Məhkəmə qərarları › İş №2-1(118)-2345/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2345/2022

03.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2345/2022 03.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “Sumqayıt şəhər Polis İdarəsi üzərinə üçüncü şəxs Əsgərova Suğra Oqtay qızının ünvan 2-dan pasport qeydiyyatından çıxarılmasına dair öhdəlik qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia qaldıraraq “Sumqayıt şəhər Polis İdarəsi üzərinə üçüncü şəxs Əsgərova Suğra Oqtay qızının ünvan 2-dan pasport qeydiyyatından çıxarılmasına dair öhdəlik qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Əsgərova Suğra Oqtay qızı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı həmin mənzili xx.xx.2022-ci ildə X1 alqı-satqı müqaviləsi ilə almışdır. Alqı-satqı müqaviləsinin 13-cü bəndinə görə X2 ailə üzvü olan üçüncü şəxs – Əsgərova Suğra Oqtay qızı 10 gün müddətində iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdü. Lakin o, bu günə kimi iddiaçıya məxsus mənzildə qeydiyyatdan çıxmamışdır.Onun iddiaçıya məxsus mənzilə heç bir hüququ yoxdur. Bunun üçün o cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək, vətəndaş Əsgərova Suğra Oqtay qızının ona məxsus olan ünvan 2-dan pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir. Lakin onun ərizəsi təmin olunmamış və ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxs isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Sumqayıt şəhər Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Əsgərova Suğra Oqtay qızının iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmalarından imtina edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Əsgərova Suğra Oqtay qızı ünvan 2 ünvanında qeydiyyatdadırlar. - ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli “Hüquqların Dövlət Qeydiyyatı haqqqında daşınmaz əmlakın Dövlət reystrin”dən çıxarışın surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. - AN-İ № ******* saylı, xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, ünvan 2 X3 tərəfindən İddiaçı satılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 2 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin mənzildə üçüncü şəxs Əsgərova Suğra Oqtay qızı da qeydiyyatdadırlar. Hazırki iş üzrə iddiaçı həmin şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin həmin orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxsin mənzildə qeydiyyatı formal xarakter daşıyır və o faktiki olaraq həmin mənzildə yaşamır. Üçüncü şəxs məhkəmə iclasına dəvət olunmasına baxmayaraq, məhkəməyə gəlməmiş, qeyd edilən halları təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxs iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Əsgərova Suğra Oqtay qızının ünvan 2-dan pasport qeydiyyatından çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Əsgərova Suğra Oqtay qızının ünvan 2-dan pasport qeydiyyatından çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar