Məhkəmə qərarları › İş №2-1(118)-2345/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2345/2024

24.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2345/2024 24.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 və üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri X11 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı JN-972A, KOD 30225018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,10 ha torpaq sahəsindən 0,05 ha hissədə ayrılmasına dair bölgü sxeminin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanda yerləşən yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri X11 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Xaçmaz rayonu, Yalama kəndində fərdi yaşayış evi tikmək məqsədilə Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının qəbul etdiyi qərara əsasən JN-972A, KOD 30225018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə xx.xx.1998-ci il tarixli 14 saylı qərarı əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13 5 saylı Xaçmz Ərazi İdarəsinin 3-21-3-34/2-13035/2023 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə ona verilmiş imtinasını qanunsuz hesab edilməsi və cavabdehin üzərinə Xaçmaz rayonu, Yalama kəndində fərdi yaşayış evi tikmək məqsədilə Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının qəbul etdiyi qərara əsasən JN- 972A, KOD 30225018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə xx.xx.1998ci il tarixli 14 saylı qərarı əsasında İddiaçı və X3 adına daşınmaz əmlakın dövlət reyestridə qeydiyyata alınması və Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsini və öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr verərək JN- 972A, KOD 30225018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,10 ha torpaq sahəsindən 0,05 ha hissədə ayrılmasına dair bölgü sxeminin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X7 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Yalama kəndində fərdi yaşayış evi tikmək məqsədilə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-ci il tarixli 14 saylı qərarına əsasən JN-972A, KOD 30225018 şəhadətnamə əsasında iddiaçıya 0,10 ha torpaq sahəsi verilmişdir və bu barədə arxiv çıxarışları da mövcuddur. İddiaçı həmin torpaq sahəsinin 0.05ha hissəsini alqı-satqı müqaviləsinə əsasən X1. Yerdə qalan 0.05 ha hissəsinə mülkiyyət hüququnun qeydə alınması üçün bölgü sxemi tələb edilmişdir. O, həmin bölgü sxeminin tərtib edilməsi üçün cavabdeh idarəyə müraciət etmişdir, lakin ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X8 iddianı qəbul etməyərək izah etdi ki, xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinin təsdiq edilməsi üçün əsas olmuş JN-972A nömrəli (KOD 30225018 seriyalı) “Torpaq mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri X11 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir. JN-972A nömrəli (KOD 30225018 seriyalı) “Torpaq mülkiyyətə verilməsinə dair Şəhadətnamə” elektron məlumat bazasında olan xəritə üzərində (DWG) və torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmamışdır. Bu səbəbdən də, torpaq sahəsi üçün nəzərdə tutulmuş bölgü sxeminin hazırlanması mümkün olmamışdır. Üçüncü şəxs X7 iddianı qəbul etdi və bildirdi ki, 2012-ci ildən alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 0,05 ha torpaq sahəsi istifadəsindədir. İddiaçı ilə aralarında hər hansı mübahisə mövcud deyildir. O, özünə aid hissədə ev tikib, orada yaşayır. Çıxarış və plan və ölçü sənədinin verilməsi ilə bağlı müraciət etməmişdir. Hazırda o, bölgü sexminin tərtib edilməsini xahiş edir. İş materiallarında olan: - JN-972A KOD 30225018 seriyalı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli, 14 saylı qərarı ilə Xaçmaz rayonu, Yalama kəndi ərazisindən 0,10 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. - xx.xx.2012-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı 0,10 ha torpaq sahəsindən 0,05 torpaq sahəsini X2. - Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri X11 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli arayışdan görünür ki, Xaçmaz rayonu, Yalama kəndi ərazisində yerləşən topaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Məhkəmənin sorğusuna əsasən Xaçmaz Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 14 saylı protokolundan “Yalama” sovxozuna aid hissəsinin və adlı siyahıdan İddiaçı Yəhya oğluna aid hissənin surəti məhkəməyə təqdim edilmişdir. - Məhkəmənin sorğusuna əsasən Xaçmaz rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2012-ci il tarixli, 4Ə-180 nömrəli alqı-satqı müqaviləsinə dair notariat işinin surəti məhkəməyə təqdim edilmişdir. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri” X13 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli müayinə aktından görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məktubda göstərilən Xaçmaz rayonu, Yalama kəndində fərdi yaşayış evi tikmək məqsədi ilə Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının qəbul etdiyi qərarına əsasən JN-972A, KOD 30225018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.10 ha torpaq sahəsinin 0.05 ha hissədə ayrılmasına dair bölgü sxeminin tərtib edilməsi bağlı torpaq sahəsinə baxış keçirilmşdir. Baxış zamanı məlum olmuşdur ki, Xaçmaz rayonu, Yalama kəndində fərdi yaşayış evi tikmək məqsədi ilə Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının qəbul etdiyi qərarına əsasən JN-972A, KOD 30225018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.10 ha torpaq sahəsinin 0.05 ha hissəsi torpaqların elektron kadastrı uçotu informasiya (TEKUİS) sistemində xx.xx.2012-ci il tarixində AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi öz əksini tapmışdır. Lakin JN-972A, KOD 30225018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə elektron məlumat bazasında olan xəritə üzərində (DWG) öz əksini tapmamışdır, kateqoriyası torpaqların elektron kadastrı uçotu informasiya (TEKUİS) sistemində yaşayış məntəqələrinin torpaqlarına aiddir, qonşu torpaq sahələri ilə üst-üstə düşmür. Müayinə zamanı mübahisə qeydə alınmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; Məhkəmə qeyd edir ki, iddiaçı qanuni sahibliyində olan torpaq sahəsinin 0.05 ha hissəsini üçüncü şəxs D.Əliyevə satmışdır. Hazırda aralarında hər hansı mübahisə çövcud deyildir. Cavabdeh Torpağa mülkiyyətə dair şəhadətnamənin TEKUİS sistemində qeydiyyata alınmadığını bildirsə də, alqı-satqı müqaviləsinin həmin sistemdə öz əksini tapdığını bildirmişdir. Torpaq sahəsi üzərində hər hansı mübahisə mövcud deyildir, başqa şəxslərin torpaq sahələrinin koordinaları ilə üst-üstə düşmür. Alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəl cavabdeh idarə tərəfindən 1 saylı forma üzrə arayış verilmişdir. Məhkəmə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair şəhadətnamənin elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmaması torpaq sahəsinin mövcudluğunu, bir hissəsini üçüncü şəxsə satıldığını və vətəndaşların qanuni istifadəsində olmasını təkzib etmir. Həm iddiaçının, həm də üçüncü şəxsin həmin torpaq sahəsi üzərində mülkiyyət gözləntisi vardır. “İnzibati icraat haqqında” Qanun: Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Göstərilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və JN-972A, KOD 30225018 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,10 ha torpaq sahəsindən 0,05 ha hissədə ayrılmasına dair bölgü sxeminin tərtib edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri” X11 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmnalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. JN-972A KOD 30225018 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,10 ha torpaq sahəsindən 0,05 ha hissədə ayrılmasına dair bölgü sxeminin tərtib edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri” X11 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar