Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2341/2025 27.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba Rayon Notariat Kontorunun xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən JN 157 KOD 30313088 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən X4 və ailə üzvlərindən satın aldığı 0.8650 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı məhkəməyə müraciət edərək Quba Rayon Notariat Kontorunun xx.xx.2005ci il tarixli alqı-satqı müqaviləsinə əsasən JN 157 KOD 30313088 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən X4 və ailə üzvlərindən satın aldığı 0.8650 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsini xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Quba rayonu Notariat Kontoru tərəfindən təsdiq edilmiş 01 aprel 2005-ci il tarixli 4-Ə-211 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu Hacıqayıb kənd sakini X4 və onun ailə üzvlərindən JN 157 KOD 30313088 nömrəli Torpağın Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən onların mülkiyyətinə verilmiş 1.98 ha torpağın 9322,42 hissəsini satın almışdır və həmin vaxtdan torpağa sahiblik edərək istifadə edir. Alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi torpağa çıxarış almaq üçün cavabdeh təşkilata müraciət etmişdir. Cavabdeh təşkilat ona satın aldığı 9322,42 kv sahəsinə elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində çıxarış verilməsini bildirərək çıxarışın verilməsinə imtina etməsini bildirmişdir.Ona görə də pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə əlavə etdiyi 01 aprel 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Quba rayon Hacıqayıb kənd sakini X5 və onun ailə üzvlərindən 9322,42 kvm hissəsini satın almışdır. İddia Ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 25 yanvar 2023cü il tarixli məktubundan aşkar olur ki, 01 aprel 2005-ci il tarixdə 4-Ə-211 reyestr nömrəli müqavilənin qeydə alındığı notariat reyestri arxivə təhvil verilmədiyindən həmin kitab üzrə məlumatların yoxlanılması mümkün olmamışdır. İddia ərizəsinə əlavə etdiyi JN-157 KOD 30313088 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktından məlum olur ki, X4 və ailə üzvlərinin mülkiyyətində 1.98 ha torpaq sahəsi vardır. İddiaçı müstəqil araşdırma aparmış və cavabdeh təşkilatın bazasında 157 Z nömrəli planşetində göstərilən və satın aldığı 9322,42 kv m sahəsi boş sahə kimi göstərilmişdir və cavabdeh təşkilat tərəfindən heç bir əsas olmadan başqa şəxsin adına çıxarışın verilməsi qeyd edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş, xx.xx.2005-ci il tarixli 4Ə-24 reyestr nömrəli alqı-satqı müqaviləsinin təsdiq edilməsi üçün əsas olmuş JN- 157 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktının 157 Z nömrəli planşetində göstərilən 9322.42 kv.m torpaq sahəsinə elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: 11 aprel 2005-ci il tarixli torpaq alqı-satqı müqaviləsinə əsasən iddiaçı Vəliyev X11 rayonu Hacıqayıb kənd sakini X4 və onun ailə üzvlərindən JN 157 KOD 30313088 nömrəli Torpağın Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən onların mülkiyyətinə verilmiş 1.98 ha torpağın 9322,42 hissəsini satın almışdır. JN 157 KOD 30313088 nömrəli Torpağın Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Quba rayon X6 22 dekabr 1998-ci il tarixli 17 №li qərarı ilə X3 və ailə üzvlərinə 1.98 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Notariat Arxivinin xx.xx.2024-cü il tarixli 3-16-5/6-11-1384/2024 saylı məktubu ilə xx.xx.2005-ci il tarixli 4Ə-211 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 06 dekabr 2024-cü il tarixli 3-21-3-02/2-14608/2024 saylı məktubu ilə JN-157 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın və onun verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinin (Quba Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17 nömrəli qərarından və Hacıqaib kəndi üzrə subyektlərin siyahısından çıxarışların) təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Cavabdehin 10 yanvar 2025-ci il tarixli 3-21-3-34/2-257/2025 saylı məktubu ilə təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinə naturada (yerdə) baxış keçirilmişdir, iddiaçının faktiki istifadəsində olan və iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə götürülmüşdür. Müayinə zamanı heç bir mübahisəli hal qeydə alınmamışdır. Kameral araşdırma nəticəsi olaraq bildirilir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi DT və XK-nin quba rayon şöbəsi tərəfindən verilmiş JN-157 KOD 30313088 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 157Z planşetində göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşür və uyğunluq təşkil edir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən başqa heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür. İddiaçının iddia etdiyi və faktiki istifadə etdiyi torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən X2b uqodiyası çoxillik əkmə kimi göstərilmişdir. JN-157 KOD 30313088 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 157Z planşetində göstərilmiş 0.9322.42 ha torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) 0.8650 ha olaraq göstərilmişdir. Mübahisəli torpaq sahəsinə dair tərəflərindən sxem tərtib olunmuş, koordinatlar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir. Cavabdehin 08 aprel 2025-ci il tarixli 3-21-3-34/2-4260/2025 saylı məktubu ilə təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin sahəsi 0.8650 ha təşkil edir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı Quba Rayon Notariat Kontorunun xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən JN 157 KOD 30313088 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən X4 və ailə üzvlərindən satın aldığı 0.8650 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsini istəyir. Cavabdeh orqan imtinasını onunla əsaslandırır ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş, xx.xx.2005-ci il tarixli 4Ə-24 reyestr nömrəli alqı-satqı müqaviləsinin təsdiq edilməsi üçün əsas olmuş JN- 157 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktının 157 Z nömrəli planşetində göstərilən 9322.42 kv.m torpaq sahəsinə elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Göründüyü kimi torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün hüquqi əsaslar mövcuddur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 06 dekabr 2024-cü il tarixli 3-21-3-02/2-14608/2024 saylı məktubu ilə JN-157 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın və onun verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinin (Quba Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17 nömrəli qərarından və Hacıqaib kəndi üzrə subyektlərin siyahısından çıxarışların) təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Dövlət Notariat Arxivinin xx.xx.2024-cü il tarixli 3-16-5/6-11-1384/2024 saylı məktubu ilə X4, X9, X12, X10 və İddiaçı Şıxzadə oğlu arasında 9322,42 kv.metr torpaq sahəsi barəsində bağlanılmış xx.xx.2005-ci il tarixli 4Ə-211 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Cavabdehin imtinasının əsaslarına münasibətdə məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinə naturada (yerdə) baxış keçirilmişdir, iddiaçının faktiki istifadəsində olan və iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə götürülmüşdür. Müayinə zamanı heç bir mübahisəli hal qeydə alınmamışdır. İddiaçının iddia etdiyi torpaq sahəsi DT və XK-nin quba rayon şöbəsi tərəfindən verilmiş JN-157 KOD 30313088 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 157Z planşetində göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşür və uyğunluq təşkil edir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən başqa heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür. İddiaçının iddia etdiyi və faktiki istifadə etdiyi torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən X2b uqodiyası çoxillik əkmə kimi göstərilmişdir. JN-157 KOD 30313088 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 157Z planşetində göstərilmiş 0.9322.42 ha torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) 0.8650 ha olaraq göstərilmişdir. Mübahisəli torpaq sahəsinə dair tərəflərindən sxem tərtib olunmuş, koordinatlar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir. Beləliklə torpaq sahəsi üzərində hüququn qeydə alınmasını istisna edən hal müəyyən edilməmiş, cavabdehin qeyd etdiyi imtina əsası mütəxəssis rəyi ilə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Quba Rayon Notariat Kontorunun xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən JN 157 KOD 30313088 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən X4 və ailə üzvlərindən satın aldığı 0.8650 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-2341/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2341/2025
27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver