Məhkəmə qərarları › İş №2-1(118)-2339/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2339/2025

22.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2339/2025 22.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (əmək pensiyasının yenidən hesablanması) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Şükürov Əfsun Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialina qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli imtinasının əsassız hesab edilməsi və iddiaçının xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilədək fərdi sahibkar kimi (VÖEN: 3********) sosial sığorta ödəyicisi olmasını nəzərə alaraq həmin dövrlərin onun sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:

1. İşin halları

İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2024 tarixli imtinasının əsassız hesab edilməsi və onun xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilədək fərdi sahibkar kimi (VÖEN: 3********) sosial sığorta ödəyicisi olmasını nəzərə alaraq həmin dövrlərin sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, keçirilmiş cərrahi əməliyyatdan və PKTdən sonrakı vəziyyət diaqnozu və ümumi xəstəlik səbəbi ilə 2-ci dərəcəli əlil olmağı müəyyən edilmişdir. Pensiya işində olan sənədlərin surətlərinə əsasən xx.xx.1991-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.1997-ci il tarixinədək əyani təhsil aldığı illər, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 5 il 10 ay 14 gün sığorta stajı müəyyən edilmiş və xx.xx.2012-ci il tarixindən xx.xx.2022-ci il tarixədək şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 19055.86 manat (2022-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında iddiaçının əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 250,74 manat məbləğində əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək vergi ödəyicisi kimi uçota alınmışdır. Həmin dövrlərdə Ceyranbatan qəsəbəsində fiziki şəxs kimi əmək fəaliyyəti göstərmiş, lakin həmin dövrlər pensiya hesablanarkən nəzərə alınmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli arayışında xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək iddiaçının fərdi sahibkar kimi (VÖEN:3********) sosial sığorta ödəyicisi olub-olmamağı barədə Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialına sorğu göndərilmiş, həmin sorğunun nəticəsinə əsasən bildirilmişdir ki, Fondun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialında 1997-2005-ci illərə dair sosial sığorta ödəyicisi kimi hesabat məlumatları aşkar edilməyib və bu səbəblə həmin dövrlərin iddiaçının sığorta stajına əlavə edilməsi mümkün hesab edilməmişdir. İddiaçı fərdi sahibkar kimi fəaliyyət göstərdiyi 1997-2005-ci illər üzrə vergilər və sosial sığorta ödənişlərini DSMF-yə ödəmişdir və fəaliyyət göstərdiyi dövrdə heç bir vergi və sosial sığorta ödənişi üzrə borcu olmadığını bildirmişdir. İddiaçı yuxarıda qeyd olunan dövrü əhatə edən müddətin onun sığorta stajına əlavə edilməsi üçün müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən ərizənin icrasından imtina olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilədək dövrün onun sığorta stajına əlavə edilməsi və əlilliyə görə əmək pensiyasının yenidən hesablanmasını məhkəmədən xahiş etməkdədir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri

Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış etdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak edərək iddiaya yazılı etirazı müdafiə etdi və onunla əsaslandırdı ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının pensiya işində olan sənədlərin surətlərinə əsasən xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək əyani təhsil aldığı illər, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 5 il 10 ay 14 gün sığorta stajı və xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 19055,86 manat (2022-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2022-ci il tarixdən 250,74 manat müəyyən edilmişdir. Həmçinin iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2023-cü il tarixdən 287,60 manata, xx.xx.2024-cü il tarixdən 319,81 manata çatdırılmışdır. Ötən dövr ərzində hesablanmış fərq məbləği (xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək) onun pensiyasının üzərinə əlavə edilməklə ödəniləcəkdir. Bundan başqa, iddiaçının təqdim etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli arayışında qeyd olunmuş xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək fərdi sahibkar kimi (VÖEN: 3********) sosial sığorta ödəyicisi olub-olmamadığı barədə Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialına sorğu göndərilmiş və sorğunun nəticəsinə əsasən Fondun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialında iddiaçının 1997-2005-ci illərə dair (VÖEN: 3********) sosial sığorta ödəyicisi kimi hesabat məlumatları aşkar edilməmişdir. Qeyd olunan hallara əsasən iddiaçının ərizəsinin icrası mümkün hesab edilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • İddiaçıya məxsus AA1007312 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən o, xx.xx.1974-cü il tarixdə anadan olmuşdur. • İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 19 dekabr 2024-cü il tarixli, 3-17-1/2-313149/2024 nömrəli məktubla İddiaçı (VÖEN: 3********) iş qovluğunun Mərkəzi filiala təhvil verilmədiyi bildirilmişdir. • İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 20 dekabr 2024-cü il tarixli, 3-17-1/2-315152/2024 nömrəli məktubla iddiaçının fərdi sahibkar kimi sosial sığorta ödəyicisi olub-olmaması barədə və “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat” məlumatlarının Mərkəzi filialda aşkar edilmədiyi bildirilmişdir. • Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Vergilər Baş İdarəsi tərəfindən 20 oktyabr 2023-cü il tarixli, **********671200 nömrəli məktubla iddiaçının müraciət olunan tarixə ödənilməmiş vergi borcunun olmadığı bildirilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq: İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ vardır. Belə ki, iddiaçı özünün fərdi sahibkar kimi fəaliyyət göstərdiyini iddia etdiyi müddətin sığorta ödəyicisi kimi cavabdeh orqan tərəfindən qeydə alınmaması səbəbindən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin xüsusi mümkünlük şərti olan eyni tələblə inzibati orqana müraciət edərək imtina cavabının alınmasına münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının müvafiq müraciəti mövcud olmuş və 14 iyun 2024-cü il tarixli məktubla müraciətin təmin olunmasından imtina edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi olduğuna görə məhkəmə hesab edir ki, ərazi aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası Maddə 38: Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

“İnsan hüquqları haqqında” Ümumi Bəyannamə Maddə 22: Hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 3.1.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi 87.1-ci maddə: İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 68.2-1. Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qərarını yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş sübutlar və məhkəmə icraatında tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırır. 68.3. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

“İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunu 16.1-ci maddə: Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 19-cu maddə: Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

6. Məhkəmənin mövqeyi

Məhkəmə araşdırması nəticəsində mövcud sənədlərlə müəyyən edildi ki, iddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək ali təhsil müəssisəsində əyani təhsil almışdır. Daha sonra xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək hərbi xidmətdə olmuş və xx.xx.2006-cı il tarixədək 5 il 10 ay 14 gün sığorta stajı müəyyən edilmişdir. xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 19055,86 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2022-ci il tarixdən 250,74 manat müəyyən edilmişdir. Sonradan indeksləşdirilərək xx.xx.2023-cü il tarixdən 287,60 manata, xx.xx.2024-cü il tarixdən 319,81 manata çatdırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş cavab məktubu ilə İddiaçı xx.xx.1997-ci il tarixdən ********* nömrəli şəhadətnamə ilə vergi ödəyicisi kimi qeydiyyata alınması və xx.xx.2005-ci il tarixdə vergi uçotunun ləğv edilməsi bildirilmişdir. Əlavə olaraq sonuncu adıçəkilən orqan tərəfindən verilmiş cavab məktubunda iddiaçının xx.xx.2023-cü il tarixədək olan müddətə dövlət büdcəsinə ödənilməmiş vergi borcunun olmamasının müəyyən edildiyi bildirilmişdir. Cavabdeh orqanın öz etirazında qeyd etdiyi halın – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialında 1997-2005-ci illəri əhatə edən dövrdə iddiaçının (VÖEN:3********) sosial sığorta ödəyicisi kimi hesabat məlumatlarının aşkar edilməməsi iddiaçının vergi ödəyicisi olmaması kimi və sosial təminat hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır və iddia təmin edilərək xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilədək olan dövr İddiaçı sığorta stajına əlavə edilməli və onun əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilədək dövrün sığorta stajına əlavə edilməsi və əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən (elektron kabinet mövcud olduğu təqdirdə elektron kabinetə yerləşdirildiyi gündən) 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan (elektron kabinet mövcud olduğu təqdirdə elektron kabinetə yerləşdirildiyi vaxtdan) 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən gündən (elektron kabinet mövcud olduğu təqdirdə elektron kabinetə yerləşdirildiyi gündən) 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar