Məhkəmə qərarları › İş №2-1(118)-2323/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2323/2022

31.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2323/2022 31.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi, İddiaçı Salahaddin oğlunun (ünvan 1i ünvanında yaşayan) iştirakı ilə, İddiaçı Salahaddin oğlunun Cavabdehnə qarşı mənzil növbəsinə götürülməsi və yaşayış sahəsi ilə təmin olunana qədər mənzikl kirayə xərclərinin ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Salahaddin oğlu Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun ailə üzvləri ilə birlikdə yaşayış sahəsi ilə təmin olunması üçün mənzil növbəsinə götürülməsi və yaşayış sahəsi ilə təmin olunana qədər mənzikl kirayə xərclərinin ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 30 ildən çox hərbi xidmətdə olmuşvə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2003-cü il tarixli, 134 №-li əmri ilə “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 158-ci maddəsinin “b” bəndinə əsasən ehtiyata buraxılmışdır. O, azadlıqdan məhrum edilməmişdir Hərbi xidmət dövrü daimi yaşayış sahəsi ilə təmin olunmamışdır. 2012-ci ildə mənzil növbəsinə götürülmüşdür. Qobustan rayonunda pasport qeydiyyatındadır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsində isə hərbi qeydiyyatdaydır. İddiaçı və ailə üzvləri (həyat yoldaşım və beş uşağı) ilə birlikdə kirayədə yaşayır. 2012-ci ildən 2022-ci ilin mart ayına qədər mənzil kirayə xərcləri cavabdeh tərəfindən ödənilmişdir. Onun ailə üzvləri ilə birlikdə yaşayış sahəsi ilə təmin olunması üçün icra hakimiyyətində növbəyə qəbul edilməyi və yaşayış sahəsi ilə təmin olunana qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 №-li, xx.xx.2012-ci il tarixli Qərarına uyğun olaraq kirayə haqqı ilə təmin edilməyi barədə sərəncam verilməsi xahişi ilə o xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmiş, lakin müraciətinə xx.xx.2022-ci il tarixli, 4/078 №-li məktubla imtina cavabı verilmişdir. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cababdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh Qobustan İcra Hakimiyyəti məhkəməyə təqdim etdiyi etiraz ərizəsində bildirmişdir ki, İddiaçı Səlahəddin oğlu Cavabdehndə mənzil növbəsinə alınması üçün müraciət etməmiş, mənzil növbəsinə götürülməmişdir. Cavabdehnə xx.xx.2015-ci il tarixdə fərdi yaşayış sahəsi və ya fərdi yaşayış üçün torpaq sahəsi ilə təmin olunması barədə müraciətinə xx.xx.2015-ci il tarixdə cavab verilmiş və bildirilmişdir ki, Qobustan rayonunda ehtiyatda olan zabitlər və ya müharibə veteranları üçün fərdi yaşayış evi (mənzil) tikilməmişdir. Hazırda yalnız müharibə əlilləri və şəhid ailələri üçün fərdi mənzillər inşa edilir. Yaşayış sahəsi üçün imtiyazlı şəkildə torpaq sahəsi ayrılması ilə bağlı vətəndaşa müvafiq bələdiyyəyə rəsmi şəkildə müraciət etmək tövsiyyə edilmişdir. "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilən qaydada mənzil kirayə xərclərinin ödənilməsi qaydası Nazirlər Kabinetinin 174 nömrəli Qərarında öz əksini tapmışdır. Belə ki, mənzil növbəsinə götürülmüş bütün ehtiyata və istefaya buraxılmış hərbiçilərə deyil, yalnız aşağıdakı hərbi qulluqçulara kompensasiya ödənilir: Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay nağdsız qaydada kompensasiya ödənilir. İddiaçı isə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 158-ci maddəsinin "b” bəndi (törətdikləri cinayətlərə görə azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzalara məhkum edilmişlər, o cümlədən şərti məhkum olunanlar, yaxud hökmün icrası təxirə salınanlar, həmçinin azadlıqdan məhrum olunmağa məhkum edilib, lakin amnistiya nəticəsində cəza çəkməkdən azad edilənlər) ehtiyata buraxılmışdır. İş materiallarına əlavə edilmiş : - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon Bölməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Qobustan rayon Xilmilli kənd sakini 1973-cü il təvəllüdlü, ehtiyatda olan mayor X3 xx.xx.1990-cü il tarixdən xx.xx.1994-ci il tarixə kimi Bakı Ali Hərbi məktəbində kursant olmuş, xx.xx.1994-ci il tarixdən xx.xx.2003-cü il tarixə kimi zabit kimi xidmət etmişdir və Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2003-cü il tarixli 134 nömrəli “Hərbi xidmətkeçmə haqqında Əsasnamə" nın 158-ci maddəsinin “b" bəndinə əsasən (törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzaya məhkum olunduğu üçün) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. - Qobustan rayon İHB Xilmilli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 114 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Səlahəddin oğlu 6 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə ünvan 1ində qeydiyyatdadır. - 01 may 2015-ci il tarixli kirayə müqaviləsindən görünür ki, X1 ona məxsus Qobustan şəhəri, H.Əliyev küçəsi, ev 180 –ü İddiaçı Səlahəddin oğluna kirayə vermişdir. -Füzuli Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli arayışından görünür ki, Mürsəlov X5- Qubadlı hərbi məhkəməsinin xx.xx.2002-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 338.1-ci və 341.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələblərinə uyğun olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti müəyyən edilməklə, o şərti məhkum edilmişdir. Hökm icra edilməsi üçün xx.xx.2003-cü il tarixdə məhkumun xidmət yeri olan N saylı hərbi hissəyə göndərilmişdir. N saylı hərbi hissədən göndərilərək, xx.xx.2003-cü il tarixdə məhkəməyə daxil olmuş, cinayət işinin materiallarına əlavə edilmiş 98KB saylı məktubdan aydın olur ki, məhkum İddiaçı Səlahəddin oğunun davranışına nəzarət hərbi hissə komandanlığı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsində göstərilir ki, şərti məhkum edilmiş şəxslər barəsində onlar yeni cinayət törətməmişlərsə, sınaq müddəti başa çatdıqda yuxarıda göstərilən müvafiq hökm üzrə cəzanı çəkib qurtardıqdan sonra məhkum edilməmiş sayılırlar. İddiaçı Səlahəddin oğluna təyin edilmiş sınaq müddəti xx.xx.2005-ci il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 83.6-ci maddəsində göstərilir ki, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. xx.xx.2014-cü il tarixədək İddiaçı Səlahəddin oğlunun təkrar cinayət törətməsi barədə Füzuli hərbi məhkəməsinə heç bir məlumat daxil olmamışdır. -Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışdan görünür ki, İddiaçı Səlahəddin oğlu barəsində Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda və ərazi hərbi prokurorluqlarında barənizdə cinayət işi və ya təqsirləndirici material aşkar olunmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12- ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Cavabdehin həm imtinasının, həm də etirazının əsas dəlili ondan ibarətdir ki, yalnız yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahələri ilə (yaşayış sahəsi alanadək kirayə haqqı ilə) təmin edilirlər və bu məqsədlə rayon ərazisində mənzillər inşa edilmir. İddiaçı törtədiyi cinayətə görə ehtiyata buraxıldığndan və bu əsasla ehtiyata buraxılmış hərbi qulluqçunun mənzil və ya torpaq sahəsi ilə təmin olunması üçün nəzərdə tutulmadığından iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvercii mənzil kirayə xərclərinin ödənilməsi hüququnu nəzərdə tutan niurmada ehtiyata buraxılmanın səbəblərini fərqləndirmədən, bütün ehtiyata və ya istefaya buraxılmış şəxslərin belə bir hüququnun olduöunu təsbit edir. Yəni, həmin normada qanunverici bu qaydanın, yalnız müəyyən üzrlü səbəblərə görə, məsələn, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlər, gizirlər və miçmanlara aid olduğunu konkret göstərməmişdir. Göründüyü kimi, qanunverici yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların mənzillə və ya pulsuz torpaq sahəsi ilə ilk növbədə təmin olmaq hüququnu nəzərdə tutmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafıq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək iddiaçının üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Səlahəddin oğlunun mənzil növbəsinə götürülməsi və yaşayış sahəsi ilə təmin olunana qədər mənzil kirayə xərcləri ilə təmin olunması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar