Məhkəmə qərarları › İş №2-1(118)-232/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-232/2021

06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-232/2021 06.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Şabran rayonu, Gəndov kəndində yaşayan), İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Şabran (keçmiş Dəvəçi) XDS İK-nin 13.05.1982-ci il tarixli qərarı ilə X6 ayrılmış Şabran rayon Qəndob kəndində yerləşən 0,125 ha torpaq sahəsi və onun üzərində yerləşən evin iddiaçının mərhum əri X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddiaçının mülkiyyətində olan Şabran şəhəri Gəndov kəndində yerləşən torpağa və üzərində tikilmiş evin 7/12 pay hissəsinə hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Göstərilən iddia Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 19.02.2020-ci il tarixli qərardadı ilə iddiaçının subyektiv hüququnun olmaması əsası ilə mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə uyğun olaraq ona iddia tələbinin dəqiqləşdirilməsini təklif etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Şabran (keçmiş Dəvəçi) XDS İKnin 13.05.1982-ci il tarixli qərarı ilə X6 ayrılmış Şabran rayon Qəndob kəndində yerləşən 0,125 ha torpaq sahəsi və onun üzərində yerləşən evin mərhum əri X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1970-ci ildə X7 ilə ailə qurmuşdur. Birgə nikahdan 4 övladları vardır. Dəvəçi rayon XDS İK-nin 13.05.1982-ci il tarixli qərarı ilə həyat yoldaşı X6 fərdi mənzil tikintisi üçün Gəndov kəndində 0,125 ha torpaq sahəsi ayrılmışdır. Həmin evin tikintisini başa çatdırandan sonra 1987-ci ilin fevral ayında evə dair texniki pasport verilmişdir. Texniki pasportda mülkiyyətçi kimi həyat yoldaşı X7 qeyd edilmişdir. Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 19.11.1998-ci il tarixli qərarı ilə yaşadıqları torpaq sahəsinə JN- 565A KOD 30404018 qeydiyyat nömrəli torpaq şəhadətnaməsi verilmişdir. Həmin torpaq şəhadətnaməsində iddiaçının həyat yoldaşı, özü və övladları mülkiyyətçi kimi qeyd edilmişlər. 01.12.2014-cü il tarixdə iddiaçının həyat yoldaşı X7 vəfat etmişdir. Həyat yoldaşı vəfat edəndən sonra o, kiçik oğlu ilə birlikdə həmin evdə yaşayır. Təxminən 2015-ci ilin əvvəllərində oğlu ona qarşı kobudluq etməyə, daha sonra təhqir etməyə başlamışdır. İddiaçı oğlunun hərəkətlərindən Şabran rayon Polis Şöbəsinə müraciət etmişdir. Bu münaqişə səbəbindən onların arasında pay bölgüsü zərurəti yaranmışdır. Şabran rayon Məhkəməsinin 15.11.2018-ci il tarixli 2(031)- 1024/2018 saylı qətnaməsi ilə Dəvəçi rayon XDS İK-nin qərarı ilə Şabran rayon Gəndov kənd ərazisində X6 ayrılmış torpaq sahəsinə və onun üzərində tikilmiş evə iddiaçının 7/12 hissədə payı müəyyən edilmişdir. 04.10.2019-cu il traixdə o, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi ilə əlaqədar ərizə ilə müraciət etmişdir. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 19.10.2019-cu il tarixli **********23 saylı məktubu ilə ona cavab verilmişdir ki, Şabran rayon Məhkəməsinin 15.11.2018-ci il tarixli 2(031)- 1024/2018 saylı qətnaməsi ilə iddiaçının və övladlarının payları müəyyən edilsə də, mülkiyyət hüququ müəyyən edilməmiş və həmin idarənin üzərinə mülkiyyət hüquqlarının qeydə alınması barədə öhdəlik qoyulmamışdır. Bununla bağlı iddiaçıya imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş : -Dəvəçi rayon XDS İK-nin 13.05.1982-ci il tarixli 11 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, Gəndob kənd sakini X6 fərdi mənzil tikintisi üçün Gəndob kəndində 012,5 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə Gəndob üzümçülük ovxozunun 11.03.1982-ci il tarixli 66nömrəli əmri və Gəndob kənd XDS İcraiyyə Komitəsinin 11.03.1982-ci il tarixli 5 nömrəli qərarı nəzərə alınaraq ona həmin sahədə layihə əsasında yaşayış sahəsi 56 kv m, faydalı sahəsi isə 90 kv m olan iki otaq, mətbəx və eyvandan ibarət fərdi mənzil tikintisinə icazə verilmişdir. -1987-ci ilin fevral ayında verilmiş texniki pasportdan görünür ki, həmin sənə Dəvəçi rayonu Gəndob kəndində yerləşən fərdi yaşayış evinə dair X4 adına tərtib olunmuşdur, faktiki torpaq sahəsinin ölçüləri 1647 kv m təşkil etmişdir. -JN-565A KOD 30404018 qeydiyyat nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, həmin şəhadətnamə Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 19.11.1998-ci il tarixli 08 saylı qərarı ilə 6 nəfər ailə üzvü ilə bilikdə X6 ayrılmış 0.13 ha torpaq sahəsinə dair verilmişdir. -Şabran rayon Məhkəməsinin 15.11.2018-ci il tarixli 2(031)-1024/2018 saylı qətnaməsindən görünür ki, Dəvəçi rayon XDS İcraiyyə Komitəsinin qərarı ilə Şabran rayon Gəndov kənd ərazisində X6 ayrılmış torpaq sahəsinə və onun üzərində tikilmiş evə, İddiaçı 7/12 hissədə və hər övladına 1/12 hissədə pay müəyyən edilmişdir. -Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, İddiaçı və X3, həmçinin iki hal şahidinin iştirakı ilə tərtib olunmuş 15.05.2019-cu il tarixli aktdan görünür ki, icra sənədinin icrası ilə əlaqədar X5 1/12 hissə pay müəyyən edilmiş, İddiaçı və digər övladlarının razılığı ilə ümumbirgə qalmışdır. İcra zamanı İddiaçı övladı ilə payının ümumbirgə qalmasına heç bir narazılıq yaranmamışdır. -DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş **********23 saylı 18.10.2019-cu il tarixli imtina məktubundan görünür ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqların dövlət qeydiyyatını həyata keçirilməsini təmin edir, Şabran rayon Məhkəməsinin 15.11.2018-ci il tarixli qətnaməsi ilə onun daşınmaz əmlak üzərində mülkiyyət hüququ müəyyən edilmədiyinə qətnamənin icrası DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə aid deyildir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, torpağın mərhum N.Muradova qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrılması və həmin torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi iş materialları ilə təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsi ilə müəyyən edilmişdir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Bununla yanaşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 06 saylı 15.10.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktalırn Dövlət Reyestrində 02.11.2012-ci il tarixdə qeydiyyata alınaraq, 03.11.2012-ci il tarixdən qüvvəyə minmiş «Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmsına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat»ın 7.1-ci bəndinə əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs Reyestrə müraciət edərək, lakin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan öldükdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında ölmüş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Həmin Təlimatın 7.2-ci bəndinə görə isə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və/və ya onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədləri Reyestrə təqdim edənədək öldükdə həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir. Yuxarıda qeyd olunan normaların məzmununudan göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu ilə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə həmin əmlak üzərində hüquqların dövlət qeydiyatı haqqnda çıxarışın vərəsələk sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi müəyyən edilsə də, sözügedən Təlimatda vərəsələrin müraciəti əsasında daşınmaz əmlak üzərində mülkiyyət hüququ barədə ölmüş şəxsin adına tərtib edilmiş çıxarış verilməsi nəzərdə tutulmuşdur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.1-ci maddəsinin mənasına görə normativ hüquqi akt – qanunla və ya fərmanla dövlət orqanının səlahiyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Həmin Qanunun 20-ci maddəsi mərkəzi icra hakimiyyəti orqanları tərəfindən normativ hüquqi aktların qəbul edilməsini nəzərdə tutmuşdur. Bu müddəaların tələblərinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin qəbul etdiyi Təlimat normativ hüquqi akt hesab olunmalıdır. Göründüyü kimi, hazırki iş üzrə daşınmaz əmlak üzərində hüquq əldə etmiş şəxsin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində mülkiyyət hüququ barədə çıxarışın verilməsi ilə bağlı məsələdə yuxarıda qeyd olunan «Təlimat»ın müddəaları ilə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun müddəaları arasında ziddiyət mövcuddur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.6-cı maddəsinə görə fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Sözügedən torpaq sahəsinin mərhum Nağdı Qarayevə ayrılması barədə qərar qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə isə həmin qərarı məhkəmədə mübahisələndirmək hüququ qanunvericiliklə verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı və Şabran (keçmiş Dəvəçi) XDS İK-nin 13.05.1982-ci il tarixli qərarı ilə X6 ayrılmış Şabran rayon Qəndob kəndində yerləşən 0,125 ha torpaq sahəsi və onun üzərində yerləşən evin iddiaçının mərhum əri X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Şabran (keçmiş Dəvəçi) XDS İK-nin 13.05.1982-ci il tarixli qərarı ilə X6 ayrılmış Şabran rayon Qəndob kəndində yerləşən 0,125 ha torpaq sahəsi və onun üzərində yerləşən evin iddiaçının mərhum əri X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh ƏMDX yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar