dekabr ayına qədər əlilliyə görə müavinət ödənilmişdir. İddiaçı heç bir əyani müayinəyə dəvət edilməmişdir, dekabr ayında müavinət dayandırılana qədər onların heç bir şeydən məlumatları olmamışdır. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “X1: İX Sinif- Qan dövranı sistemi xəstəlikləri => İ05İ09 - Ürəyin xroniki revmatik xəstəlikləri => İ09 - Ürəyin digər revmatik xəstəlikləri => İ09.0 - Revmatik miokardit; Diaqnozun mətni: REVMATİZM REVMOKARDİT: Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması" səbəbi ilə imtina verilmişdir. Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ00-İ02 - Kəskin revmatik qızdırma => 101 - Ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma => 101.2 - Kəskin revmatik miokardit; Diaqnozun mətni: Ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması" səbəbi ilə imtina verilmişdir. Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F20-F29 - Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları => F20 - Şizofreniya => F20.0 - Paranoid şizofreniya; Diaqnozun mətni: Paranoid şizofreniya, fasiləsiz gedişli,dərin psixi qusur hali,kəkələmə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Bundan əvvəl xəstəyə qan dövranı sistemi xəstəliklərindən imtina yazılmasına baxmayaraq, psixi xəstəlik haqda heçbir qeydiyyat aparılmamışdır.1 saylı Psixotriya Xəstəxanasında müalicədən sonra TSEK-ə müraciət edə bilər” səbəbi ilə imtina verilmişdir. Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F20-F29 - Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları => F20 - Şizofreniya --> F20.0 - Paranoid şizofreniya; Diaqnozun mətni: Paranoid şizofreniya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: .İxtisaslaşdırılmış müalicə almaq məsləhət görülür. Psixiatotu statusu xəstəliyin ağırlaşmasını təsdiq etmir” səbəbi ilə imtina verilmişdir. Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F20-F29 - Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları => F20 - Şizofreniya => F20.0 - Paranoid şizofreniya; Diaqnozun mətni: Paranoid şizofreniya, şizofreniya paronoid formasi, fasiləsiz gedişli, tez tez baş verən dekompensasiiyalarla, psixotik davraniş pozuntulari; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: xestelik 2013 cu ilden başlanmsina baxmayaraq epikriz son illeredir.” səbəbi ilə imtina verilmişdir. Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F20-F29 - Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları => F20 - Şizofreniya => F20.0 - Paranoid şizofreniya; Diaqnozun mətni: Paranoid şizofreniya, paranoid şizofreniya davamlı hallüsinator - paranoid sindromla; Meyar: 2.2 ikinci dərəcə əlillik => 2.4.3. şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal) (F20-F20.9);” səbəbi ilə müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F20-F29 - Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları => F20 - Şizofreniya => F20.0 - Paranoid şizofreniya; Diaqnozun mətni: Paranoid şizofreniya, paranoid şizofreniya davamli hallüsinator -paranoid sindromla; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə İddiaçı Agentlikdə əyani müayinəyə dəvət olunmuş və əyani müayinə nəticəsində “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırıİmiş göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmişdir,(iş materiallartına əlavə edilmiş xx.xx.2022 tarixli ərizə və poçt qəbzindən görsənir ki, iddiaçı müddətsiz təyin edilmiş əlilliyin bərpası ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir) cavabdeh inzibati orqan hazırkı iddiaya cavab verməli orqandır. İddianı mümkünsüz edən hər hansı bir digər əsas müəyyən olunmur. İddia mahiyyəti baxımındanda aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı xx.xx.2018-ci il tarixdən 2-ci dərəcə ümumi xəstəliklə əlaqədar müddətsiz təyin edilmiş əlilliyin bərpa edilməsini istəyir. Cavabdeh qeyd edir ki, İddiaçı əlillik vəziyyəti Quba Rayon Mərkəzi Xəstəxanasının 0244003AAHLQ nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixində elektron qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz İkinci dərəcə əlillik təyinatı aparılmışdır. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı Agentlikdə əyani müayinəyə dəvət olunmuş və əyani müayinə nəticəsində “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul olunmuşdur. Lakin iddiaya etirazda həmin qərarın tarixi göstərilməmişdir. İddiaçının nümayəndəsi isə bildirmişdir ki, iddiaçıya 2022-ci ilin dekabr ayına qədər əlilliyə görə müavinət ödənilmişdir. İddiaçı heç bir əyani müayinəyə dəvət edilməmişdir, dekabr ayında müavinət dayandırılana qədər onların heç bir şeydən məlumatları olmamışdır. Bundan sonra məhkəmə tərəfindən müvafiq sorğular edilmiş inzibati icraat materialları tələb edilmişdir. Cavabdeh inzibati orqan məhkəməyə bildirmişdir ki, Əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində vətəndaş xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Lakin bu çür inzibati icraatın aparılması ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2018- ci il tarixindən İİ dərəcə əlilliyə görə müavinnət təyin edilmiş və xx.xx.2022-ci il tarixinədək (2022-ci ilin may-dekabr ayları daxil olmaqla) ödənilmişdir. (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 11 avqust 2023-cü tarixli, 3-17-1/2-181510/2023 saylı məktubu) Məhkəmə hesab edir ki, iddiaçının 2022-ci iln may ayında əyani müayinəyə cəlb edilməsi və xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən sübut təqdim edilməməsi və “İddiaçı xx.xx.2018- ci il tarixindən İİ dərəcə əlilliyə görə müavinnət təyin edilmiş və xx.xx.2022-ci il tarixinədək (2022-ci ilin may-dekabr ayları daxil olmaqla) ödənilmişdir” formasında rəsmi qurumun məlumatının təqdim edilməsi iddiaçının iştirakı ilə inzibati icraatın aparılmadığını sübut edir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2022-ci il tarixinədək müavinət ödənildiyi halda xx.xx.2022-ci il tarixində inzibati orqan tərəfindən real vaxt rejiminə uyğun qərarın qəbul edilməsi ciddi şübhələr doğurur. xx.xx.2022-ci il tarixdə müvafiq qərarın qəbul edildiyi halda müavinətin xx.xx.2022-ci il tarixinədək müavinətin ödənilməsinə davam edilməsi ağılabatan hesab edilmir. “İnzibati icraat haqqında” Qanuna əsasən: 21.1.Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2.Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3.İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4.Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 25.1.Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 64.2.İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 22.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər . 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Əlilliyin qiymətləndirilməsi barədə qərarın düzgünlüyü ilə bağlı hər hansı əsaslı şübhələrin mövcudluğu həmin qərarın birbaşa ləğvinə və ya etibarsızlığına səbəb olmur. Bununla əlaqədar olaraq mövcud şübhəli hallarla bağlı müvafiq araşdırma aparılmalı, şəxs əyani müayinəyə cəlb edilməli, bundan sonra isə qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edilməlidir. Lakin işin yuxarıda göstərilən hallarından müəyyən edilir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraatın aparılması, iddiaçının əyani müayinəyə cəlb edilməsinə dair hərhansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlərdə əlilliyin etibarsızlığı inzibati icraatın prinsiplərinin pozulması ilə aparılarsa inzibati orqanın əlilliyin etibarsızlığı ilə bağlı hərəkətləri qanunsuz hesab olunur və əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsini şərtləndirir. Eyni zamanda cavabdeh inzibati orqanın inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun yeni inzibati icraatın aparması istisna edilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2018-ci il təyin edilmiş müddətsiz əlilliyinin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar