Məhkəmə qərarları › İş №2-1(118)-2364/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2364/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2364/2023 05.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X5 oğlunun katibliyi ilə, İddiaçı, Üçüncü şəxslər X1 və X2 iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı "cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə X2, X1, X3 iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 54, mənzil 16-dan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına dair öhdəlik qoyulması”nadair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 54, mənzil 16, xx.xx.2007- ci il tarixindən iddiaçının xüsusi mülkiyyətindədir. Hal-hazırda həmin ünvanda keçmiş gəlini X6 və onun övladları X7, X8 qeydiyyatdadırlar. Lakin, qeydiyyatda olmaqlarına baxmayaraq həmin ünvanda yaşamırlar. Sumqayıt şəhər məhkəməsinin 30 sentyabr 2016-cı il tarixli qərarı əsasında oğlu X4 ilə rəsmi nikahları pozulmuşdur. Onlar mənzildə formal olaraq qeydiyyatda qalmışdırlar. Onların mənzil üzərində heç bir hüquqları yoxdur. Onların mənzildə qeydiyyatda qalmaları mənzil üzərində mülkiyyət hüquqlarını həyata keçirməkdə çətinlik yaradır, rəsmiləşdirmə işlərinin aparılmasına maneələr törədir və əlavə xərc çəkməyinə səbəb olur. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Üçüncü şəxslərin qeydiyyatdan çıxarmaq üçün cavabdeh polis İdarəsinə müraciət etmişdir. Müraciətinə xx.xx.2023-cü il tarixli məktubla cavab verən cavabdeh polis İdarəsi müraciəti təmin etməmiş və inzibati məhkəməyə müraciət etməyini məsləhət bilmişdir. Qeyd olunan şəxslərin mənzildə qeydiyyatda qalmaları mülkiyyətdə olan evdən sərbəst istifadə etməyə və onun üzərində sərəncam verməyə imkan vermir. Bu da mülkiyyət hüquqlarının pozulmasıdır. Buna görə də bu şəxslərin mənzildən qeydiyyatdan çıxmaları öhdəliyinin məhkəmə qaydasında cavabdehin üzərinə qoyulması mütləq vacibdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz İstədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azəbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduqları yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respubliksının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb olur. Azərbaycan Respublikasının İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən İnzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı qaydasında baxılır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddiaçı ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X6 iştirak etmiş, iddiaya etiraz etmiş və bildirmişdir ki, 2003-cü ildə iddiaçının oğlu ilə ailə qurmuş, 2016-cı ildə boşanmışdırlar. Aliment ödənilmir. Özü tibb bacısıdır. Kirayə yaşamış, çətinliyi olmuş, atasının evinə getmişdir. 2 uşağı var. Qızı təhsil alır. Onkoloji xəstədir. Mübahisəli mənzil yararsız vəziyyətdədir. Qaz, su və s. olmamışdır. Mənzilin əşyaları keçmiş əri tərəfindən satılmış, açarı dəyişdirilmişdir. Evə girə bilmir. Məhkəmə iclasında digər üçüncü şəxs X7 iştirak etmiş, izahatında atasının onlara baxmadığını, əlaqələrinin olmadığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı, gəlini və nəvələrinin mənzilindən qeydiyyatdan çıxarılmasını istəyir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, gəlininin və nəvələrinin qeydiyatdan çıxarılmasını istəyir, lakin üçüncü şəxslərin istifadə hüququna dair məsələnin həlli mülki məhkəmə icraatı qaydasında həllini tapmamışdır. İddiaçıya izah edilsin ki, üçüncü şəxslərin yaşayış sahəsinə istifadə hüququnun itirilməsi ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət edə və bunun nəticəsinə uyğun olaraq təkrar inzibati orqana müraciət edə bilər. Eyni zamanda üçüncü şəxslərin mülki məhkəmə icraatı qaydasında tələblər irəli sürməsi istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar