Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2321/2021 24.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı “cavabdehlərdən maddi və mənəvi ziyana görə 100.000 manat məbləğində pulun onun xeyrinə tutulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin çoxsaylı xəstəxanalarında müalicə və müayinələrdən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının 08.07.2003-cü il tarixli qərarına əsasən 2-ci qrup əlillik təyin edilmişdir (ƏƏSM Nazirliyi TSEK- də müayinə aktından 623133N-li çıxarışın üzərindəki imzalar və ştampından göründüyü kimi Ali Nəzarət Komissiyası tətəfindən yoxlanılmışdır) tənəffüs çatmamazlığı İİ dərəcə, bronxial astma infeksion-allergik forma, orta ağır gedişli tez-tez boğulma tutmaları ilə, əmək zəmanəti qrafasmda yazılıb ki, əmək qabiliyyətsizdir və ƏƏSMN-nin 2004-2015 və sairə tarixli qərarlarına əsasən 2021-ci ilin iyulun 1-nədək infeksion-allergik formada tənəffüs çatmamazlığı xəstəliyinə görə əlillik davam etmişdir, o vaxtdan bəri, 18 (on səkkiz) il ƏƏSMN-in TSEK-nin qərarlarına əsasən əlillik təsdiqində infeksion-allerqik formada astmadan başqa yaşlaşdıqca ağır formada yanaşı xəstəlikləri də artmışdır. O, 63 yaşın içindədir. X1 araşdırma nəticələrinə görə astmadan sağaltmaq mümkün deyildir, bununla yaşamalıyıq. Bu xəstəlikdən təxminən 30 ildir ki əziyyət çəkir.10.02.2021 -01.03.2021-ci il tarixlərdə dövlət xəstəxanasının allerqologiva şöbəsində müalicədən sonra, poliklinikanın 02.07.2021-ci il tarixli göndərişinə ƏƏSMN-nin tabeçiliyindəki Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyi “əlillik təyin edilməsindən imtina, müalicə davam etdirilsin” qərarı qəbul etmişdir, bundan sonra yenidən dövlət xəstəxanasının allerqologiya şöbəsində müalicətdən sonra 02.09.2021-ci il tarixli Epikriz əsasında göndərilmiş TQS N-88 Formasına 01.10.2021-ci il tarixdə imtina cavabı, verilmişdir, guya göndərişin qəbulu zamanı xəta baş vermişdir. Bu səbəbdəndə əlilliyi dayandırılmışdır. Bununla bağlı göstərdiyim cavabdehlərə müraciətlər etsə də müsabət nəticə ala bilməmişdir. Hesab edir ki, cavabdehlərin əsassız süründürməçiliklərinə görə ona maddi və mənəvi təzminat ödənilməlidir. mənəvi təzminat ilə bağlı cavabdehlərə müraciət etmiş, lakin müraciətləri təmin olunmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbinə inzibati icraat qaydasında baxmaq mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı iddia tələbi cavabdehlərdən maddi və mənəvi ziyana görə 100.000 manat məbləğində pulun onun xeyrinə tutulması ilə əlaqədardır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi nəzərdə tutulub. Göründüyü kimi hazırkı iddia tələbi kompensasiya ilə bağlı deyil, vurulmuş maddi və mənəvi tələb ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan maddənin şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qeyd olunan maddənin şərhindən bəlli olur ki, maddi zərər dedikdə əmlak hüquqları ilə bağlı hüququ pozulmuş şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər mövcud olmalıdır. Mənəvi zərər isə adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Göründüyü kimi, iddiaçıya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən maddi və mənəvi zərərin vurulması, yəni iddiaçıya məxsus əmlakın məhv edilməsi nəticəsində maddi zərərə düşməsi, o cümlədən əmlakın məhv edilməsi ilə bağlı mənəvi istirabların çəkməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə qeyd olunan kompensasiya tələbi isə iddiaçıya vurulmuş ziyandan irəli gəlməlidir. Başqa sözlə desək, inzibati orqandan kompensasiya tələbi o halda tələb edilə bilər ki, inzibati orqanının şəxsə əmlak ilə bağlı vurduğu maddi ziyan mövcud olmuş olsun. Mənəvi zərərin şəxsin qeyri-əmlak hüquqlarından irəli gələ biləcəyini nəzərə alınaraq, iddiaçının mənəvi zərərlə bağlı mülki mübahisə qaydasında ümumi rayon (şəhər) məhkəmələrinə cavabdeh qarşı iddia qaldırmaq hüququnun olması diqqətinə çatdırılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Digər tərəfdən oda nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən bir iddia ərizəsində bir necə inzibati orqana qarşı iddia tələbinin qaldırılması yolverilməzdir. Bu səbəbdən də müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia tələbi mümkün sayılmamalıdır. İddiaçıya izah olunmalıdır k, hazır ki, iddia tələbi ilə bağlı onun cavabdeh təşkilatın yerləşdiyi yerin ümumi məhkəməsinə iddia ərizəsi vermək hüququ var. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı “cavabdehlərdən maddi və mənəvi ziyana görə 100.000 manat məbləğində pulun onun xeyrinə tutulması” tələbinə dair iddiası mümkün mümkün sayılmasın. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2321/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2321/2021
24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver