Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2355/2024 13.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı yenidən hərbi xidmətə qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək yenidən hərbi xidmətə qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandrılmışdır ki, iddiaçı 2003-cü ildə Naxçıvan Muxtar Respublikası Heydər Əliyev adına Hərbi liseyə daxil olmuş və həmin məktəbi 2006-cı ildə bitirmişdir. 2006-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil otmuş və 2010-cu ildə həmin məktəbi "Rabitə" ixtisası üzrə bitirmişdir. Məktəbi bitirdikdə iddiaçıya "leytenant" hərbi rütbəsi verilmiş və təhsilini davam etdirmək üçün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "zabit ixtisası" kursuna göndərilmişdir. 2011-ci il tarixdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzini "rabitə" ixtisası üzrə bitirmiş və Müdafiə Nazirinin əmrinə əsasən xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək N nömrəli hərbi hissənin rabitə bölüyünün telefon tağım komandiri, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək N nömrəli hərbi hissənin səhra idarəetmə məntəqələri taborunun komanda məntəqəsi rabitə qovşağının məxfiləşdirilmiş rabitə tağım komandiri, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək N nömrəli hərbi hissənin səhra idarəetmə məntəqələri taborunun taktiki komanda məntəqəsi rabitə qovşağının rabitə tağım komandiri, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək N nömrəli hərbi hissədə rabitə tağım komandiri, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin baş mühəndisi, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək N nömrəli hərbi hissənin avtomobil xidməti rəisi vəzifəsinə təyin olunmuş və ailə problemləri ilə əlaqədar həmin vəzifədən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156cı maddəsinin "j" bəndinə (öz arzusu ilə) əsasən baş leytenant hərbi rütbəsi ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Yenidən hərbi xidmətə qayıtmaq üçün cavabdehə müraciət etmiş, lakin ona xx.xx.2023-cü il tarixli imtina cavabı verilmişdir. İddiaçının yenidən hərbi xidmətə qəbul olunmağı barədə yuxarı komandanlıq müsbət rəy verməmişdir. İddiaçı bu cavabı qanunsuz hesab edir, çünki fiziki cəhətdən sağlam peşəkar hərbiçidir və respublikanın istənilən yerində xidmət etməyə hazırdır. Məhkəmə iclasında iddiaçı iddia tələbii müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, Hüquq İdarəsinin sorğusuna Şəxsi Heyət Baş İdarəsi cavab olaraq bildirmişdir ki, Vətən müharibəsinə hazırlıq dövründə Azərbaycan Ordusunun hər bir hərbi qulluqçusu işğal altında olan torpaqlarının azadlığı və vətənin ərazi bütövlüyü uğrunda mübarizəsi üçün can atdığı zaman iddiaçı 24 iyun 2020-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu) ilə Azərbaycan Ordusundan həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağla bağlı müraciət etmişdir. Komandanlıq kadr zabit heyətinə olan tələbatı və yaxın gələcəkdə döyüş əməliyyatlarının başlayacağını nəzərə alaraq onun ehtiyata buraxılmasını məqsədəuyğun hesab etməmişdir. Lakin, buna baxmayaraq iddiaçı həqiqi hərbi xidmətdən öz arzusu ilə ehtiyata buraxılması barədə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət etmiş, sonradan isə iddia ərizəsini geri götürmüşdür. Vətən müharibəsi bitdikdən sonra komandanlıq itkiləri nəzərə alaraq kadr zabit heyətinə daha çox ehtiyacının olduğunu düşünərək xidmətdə qalması ona tövsiyə etmişdir. Lakin, İddiaçı Səttər oğlu xidmət etmək istəmədiyini və ehtiyata buraxılmaq arzusunun qəti olduğunu qeyd etmiş və tələb etmişdir. 31 mart 2021-ci il tarixdə öz arzusu ilə Azərbaycan Ordusu sıralarından ehtiyata buraxılmışdır. 2023-cü ildə yenidən hərbi xidmətə qəbul olunması üçün İddiaçı Səttər oğlu ərizə ilə müraciət etmişdir. İddiaçı Səttər oğlunu yenidən hərbi xidmətə qəbul olunmasına cavabdeh tərəfindən imtina olunmuşdur. İddiaçı Azərbaycan Ordusunun dar günündə yanında durmadığını nəzərə alaraq komandanlıq təkrar xidmətə qəbul edilməsini məqsədəuyğun hesab etməmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb və Azərbaycan Respublikası İPM-nin 47.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan : - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı yenidən həqiqi hərbi xidmətə qəbul olunmağı barədə komanda üzrə məruzə edilmiş və yuxarı komandanlıq tərəfindən müsbət qərar qəbul edilməmişdir. - EZ №0012542 nömrəli hərbi biletdən görünür ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına görə Vətənə sədaqət müqəddəsdir. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizaminaməsində təsbit olunmuş əsaslara görə hərbi qulluqçusu öz Vətəni - Azərbaycan Respublikasının müdafiəçisidir. O, Azərbaycan dövlətinin mənafeyini qorumağa, onun nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərməyə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmaz surətdə riayət etməyə, hərbi andı yerinə yetirməyə, intizamlı, vicdanlı, doğruçu və cəsarətli olmağa, hərbi borcunu yerinə yetirərkən, bütün qüvvəsini və lazım gəldikdə, canını əsirgəməməyə, komandirlərə (rəislərə) sözsüz tabe olmağa və döyüşdə onları müdafiə etməyə, öz hərbi hissəsinin Döyüş Bayrağını göz bəbəyi kimi qorumağa borcludur. Bundan başqa, hərbi qulluqçu hərbi nizamnamələrin tələblərini və öz vəzifələrini yaxşı bilməli və vicdanla yerinə yetirməli; hərbi biliklərini müntəzəm surətdə təkmilləşdirməli; döyüşçü yoldaşlığına sadiq olmalı öz yoldaşlarına sözü və işi ilə kömək etməli onları nalayiq hərəkətlərdən çəkindirməli həyatını əsirgəmədən təhlükədən xilas etməlidir. «Hərbi vəzifə və hərbi xidmət» haqqında Azərbaycan Respublikası Qanununun 24-ci maddəsinə əsasən hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həmin Qanunun 37.2-ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «j» bəndinə görə hərbi qulluqçular öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. İddia tələbindən göründüyü kimi iddiaçı öz arzusuna əsasən hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra yenidən hərbi xidmətə qəbul olunması üçün cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh onun müraciətinin təmin olunmasından imtina etmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki halda cavabdeh diskresion səlahiyyətlərindən istifadə edərək iddiaçını hərbi xidmətə yenidən qəbul eməkdən imtina etmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu : 36.1. Həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.1. müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; 36.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidmətinə – xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan vətəndaşlar, habelə zabit hərbi rütbəsi olmayan, xüsusi təyinatlı ali təhsil müəssisələrində oxumaq arzusunu bildirən 18 yaşından 23 yaşınadək hərbi qulluqçular və hərbi vəzifəlilər; 36.1.3. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; 36.1.4. zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. Sadalanan nomalardan göründüyü kimi hərbi xidmətə qəbul iki tərəfin də razılığını ifadə edən bağlaşma əsasında aparılır və Müdafiə Nazirliyi bu halda bağlaşman imzalamaq və iddiaçını hərbi xidmətə qəbul etmək vəzifəsini daşımır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyəti əsasında qərar qəbul edildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Həmin Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər – qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Məhkəmə qeyd edir ki, hərbi xidmətə qəbul edilməsi və ya qəbul edilməsindən imtina barədə qərarın qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aiddir. Bu baxımdan məhkəmə yalnız cavabdeh tərəfindən həmin səlahiyyətlərin düzgün, yəni qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini yoxlaya bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 70, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2355/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2355/2024
13.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver