Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2342/2022 25.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “xx.xx.2015-ci ildə anadan olmuş X3 və xx.xx.2014-cü ildə anadan olmuş X4 Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2399A saylı evdən pasport qeydiyyatdan çıxarılması öhdəliyinin Sumqayıt şəhər Polis idarəsinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, xx.xx.2015-ci ildə anadan olmuş X3 və xx.xx.2014-cü ildə anadan olmuş X4 Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2399A saylı evdən pasport qeydiyyatdan çıxarılması üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 20 may 2022-ci il tarixli, 123-181125A-3222 məktubu ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. X7 (qanuni nümayəndəsi) və X9 (qanuni nümayəndəsi) zəruri cəlb etmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Corat bağları ərazisi, 2339A saylı ev mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Bunu xx.xx.2017-ci ildə verilmiş RX seriyalı ******* saylı çıxarış təsdiq edir. Sumqayıt şəhər məhkəməsinin 2(060)-853/2020 saylı, xx.xx.2020 saylı icra sənədinə əsasən Sumqayıt şəhər Polis idarəsinin xx.xx.2020-ci il tarixli məktubununa əsasən X10 və X1 istifadə hüquqlarına xitam verilmişdir. AR-sı DİN-in ******* saylı arayışına görə X7 (təvəllüdü xx.xx.2015-ci il ) və X11 (təvəllüdü xx.xx.2014-cü il) mülkiyyətçisi olduğu mənzildə qeydiyyatdadır. Hər iki azyaşlı X5 və X1 övladlarıdır. Həmin şəxslərin mənzildə qeydiyyatına və istifadə hüququna xitam verilmişdir, lakin iddia tələbində azyaşlıların adı qeyd edilməyinə görə X7 və X9 mülkiyyətçisi olduğuna mənzildə pasport qeydiyyatında qalmışdır. Bu da iddiaçının mənzil üzərində mülkiyyət hüququnun pozulmasına səbəb olur. Azyaşlıların qeydiyyatı formal xarakter daşıyır. Məsələ ilə əlaqədar olaraq etdiyi müraciətə cavab olaraq Sumqayıt şəhər Polis İdarəsi məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmşdir. Cavabdeh iddiaya münasibətində məhkəmənin qəbul edəcəyi qərarla razılaşdıqlarını bildirmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, RX seriyalı, ******* saylı, reyestr nömrəsi **********14-1301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 31 may 2017-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən bağ evi İddiaçı xüsusi mülkiyyətindədir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-853/2020 saylı, 10 mart 2020-ci il tarixli qətnaməsi ilə X10 və X1 öz ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən bağ evindən istifadə hüquqları itirilmiş hesab olunması və həmin evin boşaldılaraq iddiçıya təhvil verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-553/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-853/2020 saylı, 10 mart 2020-ci il tarixli qətnaməsi cavabdehlər X10 və X1 ailə üzvlərinin ünvan 3 ünvanda yerləşən bağ evinə istifadə hüquqları itirilmiş hesab olunması hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə, yəni cavabdehlərin ailə üzvlərinə münasibətdə qeyri müəyyən olduğu üçün təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5587/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-553/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olsa da həmin evdə yaşamırlar və yaşayış sahəsinə əmlak hüquqları mövcud olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Üçüncü şəxslərin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Hazırkı mübahisə üzrə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün hər hansı bir hüquqi əsas məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə yaşamayan şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Bu halda məhkəmə hesab edir ki, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X9 azyaşlı olduğuna görə qanuna müvafiq olaraq validenlərindən birinin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.2015-ci ildə anadan olmuş X3 və xx.xx.2014-cü ildə anadan olmuş X4 Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2399A saylı evdən pasport qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev