Məhkəmə qərarları › İş №2-1(118)-236/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-236/2023

24.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-236/2023 24.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon Novxanı bələdiyyəsinin 28 noyabr 2003cü il tarixli 13 saylı qərarı ilə ayrılmış 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron Ərazi İdarəsinə qarşı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə Novxanı Bələdiyyəsinin 28 noyabr 2003-cü il tarixli 13 saylı qərarı ilə ayrılmış və 04 mart 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış 0,10 ha torpaq sahəsinin onun adına özəlləşdirilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Novxanı bələdiyyəsinin 28 noyabr 2003-cü il tarixli 13 saylı qərarı ilə ayrılmış 0.10 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeran rayonu Novxanı bələdiyyəsi ərazisində bağlar massivinə yaxın sahədən bağ evi tikmək üçün 0,10 ha torpaq sahəsi Abşeron rayon Novxanı bələdiyyəsinin 28 noyabr 2003-cü il tarixli 13 saylı qərarı ilə iddiaçıya satılmışdır. Bunun müqabilində iddiaçı 03 dekabr 2003-cü il tarixdə Novxanı bələdiyyəsinin Abşeron rayon “BUSB" Abşeron Filialındakı **********0 saylı hesabına 830,000 AZN pul ödəmişdir. Novxan bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılması barədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinə müraciət olunmuş və şöbə tərəfindən xx.xx.2003-cü il tarixli 455 saylı cavabla torpaq sahəsinin ayrılmasına razılıq verilmişdir. Ayrılmış torpaq sahəsinin ölçüləri yerində müəyyən edilmiş və ayrıc aktı tərtib edilmişdir. İddiaçı hazırda həmin torpaq sahəsin mülkiyyət hüququnun əldə etmək istəyir. Bu məqsədlə 15 mart 2022-ci tarixdə ərizə ilə cavabdeh orqana müraciət etmişdir, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmiş və imtina bildirişi verilmişdir. Məhkəmə iclasında iddiaçınnı nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin məhkəməyə ünvanladığı etiraz ərizəsindən görünür ki, aparılan araşdırma zamanı Novxanı bələdiyyəsi tərəfindən İddiaçı 0.10 ha torpaq sahəsinin 28 noyabr 2003-cü il tarixli 13 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 04 mart 2022-ci il, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin 04 dekabr 2003-cü il tarixdə verildiyi, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir.Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayonu X1 planından çıxarışının qanunamüvafiq qaydada ( ləğv edilmiş DTXK-nin Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanınln memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilmişdir.Həmçinin sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı(örüş) torpaqlara aid edildiyi qeyd edilmişdir. İş materiallarında olan : -Abşeron rayon Novxanı bələdiyyə Şurasının xx.xx.2003-cü il tarixli 13 saylı qərarından görünür ki,İddiaçı 0.10 ha torpaq sahəsi ayrılmışdır. -Torpaqların alqı satqısına dair xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Abşeron rayon Novxanı bələdiyyəsi 0.10 ha torpaq sahəsini İddiaçı satmışdır. -Abşeron rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli arxiv arayışından görünür ki, Abşeron rayon Novxanı bələdiyyə Şurasının xx.xx.2003-cü il tarixli 13 saylı qərarına əsasən İddiaçı 0.10 ha torpaq sahəsi ayrılması göstərilmişdir. -Abşeron rayon Novxanı bələdiyyəsinin baş sxemindən çıxarışdan görünür ki, həmin sənəddə İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsi göstərilmişdir. -DTXK-nin Abşeron rayon Şöbəsinin 04.1.2003-cü il tarixli rəyindən görünür ki, idarə Abşeron rayon Novxanı bələdiyyə Şurasının xx.xx.2003-cü il tarixli 13 saylı qərarı ilə İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsinin sənədləşdirilməsinə etiraz etmir. -Abşeron rayon İH Memarlıq və Tikinti Şöbəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin sənəddə İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsi göstərilmişdir. -xx.xx.2003-cü iltarixli qəbzdən görünür ki, İddiaçı Novxanı bələdiyyəsinin hesabına 830000 manat torpaq pulu ödəmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Abşeron rayon Novxanı bələdiyyəsinin 28 noyabr tarixli 13 saylı qərarı ilə ayrılmış 0,10 ha torpaq sahəsinə aid hüquqmüəyyənedici sənədləri (torpaq sahəsinin çıxarışı) təqdim edilmədiyindən hansı kateqoriya (yaşayış məntəqələrinin torpaqları, kənd təsərrüfatı təyinatlı torpaqlar və s) torpaq sahəsi naturada mövcud olub-olmamasını müəyyən etmək mümkün oimamışdır. Lakin məhkəmə tərəfindən təqdim olunmuş iş materialında Abşeron rayonu X1 Planından Çıxarışda göstərilən 0.10 ha torpaq sahəsinin döngə nöqtələrini koordinatları İddiaçı tərəfindən tanıdılan 0,11 ha torpaq sahəsi ilə naturada üst-üstə düşür. Elektron məlumat bazasına əsasən göstərilən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. Məhkəmənin sorğusuna əsasən “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi “MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, məktuba əlavə olunmuş Novxanı bəldiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən koordinatlarda yerləşən torpaq sahəsi Mərkəzin elektron kadastr məlumat bazasında olan Novxanı bələdiyyəsinin xəritəsinə əsasən kənd təsərrüfatı təyinatlı örüş yeridir və keyfiyyət göstəricisi (bonitet balı) 34 baldır. - Məhkəmənin sorğusuna əsasən “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi “MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, kənd təsərrüfatı təyinatlı keyfiyyət gösətricisi (bonitet balı) 34 bal olan torpaq sahəsi aqroistehsalat qrupuna görə İV keyfiyyət qrupuna aid olmaqla aşağı keyfiyyətli torpaqlara aiddir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmillədirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Cavabdeh inzibati orqan verdiyi imtina cavabını bir neçə dəlillə əsaslandırmışdır: 1)Torpağın alqı-satqısına dair aktın və DTXk-nin Abşeron rayon şöbəsinin rəyinin sonradan tərtib edildməsi; 2) memarlıq və tkinti şöbəsinin rəyinin hazırki ərizəyə əlavə edilməməsi; 3) yerquruluşu planından çıxarışın DTXK-nin Abşeron rayon şöbəsinin möhürü ilə təsdiq edilməməsi; 4) torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı olması. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarının mahiyyətinə görə hazırki iş üzrə cavabdehin imtina cavabında göstərilən üç dəlil iddianın təmin olunmasından imtina üçün əsas hesab edilməsə də, məhkəmə araşdırması zamanı iddiaçıya satılmış torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması öz təsdiqini tapdı. Bu hal isə özü-özlüyündə iddia tələbinin təmin edilməsini istisna edir. Belə ki,Azərbaycan Respublikası Torpaq Məcəlləsinin : -13.1-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. -56.2-ci maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. -56.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. -86.2-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1.2-ci maddəsinə əsasən Azırbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. Bununlal bağlı məhkəmə mütəxəssis qarşısında sözügedən torpaq sahəsinin kənd təsərrüfatına yararlı, az yararlı və ya yararsız olması barədə sual qoymuşdur. Mütəxəssis verdiyi rəydə torpaq sahəsinin kənd təsərrüfatına yararlı, az yararlı və ya yararsız olması barədə sualına bu məsələnin onun səlahiyyətində olmamasını bildirmişdir. Bundan sonra müvafiq sualla "xxxx" MMC-yə müraciət etmişdir. Həmin təşkilat mübahisəsi gedən torpaq sahəsinin aşağı keyfiyyətli olmasını bildirmişdir, lakin yararsız və ya az yararlı olmamasını qeyd etməmişdir. Yuxarıda göstərilən normaların məzmunundan aydın olur ki, kənd təsərrüfatına yararlı torpaq sahələri yalnız icarəyə verilə bilər. Bu növ torpaqlar alqı-satqı obyekti ola bilməz. Məhkəmə qeyd edir ki, torpağın ayrılmasına dair qərarın özündə də torpaq sahəsinin ba. ərazisi deyil “bağlara yaxın ərazi” olduğu qeyd edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM- 14.3). Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon Novxanı bələdiyyəsinin 28 noyabr 2003-cü il tarixli 13 saylı qərarı ilə ayrılmış 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar