Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2346/2024 01.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Elşən oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı Şamaxı rayon Dəmirçi kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında faktiki torpaq sahələrinin qrafasında qeyd edilmiş 0,58 hektardan 0,50 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X8 və X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təqdim etdiyi sənədlərə müvafiq olaraq, Daşınmaz Əmlakın Dövlət Reyestrindən Şamaxı rayonu, Dəmirçi kəndində yerləşən, 0,54 ha tropaq sahəsinə dair atası – İddiaçı adına mülkiyyət hüququnun qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon Dəmirçi kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında faktiki torpaq sahələrinin qrafasında qeyd edilmiş 0,58 hektardan 0,50 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X8 və X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Şamaxı rayonu, Dəmirçi kəndində ailəsi ilə birlikdə yaşayır. 1990-cı illərdə X1 tərəfindən həyətyanı məqsədi ilə istifadə etdiyi 0,54 ha torpaq sahəsi Şamaxı rayonu Dəmirçi kənd X14 Komissiyasının 20 aprel 1998-ci il tarixli 4 saylı islas protokolu əsasında atasına veriləcək əkin sahəsindən ikiqat əvəzi tutulmaqla ona verilmişdir. Belə ki, Dəmirçi kəndində Cəcəli adlanan sahədə adambaşına 0,81 ha əkin sahəsi verildiyi halda, atasına (Böyük Vətən müharibəsi əlili olduğuna görə iki pay verilmişdir) və anasına veriləcək 2,43 ha əvəzinə JN-0012 saylı Dövlət Aktı ilə 1,34 ha əkin sahəsi (0,54 ha əvəzinə 1,08 ha az torpaq sahəsi tutulmuşdur) əkin sahəsi verilmişdir. Yuxarıda göstərilən sahə yalnız əkin sahələrinə aiddir. Ümumilikdə isə atasına və anasına JN-0012 saylı Dövlət Aktı ilə əkin və biçənək sahəsi birlikdə 1,91 ha torpaq sahəsi verilmişdir. Zəbt əvəzinə çıxılan torpaq sahəsi Dövlət Aktının ikinci səhifəsində göstərilən torpaq sahəsindən çıxılmışdır. 0,54 ha torpaq sahəsi atasına veriləcək əkin torpaq sahəsindən ikiqat tutularaq əvəzləşdirilməsinə və həmin torpaq sahəsinin siyahıda göstərilməsinə baxmayaraq ona dair sənəd işlənməmişdir. X1 və anası X10 2002-ci ildə vəfat etmişdir və yeganə varisləri iddiaçıdır. Bu səbəbdən də, iddiaçı 0,54 ha torpaq sahəsinin sənədləşdirilməsi və həmin torpaq sahəsinə reyestrdən çıxarış verilməsinə köməklik göstərilməsi üçün ərizə ilə bütün lazımi sənədlər əlavə edilməklə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İbarəsinin 14 fevral 2023-cü il tarixli, **********74 saylı cavabı ilə ərizəsinə imtina verilmiş və məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı imtina məktubundan görünür ki, Mərkəzin arxivində saxlanılan Şamaxı rayonu, Dəmirçi kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında X8 və X5 adları mövcuddur. Sözügedən pay torpaq sahəsinə dair subyektlərin siyahısında qanuni istifadələrinə verilmiş həyətyanı torpaq sahəsi 0,04 ha, faktiki həyətyanı torpaq sahəsi 0,58 ha, fərq - 0,54 ha kimi qeyd edilmişdir. X6 və X9 torpaq payı hesablanan zaman yuxarıda qeyd olunan zəbt torpaqları keyfiyyət qrupuna uyğun olaraq pay torpaqlarından çıxılmışdır. İş materiallarında olan: - JN 0012 KOD 41008018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 iyul 1998-ci il tarixli, 09 saylı qərarı ilə X8 və X7 1,92 ha torpaq sahəsi mülkiyyətə verilmişdir. - Şamaxı Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, X2 xx.xx.2003-cü il tarixdə vəfatı ilə əlaqədar vərəsə İddiaçı ərizəsi əsasında vərəsəlik işi açlmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. - Məhkəmənin sorğusuna "xxxx" MMC tərəfindən verilmiş məktubdan görünür ki, Mərkəzin arxivində saxlanılan Şamaxı rayonu, Dəmirçi kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısından X2 və onun ailə üzvünün adı qeyd edilmiş hissədən, eləcə də Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı və X14 Komissiyasının xx.xx.1998-ci il tarixli 04 nömrəli qərarlarından çıxarışların təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. - Şamaxı rayonu Dəmirçi bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 0,50 ha torpaq sahəsinə dair bələdiyyənin elektron xəsritəsindən fotoşəkili məhkəməyə təqdim edilmişdir. - xx.xx.2022-ci il tarixli torpaq sahəsinin müayinə aktından görünür ki, 0,50 ha torpaq sahəsi naturada çəpər daxilindədir və istifadə olunur. 0,10 ha torpaq sahəsi İddiaçı faktiki istifadəsindədir. İddiaçı yaşadığı fərdi evin həyətyanı torpaq sahəsinə çıxarış alıb, sözügedən 0,10 ha torpaq sahəsi onun mülkiyyətinə verilmiş torpaq sahəsi ilə həmsərhəddir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Şamaxı rayonun Dəmirçi kəndində yerləşən zəbt həyətyanı torpaq sahələrinin qeyd olunduğu DBF siyahısında X2 adı 68-ci sırada olmaqla sənəd üzrə 0,04 ha və zəbtinə 0,54 ha torpaq sahəsi göstərilmişdir. DBF siyahısında X2 adının qeyd olunduğu səhifə məhkəməyə göndərilmişdir. - xx.xx.2023-cü il tarixli, **********05 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şamaxı rayonu, Dəmirçi kəndi ərazisində yerləşən 0,5710 ha torpaq sahəsi X2 mülkiyyətindədir. - xx.xx.2023-cü il tarixli, **********92-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şamaxı rayonu, Dəmirçi kəndi ərazisində yerləşən 0,0426 ha torpaq sahəsi X2 mülkiyyətindədir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: ..... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;...... Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 iyul 1998-ci il tarixli, 09 saylı qərarı ilə X8 və X7 1,92 ha torpaq sahəsi ayrılmışdır. Cavabdehin imtina məktubu və iddia ərizəsinə etirazının dəlili ondan ibarətdir ki, mübahisəli torpaq sahəsinə dair iddiaçı tərəfindən hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İş materiallarında olan Şamaxı rayon Dəmirçi kənd X14 Komissiyasının iclasının 4 saylı, 20 aprel 1998-ci il tarixli iclas protokolundan müəyyən edilir ki, vətəndaşların normadan artıq istifadə etdikləri həyətyanı torpaq sahələrinin onların mülkiyyətlərinə verilərək, torpaq paylarından çıxılması qərara alınmışdır. İddiaçıya ünvanladığı məktubunda "xxxx" MMC bildirmişdir ki, Mərkəzin arxivində saxlanılan Şamaxı rayonu Dəmirçi kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında X8 və X5 adları mövcuddur. Sözügedən pay torpaq sahəsinə dair subyektlərin siyahısında qanuni istifadəsinə verilmiş həyətyanı torpaq sahəsi 0.04 ha, faktiki həyətyanı torpaq sahəsi 0.58 ha, fərq 0.54 ha kimi qeyd edilmişdir. X8 və X7 torpaq payı hesablanan zaman yuxarıda qeyd olunan zəbt torpaqları keyfiyyət qrupuna uyğun olaraq pay torpaqlarından çıxılmışdır. Cavabdehin göstərdiyi hərəkətsizlik qanunvericilikdə nəzərdə tutulmuş bir sıra prinsiplərin, həmçinin qanunçuluq prinsipinin pozulmasına əsas olmuşdur. Qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hissəsində məhkəmə fəaliyyətinin ədalət mühakiməsi adlandırılması bu fəaliyyətin ədalət anlayışına uyğun həyata keçirilməsini tələb edir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsində, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Qanunun 8 və 99-cu maddələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri kimi işlərə ədalətlə baxılması təsbit olunmuş, ədalətli olmaq həm də hakimin vəzifəsi kimi müəyyən edilmişdir. Hüququn bütün sahələrində əsas başlanğıc prinsiplərdən biri kimi çıxış edən ədalətlilik hüquq tətbiqedicilər, o cümlədən hakim qarşısında ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almaq öhdəliyi də qoyur. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı aqrar islahat komissiyasının qərarı və onun əsasında verilmiş Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə qanunla müəyyən olunmuş qaydada geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmişdir. Belə olan halda, həmin qərar və şəhadətnamə hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Qeyd edilən qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin qanunun mötəbərlik prezumpsiyasından bəhs edən 19-cu maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Şamaxı rayon Dəmirçi kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında faktiki torpaq sahələrinin qrafasında qeyd edilmiş 0,58 hektardan 0,50 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X8 və X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2346/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2346/2024
01.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver