Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2316/2021 21.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Torpağın mülkiyyətə verilməsinə dair JN-164F, Kod 30602016 saylı Şəhadətnamədə soyadı “Cəmil” adının əvəzinə onun soyadı, adı, ata adının “İddiaçı” kimi dəyişməklə hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilməsi vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması”na dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı oğlu Torpağın mülkiyyətə verilməsinə dair JN-164F, Kod 30602016 saylı Şəhadətnamədə soyadı “Cəmil” adının əvəzinə onun soyadı, adı, ata adının “İddiaçı” kimi dəyişməklə hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 15 oktyabr 2021-ci il tarixli, **********86 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1961 -ci ildə Füzuli rayonunda anadan olmuşdur. Hal-hazırda ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Qeyd edir ki, ona Xızı rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1998-ci il tarixli, 06 saylı qərarına əsasən 0,09 ha torpaq sahəsi ayrılaraq mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsini iddiaçı, idarə etmiş və bu vaxta kimi də onun istifadəsində olmuşdur. Hal-hazırda isə həmin torpaq sahəsini öz adına sənədləşdirə bilmir. Əsas səbəb də, torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamədə onun soyadının və ata adının qeyd olunmamasıdır. Belə ki, şahədətnamə verilərkən İddiaçı yazılmalı olduğu halda, sadəcə Cəmil kimi qeyd edilmişdir. Odur ki, torpaq sahəsinin tam olaraq kimə məxsus olduğu müəyyənləşdirilə bilinmir. Bu səbəbdən də, iddiaçı, sənədləşdirmə işlərini aparmaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir, lakin 2 saylı Ərazi İdarəsinin 15 oktyabr 2021-ci il tarixli bildiriş məktubu ilə torpaq sahəsinin iddiaçıya aid olmasını müəyyənləşdirə bilmədikləri üçün imtina edərək aidiyyəti üzrə məhkəməyə müraciət etməyini tövsiyyə etmişlər. İddiaçı bildirir ki, həmin idarədən ona 15 oktyabr 2021-ci il tarixli, **********86 saylı məktubla qanunsuz və əsassız bir imtina cavabı verilmişdir. Belə ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən verilmiş JN-164F KOD 30602016 nömrəli, 11.06.2001-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə’’də mülkiyyətçinin adı “Cəmil” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5. maddəsinin tələblərinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmələrin səlahiyyətlərinə aid edilmişdir. Yekun olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənizin icrasından imtina edilməsi məqsədə müvafiq hesab edilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş edirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, məhkəmə iş materialları ilə müəyyən olunur ki, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən verilmiş JN-164F KOD 30602016 nömrəli, 11.06.2001-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə’’də mülkiyyətçinin adı “Cəmil” kimi qeyd edilmişdir. İddiaçı Torpağın mülkiyyətə verilməsinə dair JN-164F, Kod 30602016 saylı Şəhadətnamədə soyadı “Cəmil” adının əvəzinə onun soyadı, adı, ata adının “İddiaçı” kimi dəyişməklə hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilməsini istəyir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qanunun 11.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz olmamışdır. İş materiallarından görsənir ki, iddiaçı cavabdeh inzibati orqana müraciəti zamanı cavabdeh 15 oktyabr 2021-ci il tarixli, **********86 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edən zaman düzgün hüquq müdafə vasitəsi göstərərək, istinad olunan şəhadətnamənin iddiaçıya məxsus olması faktının təsdiq olunması üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Lakin iddiaçı düzgün hüquq müdafiə vasitəsi seçməyərək, inzibati orqanın hərəkətlərini əsasız olaraq mübahisələndirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətləri qanunvericiliyə uyğun olduğu və imtinası əsaslı olduğu üçün iddia rədd edilməılidir. İddiaçıya izah edilsin ki, mülki məhkəmə icraatı qaydasında müəyyən edilmiş hüquq müdafiə vasitələrindən istifadə edərək, mülki məhkəmə icraatı qaydasında müvafiq ümumi məhkəməyə müraciət edə bilər. İstinad etdiyi sənədin ona aid olması müəyyən edildikdən sonra təkrar inzibati orqana müraciət edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-2316/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2316/2021
21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver