Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2333/2024 14.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinə qarşı “onun adının “Müharibə veteranı adının və vəsiqəsinin” verilməsi üçün müəyyən edilmiş siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədilə N saylı hərbi hissənin üzərinə xx.xx.2020-ci il tarixli, 296 nömrəli döyüş əmrinin 2020-ci ilin hərbi hissə komandirinin Nizami hissə üzrə əmrlər kitabına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib Hərbi hissə komandirinin xx.xx.2023cü il tarixli 2758 nömrəli məktubunun qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, ona “Müharibə veteram” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün tələb olunan, adının əmrlər kitabına əlavə olunması vəzifəsinin cavabdeh N nömrəli hərbi hissəyə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N mart N7-ci il tarixli 69 nömrəli əmri ilə qeyd edilən hərbi hissənin idarə heyətinin maliyyə xidmətinin mühasibi vəzifəsinə təyin edilmiş və hazırda həmin vəzifədə işləyir. X16 Baş Komandanı, Azərbaycan Respublikasının Prezidentinin 27 sentyabr 2020-ci il tarixdə erməni silahlı birləşmələrinə qarşı əks hücum əməliyyatının keçirilməsi və işğal olunmuş ərazilərin azad edilməsi ilə bağlı verdiyi əmrlə başlayan Vətən Müharibəsi zamanı o, xidmət etdiyi N nömrəli hərbi hissənin tərkibində N oktyabr 2020-ci il tarixdən 30 noyabr 2020-ci il tarixədək Füzuli və Cəbrayıl rayonlarında işğaldan azad olunmuş ərazilərdə öz xidməti fəaliyyətini layiqincə yerinə yetirmişdir. Belə ki, N nömrəli hərbi hissə komandirinin N oktyabr 2020-ci il tarixli 296 nömrəli əmri ilə saat 07:15 radələrində Pirəkəşkül - 2 hərbi şəhərciyi ərazisində yerləşən həmin hərbi hissədən onunla birlikdə maliyyə xidməti rəisi mayor X8, maliyyə xidməti rəisinin köməkçisi kapitan X3 və Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət xidmətinin müxtəlif rayonlarından döyüşlərə cəlb olunan müddətdən artıq xidmət edən hərbi qulluqçuları kiçik çavuş X12, əsgər X4, kiçik çavuş X5, əsgər X6 və əsgər X1 rayonunun işğaldan azad olunan ərazisində yerləşən qərargahına getmişdilər.Adlarını yuxarıda qeyd etdiyi həmin şəxslər 2-ci Qarabağ müharibəsi veteranı siyahısına daxil edilmiş və onların hamısına “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. Dəfələrlə poçt ünvanından rəsmi olaraq bu işlə bağlı ərizə ilə müraciət etmiş, 11 avqust 2022-ci il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə və digər orqanlara müraciət edərək haqq işində ona köməklik göstərmələrini xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin katibliyinin 23 noyabr 2022 - ci il tarixli 4/3- 12790 nömrəli məktubu ilə imtina cavabı gəlmişdir və yenə də əsas səbəb kimi əmrdən çıxarışıların olmaması göstərilmişdir. Qeyd edir ki, 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən Müharibəsində mühasib-xəzinədar vəzifəsində mülki xidmət etdiyi N nömrəli hərbi hissə Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlər zamanı həmin hərbi hissənin tərkibində N oktyabr 2020-ci il tarixdən 30 noyabr 2020-ci il tarixədək xidmətdə olmağına baxmayaraq, adının 2-ci Qarabağ müharbəsi veteranı adı alanların siyahısında olmadığını bilib, bu barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırmasından ötrü N nömrəli hərbi hissənin maliyyə xidməti rəisi-baş mühasib isə bununla bağlı N nömrəli hərbi hissənin komandirinə raportla müraciət etmişdir.Həmçinin, N nömrəli hərbi hissənin maliyyə xidmətinin mühasibi vəzifəsində olmaqla, həmin hərbi hissənin tərkibində N oktyabr 2020-ci il tarixdən 30 noyabr 2020-ci il tarixədək Füzuli və Cəbrayıl rayonlarında xidmətdə olmağımla bağlı fakt, bu məsələnin araşdırılmasından ötrü hərbi hissə komandirinin tapşırığı ilə təşkil edilmiş 10 (on) nəfərdən ibarət komissiya üzvləri (sədr və üzvlər) tərəfindən hərtərəfli araşdırılmış, bu barədə tərtib edilib imzalanmış və hərbi hissə komandirinin təsdiq etdiyi xx.xx.2022-ci il tarixli 2453 nömrəli aktda öz əksini tapmışdır. Bununla da işğaldan azad olunmuş ərazilərdə xidməti fəaliyyətini davam etdirməyi ilə bağlı həqiqət öz əksini tapdı. Bunlardan başqa, N nömrəli hərbi hissə komandiri vəzifəsini icra edən polkovnik- leytenant Sadiq Fərzəliyev və hərbi hissə komandiri polkovnik-leytenant Emil Kamalov tərəfindən tərtib edilib imzalanmış “Müharibə veteram” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların arxa təminat üzrə tapşırıqların və maliyyə-təsərrüfat işlərinin (hərbi qulluqçuların plastik əmək haqqı kartları və əsgər pulunun paylanması və s.) yerinə yetirilmiş mülki şəxs barədə arayış-məlumatda da bildirilir ki, mən, xx.xx.N7-ci il tarixli 69 nömrəli əmrlə N nömrəli hərbi hissədə rütbəsi mülki, vəzifəsi mühasib olmaqla, döyüş əməliyyatları aparılan zaman (xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək) hərbi hissə döyüş əməliyyatlarına cəlb olunmuş, həmin dövrdə isə o, arxa təminat üzrə tapşırıqlarla bağlı fəaliyyətə cəlb olunmuş, bu barədə əmr olmamışdır. Lakin, hərbi hissə komandirinin tapşırığı ilə komissiya təşkil olunmuş və bu barədə xx.xx.2022-ci il tarixli 2453 nömrəli akt tərtib olunmuşdur. İştirak etdiyi ərazilər bunlardır: Füzulu rayonunun Qacar və Aşağı Alxanlı kəndləri, “İlan dağı” ərazisi, Cəbrayıl rayonunun Daşkəsən kəndi və Xocavənd rayonu. Arayış-Məlumatın 8-ci qrafasında: “Hansı qismdə iştirak edib, həmin dövrə arxa təminat üzrə tapşırıqlar ilə bağlı hansı fəaliyyət növü ilə məşğul olub (təfsilatlı məlumat verilsin)” hissəsində bildirilir ki, arxa təminat üzrə tapşırıqların, maliyyə-təsərrüfat işlərinin yerinə yetirilməsi və əsgər pullarının paylanması ilə məşğul olub. Eyni zamanda pozulmuş hüququnun bərpası üçün səlahiyyətli dövlət orqanlarına dəfələrlə ərizə ilə müraciət etmiş və müsbət nəticə əldə edilməmişdir.Bununla əlaqədar qeyd edir ki, adının əmrlər kitabında yazılmadığını o sonralar yəni, adının müharibə veteranları adı alan şəxslərin siyahısına (X20) daxil edilməsindən imtina olunmasından sonra bilmiş və bununla bağlı həm tabe olduğu rəisinə, həm də komandanlığa yazılı müraciət etmiş, rəhbərlik isə araşdırılma aparmış və məsələnin obyektiv həll edilməsi üçün komissiya təşkil etmişdir. Müharibə dövründə o N oktyabr 2020-ci il tarixdə döyüş yerinə getməyi barədə komandirin əmrini müzakirə etmədən icra etmiş və yazılı əmrin verilib- verilməməsi barədə düşünməmiş, çünki öz komandirinə həmişə inanmışdır. Həmçinin, bundan sonra yuxarı komandanlıq qarşısında vəsatət qaldırmasından ötrü N nömrəli hərbi hissənin maliyyə xidməti rəisi-baş mühasibinə xx.xx.2023- cü il tarixində rəsmi olaraq ərizə ilə müraciət etmiş, maliyyə xidməti rəisi-baş mühasib isə bununla bağlı N nömrəli hərbi hissənin komandirinə raportla müraciət etmişdir. Hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisinə bu işin araşdırılması və aidiyyatı üzrə materialların göndərilməsi tapşırılmış, o isə xidməti fəaliyyəti olaraq xx.xx.2023-cü il tarixli 442 qeydiyyat nömrəli ərizəmə əsasən şahidlərdən alınmış izahatlarla araşdırma aparararaq xx.xx.2023-cü il tarixində 2164 nömrəli “Xülasə” etmişdir. Xülasədə də aparılan araşdırma zamanı belə müəyyən olunmuşdur ki, onun həqiqiətən də döyüş bölgəsinə gedərək orada hərbi qulluqçuların aylıq pul məvaciblərini (əsgər pulunun paylanması, maliyyə təsərrüfat işləri ilə məşğul olmağı) paylamağı öz əksini tapmış, lakin bununla bağlı hərbi hissədə əmrlər üzrə heç bir qeydiyyat aparılmamışdır. Adının əmrlər kitabında yazılmaması isə onun səhvi deyil və buna o cavabdeh deyil, bu məsələ hərbi hissə komandanlığının vəzifə səlahiyyətlərinə daxildir.Qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan iddia təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasına müraciət etmişdir. Komissiya imtina məktubunda İddiaçı arayış məlumatında qeyd olunan ərazilərdə olması nizami hissə üzrə əmr və ezamiyyət vərəqəsi ilə təsdiq olunmadığına və döyüş əməliyatiarı bölgəsində olması təsdiqlənmədiyinə görə xx.xx.2023-cü il tarixli icias protokoluna əsasən komissiya tərəfindən ona ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.Hazırda, iddiaçı adının əmrlər kitabına əlavə olunması tələbini irəli sürmüşdür.Hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz.Belə ki, iddiaçının adının N nömrəli hərbi hissə komandirinin əmrlər kitabına əlavə edilməsi üçün qanuni əsasları mövcud deyildir.Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, özləri tərəfindən qaytanlamış kitaba hər hansı bir düzəlişin edilməsi mümkün deyil.İddiaçının döyüş bölgəsinə cəlb edilməsi üçün ezamiyyə vərəqəsi verilməyib, lakin o, döyüş bölgəsində iştrak edərək xidməti vəzifəsini yerinə yetirib. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçının pretenziya məktubunun surəti, N nömrəli hərbi hissə tərəfindən tərtib edilmiş 2453 nömrəli, xx.xx.2022-ci il tarixli aktın surəti, arayışın surəti, Xülasənin surəti, xx.xx.2020-ci il tarixli, 296 nömrəli əmrin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel N5-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun döyüşlərdə iştirak etdiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq N nömrəli hərbi hissə hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı həmin dövrdə N nömrəli hərbi hissədə şəxsi heyətinə mənsub olduğu üçün bu qəbildən olan iddialara qanunvericiliklə N nömrəli hərbi hissənin səlahiyyətlərinə aid edilmişdir. Belə olduğu tədqirdə N nömrəli hərbi hissə hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehə müraciət etmiş, inzibati orqan onun müraciətinə rəsmi cavab verməmişdir.Cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçının məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Abşeron rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Azərbaycan Respubilkası Nazirlər Kabinetinin 22 sentyabr N8-ci il tarixli 422 saylı Qərara əsasən – “Müharibə veteranı" adı və vəsiqəsini verilməsi üçün zəruri olan hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, döyüşİərdəki iştirakı sübut edən sənədlər təqdim olunmalıdır. Yuxarıda qeyd olunmuş Qərara dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.N8-ci il tarixli 422 N–li Qərarına əsasən Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər" sözlərindən sonra “(hərbi xidmətkeçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda “sözləri və yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahıları sözlərindən sonra döyüşlərdə itirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda sözləri əlavə edilmişdir. Sadalanmış bu müddəalardan bəlli olur ki, müharibə dövründə səfərbərlik elan edildikdə, bu dövrdə xidmət hərbi xidmətə aid edilir və çağırış üzrə qaydalara uyğun tənzimlənir. Həmin qaydalara görə isə, hərbi qulluqçunun xidmət keçmənin başlanğıcı hərbi komissarlığa gəldiyi gün, onun sonu isə ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Ehtiyata və ya istefaya buraxılma barədə isə Azərbaycan Respublikasının Prezidenti müvafiq qərar qəbul etməlidir. Habelə, belə fərman qəbul ediləndən sonra müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Müdafiə Naziri və müvafiq olaraq hərbi hissələrin komandirləri) hərbi heyətin ehtiyata və ya istefaya buraxılması barədə əmr qəbul edirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən Müharibəsində mühasib-xəzinədar vəzifəsində mülki xidmət etdiyi N nömrəli hərbi hissə Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlər zamanı həmin hərbi hissənin tərkibində N oktyabr 2020-ci il tarixdən 30 noyabr 2020-ci il tarixədək xidmətdə olmuşdur. İddiaçının döyüş əməliyyatlarında xidməti Hərbi hissə komandirinin təsdiq etdiyi xx.xx.2022-ci il tarixli 2453 nömrəli aktda və arayışlarda öz əksini tapmışdır. Lakin bu barədə 2020-ci ilin əmrlər kitabanda hər hansı bir qeyd aparılmamışdır. İddiaçı müvafiq hərbi hissə komandirinin nizami hissə üzrə əmrlər kitabına adının daxil edilməsi üçün cavabdehə müraciət etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Əmrlər kitabında həmin qeydin olması gələcəkdə müharibə veteranları üçün iddiaçının adının siyahıya alınması üçün lazımdır. İddiaçının döyüş əməliyyatlarında iştirakı öz təsdiqini tapsa da cavabdeh hərbi hissə müvafiq əmrlər kitabına onun adının daxil etməməsi qanunsuz olmuşdur. Cavabdehin etirazında göstərdiyi arqument məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadı. Belə olan halda iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəələsinin 14-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının yuxarıda qeyd olunan sənədlərlə döyüş bölgəsində iştirakı öz təsdiqini tapmış və cavabdeh inzibati orqanın iddiaçıya Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün müəyyən edilmiş siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədilə N saylı hərbi hissənin üzərinə xx.xx.2020-ci il tarixli, 296 nömrəli döyüş əmrinin 2020-ci ilin hərbi hissə komandirinin Nizami hissə üzrə əmrlər kitabına daxil edilməsini istisna edəcək hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı adının Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün müəyyən edilmiş siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədilə N nömrəli hərbi hissənin üzərinə xx.xx.2020-ci il tarixli, 296 nömrəli döyüş əmrinin 2020-ci ilin hərbi hissə komandirinin Nizami hissə üzrə əmrlər kitabına daxil edilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2333/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2333/2024
14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver