Məhkəmə qərarları › İş №2-1(118)-2315/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2315/2024

30.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2315/2024 30.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş edilmiş xx.xx.2023-cü il tarixli “maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” qərarın və onun əsasında verilmiş xx.xx.2023-cü il tarixli “Antiinhisar qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında” göstərişin ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” Qərara əsasən "xxxx" MMC-yə tələb olunan sənəd və məlumatları təqdim etmədiyinə görə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci hissəsinin beşinci abzasına əsasən 2023-cü ilin iyun, iyul və avqust ayları üzrə əldə edilmiş gəlirin 5 faizi miqdarında, yəni 30441.34 (otuz min dörd yüz qırx bir manat otuz dörd qəpik) manat maliyyə sanksiyası tətbiq edilmiş və müvafiq sənədlərin təqdim edilməsi tələb edilmişdir. Həmin qərar əsasında xx.xx.2023-cü il tarixli “Antiinhisar qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında” Göstəriş verilmişdir. Qeyd olunan Qərar və onun əsasında verilmiş Göstəriş tamamilə əsassız, qanunvericiliyin tələblərinə zidd və qərəzli olaraq hazırlanmışdır. Belə ki, Qərarın müəyyən etdi hissəsində göstərilmişdir ki, təqdim edilən sənəd və məlumatların araşdırılması zamanı MMC tərəfindən uyğunluq sertifikatları təqdim edilməmişdir. Eyni zamanda qərarda o da göstərilmişdir ki, Xidmət onun tabeliyində olan “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsindən kolbasa və sosiska məhsullarına verilmiş uyğunluq sertifikatları ilə bağlı məlumatlar alınmış (D/O 3-2 M-1/3-4-DY-515/2023, xx.xx.2023) və MMC-nin istehsalı olan kolbasa və sosiska məhsullarına dair uyğunliq sertifikatlarının olmadığı müəyyən edilmişdir. Göründüyü kimi həmin məlumatlar MMC tərəfindən təqdim edilməsə belə müvafiq dövlət orqanı digər orqanın sərəncamında olan həmin məlumatları əldə edə bilmə imkanına malikdir və hətta həmin orqan Xidmətin tabeliyində olan qurumdur. Uyğunluq sertifikatı ilə bağlı MMC-dən belə bir tələbin olması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi ilə müəyyən edilmiş “Etimad hüququnun pozulması prinsipi”nin pozulması ilə nəticələnmişdir. Belə ki, İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırda Azərbaycan Respublikasında qida məhsullarının istehsalı ilə məşğul olan sahibkarlıq subyektlərinin fəaliyyəti Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti altında və oııun tövsiyyə və göstərişlərinə əsasən qurulmuşdur. Bu gün kolbasa və sosiska istehsalında mövcud standartların tələbləri tam deyildir və AQTA-nın tövsiyyələrinə əsasən belə məhsulların istehsalı istehsalçıların özlərinin reseptlərinə əsasən hazırlanır və həmin reseptlər AQTA tərəfindən qəbul edilir. Bu əsasla da istehsalçılar fəaliyyətlərini qururlar. Artıq bu hal Azərbaycanda praktika halını almışdır.Qərardan görsənir ki, "xxxx" MMC-yə tələb olunan sənəd və məlumatları təqdim etmədiyinə görə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci hissəsinin beşinci abzasına əsasən 2023-cü ilin iyun, iyul və avqust ayları üzrə əldə edilmiş gəlirin 5 faizi miqdarında, yəni 30441.34 (otuz min dörd yüz qırx bir manat otuz dörd qəpik) manat maliyyə sanksiyası tətbiq edilmişdir. İlk növbədə onu nəzərə alınmalıdır ki, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci hissəsinin beşinci abzasına əsasən Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına qəsdən düzgün olmayan məlumat verdikdə və ya lazımi məlumatı vermədikdə bazar subyektlərinə bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksix vergiləri çıxılmaqla) 5 faizinə qədər maliyyə sanksiyası tətbiq edilir. Qanunda sanksiyanın 5 faizə qədər tətbiq edilməsi nəzərdə tutulduğu halda Xidmət tərəfindən “İnzibati icraat haqqında” AR Qanununda nəzərdə tutulmuş diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydaları pozulmuşdur. Xidmətin bu qərarı MMC-nin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmişdir. Niyə sanksiyanın 5 faizə qədər deyil, birbaşa 5 faiz olması barədə mülahizələr dəqiq və aydın şəkildə əsaslandırılmamışdır. Eyni zamanda D/O3-21-1-1/3-4-DY-515/2023 nömrəli sənədin nömrəsindən də bilinir ki, bu daxili yazışma əsasında X6 yolu ilə əldə edilmişdir...Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının tələbi rədd edilməli və təmin edilməməlidir. Belə ki, hüquqi ünvanı ünvan 1 Cəmiyyəti (VÖEN: **********) haqqında “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinin ikinci və beşinci abzasların tələblərinin pozulması əlamətləri üzrə qaldırılmış xx.xx.2023-cü il tarixli 3-21-1/3-1-F-128/2023 nömrəli iş üzrə yaradılmış komissiyanın xx.xx.2023-cü il tarixində keçirilən iclasında "xxxx" MMC-nin direktoru X4 iştirak etmişdir."xxxx" MMC xx.xx.2023-cü il tarixli 25/2023 nömrəli məktubu (daxiloma qeydiyyatı: 3-21-1/1-18156/2023 xx.xx.2023-cü il) ilə “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi tərəfindən "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixdə verilmiş əla növ sosiskalar: “Kürə” və “Sosiska” məhsullarına, əla növ bişmiş hisə verilmiş kolbasalar: “Servelat”, "Sarımsaqlı Servelat” məhsullarına, əla növ bişmiş-yarı hisə verilmiş kolbasalar: “Krakovskaya”, “Oxotniçaya”, “Prima”, “Sucuq” məhsullarına, əla növ bişmiş kolbasalar: “Doktorskaya”, “Həvəskar”, “Lyubitelskaya”, “Sarımsaqlı Lyubitelskaya”, “Sinyuqa”, “Toyuq" məhsullarına aid uyğunluq sertifikatlarının surətlərini təqdim etmişdir. Lakin iş üçün əhəmiyyət kəsb edən aşağıdakı sənəd və məlumatlar Komissiyanın “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması haqqında” xx.xx.2023-cü il tarixli Qərarı (çıxış nömrəsi; AİBNDX/Q-172/2023, xx.xx.2023-cü il) ilə "xxxx" MMC-dən tələb edilsə də əsassız olaraq təqdim edilməmişdir: -İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-1/2-11352/2023 nömrəli məktubu ilə tələb olunan sənəd və məlumatların tam təqdim edilməməsinin səbəbləri barədə izahat; -istehsal edilmiş kolbasa və sosiskaların uyğunluq sertifikatları olmadığı təqdirdə etiketlərində uyğunluq nişanının qeyd olunmasının səbəbləri barədə izahat; istehsal edilmiş kolbasa və sosiskaların etiketində və ya qlafında uyğunluq nişanının göstərilməyə (istifadəyə) başlanıldığı tarix (gün, ay, il) barədə məlumat; - istehsal edilmiş kolbasa və sosiskaların etiketində və ya qlafında uyğunluq nişanının göstərilməyə (istifadəyə) başlanıldığı tarixdən (gün, ay, il) hazırkı tarixə kimi həmin məhsulların satışından əldə olunmuş gəlirlər barədə məlumat (ƏDV-siz); -"xxxx" MMC tərəfindən istehsal olunan kolbasa və sosiska məhsullarının satışı ilə əlaqədar bağlanılmış müqavilələrin nümunəvi forması; -bütün fəaliyyət növləri üzrə 2023-cü il may, iyun, iyul, avqust və sentyabr ayları (hazır olduğu təqdirdə) ərzində (hər ay üzrə ayrı-ayrılıqda) əldə edilmiş ümumi gəlirlər (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) barədə cədvəl məlumatı və bunu təsdiq edən sənədlərin (dövlət vergi orqanlarına təqdim edilmiş hesabatlar (X9 Bəyannaməsi və s.) müvafiq qaydada təsdiq olunmuş surətləri; - 2022-ci il üzrə vergi orqanlarına təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinin müvafiq qaydada təsdiq olunmuş surəti. İşə baxılma iclası zamanı Xidmətin müvafiq məktubları və qərarı ilə tələb olunan sənəd və məlumatların təqdim edilməməsinin səbəbləri Vüqar Əmrullayevdən soruşulmuşdur. Lakin, "xxxx" MMC tərəfindən sənəd və məlumatların təqdim edilməməsinin səbəbləri barədə heç bir əsaslı məlumat və onu sübut edən faktlar Komissiyaya təqdim edilməmişdir. Xidmətin xx.xx.2023-cü il tarixli 3-21/3-5-44796/2023 nömrəli məktubu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 30.6.15-ci və “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq "xxxx" MMC-nin (VÖEN: **********) 2023-cü ilin iyun, iyul, avqust və sentyabr (hazır olduğu təqdirdə) ayları üzrə X9 bəyannamələrinin surətləri təqdim edilməsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən xahiş edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən əldə edilmiş məlumatda (daxiloma qeydiyyatı: 3-21/3-545838/2023 xx.xx.2023-cü il) "xxxx" MMC (VÖEN: **********) tərəfindən təqdim edilmiş 2023-cü ilin iyun, iyul və avqust “Əlavə dəyər vergisi bəyannamələri”nə əsasən "AY-MİN” MMC-nin (VÖEN: **********) bütün fəaliyyət növləri üzrə son üç ayda, yəni 2023cü ilin iyun, iyul və avqust aylarında əldə edilmiş ümumi gəliri (əlavə dəyər və aksiz vergiləri çıxılmaqla) 608 826,75 manat (altı yüz səkkiz min səkkiz yüz iyirmi altı manat yetmiş beş qəpik) təşkil etdiyi müəyyən edilmişdir. Bununla əlaqədar, Dövlət Xidmətinin Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında xx.xx.2023-cü il tarixli Qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) haqqında “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzasların tələblərinin pozulması əlamətləri üzrə qaldırılmış xx.xx.2023-cü il tarixli 3-21-1/3-1-F- 128/2023 nömrəli işə baxılması təxirə salınmış və tələb olunan sənəd və məlumatları təqdim etmədiyinə görə MMC barəsində “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci hissəsinin beşinci abzasına əsasən 2023-cü ilin iyun, iyul və avqust ayları üzrə əldə edilmiş 608 826,75 manat (altı yüz səkkiz min səkkiz yüz iyirmi altı manat yetmiş beş qəpik) gəlirin 5 faizi miqdarında, yəni 30 441,34 manat (otuz min dörd yüz qırx bir manat otuz dörd qəpik) maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin, "xxxx" MMC-nin istehsal edib satdığı ət məhsullarının etiketində (qablaşdırılmasında) müvafiq sertifikatları olmadan uyğunluq nişanı vurulmuş, habelə məhsulların etiketində (qablaşdırılmasında) onların saxlama müddətləri və tərkibləri barədə məlumatları dolğun, dəqiq, aydın və istehlakçılar üçün tam başa düşülən formada verilməmişdir. Eyni zamanda məhsullarının etiketində (qablaşdırılmasında) müvafiq sertifikatları olmadan uyğunluq nişanının xx.xx.2023-cü il tarixindən əvvəl vurulması əlamətləri vardır. İşə baxma zamanı Komissiya tərəfindən "xxxx" MMC tərəfindən tələb olunan sənəd və məlumatların tam təqdim edilmədiyi, təqdim olunan məlumatlarda uyğunsuzluq olduğu müəyyən edilmiş, işin hərtərəfli və obyektiv araşdırılması üçün əlavə sənəd və məlumatların,habelə dəqiqləşdirilmiş sənəd və məlumatların təkrar tələb edilməsinin zəruriliyi qeyd edilmiş, eyni zamanda tələb olunan məlumatların düzgün və vaxtında verilməməsinə görə məsuliyyət daşıdığı "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi X3 nəzərinə çatdırılmışdır. İddiaçı məhkəmədə iddia qaldırdıqdan sonra keçirilmiş növbəti işə baxılma iclası zamanı da xx.xx.2024-cü il tarixinə kimi fəaliyyəti ilə əlaqədar aşağıdakı sənəd və məlumatların İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilməsi tələb edilmişdir: - xx.xx.2023cü il tarixindən əvvəl kolbasa və sosiskaların markalanmasında istifadə olunan bütün növ etiket və qlafların alışını və onların sifarişini təsdiq edən sənədlərin müvafiq qaydada təsdiq olunmuş surəti; -istehsal edilmiş kolbasa və sosiskaların etiketində və ya qlafında uyğunluq nişanının göstərilməyə (istifadəyə) başlanıldığı tarix (gün, ay, il) barədə dəqiqləşdirilmiş məlumat; -istehsal edilmiş kolbasa və sosiskaların etiketində və ya qlafında uyğunluq nişanının göstərilməyə (istifadəyə) başlanıldığı tarixdən (gün, ay, il) xx.xx.2023-cü il tarixə kimi həmin məhsulların satışından əldə olunmuş gəlirlər (ƏDV-siz) barədə dəqiqləşdirilmiş məlumat; -"xxxx" MMC tərəfindən istehsal olunan kolbasa və sosiska məhsullarının satışı ilə əlaqədar bağlanılmış müqavilələrin nümunəvi forması; istehsal olunan kolbasa və sosiskaların yararlılıq müddəti barədə istehlakçılara dəqiq və tam başa düşülən formada məlumat verilməməsinin səbəbləri barədə izahat; -“FLAQMAN” əmtəə nişanlı “DOKTORSKAYA” bişmiş kolbasasının etiketində(qablaşdırılmasında) uyğunluq nişanı vurulmağa, habelə saxlama müddətində “poliamid süni və ya təbii qlafda qablaşdırıldıqda 30 sutka” qeyd edilməyə başlanıldığı tarixdən (tarix göstərilməklə (gün, ay, >>) hazırkı tarixə kimi bu rr jhsulların satışından əldə Junmuş gəlir (ƏDV- siz) barədə məlumat; -“FLAQMAN” əmtəə nişanlı “KÜRƏ SOSİSLƏRİ”-nin etiketində (qablaşdırılmasında) uyğunluq nişanı vurulmağa, habelə saxlanma şərtlərində “süni poliamid qlafda qablaşdırılmış sosiskalar 25, vakuum qablaşdırıldıqda isə 30 sutka” qeyd edilməyə başlanıldığı tarixdən (tarix göstərilməklə (gün, ay, il) hazırkı tarixə kimi bu məhsulların satışından əldə olunmuş gəlir (ƏDV-siz) barədə məlumat; - “FLAQMAN” əmtəə nişanlı “OXOTNİÇAYA” yarım hisə verilmiş kolbasasının etiketində (qablaşdırılmasında) uyğunluq nişanı vurulmağa, habelə saxlanma şərtlərində “süni və ya təbii qlaflarda 15, vakuum qablaşdırıldıqda isə 40 sutka” qeyd edilməyə başlanıldığı tarixdən (tarix göstərilməklə (gün, ay,il) hazırkı tarixə kimi bu məhsulların satışından əldə olunmuş gəlir (ƏDV- siz) barədə məlumat;-“FLAQMAN” əmtəə nişanlı “Servelat” bişirilmiş hisə verilmiş kolbasasının etiketində (qablaşdırılmasında) göstərilmiş saxlanma şərtlərində “süni və ya təbii qlaflarda 30, vakuum qablaşdırıldıqda isə 45 sutkayadək” qeyd edilməyə başlanıldığı tarixdən (tarix göstərilməklə (gün, ay, il) hazırkı tarixə kimi bu məhsulların satışından əldə olunmuş gəlir (ƏDV-siz) barədə məlumat; - “FLAQMAN” əmtəə nişanlı toyuq bişirilmiş kolbasasının etiketində (qablaşdırılmasında) uyğunluq nişanı vurulmağa, habelə saxlanma şərtlərində “süni və ya təbii qlaflarda 30 sutka” qeyd edilməyə başlanıldığı tarixdən (tarix göstərilməklə (gün, ay, il) hazırkı tarixə kimi bu məhsulların satışından əldə olunmuş gəlir (ƏDV-siz) barədə məlumat;- “FLAQMAN” əmtəə nişanlı “sosiska” əla növ məhsulun etiketində (qablaşdırılmasında) göstərilmiş saxlanma şərtlərində “süni poliamid qlafda qablaşdırılmış sosiskalar üçün 25, vakuum qablaşdırıldıqda isə 30 sutkadır” qeyd edilməyə başlanıldığı tarixdən (tarix göstərilməklə (gün, ay, il) hazırkı tarixə kimi bu məhsulların satışından əldə olunmuş gəlir (ƏDV-siz) barədə məlumat; -“FLAQMAN” əmtəə nişanlı “Krakovskaya” yarım hisə verilmiş kolbasasının etiketində (qablaşdırılmasında) uyğunluq nişanı vurulmağa, habelə saxlanma şərtlərində “süni və ya təbii qlaflarda 15, vakuum qablaşdırıldıqda isə 40 sutkayadəkdir” qeyd edilməyə başlanıldığı tarixdən (tarix göstərilməklə (gün, ay, il) hazırkı tarixə kimi bu məhsulların satışından əldə olunmuş gəlir (ƏDV-siz) barədə məlumat; - “FLAQMAN” əmtəə nişanlı “Sucuk” yarım hisə verilmiş kolbasasının etiketində (qablaşdırılmasında) uyğunluq nişanı vurulmağa, habelə saxlanma şərtlərində “süni və ya təbii qlaflarda 15, vakuum qablaşdırıldıqda isə 40 sutkayadəkdir” qeyd edilməyə başlanıldığı tarixdən (tarix göstərilməklə (gün, ay, il) hazırkı tarixə kimi bu məhsulların satışından əldə olunmuş gəlir (ƏDV-siz) barədə məlumat,- “FLAQMAN” əmtəə nişanlı “Lyubitelskaya” bişmiş kolbasasının etiketində (qablaşdırılmasında) uyğunluq nişanı vurulmağa, habelə saxlanma şərtlərində “süni və ya təbii qlaflarda 30 sutka” qeyd edilməyə başlanıldığı tarixdən (tarix göstərilməklə (gün, ay, il) hazırkı tarixə kimi bu məhsulların satışından əldə olunmuş gəlir (ƏDV-siz) barədə məlumat;-“FLAQMAN” əmtəə nişanlı “Sarımsaqlı" lyubitelskaya bişmiş kolbasasının etiketində (qablaşdırılmasında) göstərilmiş saxlanma şərtlərində “süni və ya təbii qlaflarda 30 sutka” qeyd edilməyə başlanıldığı tarixdən (tarix göstərilməklə (gün, ay, il) hazırkı tarixə kimi bu məhsulların satışından əldə olunmuş gəlir (ƏDV-siz) barədə məlumat; “FLAQMAN” əmtəə nişanlı “Həvəskar” bişmiş kolbasasının etiketində (qablaşdırılmasında) uyğunluq nişanı vurulmağa, habelə saxlanma şərtlərində “süni və ya təbii qlaflarda 30 sutka” qeyd edilməyə başlanıldığı tarixdən (tarix göstərilməklə (gün, ay, il) hazırkı tarixə kimi bu məhsulların satışından əldə olunmuş gəlir (ƏDV-siz) barədə məlumat; -“FLAQMAN” əmtəə nişanlı "Sinyuqa” bişmiş kolbasasının etiketində (qablaşdırılmasında) uyğunluq nişanı vurulmağa, habelə saxlanma şərtlərində “süni və ya təbii qlaflarda 15 sutka” qeyd edilməyə başlanıldığı tarixdən (tarix göstərilməklə (gün, ay, il) hazırkı tarixə kimi bu məhsulların satışından əldə olunmuş gəlir (ƏDV-siz) barədə məlumat; “FLAQMAN” əmtəə nişanlı “Prima” yarım hisə verilmiş kolbasasının etiketində (qablaşdırılmasında) göstərilmiş saxlanma şərtlərində “süni və təbii qlaflarda 30 sutka” qeyd edilməyə başlanıldığı tarixdən (tarix göstərilməklə (gün, ay, il) hazırkı tarixə kimi bu məhsulların satışından əldə olunmuş gəlir (ƏDV-siz) barədə məlumat; -bütün fəaliyyət növləri üzrə 2023-cü il noyabr və dekabr ayları (hazır olduğu təqdirdə) ərzində (hər ay üzrə ayrı-ayrılıqda) əldə edilmiş ümumi gəlirlər (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) barədə cədvəl məlumatı və bunu təsdiq edən sənədlərin (dövlət vergi orqanlarına təqdim edilmiş hesabatlar (X9 Bəyannaməsi və s.) müvafiq qaydada təsdiq olunmuş surətləri. İddiaçı iddia ərizəsində qeyd edir ki, Dövlət Xidmətinin istədiyi bütün sənəd və məlumatlar təqdim edilmişdir, bir sıra sənəd və məlumatlar var ki, MMC-nin həmin sənəd və məlumatları təqdim etməsi mümkün olmamışdır. Həmin sənəd və məlumatlar da aidiyyəti qurumlara Dövlət Xidməti tərəfindən müraciət edildiyi halda əldə edilə bilərdi. İddiaçının bu fikri tamamilə qanunsuz və əsassızdır. Belə ki, işə baxma zamanı Komissiya tərəfindən "xxxx" MMC tərəfindən tələb olunan sənəd və məlumatlar tam təqdim edilməmiş, təqdim olunan məlumatlarda uyğunsuzluq olduğu müəyyən edilmiş, işin hərtərəfli və obyektiv araşdırılması üçün əlavə sənəd və məlumatların, habelə dəqiqləşdirilmiş sənəd və məlumatların təkrar tələb edilməsinin zəruriliyi qeyd edilmiş, eyni zamanda tələb olunan məlumatların düzgün və vaxtında verilməsi tələb edilmişdir. İşə baxılma iclası zamanı Xidmətin müvafiq məktubları və qərarı ilə tələb olunan sənəd və məlumatların təqdim edilməməsinin səbəbləri Vüqar Əmrullayevdən soruşulmuşdur.Lakin "xxxx" MMC tərəfindən sənəd və məlumatların təqdim edilməməsinin səbəbləri barədə heç bir əsaslı məlumat və onu sübut edən faktlar Komissiyaya təqdim edilməmişdir.Əlavə olaraq bildirir ki, Dövlət Xidmətinin iddiaçıdan tələb etdiyi sənəd və məlumatlar digər orqanlardan hüquqi yardım vasitəsilə alınan məlumatlar deyil və həmin sənəd və məlumatlar "xxxx" MMC-nin səlahiyyətindədir və Dövlət Xidmətinin ətraflı və şəffaf araşdırma apara bilməsi üçün təqdim edilməsi zəruridir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” qərarın və onun əsasında verilmiş xx.xx.2023-cü il tarixli “Antiinhisar qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında” göstərişin surəti, Ali Məhkəmənin qərarlarının surəti, cavabdehin etiraz ərizəsi və digər sənədlər. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli “maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” qərar və onun əsasında verilmiş xx.xx.2023-cü il tarixli “Antiinhisar qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında” göstəriş qəbul edilmişdir. Həmin nəzarət tədbirləri nəticəsində barəsində qəbul edilmiş qərardan narazı qalan iddiaçı qərarın qanunsuz olduğu qənaətinə gələrək ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən cavabdehin qəbul etdiyi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən diskression səlahiyyətlərinə əsaslanaraq qəbul etdiyi xx.xx.2023-cü il tarixli “maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” qərar qanunvericiliyə uyğun şəkildə qəbul edildiyindən iddia tələbi təmin edilməməlidir. Belə ki, “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 18-ci maddəsinə əsasən bu Qanunun pozulmasına görə təsərrüfat subyektləri, onların rəhbərləri və müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri aşağıda nəzərdə tutulan məsuliyyəti daşıyırlar. Təsərrüfat subyektləri: -müvafiq icra hakimiyyəti orqanının qanuni göstərişlərini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə hər gecikdirilmiş günə görə əlli beş manatadək, lakin iyirmi iki min manatdan çox olmamaq şərti ilə; müvafiq icra hakimiyyəti orqanına bu Qanunun 13-cü, 13-1-ci və 16-cı maddələrində göstərilmiş məlumatları və sənədləri vermədikdə, yaxud düzgün olmayan məlumatlar verdikdə - beş min beş yüz manatadək maliyyə sanksiyası şəklində cərimə olunurlar. “Haqsız rəqabət haqqında” Qanun 9-cu madəsinə əsasən Bazar subyektlərinin istehlakçıları çaşdırmağa yönəldilmiş aşağıdakı hərəkətlərinə yol verilmir:-əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi;-əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunması;-əmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi açıqlanması;-əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi;-əmtəənin öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi. Həmin qanunun 12-ci maddəsinə əsasən Bu Qanunun tələblərinin pozulmasına görə bazar subyektlərinə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir: -bu Qanunun 5, 6, 7, 8, 9-cu maddələrində qadağan olunmuş hərəkətlərə yol verdikdə — haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 10 faizinədək, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə 20 faizinədək maliyyə sanksiyası. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh təşkilat tərəfindən müəssisədən kolbasa və sosiska məhsullarının istehsalı sahəsində haqsız rəqabət qanunvericiliyinə əməl olunmasının yoxlanılması məqsədilə lazimi sənəd və məlumatların təqdim edilməsi tələb olunmuşdur. İddiaçı tərəfindən həmin tələbnamədə göstərilmiş müvafiq məlumatlar tam şəkildə inzibati orqana təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçı həmin vaxt qüvvədə olmuş “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin tələblərini pozmuş və nəticədə iddiaçı barəsində mübahisələndirilən qərar qəbul edilmişdir. Belə olan halda iddiaçının tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş edilmiş xx.xx.2023-cü il tarixli “maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” qərarın və onun əsasında verilmiş xx.xx.2023-cü il tarixli “Antiinhisar qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında” göstərişin ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar