Məhkəmə qərarları › İş №2-1(118)-231/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-231/2021

07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-231/2021 07.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi X2, 3-cü şəxslər X7 və X12 iştirakları ilə, İddiaçı Anatoliy oğlunun cavabdeh Qusar Rayon İcra Hakimiyyətinin Aparatının Memarlıq və Tikinti şöbəsinə və üçüncü şəxs X9 qarşı “X13 tərəfindən “yaşayış evi” adı altında tikilmiş binanın tikinti normalarını pozmaqla tikilməsinin ekspertiza keçirməklə və sairə yollarla müəyyənləşdirilməsi, bu müəyyən olunduğu təqdirdə həmin binanın sökülməsi, İddiaçı binası ilə bağlı layihənin razılaşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Məmmədbəyov X10 şəhəri, Xammədov küçəsi 97 ünvanında 800 kvadrat metr torpaq sahəsini Qusar Bələdiyyəsindən xx xxxx 2003–cü il tarixli N 4/4–12 saylı qərarı ilə fərdi yaşayış evi tikintisi üçün satın alıb. Onun qonşuluqda 2019-cu il yanvar ayında X13 400 kvadrat metr torpaq sahəsini (30 x 13,5 metr) notariat qaydada satın alıb. Qasımov.T.S. aldığı 400 kvadrat metr torpaq sahəsində bütövlükdə bir katlavan qazmış və katlavan qazarkən 1 metr onun torpaq sahəsinə müdaxilə etmişdir. Təqdim etdiyi fotoşəkillər də bunu aydın göstərir. Qasımovun bu hərəkəti barədə o, Qusar rayon Polis şöbəsinə məlumat vermiş, ancaq bundan sonra o, öz sərhədində binanın təməlini atmışdır. İddiaçı görəndə ki, X13 binanın təməlini torpağının sərhəddindən atır, bununla da Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərini pozmuşdur. Həmin Məcəllənin 80–ci maddəsinin əsasən barəsində məlumatlandırma icraatı edilən yaşayış evlərinin münasibətində–divar hündürlüyünün 0,3 hissəsini buraxılmalıdır. Bu dövlət qanunu bir daha 3-cü şəxsin nəzərinə çatdırmışdır. Eyni zamanda həmin şəxsin yaşadığı evə poçt vasitəsilə sifarişli məktub da göndərmişdir. Məktubda xahiş edilmişdir ki, tikdiyi binanı Məcəllənin müvafiq maddələrinə uyğun olaraq tiksin. Həmin şəxs nəinki ara məsafəsi buraxmaq fikrində deyildi, hətta onların torpaq sahəsinə də göz tikmişdi. Təqdim etdiyi fotoşəkildə bütün bunlar aydın görünür. Katlavanı qazarkən onun torpaq sahəsinə bir metr müdaxilə etmişdir. Onun təklifinə X14 məhəl qoymadı və demişdir ki, onun əlində Qusar RİHB Aparatının Memarlıq və Tikinti Şöbəsinin müdiri ilə razılaşdırılmış cizgi, eskiz layihə var və binanı həmin layihə üzrə tikir. O, Qusar RİHB Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Samxanov Şahbaza müraciət etmiş və ona bildirmiş ki, Qasımov Tahir ara məsafə saxlamadan bina inşa edir. Binanın eni uzunu aldığı torpaq sahəsinin eni uzunu eynidir, ona görə də ara məsafəsi saxlamır. Cavab olaraq Saruxanov Şahbaz ona təklif etmişdir ki, o X13 ilə notariat qaydada razılaşma müqaviləsi bağlasın və Tahir Qasımov binanı həmin layihə üzrə tiksin. Razılaşdırılmış layihə, cizgi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Tikinti Məcəlləsinin 69, 80-ci maddələrinin tələblərinə zidd olaraq tərtib edilmişdir. O, T. Qasımov yenidən təklif etmiş ki, hələ gec deyil, qanun üzrə layihəni dəyiş və onlar iki qonşu notariat qaydada müqavilə bağlayaraq, ancaq T. Qasımov yenə də onun təklifini rədd etmişdir. Yuxarıda göstərilən faktlar üzrə o, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev cənablarına müraciət etmiş və onun xx xxx 2019-cu il tarixli ərizəni yoxlanılması üçün Qusar RİHB Aparatına və surətini onun ünvanına göndərmişlər. Qusar RİHB Aparatının Memarlıq və Tikinti Şöbəsinin müdiri Saruxanov Şahbaz onu T. Qasımovun tikintisinə dəvət etmiş və nəticədə T.Qasımovun tikintisində heç bir qüsur, çatışmazlıq olmamasını bildirdi. Sonradan onu Qusar RİHB Aparatına dəvət etmiş və tələb etmiş ki, o, izahat yazıb təsdiq etsin ki, Tahir Qasımovun tikintisində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Tikinti Məcəlləsinin heç bir tələbini pozmayıb və ara məsafə saxlayıb. O, Saruxanovun təklifinə imza atmamışdır. Saruxanovun yoxlamasından sonra Qusar RİHB Aparatının sosial-iqtisadi inkişafın təşkili şöbəsinin müdiri Zoya Eldarovanın imzası ilə xx xxxx 2019-cu il tarixli N 3-636 məktubla cavab vermişdir ki, T.S.Qasımov özünə məxsus torpaq sahəsində zirzəmi və bir mərtəbədən ibarət fərdi yaşayış evi tikir və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə əsasən fərdi yaşayış evi məsafə saxlamaqla inşa edir və T.Qasımov heç bir qanun pozuntusu etməmişdir. Halbuki, Qasımov Tahirin tikdiyi bina Zoya Eldarovanın imza etdiyi məktubda göstərildiyi kimi zirzəmi ilə bir mərtəbəli deyil, faktiki zirzəmi ilə iki mərtəbəli binadır. İkinci bina qəti olaraq fərdi yaşayış evi deyil, tamam ayrı məqsədə qulluq edəcək. Uzunluğu 29 metr, eni 13,5 metr olan binanın sağında və solunda cəmi 8 balaca pəncərə inşa edilib. İçəridə otaqlara oxşar heç nə yoxdur. Faktiki tikilmiş bina zirzəmi ilə iki mərtəbədən ibarətdir. Cizgi eskiz layihə də iki mərtəbədən ibarətdir və 8 pəncərənin olması cizgi və layihədə də öz əksini tapmır. Məhkəməyə təqdim etdiyi fotoşəkillərdən də aydın görünür ki, bina zirzəmi ilə iki mərtəbəlidir və heç də fərdi yaşayış evinə oxşamır. Qusar RİHB Aparatında belə bir cavab aldıqdan sonra o, yenidən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmiş və vəziyyəti izah etmişdir. Komitənin hüquq şöbəsində ona məsləhət bilmişlər ki, Sumqayıt İnzibati Məhkəməsinə müraciət etsin. Tahir Qasımovun torpaq sahəsi hələ ona satılmamış, notariatda qeydə alınmamış, ona izah olunmuşdur ki, küçə tərəfdə olan hasar iddiaçıya məxsusdur. Hasar profnastildən və 50 mm turbalardan, Rusiya istehsalı olan profildən ibarət olmuş, Darvazanın materiallarını Qasımovun prorabı, Murad adında şəxs söküb naməlum tərəfə aparıb. 6 aydan sonra materialların bir hissəsini avqust ayında 2019-cu il gecə ikən küçə tərəfdən onların qapısına atmışlar. Qeyd etdi ki, qalan hissəni-

1. Profil rus istehsalı 20 mmx40 mm-33 m qiyməti, 1,95 man=64 manat; 2. Dayaq turbalar rus istehsalı diametri 50 mm hündürlüyü 3 m x 6 ədəd–18 m qiyməti 1m x 6 manat (18 metr x 6 man)=172 manat; 3. Profnastil 6 ədəd x 2m x 1,30m=12,78 kvadrat metr qiyməti 8 man=108 manat, cəmi hasarın materialı 344 manat ümumiyyətlə ona qaytarılmamışdır. Ərizə ilə Qusar RİHB müraciət etdim ki, bir tək evinin damını dəyişsinlər. Ona görə ki, Qusar şəhərində mansardlı bina məqsədə müvafiq deyil. Adi dam qoyulması daha əlverişlidir. Onu da qərəzli şəkildə icra etməkdən imtina etdilər. Onlar tərəfindən verilən xx xxxxxxx 2019-cu il tarixli 3–921 nömrəli imtina məktubundan da görünür ki, onlar dediklərinə görə Qusar şəhəri, A.Xammədov küçəsində ona məxsus torpaq sahəsində tikiləcək fərdi yaşayış evinin eskiz layihəsinə münasibət bildirilməsi üçün 2015-ci ildə müraciət etmişdir və onun tərəfindən təqdim olunmuş eskiz layihə İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır. 2015-ci ildə Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış layihədən çıxmaqla fərdi yaşayış evi qonşusu Sevil Güləliyevanın evindən hündürlüyə qaldıraraq onunla qonşuluq münasibətlərinə xələl gətirirsiniz. Qonşusu həm İcra Hakimiyyətinə, həm də FHN–nə şikayət ilə müraciət etmişdir. Qeyd etdi ki, qonşunun evi ümumi hasardan 7 metr içəri tərəfdədir. Onun tikdiyi yer ev deyil. Sonradan tikdiyi maşın, xalça yuma sexidir. O da öz binasını tikəndə 2008–ci il tarixdə razılaşdırıb tikməyə başlamışdır. O həmin binanı onaların bu sexi tikməyindən 5 il qabaq tikmişdir. O, necə bilə bilərdi ki, onlar tərəfindən 5 il sonra belə bir, bəlkə də qanuni əsası olmayan sex tikiləcək. 2014-cü il tarixdə bir layihə. 2015–ci il tarixdə başqa bir layihə razılaşıdırıb. 2015-ci il tarixdə də İcra Hakimiyyəti Memarlıq şöbəsi ilə razılaşdırıb hazırki binanı tikir. Hər dəfəsində binanın eni və uzunun tikildiyi yeri dəyişdirmədən, İH ilə razılaşdırılmış qaydada tikinti işləri aparmışdır. 2019–cu il tarixdə yeni layihə vermişdir ki, damı dəyişsin. Qeyd etdi ki, evin heç bir otağını və hissəsini dəyişməmiş və bir tək damı dəyişmişdir. Bu o demək deyil ki, o kiminsə hansısa tikintisinə və sairə xələl gətirmişdir. Onun tərəfindən yerində araşdırma aparılmış və ona dəfələrlə bildirilmişdir ki, fərdi yaşayış evi İH ilə razılaşıdırılmamış layihəyə uyğun tikilməməlidir. Ona görə də İH fərdi yaşayış eviniz tikiləndən sonra təqdim etdiyiniz layihəni razılaşdırmadan geri qaytarır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barəsində qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşdirmə verərək, cavabdeh qismində Qusar Rayon İcra Hakimiyyətinin qoyulmasını, digər şəxslərin isə üçüncü şəxs qismində cəlb edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə prosesində iddiaçının nümayəndəsi X4 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Anatoli oğlu 2008-ci ilin aprel ayında Qusar rayon İcra Hakimiyyətinə müraciət edərək özünə məxsus Qusar şəhəri A.Xammətov küçəsındəki 0.08 ha torpaq sahəsində təqdim olunmuş layihəyə uyğun fərdi yaşayış evinin tikintisinə icazə verməsini xahiş etmişdir.xx xxxxx 2008-ci il tarixdə Qusar rayon icra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən İddiaçı Anatoli oğluna həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmiş və fərdi yaşayış evinin eskiz layihəsi rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən razılaşdırılmışdır.İddiaçı Anatoli oğlu 2015-ci ildə həmin torpaq sahəsində tikilən fərdi yaşayış evinin layihəsində dəyişiklik edilməsi barədə rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən onun yeni layihəsini də razılaşdırmaqla qaytarmışdır. Lakin o, Qusar şəhəri A.Xammətov küçəsində tikdiyi fərdi yaşayış evini özünün təqdim etdiyi və 2015-ci ildə rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsi tərəfindən razılaşdırılmış layihədən kənara çıxmaqla tikmişdir.Tikinti işləri aparılarkən İddiaçı Anatoli oğlunun yaxın qonşusu Sevil Güləliyeva rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X11 X15 Müfəttişliyinə şikayət etmişdir. Şikayətlə əlaqədar həm rayon İcra Hakimiyyətinin, həm də Azərbaycan Respublikası FHN–nin Tikintidə X11 X15 Tikinti Müfəttişliyinin mütəxəssisləri tərəfindən yerində araşdırma aparılmış və İddiaçı Anatoli oğlu tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəllərinin tələbləri pozulmaqla, yəni rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış layihədən kənara çıxmaqla fərdi yaşayış evinin tikildiyi müəyyən edilmişdir. Həm rayon İcra Hakimiyyəti tərəfİndən , həm də Azərbaycan Respublikası FHN-nin Tikintidə X11 X15 Tikinti Müfəttişliyi tərəfindən S.Məmmədovdan fərdi yaşayış evinin özü tərəfindən təqdim edilən və rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış layihəyə uyğun tikilməsini tələb edilmişdir. Lakin İddiaçı fərdi yaşayış evini özünün istədiyi kimi tikmiş və tikinti işləri başa çatdıqdan sonra fərdi yaşayış evinin layihəsinin razılaşdırılması üçün xx xxxxxxx 2019-cu il tarixli ərizə ilə rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı göndərilmiş xx xxxxxxx 2019-cu il tarixli cavab məktubunda 2015-ci ildə razılaşdırılmış layihədən kənara çıxmaqla qonşu ilə ara məsafəsi saxlanılmadan fərdi yaşayış evini inşa edildiyi, qonşu Sevil Güləliyevanın evindən hündür qaldıraraq onunla qonşuluq münasibətlərinə, həmçinin şəhərin memarlıq üslubuna xələl gətirdiyini bildirmişdir. Həmçinin, X5 şəhəri A.Xammətov küçəsində özünə məxsus torpaq sahəsində rayon İcra Hakimiyyəti ilə razılaşdırılmaqla zirzəmi və iki mərtəbədən ibarət fərdi yaşayış evi inşa etmişdir. T.Qasımov tərəfindən fərdi yaşayış evi inşa edilərkən İddiaçı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası FHN–nin Tikintidə X11 Agentliyinə, rayon İcra Hakimiyyətinə, rayon Polis şöbəsinə şikayət məktubları yazmaqla T.Qasımov tərəfindən ona məxsus torpaq sahəsinin bir hissəsinin zəbt edilməsi, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə əsasən fərdi yaşayış evinin ara məsafəsi saxlanılmadan tikilməsi barədə dəfələrlə müraciətlər etmişdir. İddiaçı şikayəti özünün iştirakı ilə rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası FHN-nin Tikintidə X11 X15 Tikinti Müfəttişliyinin, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırılmış və ona həmin qurumlar tərəfindən yazılı cavablar verilmişdir. Bir daha bildiririk ki, T.Qasımov fərdi yaşayış evini Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə əsasən ara məsafəsi saxlanılmaqla inşa etmişdir. T.Qasımov tərəfindən İddiaçı məxsus torpaq sahəsinin bir hissəsinin zəbt olunması faktı da öz təsdiqini tapmamışdır. T.Qasımov həmin torpaq sahəsini və sahəsində tikilmiş yarımçıq tikilini xx xxxxxx 2020-ci il tarixdə Quba Rayonu Xucbala kənd sakini X3. Ona görə də İddiaçı Anatoli oğlunun Qusar rayon İcra Hakimiyyətinə qarşı iddia tələbi təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh təşkilat məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə cavabdeh təşkilatın nümayəndəsinin iştrakı olmadan iddia tələbinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iştrak edən 3-cü şəxs X13 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin inşa edilməsi məqsədi ilə məlumatlandırma icraatı qaydasında Qusar rayon İcra Hakimiyyətinə müraciət etmiş və ondan tələb edilən inşa edəcəyi binanın eskiz lahiyyəsini, torpağın mülkiyyət hüququna dair çıxarışını və digər zəruri sənədləri Qusar rayon İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma şöbəsinə təqdim etmişdir. Qusar rayon İcra Hakimiyyətinə təqdim etdiyi ilkin eskiz lahiyyəsi Tikinti və Şəhərsalma Məcəlləsinin tələblərinə uyğun gəlmədiyinə görə həmin eskiz lahiyyəsinə razılıq verilməmişdir. Sonradan yeni eskiz lahiyyəsi ilə yenidən Qusar rayon İcra Hakimiyyətinə müraciət etmiş və yeni eskiz lahiyyəsi Tikinti və Şəhərsalma Məcəlləsinin tələblərinə uyğun gəldiyinə görə onun təqdim etdiyi eskiz lahiyyəsinə razılıq verilmişdir. Qeyd olunan eskiz lahiyyəsinə görə onunla İddiaçı torpaq sahəsi arasında olan məsafə 2 metr olmuşdur. Özünün digər qonşu ilə ara məsafəsi az qaldığına görə həmin qonşunun notarial qaydada təstiq edilmiş razılıq ərizəsini almışdır. İnşa etdirdiyi binanın altında yerləşən zirzəmi isə qeyd olunan 2 metrəlik məsafəni əhatə edir. Belə ki, Tikinti və Şəhərsalma Məcəlləsinin tələblərinə görə ara məsafəsi tikilmiş fərdi yaşayış evinin zirzəmisi üçün deyil fərdi yaşayış evinin özü üçün nəzərdə tutulub. Mübahisə predmeti olan tikili inşa edildikdən sonra həmin fərdi yaşayış evini X1 və hal hazırda tikilinin mülkiyyətçisi X17r. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iştrak edən digər 3-cü şəxs X20 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, qeyd olunan fərdi yaşayış evini notarial qaydada təstiq edilmiş alqı-satqı müqaviləsi əsasında X6 alımışdır. Hal hazırda mülkiyyətində olan fərdi yaşayış evinin birinci mərtəbəsini dükan, yuxarı mərtəbəsini isə yaşayış evi kimi istifadə edir. Fərdi yaşayış evi İddiaçı mülkiyyətində olan torpaq sahəsinin sərhədindən 2 metr kənarda yerləşir. Qeyd olunan 2 metr sahənin üstü dəmir konstrusiya ilə örtülərək naves kimi istifadə olunur. Həmin navesin inşa edilmiş binaya heç bir aidiyyatı yoxdur. Buna görədə Anar İbrahimov iddia tələbinin əsassız olması səbəbindən rədd olunmasını məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

Əsaslandırma hissəsi:

Məhkəmə iş materiallarınına əlavə edilmiş sənədləri araşdırırb, tərəfləri dinləyərək, hesab edir ki, iddia tələbi mümkün hesab edilsə də, əsassız olduğuna görə təmin edilməməlidir. Gəldiyi nəticəni məhkəmə aşağıdakı kimi əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Anatoli oğlu 2008-ci ilin aprel ayında Qusar rayon İcra Hakimiyyətinə müraciət edərək, özünə məxsus Qusar şəhəri A.Xammətov küçəsındəki 0.08 ha torpaq sahəsində təqdim olunmuş layihəyə uyğun fərdi yaşayış evinin tikintisinə icazə verməsini xahiş etmişdir.xx xxxxx 2008-ci il tarixdə Qusar rayon icra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən İddiaçı Anatoli oğluna həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmiş və fərdi yaşayış evinin eskiz layihəsi Qusar rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən razılaşdırılmışdır. İddiaçı Anatoli oğlu 2015-ci ildə həmin torpaq sahəsində tikilən fərdi yaşayış evinin layihəsində dəyişiklik edilməsi barədə rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən onun yeni layihəsidə razılaşdırılmışdır. Lakin İddiaçı Qusar şəhəri A.Xammətov küçəsində tikdiyi fərdi yaşayış evini 2015-ci ildə rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsi tərəfindən razılaşdırılmış layihədən kənara çıxmaqla tikmişdir. İddiaçı Anatoli oğlunun apardığı tikilinin Qusar rayon İcra hakimiyyəti ilə razılaşdırılmış lahiyyə üzrə deyil, özünün çəkdirdiyi lahiyyə üzrə inşa edilməsi məhkəmə tərəfindən təyin edilmiş və xx xxxx 2020-ci il tarixli 10/3784 saylı ekpert rəyi ilə öz təstiqini tapmışdır. Tikinti işləri başa çatdıqdan sonra fərdi yaşayış evinin layihəsinin razılaşdırılması üçün İddiaçı xx xxxxxxx 2019-cu il tarixli ərizə ilə Qusar rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Qusar rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı göndərilmiş xx xxxxxxx 2019-cu il tarixli cavab məktubunda 2015-ci ildə razılaşdırılmış layihədən kənara çıxmaqla qonşu ilə ara məsafəsi saxlanılmadan fərdi yaşayış evini inşa edildiyi, qonşu Sevil Güləliyevanın evindən hündür qaldıraraq onunla qonşuluq münasibətlərinə, həmçinin şəhərin memarlıq üslubuna xələl gətirdiyi bildirilərək, fərdi yaşayış evi tikildikdən sonra təqdim edilən lahiyə razılaşdırılmadan geri qaytarılmışdır. Hazır ki, iş üzrə məhkəmə tərəfindən 3-cü şəxs qismində cəlb edilmiş X5 şəhəri A.Xammətov küçəsində özünə məxsus torpaq sahəsində Qusar rayon İcra Hakimiyyəti ilə razılaşdırılmaqla zirzəmi və iki mərtəbədən ibarət fərdi yaşayış evi inşa etdirmişdir. İddiaçı iddia edir ki, Tahir Qasımov tərəfindən inşa edilən tikili fərdi yaşayış evi deyil, qeyri-yaşayış sahəsidir və həmin tikili tikilərkən Tikinti və Şəhərsalma Məcəlləsinin tələbləri nəzərə alınmamışdır. Belə ki, Tahir Qasımov tərəfindən tikili həyata keçirilərkən ona məxsus olan torpaq sahəsindən ən azı 3 metr aralıda həyata keçirilməli idi, lakin fərdi yaşayış evinin divarı onun torpaq sahəsinin sərhədində inşa edilmişdir. Bundan sonra Tahir Qasımov özünün inşa elətdirdiyi tikilini və torpaq sahəsini X3.Yaranmış məsələyə aydınlıq gətirilməsi məqsədi ilə, məhkəmə tərəfindən tikinti-texniki ekspertiza təyin edilmişdir. Qeyd olunan ekpert rəyi məhkəməyə daxil olduqdan sonra məhkəmə iclası təyin edilərək, məsələyə mahiyyəti üzrə baxılmışdır. Qeyd olunan iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə iddiaçının iddia tələbi:

1) X13 tərəfindən “yaşayış evi” adı altında tikilmiş binanın tikinti normalarını pozmaqla tikilməsinin ekspertiza keçirməklə və sairə yollarla müəyyənləşdirilməsi, bu müəyyən olunduğu təqdirdə həmin binanın sökülməsi, 2) İddiaçı binası ilə bağlı layihənin razılaşdırılması vəzifəsinin Qusar rayon İcra hakimiyyətinin üzərinə qoyulması

İddia tələbinin 1-ci hissəsini araşdıraraq, məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Qeyd olunan qanunvericilik aktlarının tələblərindən məlum olur ki, fiziki və ya hüquqi şəxslər mülkiyyətində olan əmlakdan maneəsiz şəkildə istifadə etməkdə sərbəstirlər. Azərbaycan Respublikası Tikinti və Şəhərsalma Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Həmin Məcəlləsinin 80.3-cü maddəsinə barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır.Həmin Məcəllənin 80.4cü maddəsinə sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci, 80.1-1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, bu Məcəllənin 80.1-1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə isə, həmin ərazi üzrə müfəssəl plan olduqda 10 gün müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 1 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 80.5-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin” tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 695 saylı xx xxxxxxxx 2012-ci il tarixli Fərmanına əsasən həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini yerli icra hakimiyyəti orqanları həyata keçirir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən məlum olur ki, tikintisinə icazə tələb olunmayan tikililər inşa edilməmişdən öncə, məlumatlandırılma icraatı qaydasında tikilinin sifarişçisi (sahibi), yerli icra hakimiyyətinə tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə məlumat verir və tikilinin məlumatlandırılma icraatına uyğunluğunun yoxlanması məqsədi ilə tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini yerli icra hakimiyyətinə göndərməlidir. Yerli icra hakimiyyəti 10 gün müddətində layihəyə dair iradını sifarişçiyə (torpaq sahibinə) təqdim edilmədikdə, sifarişçi (torpaq sahibi) tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Məhkəmə tərəfindən təyin edilmiş tikinti texniki ekspertizasının rəyindən müəyyən edilmişdir ki, X13 tərəfindən inşa işləri aparılarkən Tikinti və Şəəhərsalma Məcəlləsinin 69cu maddəsində nəzərdə tutulmuş ara məsafəsinə riayət olunmuşdur. Qeyd olunan Məcəllənin 69-cu maddəsində, o cümlədən Nazirlər Kabineti tərəfindən təstiq edilmiş “ara məsafəsi haqqında müfəssəl qaydalarda”- ara məsafəsi tikilinin üzdə görünən hissəsinə şamil olunur, yəni həmin normalarda tikili altında olan zirzəminin inşa edilməsi üçün məsafənin saxlanması nəzərdə tutulmamışdır. Ona görədə X13 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin altında olan zirzəmi, zirzəminin üstündə damı dəmir konstruksiya ilə bərkidilmiş naves, eskiz lahiyəsində göstərilmiş binanın tərkib hissəsi kimi qəbul edilə bilməz.Yəni həmin Məcəllənin 69-cu maddəsində qeyd olunan ara məsafəsinin hesablanması zamanı navesin yerləşdiyi yerdən qonşu torpaq sahəsinin sərhədinə kimi olan məsafə deyil, X7 inşa etdirdiyi fərdi yaşayış evinin divarından qonşu torpaq sahəsinin sərhədinə qədər olan məsafə hesablanmalıdır. Müvafiq ekspert rəyinə əsasən X7 inşa elətdirdiyi fərdi yaşayış evi ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsinin arasında olan məsafənin 1,86 metr olmalı halda, həmin məsafənin 2 metr təşkil etməsi göstərilmişdir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri bilir ki, X7 inşa etdirib sonradan Anar İbrahimova satdığı fərdi yaşayış evindən müvafiq icazə olmadan, yəni binanın təyinatı dəyişdirilmədən mağaza kimi istifadə etməsinin qarşısını almaq müvafiq qurumların vəzifəsidir. Ona görədə məhkəmə hesab edir ki, X13 tərəfindən inşa edilmiş tikilidən təyinatı üzrə istifadə etməməsi, fərdi yaşayış evinə bitişik navesin quraşdırılması mübahisəli binanın söküntüsünə səbəb ola bilməz. İddia tələbinin 2-ci hissəsini araşdıraraq, məhkəmə Tikinti və Şəhərsalma Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinə istinad edərək, qeyd etməyi zəruri bilir ki, Qusar rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı özünə məxsus olan torpaq sahəsində inşa edəcəyi fərdi yaşayış evinin lahiyyəsi razılaşdırıldıqdan sonra İddiaçı həmin razılaşdırılmış lahiyə üzrə deyil, digər lahiyyə üzrə tikilinin həyata keçirilməsi, o cümlədən həmin tikilinin artıq başa çatması səbəbindən iddia tələbində qeyd olunan 2-ci tələbin cavabdeh təşkilatın üzərinə qoyulması Qanunun tələbinə ziddir. Nəzərə alınmalıdır ki, lahiyyənin razılaşdırılması tikili inşa edilənə qədər həyata keçirilməli bir hərəkətdir və həmin hərəkətin tikili inşa edildikdən sonra yerinə yetirilməsi məlumatlandırma icraatının prinsiplərinə uyğun deyildir. Ona görədə məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilə bilməz.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı

İddiaçı Anatoliy oğlunun cavabdeh Qusar Rayon İcra Hakimiyyətinə qarşı X13 tərəfindən “yaşayış evi” adı altında tikilmiş binanın tikinti normalarını pozmaqla tikilməsinin ekspertiza keçirməklə və sairə yollarla müəyyənləşdirilməsi, bu müəyyən olunduğu təqdirdə həmin binanın sökülməsi, onun binası ilə bağlı layihənin razılaşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar