Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2330/2024 15.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı “İddiaçı1 və İddiaçı2 faktiki olaraq yaşadıqları Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 17, “AAAF-Park” y/m, küçə 25, bina 12, mənzil 108 ünvanına daimi passport qeydiyyatına alınmaqları vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 faktiki olaraq yaşadıqları Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 17, “AAAF-Park” y/m, küçə 25, bina 12, mənzil 108 ünvanına daimi passport qeydiyyatına alınmaqları üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. İddiaçılar imtina ilə razılaşmayaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1973-cı ildə, övladı İddiaçı2 isə xx.xx.1999-cu ildə Abşeron rayonunda anadan olmuşdur. Əvvəlcə valideynlərinin evində qeydiyyatda olsa da sonradan Abşeron rayon polis idarəsinin inzibati binasında daimi passport qeydiyyatına alınmışdırlar. Məlum səbəblərdən isə Polis idarəsinin inzibati binasından da daimi passport qeydiyyatından çıxarılmışdırlar. Bu isə onların şəxsiyyət vəsiqələrini etibarsız etməklə yanaşı həm də hüquq və vəzifələrini yerimə yetirməyi əngəlləyir. Belə ki, şəxsiyyət vəsiqələri etibarsız olduğu üçün işləyə bilmirlər. Bu isə digər hüquq və öhdəliklərini həyata keçirməyə mane olur. 2020-ci ildə ünvan 1 ünvanında yerləşən 108 saylı mənzili almışdırlar. Həmin ildən etibarən sözügedən mənzildə yaşayırlar. Ona görə də faktiki olaraq yaşadıqları ünvana daimi passport qeydiyyatına alınmaq zərurəti yaranmışdır. Faktiki olaraq sözügedən ünvanda yaşasa da həmin ünvana daimi passport qeydiyyatına alına bilmirlər. Sözügedən mənzil qanuni istifadələrindədir və yaşayış üçün tam yararlıdır. Bundan əlavə həmin mənzil bütün kommunal xidmətlərlə də təmin olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh iddiaya münasibətində məhkəmənin qəbul edəcəyi qərarla razılaşdıqlarını bildirmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçılar faktiki olaraq yaşadıqları Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 17, “AAAF-Park” y/m, küçə 25, bina 12, mənzil 108 ünvanına daimi passport qeydiyyatına alınmaq istəyir. Cavabdeh isə imtinasında qeyd edir ki, Azərbaycan Respublikası DİN-nin xx.xx.2010-cü il tarixli 550 saylı əmrin 2-ci maddəsinin “a” bəndinə əsasən mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, “g” bəndinə əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən order və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd, “g” bəndinə əsasən şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi və ya məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyata alınma mümkündür. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. İş materiallarından görünür ki, AAAF-İnşaat MMC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1677 ünvanında AAF-Park yaşayış massivinin 25 saylı küçəsində inşa edilmiş bina 12, mərtəbə mansard, ümumi sahəsi 54.94 kv.m 1 otaqlı 108 №li mənzil tipli mansard İddiaçı1 satılmışdır. İddiaçılar məhkəmə iclasında bildirmişdir ki, faktiki olaraq həmin evdə yaşayır kommunal xərcləri ödəyirlər. Lakin iddiaçılar faktiki olaraq yuxarıda qeyd edilən ünvanda yaşasa da, yaşayış yeri üzrə qeydiyyat üçün əsas olan sənədləri mövcud deyildir. Məhkəmə hesab edir ki, iddiaçıların qanunvericiliyin tələbi üzrə yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün hüquqi əsası olmadığına görə inzibati orqanın imtinası əsaslı olmuşdur. İddiaçılara izah edilsin ki, fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması prosesini yekunlaşdırdıqdan sonra həmin fərdi yaşayış evinə qeydiyyata alınmasını tələb etmək hüququ istisna edilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-2330/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2330/2024
15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver