Məhkəmə qərarları › İş №2-1(118)-2350/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2350/2024

09.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2350/2024 09.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə Açar sözlər: (torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 9 iyul 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Quba Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(027)-86/2022 nömrəli qətnaməsinədən görünür ki, İddiaçı MMC-nin X5 qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi”nə dair tələbi təmin edilməmişdir.

2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən 3 mart 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 3i ünvanında yerləşən torpaq sahəsi "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir. Həmin əmlakın tam payın sahibidir.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 27 oktyabr 2023-cü il tarixli, 3-21-3- 34/2-14141/2023 nömrəli məktubundan görünür ki, araşdırma zamanı 23 oktyabr 2023-cü il tarixdə vətəndaş X3 ilə birlikdə əraziyə baxış keçirərkən məlum olmuşdur ki, **********18 nömrəli çıxarışın yerləşdiyi koordinatları daxilində olan torpaq sahəsinin digər vətəndaşlar tərəfindən hasarlanması və yaşayış evinin inşa olunması aşkar olunmuşdur. Bu səbəbdən də ərazidə ölçü işlərinin aparılması mümkün olmamışdır, əraziyə, naturada tanıdılmasına şərait yaradılacağı tədqirdə müraciətdə qeyd olunan məsələyə baxılacaqdır.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 19 mart tarixli “Mütəxəssis rəyi”ndən görünür ki, torpaq sahəsinin naturada müayinəsi zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi digər şəxs və ya şəxslər tərəfindən hasara alınmışdır. Bu səbəbdən ölçü işlərinin aparılması və və mütəxəssis qarşısına qoyulmuş sualların cavablandırılması mümkün deyildir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri

5. İddiaçı MMC (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonunun Dağlı kəndi ərazisində yerləşən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 3 mart 2023-cü il olan çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0,08 hektar torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X6” tərəfindən keçirilmiş hərracın qalibi olmuş, 27 fevral 2019-cu il tarixdə bağlanmış “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləyə əsasən ünvan 3i ərazisində yerləşən 0,08 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə keçmişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün, cavabdehə müraciət edilmiş, lakin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının iddiaçının adına dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İmtinanın səbəbləri kimi torpaq sahəsi üzrə qonşu ilə mübahisənin mövcud olması, torpaq sahəsinin hasara alınması və torpaq sahəsinə yolun olmaması göstərilmişdir. Quba Rayonu Dağlı bələdiyyəsindən iddiaçıya verilən məlumata görə torpaq sahəsi və ora gedən yol Dağlı kənd sakini X7 tərəfindən 2018-ci ildə özünə məxsus torpaq sahəsi ilə birlikdə, hasara alınaraq zəbt edilmişdir. İddiaçı tərəfindən Quba Rayon Məhkəməsində X5 qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsinə dair” iddia qaldırılmış, lakin məhkəmə tərəfindən iddia tələbinin təmin edilməməsinə dair 2(027)-86/2022 nömrəli 30 avqust 2022-ci il tarixli qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmənin qərardadı ilə H.Əliyev tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilib-edilməməsinin müəyyən edilməsi üçün tikinti-texniki ekspertizası təyin edilmiş, lakin ekspertiza işlərinin aparılmasının mümkün olmaması nəticəsində ekspert rəyi verilməmişdir. Məhkəmənin qətnaməsində buna səbəb kimi hal-hazırda iddiaçının mülkiyyətində olan, həmin torpaq sahəsinin əvvəlki mülkiyyətçisi olmuş X1 adına Dövlət reyestrində qeydiyyata alınmasına dair ona verilmiş Seriya RX № ******* olan 23 avqust 2013-cü il qeydiyyat tarixli Çıxarış və cavabdeh X5 məxsus Torpağın mülkiyyətə verilməsinə dair JN - 824F Seriyalı 30318068 kodlu Şəhadətnamədə torpaq sahələrinin əsas döngə nöqtələrinin koordinatlarının göstərilməməsi qeyd edilmişdir. Məhkəmə baxışında hakimin təklifi ilə torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi üçün xidmət haqqı kimi 6 may 2022-ci il tarixdə 3936 nömrəli qəbzlə 96 manat pul köçürülmüş və qəbzin surəti 6 may 2022-ci tarixli ərizə ilə cavabdeh orqana təqdim edilmişdir. Buna baxmayaraq torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları müəyyən edilməmiş, buna görə də təyin edilmiş tikinti-texniki ekspertizasının aparılması mümkün olmamış, nəticədə məhkəmə tərəfindən iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilmişdir. 13 fevral 2023-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edilərək (zəruri sənədlər və pul vəsaitinin ödənilməsinə dair qəbzin surəti əlavə edilməklə) torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsinin təmin edilməsi xahiş edilmişdi. Cavabdeh tərəfindən həmin müraciətə cavab verilməmişdir. Daha sonra torpaq sahəsi iddiaçının adına dövlət qeydiyyatına alınmış, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 3 mart 2023-cü il olan çıxarış verilmişdir. 6 sentyabr 2023-cü il tarixdə cavabdehə təkrarən ərizə ilə müraciət edilərək torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsini və həmin torpaq sahəsinin planı və ölçüsünün hazırlanması xahiş edilmişdir. Yalnız 3 oktyabr 2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar xanım Alimovaya şikayət ərizəsi ilə müraciət edəndən sonra 6 sentyabr 2023-cü il tarixli ərizəyə, 26 oktyabr 2023-cü il tarixdə, poçt rabitə xidməti vasitəsi ilə iddiaçıya təqdim edilmiş zərfdə yerləşən, məzmunları eyni olan, tarixləri 16 oktyabr 2023-cü il və 18 oktyabr 2023-cü il kimi qeyd edilmiş, 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəisi F.Nuşiyev tərəfindən imzalanmış 2 məktubla cavab verilmişdir. Məktublarda göstərilmişdir ki, Tarif Şurasının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə 31 iyul 2023-cü il tarixli 5 nömrəli Qərarına uyğun olaraq torpaq sahəsinin yerdə (naturada) müəyyən edilməsi üçün xidmət haqqı 4 xarakterik döngə üzrə 120 hər əlavə 1 döngə üçün 20 manat təşkil edir. Qeyd edildiyi kimi, torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının göstərilməsi üçün 96 manat pul ödənilmiş və pulun ödənilməsi barədə qəbzin surəti, pulun ödənilmə tarixdə də cavabdehə təqdim edilmiş, daha sonra cavabdehə yazılmış hər iki ərizəyə də, digər sənədlərlə bərabər, həmin qəbzin surəti də əlavə edilmişdir. Həmçinin, torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının göstərilməsi üçün 96 manat pul ödənilməli olduğunu məhz cavabdeh orqanın əməkdaşları tərəfindən həmin İdarədə bildirilmişdir. Pul vəsaiti 6 may 2022-ci il tarixdə köçürülmüşdür və həmin vaxt qeyd edilən iş görülməli idi. İndi isə, həmin məqsədlə 96 manat ödəniləndən 1 il 2 ay sonra qəbul edilmiş qərara əsasən müəyyən edilmiş miqdarda pulun ödənilməsi tələb edilir. Hesab edilir ki, iddiaçıya məxsus torpaq sahəsinin əsas döngə nöqtələri məhz 96 manata da müəyyən edilməlidir. Belə ki, həmin iş pul vəsaiti ödəniləndən sonra 20 gün müddətində icra olunmalı idi. Cavabdeh tərəfindən daha sonra 23 oktyabr 2023-cü il tarixdə, iddiaçının təmsilçisinin iştirakı ilə torpaq sahəsi yerləşən əraziyə baxış keçirilmiş, baxışın nəticəsi olaraq cavabdeh tərəfindən, poçt rabitə xidməti ilə 30 oktyabr 2023-cü il tarixdə 27 oktyabr 2023-cü il tarixli olan məktub verilmişdir (§3). Göründüyü kimi cavabdeh tərəfindən yenə də torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının müəyyən edilməmişdir. Torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının müəyyən edilmədiyi təqdirdə isə Quba Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(027)-86/2022 nömrəli qətnaməsi ilə müəyyən edildiyi kimi, iddiaçının mülkiyyətində olan, digər şəxslər tərəfindən faktiki olaraq zəbt edilmiş torpaq sahəsi üzrərində iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsi mümükün deyildir. Torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları isə yalnız cavabdeh tərəfindən müəyyən olunmalıdır. Quba Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(027)-86/2022 nömrəli qətnaməsi ilə, digər hallarla bərabər, aşağıdakı hallar müəyyən edilmişdir: - Quba rayonunun Dağlı kəndi ərazisində yerləşən X2 məxsus olmuş 0,08 ha torpaq torpaq sahəsi hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 27 fevral 2019-cu il tarixli müqaviləyə əsasən iddiaçıya satılmışdır; - cavabdehin 26 oktyabr 2020-ci il tarixli məktubuna əsasən, mübahisəli torpaq sahəsi üzərində qonşu ilə mübahisə mövcuddur, torpaq sahəsi hasara alınıb və torpaq sahəsinə yol yoxdur; - cavabdehin 17 sentyabr 2020-1-ci il tarixli məktubuna əsasən, mübahisəli torpaq sahəsinin koordinatları məlum olmadığı üçün torpaq sahəsinə dair baza və arxiv məlumatlarının məhkəməyə təqdim edilməsi mümkün olmamışdır.

7. İddia tələbinin prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.2.3, 34.1, 46, 68-ci maddələrinə istinad olunmuşdur.

8. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

9. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

10. Cavabdeh tərəfindən etiraz təqdim olunmamışdır.

Tərəflərin iştirakı və izahatları

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər öz nümayəndələri ilə məhkəmə iclasında təmsil olunmamışdırlar.

12. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iddiaçı tərəfinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır.

14. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

15. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

16. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

17. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsinin cavabdeh orqanın vəzifəsi olduğu bildirilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

a) İddianın mümkünlüyü:

18. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

19. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

20. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

21. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

22. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

b) Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ...

24. TM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

“Maddə 6 6 . Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

“Maddə 6 8 . Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”

26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

“Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.”

“Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.”

“Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.”

“Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; ...”

“Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. ...”

Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı (-) 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

27. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. …”

“Maddə 68. Məhkəmə qərarının əsası

68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. …”

c) Məhkəmənin mövqeyi

28. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin vermiş olduğu izahatını, cavabdeh orqanın imtina məktubunda qeyd edilənləri, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, onlara yuxarıda göstərilən qanunvericilik normaları ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir.

29. İddiaçının tələbi torpaq sahəsinə dair ona verilmiş çıxarışa əsasən öz mülkiyyətində olan 0,08 hektar torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Hesab edilir ki, torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının müəyyən edilmədiyi təqdirdə Quba Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(027)-86/2022 nömrəli qətnaməsi ilə müəyyən edildiyi kimi, iddiaçının mülkiyyətində olan, digər şəxslər tərəfindən faktiki olaraq zəbt edilmiş torpaq sahəsi üzrərində iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsi mümükün deyildir.

30. Cavabdeh orqanın imtinasının əsası, çıxarışın yerləşdiyi koordinatları daxilində olan torpaq sahəsinin digər vətəndaşlar tərəfindən hasarlanması və yaşayış evinin inşa olunması aşkar olunmuş olması ilə bağlıdır. Bu səbəbdən də ərazidə ölçü işlərinin aparılması mümkün olmamasına istinad etməklə, əraziyə, naturada tanıdılmasına şərait yaradılacağı tədqirdə müraciətə qeyd olunan məsələyə baxılacağını bildirmişdir.

31. İş materialına əlavə edilmiş Quba Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(027)-86/2022 nömrəli qətnaməsinədən görünür ki, İddiaçı MMC-nin X5 qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi”nə dair tələbi təmin edilməmişdir. Həmin qətnamədə məhkəmənin iddia tələbini təmin etməməsinin əsasında torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının müəyyən edilməməsi ilə bağlı olmuşdur.

32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 7.2. “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən X4 Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. 9.2. Qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. Bu halda ərizəçiyə bildiriş təqdim edilməlidir.

33. “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli 171 nömrəli qərarı ilə Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”: 2.1. Mərzçəkmə işləri - kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. 2.2. Mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. 2.3. Mərzçəkmə işləri aşağıdakı hallarda aparılır: 2.3.1. yerquruluşu işləri aparılan zaman torpaq sahələrinin sərhədləri yerdə (naturada) müəyyən ediləndə və bərkidiləndə; 2.3.2. qanunvericiliyə uyğun olaraq fiziki və hüquqi şəxslər tərəfindən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində hüquqlar ilk dəfə əldə edildikdə; 2.3.3. torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; 2.3.4. hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda; 2.3.5. torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə. (-)

34. Sadalanmış normaların məzmundan görünür ki, mərzçəkmə işləri kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Mərzçəkmə işləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılır. Torpaq sahələrində mərzçəkmə işlərinin aparılması və mərz nişanlarının qoyulması xidməti Əmlak Xidmətləri Məkanında göstərilir. Bu xidmət fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada (hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri istisna olmaqla) yeni torpaq sahələri əldə edildikdə, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda həyata keçirilir. O cümlədən, hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda, torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda və digər hallarda mərzçəkmə işlərinin aparılması və mərz nişanlarının qoyulması xidmətləri göstərilir.

35. İddiaçı hazırda hüquqi qüvvəsi mübahisələndirilməyən xüsusi mülkiyyət hüququna dair verilmiş çıxarışa əsasən torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi xahiş edir. Bu səbəbdən də, Döngə koordinantlarının müəyyən edilməsi isə cavabdeh qurum tərəfindən həyata keçirilməli olan mərzçəkmə işlərinin sırasına daxildir.

36. Yəni, iddiaçının hazırki iddiası onun hüququ, bu hüququn icrası isə cavabdehin vəzifəsidir. “Döngə koordinantlarının müəyyən edilməsi”ndən imtina qeydiyyat hüququna dair çıxarışı olan şəxsə münasibətdə haqlı hesab oluna bilməz.

37. “Mütəxəssis rəyi”nin verilməsi üçün cavabdeh orqana müvafiq suallar ünvanlanmışdır. Lakin məktubda qeyd olunanlarla əlaqədar tərtib olunmuş arayışa görə torpaq sahəsinin naturada müayinəsi zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi digər şəxs və ya şəxslər tərəfindən hasara alınmışdır. Bu səbəbdən ölçü işlərinin aparılması və mütəxəssis qarşısına qoyulmuş sualların cavablandırılması mümkün deyildir.

38. Məhkəmə prosesi dövründə təqdim edilən arayışın mətni cavabdeh orqanın imtina məktubunda qeyd edilənlərlə eyni məzmunlu olduğundan, məhkəmə bu arayışı həm də iddia tələbinə etiraz (münasibət) kimi qəbul edir.

39. Məhkəmə cavabdehin mütəxəssis rəyi verməsindən imtinasının əsası kimi göstərdiyi halı əsaslı və yetərli hesab etmir.

40. Belə ki, “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”:

7. Torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsi, razılaşdırılması və mərz nişanlarının basdırılması 7.1. Yeni ayrılmış torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq struktur bölməsinin mütəxəssisinin, Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələrinin nümayəndəsinin, rayon (şəhər, şəhər rayonu) icra hakimiyyəti başçısının nümayəndəsinin, bələdiyyənin və sərhədləri müəyyən olunacaq torpaq sahəsinin mülkiyyətçisinin (istifadəçisinin) və onunla qonşu olan digər torpaq sahələrinin mülkiyyətçilərinin (istifadəçilərinin) və ya onların müvafiq qaydada verilmiş etibarnamələri əsasında vəkil etdikləri nümayəndələrin iştirakı ilə aparılır. 7.2. Mövcud torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq struktur bölməsinin mütəxəssisinin, Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələrinin nümayəndəsinin, bələdiyyənin və sərhədləri müəyyən olunacaq torpaq sahəsinin mülkiyyətçisinin (istifadəçisinin) və ya onların müvafiq qaydada verilmiş etibarnamələri əsasında vəkil etdikləri nümayəndələrin iştirakı ilə aparılır. 7.3. Torpaq sahələrinin yerdə (naturada) sərhədlərinin müəyyən edilməsindən və razılaşdırılmasından sonra həmin sərhədlərdə bu Qaydaların 11-ci bəndində göstərilən nümunələr əsasında hazırlanmış müvəqqəti və ya daimi mərz nişanları bərkidilir (basdırılır) və bu Qaydaların 7.1-ci və 7.2-ci bəndlərində göstərilən şəxslər tərəfindən akt tərtib edilir və imzalanır. Mərz nişanları mühafizə üçün müvafiq rayon (şəhər, şəhər rayonu) icra hakimiyyəti başçısının nümayəndəsinə, müvafiq bələdiyyəyə və fiziki və ya hüquqi şəxsə təhvil verilir . 7.4. Mərz nişanları bərkidilərkən (basdırılarkən), ətraf ərazidə yerləşən ən azı 3 geodeziya-istinad məntəqəsinə bağlanılır.

41. Göründüyü kimi, cavabdehin “Torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsi, razılaşdırılması və mərz nişanlarının basdırılması” konkret normalarla tənzimlənir və cavabdehin imtinasında istinad etdiyi hal bu normalar arasında mövcud deyildir.

42. Məhkəmə, eyni zamanda, Quba Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(027)-86/2022 nömrəli qətnaməsinin əsaslarını da nəzərə alınmalı olduğunu hesab edir.

43. İşin inzibati icraat qaydasında araşdırılması ilə müəyyən olunur ki, iddiaçı tərəf tələbin əsaslılığını sübuta yetirə bilmişdir. Bu səbəbdən də cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur.

44. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, qanunvericiliyin normalarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Quba rayonunun Dağlı kəndi ərazisində yerləşən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 3 mart 2023-cü il olan çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0,08 hektar torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ

45. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Quba rayonunun Dağlı kəndi ərazisində yerləşən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 3 mart 2023-cü il olan çıxarışa əsasən, İddiaçı MMC-nin mülkiyyətində olan 0,08 hektar torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar