Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2352/2025 26.08.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonu Xudat bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 18 saylı Qərarına əsasən Xudat şəhəri ərazisindən iddiaçıya ayrılmış 21.7 kv.metr kommersiya təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması, adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonu Xudat şəhəri, H.Əliyev küçəsində yerləşən 21.7 kv torpaq sahəsinə və həmin torpaq sahəsində tikdiyi qeyri yaşayış-fərdi ticarət obyektinə mülkiyyət hüququna dair reyestrdən çıxarış sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə ərizəsi təqdim edərək, “Xaçmaz rayonu Xudat bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 18 saylı Qərarına əsasən Xudat şəhəri ərazisindən iddiaçıya ayrılmış 21.7 kv.metr kommersiya təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması, adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia onunla əsaslandırılmışdır ki, 27 fevral 2007-ci il tarixdə Xudat Bələdiyyəsinin ərazisindən 21.7 kv.metr fərdi kommersiya obyektinin tikintisi üçün torpaq sahəsinin iddiaçıya satılması barədə müraciət etmişdir. Müraciətinə əsasən Xudat Bələdiyyəsinin 17 noyabr 2007-ci il tarixli, 18 saylı qərarına əsasən Xaçmaz rayonu Xudat Bələdiyyəsinin torpaqların alqı-satqısına dair 28 dekabr 2007-ci il tarixli, 2506 №-li akt ilə Xudat Bələdiyyəsinin ərazisindən iddiaçıya 21.7 kv metr fərdi kommersiya obyektinin tikintisi üçün torpaq sahəsinin satılmışdır. X3 və Xəritəçəkmə Komitəsinin 04 sentyabr 2007-ci il tarixli rəyinə əsasən iddiaçıya Xaçmaz rayonu Xudat Bələdiyyəsinin ərazisindən 21,7 kv metr fərdi kommersiya obyektinin tikintisi üçün torpaq sahəsinin ona satılması qanuna müvafiq hesab edilmişdir. 22 oktyabr 2007-ci il tarixdə Xudat Bələdiyyəsinin hesabına torpağın pulunu ödəmişdir. Pulu ödəməsi barədə ödəniş qəbzi mövcuddur. Bundan başqa Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısının 06.1 1,2009-cu il tarixli, 292 saylı sərəncamına əsasən iddiaçıya Xudat Bələdiyyəsinin 17 noyabr 2007- ci il tarixli, 18 saylı qərarı ilə Xudat şəhəri, H.Əliyev küçəsində alınmış 21.7 m2 torpaq sahəsində fərdi mağaza tikintisinə icazə verilmişdir. Tərtib edilmiş müvafiq aktlara əsasən torpaq sahəsinə yerində baxış keçirilmiş komissiyanın qərarına əsasən Xudat şəhəri, H.Əliyev küçəsində alınmış 21.7 m2 torpaq sahəsində fərdi mağaza binası istifadəyə qəbul edilmiş və həmin vaxt bu aktı təsliq etməli olan müvafiq orqanlar aktları təsdiq edərək tikinti aparılmasına razılıq vermişlər. Aparacağı tikintinin lahiyəsi və eskiz planı tərtib edilərək müvafiq orqan tərəfindın tərtib edilərək təsdiqlənmişdir. Sonradan satın aldığı qeyri yaşayış binasının Xudat Bələdiyyəsinin 17 oktyabr 2007ci il tarixli, 18 saylı qərarı ilə Xudat şəhəri, H.Əliyev küçəsində alınmış 21.7 m2 torpaq sahəsinə və tikdiyim fərdi mağazaya dair (çıxarış) mülkiyyət sənədinin çıxarışın alınmasından ötəri cavabdeh olan yuxarıda göstərdiyi inzibati orqanına rəsmi müraciət etmişdir. Lakin inzibati orqanının xx.xx.2024-cü il tarixli. 3-21-3-34/2-Q-0159-8/2024 №-li məktubuna əsasən iddiaçıya rəsmi imtina verilmişdir. İmtinanın səbəbi isə inzibati orqan bununla izah etmişdir kı. qeyri-yaşayış binasının istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı Azərbaycan Dövlət tikinti normalarına uyğun tərtib edilməmişdir. Həmin aktda X1 iştirakı təmin edilməmişdir. Hesab edir ki. yuxarıda göstərdiyi imtina tamamilə əsassızdır. Bələ ki, iddiaçı tikintini 2009-cu ildə aparmışdır və həmin vaxt komissiya üzvlərinin iştirakı ilə müvafiq aktlar tərtib edilərək tikintiyə və istifadəyə icazə verilmişdir. Həmin vaxt mövcud olan qaydalara görə komissiya üzvlərinin tərkibinə X2 daxil deyildir. Ona gorə də akt tərtib edilərkən bu təşkilat komissiyanın tərkibində ola bilməzdi. Reyestr xidmətinin buna əsaslanaraq imtina verməsi əsassızdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə: Xaçmaz rayon Xudat bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 18 saylı qərarı; alqı-satqı aktı; cavabdeh orqanın 16 avqust 2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli imtina məktubları; cavabdeh orqanın mütəxəssisləri tərəfindən tərtib edilmiş müayinə aktı və digər sənədlər daxildirlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRXin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 16 avqust 2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli imtina məktubları ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Xaçmaz rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla bərabər, əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Xaçmaz rayonu Xudat bələdiyyəsinin 17 noyabr 2007-ci il tarixli, 18 saylı qərarı ilə İddiaçı Xaçmaz rayonu Xudat bələdiyyəsinin alqı-satqı predmeti olan 21.7 kv.metr torpaq sahəsinin satılması qərara alınmış və həmin vaxtdan qeyd olunan torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyində olmuşdur. İddiaçı həmin torpaq sahəsi və üzərində inşa etdiyi qeyri-yaşayış obyekti üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 16 avqust 2024-cü il tarixli və xx.xx.2025ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinasının əsasları kimi mübahisə predmeti olan torpaq sahəsinin bir hissəsinin elektron kadastr uçot informasiya sisteminə əsasən Dövlət mülkiyyəti kimi işləndiyini; qeyri-yaşayış binasına dair istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktının Azərbaycan Dövləti tikinti normalarına uyğun tərtib edilmədiyini və həmin aktda X1 iştirakının təmin edilmədiyini qeyd etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir. Həmin qanunun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin tələbinə görə torpaq sahəsinin mülkiyyətə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun iddiaçıya bələdiyyə tərəfindən torpaq sahəsi ayrıldığı dövrdə, yəni 17 noyabr 2007-ci ildə qüvvədə olan redaksiyasında torpaq sahələrinin şəxslərə torpaq hərracları və ya müsabiqələri ilə yanaşı bilavasitə satışının mümkünlüyü də təsbit edilmişdir. Beləliklə bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin bilavasitə satılması həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İddiaçıya torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır. Xaçmaz rayonu Xudat bələdiyyəsinin 17 noyabr 2007-ci il tarixli, 18 saylı qərarı əsasında iddiaçıya satılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun həmin tarixdən yarandığı mübahisəsizdir. Torpaq sahəsinin iddiaçıya satılmasına dair qərarın hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmamışdır. Məhkəmə sorğularına əsasən təqdim edilmiş müayinə aktında aşağıdakılar qeyd edilmişdir: “Araşdırma zamanı məlum olmuşdur ki, Xaçmaz rayon Xudat bələdiyyəsinin 17 noyabr 2007-ci il tarixli 18 saylı qərari ilə İddiaçı mülkiyyətinə verilmiş Xaçmaz rayonu Xudat şəhərində yerləşən 0.00217 ha torpaq sahəsi torpaqların elektron kadastrı uçotu informasiya (TEKUİS) sistemində dövlət mülkiyyətinə aiddir, kateqoriyası yaşayış məntəqəli torpaqları kimi göstərilmişdir, qonşu torpaq sahələri ilə üst-üstə düşmür, kommunikasiya xətləri keçmir. İddiaçı satılmış 0.00217 ha torpaq sahəsinin üzərində 217 kv.m tikinti altı olan bərbərxana binası mövcuddur.” Məhkəmə cavabdeh orqanın etirazda qeyd etdiyi dəlilinə münasibətdə bildirir ki, iş materiallarında olan ləğv edilmiş DT və XK-nın Xaçmaz Rayon Şöbəsinin xx.xx.2007-ci il tarixli, 831 saylı rəyində qeyd edilmişdir ki, fərdi kommersiya obyektinin tikintisi məqsədilə satılması nəzərdə tutulan 21.7 kv.metr torpaq sahəsi Xudat bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir; Xudat bələdiyyəsinin ehtiyat fondu torpaqlarına aid olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. Eyni zamanda iş materiallarında olan Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli, 292 saylı sərəncamından çıxarışa əsasən İddiaçı müraciəti əsasında Xudat bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 18 saylı qərarı ilə ona ayrılmış 21.7 kv.metr torpaq sahəsində fərdi mağaza tikintisinə icazə verilmişdir. Daha sonra xx.xx.2010cu il tarixli, 02 saylı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən tərtib edilmiş akta əsasən mübahisə predmeti olan iddiaçıya məxsus Xudat şəhəri, Heydər Əliyev küçəsi ünvanında yerləşən 21.7 kv.metr torpaq sahəsi üzərində tikilmiş qeyri-yaşayış obyekti istifadəyə qəbul edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında olan ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli; ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışlardan görünür ki, mübahisə predmeti olan torpaq sahəsinin ətrafında yerləşən digər torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində “yaşayış məntəqələrinin torpaqları” kimi qeydiyyata alınmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). İnzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1- 24.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Cavabdehin göstərdiyi hərəkətsizlik qanunvericilikdə nəzərdə tutulmuş bir sıra prinsiplərin, həmçinin qanunçuluq prinsipinin pozulmasına əsas olmuşdur. Qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Xaçmaz rayonu Xudat bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 18 saylı Qərarına əsasən Xudat şəhəri ərazisindən iddiaçıya ayrılmış 21.7 kv.metr kommersiya təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması, adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Xaçmaz rayonu Xudat bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 18 saylı Qərarına əsasən Xudat şəhəri ərazisindən iddiaçıya ayrılmış 21.7 kv.metr kommersiya təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması, adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva