Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2328/2025 10.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq, çıxarış, plan və ölçü sənədinin verilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq, çıxarış, plan və ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 10 iyun 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. 20 dekabr 1995-ci il tarixli, Bağırova Məhbubənin adına tərtib edilmiş “Həyətyanı torpaq sahəsinin təhkim edilməsi aktı”.
2. Qusar Rayon Məhkəməsinin 7 sentyabr 2006-cı il tarixli, 2-505a/2006 nömrəli qətnaməsi ilə İddiaçı Mövlud oğlu tərəfindən cavabdeh X1 məxsus 0,12 ha həyətyanı torpaq sahəsinin alqı-satqısına dair cavabdehlə bağladığı müqavilə (əqd) etibarlı hesab edilmiş, qətnamənin icrası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz rayon Ərazi İdarəsinə tapşırılmışdır.
3. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 12 noyabr 2007-ci il tarixli, A seriyalı, 005579 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə Qusar Rayon Məhkəməsinin 7 sentyabr 2006-cı il tarixli, 2-505a saylı qətnaməsi ilə İddiaçı ayrılmış 1.200 kv.m torpaq sahəsinin kadastr göstəriciləri, qaiməsi (sertifikatı) baş plandan çıxarış, əsas döngə nöqtələrinin koordinatları, qonşu sərhədləri, planı (miqyas 1:500) göstərilmişdir.
4. Qusar aryonu, Çiləgir kəndində yerləşən fərdi yaşayış evinin layihəsi.
5. Qusar Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, G(029)-586/2022 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivində 2-505a/2006 saylı mülki iş mövcud olmadığından 2- 505a/2006 saylı, 7 sentyabr 2006-cı il tarixli qətnaməsinin surətin verilməsi qeyrimümkündür.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 23 avqust 2023-cü il tarixli, 3-21-3-34/2-D-0665- 8/2023 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair qanunvericiliklə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquq müəyyənedici sənədlər tam təqdim olunmamışdır. Bundan əlavə, ərizəyə əlavə edilmiş A 005579 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin Qusar Rayon Məhkəməsinin 7 sentyabr 2006-cı il tarixli, 2- 505a saylı qətnaməsi əsasında verildiyi müəyyən olnumuşdur. Nəzərə çatdırılmışdır ki, həmin qətnamədən 5 saylı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Qusar Rayon Məhkəməsindən 18 oktyabr 2013-cü il tarixli, G(029)-365/2013 saylı məktubla apellyasiya şikayəti geriyə qaytarılaraq Qusar Rayon Məhkəməsinin 7 sentyabr 2006-cı il tarixli, 2-505a saylı qətnaməsinin Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivin, həmçinin statistik kartoçkalarının və kitablarının aşkar edilmədiyi bildirilmişdir. Qeyd olunan səbəbdən ərizənin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
7. Qusar Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 5-141/2-415/2025 nömrəli məktubundan görünür ki, Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivində 2-505a/2006 saylı mülki iş mövcud deyildir. Bu səbəbdən 7 sentyabr 2006-cı il tarixli qətnamənin və ya hər-hansı bir digər sənədin verilməsi qeyrimümkündür.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri:
8. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonu, Çiləgir kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüquqularının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi işin hallarına (§1-6) onunla əsaslandırılmışdır ki, torpaq sahəsində iddiaçı tərəfindən qanunvericiliyə müvafiq surətdə fərdi yaşayış evi tikilmiş və artıq 20 ilə yaxın müddətdir ki, ailəsi ilə birlikdə orada yaşayır. Nə torpaq, nə də fərdi yaşayış evi ilə bağlı heç bir mübahisə mövcud deyildir, sənədlər tam qaydasındadır, evə dair bütün kommunallar öz adına rəsmiləşdirilmişdir. Göstərilən hallara əsaslanaraq, tərəfindən Qusar rayonu, Çiləgir kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə daşınmaz əmlakm dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin ərizəmin icrasından imtina edilmişdir. Cavabdeh tərəfindən imtinanı tamamilə əsassız və qanunsuzdur. Belə ki, cavabdeh imtinasında ilkin olaraq qeyd edilmişdir ki, hüquq müəyyənedici sənədlər tam təqdim edilməmişdir. Halbuki, torpaq sahəsi üzərində iddiaçının hüquqlarının müəyyən edilməsinə dair iki vacib əsas vardır ki, onlar göstərilən məhkəmə qətnaməsi və həmin qətnamə əsasında verilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A 005579 saylı “torpaq sahəsinin planı və ölçüsü”-dür ki, bunlar da iddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir. Qeyd edilir ki, həmin sənədlərin hər ikisinin əsli mövcuddur və vəzifəli şəxslərin imzası və möhürü ilə təsdiq edilmişdir. Görünür ki, cavabdeh tərəfindən ərizənin icrasına qərəzli münasibət bəslənmişdir. Belə ki, hər hansı sənədin verilməsi tələb olunursa cavabdeh tərəfindən ən azı müraciət ərizəsində qeyd olunan mobil nömrə ilə əlaqə saxlanaraq tələb edilə bilərdi, lakin cavabdeh belə bir addım atmamış, müraciət edilən zaman qeyd olunan tarixdə idarəyə yaxınlaşaraq imtina məktubunu götürməyi bildirilmişdir. Eyni zamanda cavabdeh məktubunda yuxarıda qeyd olunan səbəb ilə bağlı hansı sənədlərin zəruri oludğunu da qeyd etməmişdir. Həmçinin qeyd edilir ki, cavabdeh bildirmişdir ki, qətnamədən apellyasiya şikayəti verilmiş, lakin məhkəmə tərəfindən şikayət geri qaytarılaraq belə bir işin mövcud olmadığı qeyd edilmişdir. Qətnamənin mövcud olmadığı halda “torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin hazılranması mümkün olmazdır. Qeyd edilir ki, cavabdeh orqan tək iddiaçıya yox, başqa bir neçə şəxsə də oxşar məzmunlarda imtina vermişdir. Qeyd olunanlardan da belə bir nəticə ortaya çıxır ki, cavabdeh ya hər kəsə eyni məzmunda imtinalar verməklə öz vəzifəsini yerinə yetirməkdən boyun qaçırır, ya da Qusar Rayon Məhkəməsi tərəfindən qətnamələr itirilmiş, uçotu düzgün aparılmamışdır. Hər bir halda nəticə etibarı ilə göstərilənlər hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur.
10. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 178.6, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17, 19.1, 19.2, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 3, 8, 10-cu maddələrinə, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 7 mart 2016-cı il tarixli, 818 №-li Fərmanına istinad olunmuşdur.
11. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
12. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri:
13. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, imitna məktubunda göstərilən hallara (§6) əlavə olaraq qeyd etmişdir ki, torpaq sahəsindən 6.8-7.3 metr ara məsafədən 10 kv-luq yüksək gərginlikli elektrik xətti keçir və həmin daşınmaz əmlak elektrik xəttinin mühafizə zolağına düşür.
14. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarına istinad edilmişdir.
c) Tərəflərin iştirakı və izahatları:
15. Məhkəmə iclaslarında iştirak edən iddiaçı izahat verərək, iddianın təmin edilməsini xahiş etmiş, həmçinin, Qusar Rayon Məhkəməsi tərəfindən mübahisələndirilən torpaq sahəsinə dair qəbul edilmiş qətnaməsinin kökün olmadığının bildirildiyi, həmin imzalı qətnamənin saxta olduğu haqqında məlumatın olmadığını qeyd etmişdir.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında təmsil olunmamışdır.
17. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
18. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
19. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
a) İddianın mümkünlüyü:
20. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
21. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
22. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
23. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
24. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
b) Tətbiq edilən hüquq:
25. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ...
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
Maddə 1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
“Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.”
“Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. ...”
“Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ...” 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ...
“Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi ... 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. ...” “Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ...”
27. TM-in müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
“Maddə 55.Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; ...”
“Maddə 6 6 . Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
“Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. ...”
“Maddə 6 8 . Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
28. MM-in müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
“Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. ...”
“Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar
139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ...”
29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”
30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
“Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.”
31. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. …”
“Maddə 68. Məhkəmə qərarının əsası
68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. …”
c) Məhkəmənin mövqeyi
32. Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir.
33. İddiaçı tələbinin əsası kimi Qusar Rayon Məhkəməsinin 7 sentyabr 2006cı il tarixli, 2-505a/2006 nömrəli qərarına istinad etməklə bildirmişdir ki, iddiaçı tərəfindən X1 məxsus 0,12 ha həyətyanı torpaq sahəsinin alqı-satqısına dair bağladığı müqavilə (əqd) etibarlı hesab edilmiş, torpaq sahəsinin iddiaçıya satılması təqdiqlənmişdir. Eyni zamanda, iddiaçı tərəfindən qanunvericiliyə müvafiq olaraq həmin sahədə fərdi yaşayış evin tikildiyi və 20 ilə yaxın müddətində ailəsi ilə birlikdə orda yaşadığı qeyd edilmişdir.
34. Cavabdeh tərəf isə etirazını onunla əsaslandırır ki, Qusar Rayon Məhkəməsinin 7 sentyabr 2006-cı il tarixli, 2-505a saylı qətnaməsinin Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivi, həmçinin statistik kartoçkaları və kitabları aşkar edilməmişdir.
35. Belə ki, iş materiallarına əlavə edilmiş və iddiaçının istinad etdiyi “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd edilən məhkəmə aktına münasibətdə iddiaçı tərəfin Qusar Rayon Məhkəməsinə müraciəti nəticəsində verilmiş həm şifahi, həm də yazılı məlumatlar, həmçinin məhkəmə sorğusuna cavab olaraq təqdim edilmişdir sənədlər əsasında müəyyən edilmişdir ki, Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivində 2-505a/2006 saylı mülki iş mövcud deyildir. Odur ki, qeyd edilən məhkəmə aktının mötəbərliyi öz təsdiqini tapmamışdır.
36. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 12 noyabr 2007-ci il tarixli, A seriyalı, 005579 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün əsası olan Qusar Rayon Məhkəməsinin 7 sentyabr 2006-cı il tarixli, 2-505a/2006 nömrəli qətnaməsinin arxiv materiallarında mövcud olmamasının səbəbi iddia tələbinin əsasında saxta sənədlərin olduğudur.
37. Bu səbəbdən də, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması və plan-ölçü sənədinin verilməsi hazırkı halda mümkün deyil.
38. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
39. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddianı sübuta yetirə bilməmiş, tələbi ilə bağlı mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir.
40. Beləliklə, məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. İmtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz.
NƏTİCƏVİ HİSSƏ
41. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar rayonu, Çiləgir kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüquqularının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova