Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2365/2024 26.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərində icarə hüququnun qeydiyyata alınması, bununla müvafiq reyestr çıxarışının, torpaq sahəsinin planı və ölçüsünün verilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində icarə hüququnun qeydiyyata alınması, reyestr çıxarışının, torpaq sahəsinin planı və ölçüsünün verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 26 aprel 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş sənədlər:
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” məlumatdan və İddiaçı MMC-nin 24 dekabr 2012-ci il tarixli, ********** nömrəli nizamnaməsindən görünür ki, İddiaçı MMC-nin hüquqi ünvanı olaraq Sumqayıt şəhəri, ünvan 3azdoldurma stansiyası qeyd olunmuşdur.
2. 26 may 2004-cü il tarixli, 117 nömrəli protokol ilə qeyd edilmiş Azərbaycan Respublikası Sumqayıt Şəhər Bələdiyyə Şurasının qərarından görünür ki, Sumqayıt şəhər bələdiyyəsi torpaq komissiyasının 25 may 2004-cü il tarixli, 16 saylı protokoluna əsaslanaraq, İddiaçı MMC-yə istehsal və satış məqsədilə Sumqayıt- Bakı yolunun sağında, mövqe sxemi əsasında 1,64 ha torpaq sahəsi ayrılmışdır.
3. 11 yanvar 2007-ci il tarixli, 48 nömrəli “Torpaq icarəsi” müqaviləsindən görünür ki, icarədar Azərbaycan Respublikası Sumqayıt şəhər bələdiyyəsi 1 yanvar 2007-ci il tarixdən 31 dekabr 2021-ci il tarixədək Sumqayıt-Bakı yolunun sağ ərazisində yerləşən ümumi sahəsi 1.640 kv.m olan torpaq sahəsini icarəçi İddiaçı MMC-yə icarəyə vermişdir.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 19 yanvar 2012-ci il qeydiyyat tarixli, MA seriyalı, ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhərin ə/d, Bakı- Quba yolunun sağında 1,389 ha torpaq sahəsi icarə yüklülüyü ilə 11 yanvar 2007-ci il tarixdən 31 dekabr 2021-ci il tarixədək Sumqayıt Şəhər Bələdiyyəsinin 26 may 2004-cü il tarixli, 117 nömrəli və 11 yanvar 2007-ci il tarixli, 48 nömrəli icarə müqaviləsi əsasında Sumqayıt Şəhər Bələdiyyəsi hüququ yüklü edilmiş, İddiaçı MMC isə xeyrinə hüquq yüklü edilmiş kimi qeyd edilmişdir.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinin 19 yanvar 2012-ci il tarixli, **********32 reyestr nömrəli “Daşınmaz əmlakın rəqəmli kadastr xəritəsindən çıxarış”dan görünür ki, Sumqayıt ə/d, Bakı-Quba yolunun sağında yerləşən İddiaçı MMC-yə ayrılmış 1,3890 ha torpaq sahəsinin planı və ölçüsü (miqyas 1:2.000) göstərilmişdir.
6. 11 sentyabr 2023-cü il tarixli, 95 nömrəli “Torpaq icarəsi müqaviləsi”ndən görünür ki, icarəyəverən Sumqayıt Bələdiyyəsi 26 may 2004-cü il tarixli, 117 saylı protokoluna əsasən, Sumqayıt şəhəri, Bakı-Quba yolunun 29-cu km ərazisində yerləşən ümumi sahəsi 1,389 ha olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verir, icarəçi İddiaçı MMC isə həmin torpaq sahəsini qəbul edir. Həmin müqavilə 5 yanvar 2023-cü il tarixdən 5 yanvar 2072-ci il tarixədək müddətə bağlanılmışdır.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin İddiaçı MMC-yə gödərilmiş 31 oktyabr 2023-cü il tarixli, 3-21-3-31/2-3763/2023 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişindən görünür ki, MMC-nin müraciətinə dair sənədlərin araşdırılması zamanı 11 sentyabr 2023-cü il tarixdə qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsi ilə İddiaçı MMC arasında hərracdankənar icarə müqaviləsinin bağlandığı müəyyən olunmuşdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərə əsasən, bələdiyyələr tərəfindən 1 dekabr 2007-ci il tarixdən sonra ayrılan torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alındıqdan sonra həmin Qanunun 9.1-ci maddəsinə uyğun olaraq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda, ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 9.6-cı maddəsində edilmiş dəyişikliyə əsasən, bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Əlavə olaraq, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı bəndinə əsasən, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə qərar qəbul edir. Odur ki, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alındıqdan və qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyə ilə müvafiq müqavilə bağlandıqdan sonra torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması məsələsinin qanunamüvafiq qaydada baxılması bildirilmişdir.
Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq:
8. Azərbaycan Respublikasının Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən 9 fevral 2024-cü il tarixli, 3-48-DA-10F/2-25/1/2024 nömrəli məktubla Sumqayıt şəhər X2 26 may 2004-cü il tarixli, 117 nömrəli protokolundan İddiaçı MMC-yə torpaq sahəsi ayrılması barədə arxiv sənədlərin surətləri qoşma ilə göndərilmişdir. Həmin sənədlər aşağıdakılardır: - Torpaq sahələri ayırma və kommunikasiya şöbəsinin 17 dekabr 1996-cı il tarixli, 23/A nömrəli “Akt”ından görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin 11 sentyabr 1996-cı il tarixli, 622 nömrəli Sərəncamına əsasən göndərilmiş cizgidə göstərilən 0,2 ha sahənin bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş daimi nişangahlar qoyularaq, İddiaçı MMC-nin direktoruna təhvil verilmişdir; - İddiaçı MMC tərəfindən Sumqayıt Şəhər Bələdiyyəsinə göndərilmiş 3 may 2004-cü il tarixli ərizədən görünür ki, İddiaçı MMC-nin qanuni (uzun müddət) istifadəsində olan və əlavə abadlaşdırdığı torpaq sahələrinə birlikdə bələdiyyə orqanının qərarının verilməsi, Baş planda nəzərdə tutulmuş tikintilərin tikintisinin rəsmiləşdirilməsi üçün, Şəhərsalma və memarlıq idarəsi ilə razılaşdırılması məsələsinin həll edilməsi xahiş edilmişdir; - 26 may 2004-cü il tarixli, 117 nömrəli protokol ilə qeyd edilmiş Azərbaycan Respublikası Sumqayıt Şəhər Bələdiyyə Şurasının Qərarı (§ 2);
9. Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsinin 12 mart 2024-cü il tarixli, 635 nömrəli məktubu ilə 11 sentyabr 2023-cü il tarixli, 95 saylı icarə müqaviləsinin (§ 6) təsdiq olunmuş surəti qoşma ilə göndərilmişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri
10. İddiaçı MMC (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Bələdiyyəsinin 26 may 2004-cü il tarixli, 117 saylı iclasının qərarı ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə iddiaçıya Sumqayıt-Bakı avtomobil yolunun sağında ayrılmış 1,389 ha olan torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbinin əsasları: - Sumqayıt Bələdiyyəsinin 26 may 2004-cü il tarixli, 117 saylı iclasının qərarı ilə Sumqayıt-Bakı avtomobil yolunun sağında, mövqe sxemi əsasında sahəsi 1,64 ha olan torpaq sahəsi istehsal və satışla məşğul olaraq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə iddiaçının icarəsinə ayrılmışdır. Həmin bələdiyyə qərarı qəbul edildikdən sonra iddiaçı ilə torpaq sahəsinin mülkiyyətçisi olan Sumqayıt Bələdiyyəsi arasında mütəmadi olaraq müvafiq torpaq icarə müqavilələri bağlanılmışdır. Qeyd edilən tarixdən bugünədək iddiaçı tərəfindən torpaq sahəsindən istifadə olunur, müntəzəm olaraq torpaq icarə haqqı məbləği Sumqayıt Bələdiyyəsinə ödənilir. Həmin torpaq sahəsi üzərində iddiaçının icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilmiş və yüklülüyün müddəti 31 dekabr 2021-ci il tarixədək olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” da verilmişdir. İddiaçı ilə Sumqayıt Bələdiyyəsi arasında sözügedən torpaq sahəsinə dair sonuncu icarə müqaviləsi 11 sentyabr 2023-cü il tarixdə bağlanılmış və icarə müqaviləsinin qüvvədə olma müddəti 5 yanvar 2072-ci il tarixədək müəyyən edilmişdir. Bundan sonra iddiaçı tərəfindən torpaq üzərində icarə hüququnun dövlət qeydiyyatı üçün cavabdehə müraciət olunaraq, hüququn dövlət qeydiyyatının həyata keçirilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə verilmiş 31 oktyabr 2023-cü il tarixli, 3-21-3-31/2-3763/2023 saylı cavab məktubunda torpaq icarə müqaviləsinin mövcud qanunvericiliyə uyğun bağlanılmadığı, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində hüquqların yalnız açıq torpaq hərracları, yaxud müsabiqələri yolu ilə əldə edilə bilinəcəyi göstərilərək, iddiaçının torpaq üzərində hüququnun dövlət qeydiyyatından imtina edilmişdir. Halbuki, qanunvericiliklə yalnız 1 dekabr 2007-ci il tarixdən sonra bələdiyyə torpaqlarının açıq torpaq hərrac, yaxud müsabiqəsi yolu ilə ayrılması nəzərdə tutulmuşdur. Qeyd edildiyi kimi, sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olan və Sumqayıt Bələdiyyəsinin 26 may 2004-cü il tarixli,117 saylı iclasının qərarı ilə iddiaçının icarəsinə ayrıldığından, həmin torpaq sahəsi üzərində onun yaranmış icarə hüququnun müddətinin uzadılmasına həmin tarixdən sonra bələdiyyə torpaqlarının ayrılmasına dair müəyyən edilmiş qaydalar tətbiq edilə bilməz. Bu müddəalar müvafiq qanunvericilik aktında da öz əksini tapmışdır. Belə olan halda iddiaçı hesab edir ki, cavabdehin hər hansı hüquqi əsası söykənmədən torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası üçün, cavab məktubunda bildirdikləri əsassızdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə, qüvvədə olan qanunvericiliyin tələbinə görə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Hazırkı iddia tələbi üzrə cavabdeh tutduğu mövqe onun tərəfindən "İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş mütənasiblik prinsipinə, yəni inzibati orqanın hərəkəti qanuni məqsədə mütənasib olmamasına dəlalət edir; - Torpağa dair müvafiq hüquq müəyyənedici sənədlər iddiaçı tərəfindən cavabdehə təqdim edilsə də, sonuncu əsassız olaraq iddiaçının icarə hüququnu dövlət qeydiyyatından keçirməmişdir. Sumqayıt Bələdiyyəsi ilə iddiaçı arasında 2023-cü ildə bağlanılmış torpaq icarə müqaviləsi tərəflər arasında daha öncə bağlanılmış icarə müqavilələrinin davamı olaraq bələdiyyə ilə torpağın icarəçisi olan iddiaçı arasında əvvəl yaranmış icarə hüquq münasibətlərinin davamlılığının təmin edilməsinə yönəlmişdir. Yəni, “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli Qanununun İX bəndində istinad olunan qanun norması da onu özündə ehtiva edir kı, qanunvericinin məqsədi qəbul etdiyi yeni tənzimləmənin tətbiqi zamanı hüquqi sabitlik məqsədləri baxımından əvvəl yaranmış icarə hüquq münasibətlərinin davamlılığının təmin edilməsindən ibarətdir. Bu səbəbdən cavabdehin torpaq sahəsi üzərində iddiaçının icarə hüququnu dövlət qeydiyyatına almaqdan imtina etməsi qanunsuz və hüquqazidd olmaqla yanaşı, müvafiq qanunvericilik aktlarının, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hüquqla dövlət qeydiyyatından imtina olunmasının əsaslarına da zidd hesab edilməlidir.
12. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 24, 29, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – “TM”) 8, 66.2-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1, 2.1, 2.2, 8.0.5, “İnzibati icraat” haqqında Azərbaycan Respublikası Qanununun 13.1, 17, 64.2, 65, 67.6-cı maddələrinə, 12 dekabr 2008-ci il tarixdən qüvvəyə minmiş “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli Qanununun 9-cu bəndinə, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatı Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarına, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı”, “Sporring və Lonnort İsveçə qarşı”, “Gashı Xorvatiyaya qarşı”, “Stolyarova Rusiya Federasiyasına qarşı” işlər üzrə Qərarlarına, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.2.1, 12.1, 34.1-ci maddələrinə istinad olunmuşdur.
13. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
14. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.
15. Sumqayıt İnzibati Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2-1(118)- 2365/2024 saylı qərardadı ilə Sumqayıt Bələdiyyəsi (bundan sonra - “üçüncü şəxs”) hazırkı iddia tələbi üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
16. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, imtina məktubunda qeyd edilənlərə əsaslanaraq (§ 7), hazırkı iş üzrə cavabdehin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmadığı üçün iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir.
17. Etirazın maddi hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1, 11.1, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1, 9.6-cı maddələrinə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı bəndinə, prosessual hüquqi əsası kimi isə İPM-in 35.1-ci maddəsinə istinad olunmuşdur.
c) Tərəflərin iştirakı və izahatları:
18. Məhkəmə iclasında iştirak etmiş etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin dəlillərinə (§ 11-12) uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın dəllilərinə (§ 16-17) uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
20. Üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş yazılı izahatda qeyd olunmuşdur ki, Bələdiyyənin 26 may 2004-cü il tarixli, 117 saylı iclasının qərarı ilə Sumqayıt-Bakı avtomobil yolunun sağında sahəsi 1,64 ha olan torpaq sahəsi istehsal və satış olmaqla sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə iddiaçının icarəsinə ayrılmışdır. Həmin qərar əsasında iddiaçı ilə torpağın mülkiyyətçisi üçüncü şəxs arasında müvafiq torpaq icarə müqavilələri bağlanılmışdır. Torpağın ayrıldığı vaxtdan bugünədək torpaq sahəsindən iddiaçı tərəfindən təyinatı üzrə istifadə olunaraq icarə müqaviləsində nəzərdə tutulmuş torpaq icarə haqqı üçüncü şəxsə ödənilir. İş materiallarında olan sənədlərdən görünür ki, ayrılmış torpaq sahəsi üzərində iddiaçının icarə hüququ daha öncə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilmiş və iddiaçının adına qüvvədə olma müddəti 31 dekabr 2021-ci il tarixədək olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” verilmişdir. 2004-cü ildən yaranmış icarə münasibətlərinin davamı olaraq iddiaçı ilə üçüncü şəxs arasında sözügedən torpaq sahəsinə dair 11 sentyabr 2023-cü il tarixdə növbəti torpaq icarə müqaviləsi bağlanılmış və icarənin müddəti 5 yanvar 2072-ci il tarixədək uzadılmışdır. İddiaçının torpaq üzərində icarə hüququnun qeydiyyatı ilə bağlı müraciətinə cavabdeh tərəfindən verilmiş imtina qanuni və əsaslı deyildir. Belə ki, qanunvericiliklə yalnız 2007-ci ilin dekabr ayının 1-dən sonra bələdiyyə torpaqlarının açıq torpaq hərracı, yaxud müsabiqəsi yolu ayrılması nəzərdə tutulmuşdur. Sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olan və üçüncü şəxsin 26 may 2004-cü il tarixli, 117 saylı iclasının qərarı ilə iddiaçının icarəsinə ayrıldığından, həmin torpaq sahəsi üzərində iddiaçının artıq yaranmış icarə hüququnun müddətinin uzadılmasına həmin tarixdən sonra bələdiyyə torpaqlarının ayrılmasına dair müəyyən edilmiş normalar tətbiq edilə bilməz. Çünki, 12 dekabr 2008-ci il tarixdən qüvvəyə minmiş “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli Qanununun 9-cu bəndində birbaşa qeyd olumuşdur ki, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu Qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Bu səbəbdən, iddiaçının cavabdehdən torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ qanuni olduğu kimi, cavabdehin həmin hüquqdan imtina etməsi qanuni və əsaslı olmamışdır.
ƏSASLANDİRMA HİSSƏSİ
a) İddianın mümkünlüyü:
21. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
22. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
23. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
24. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
25. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
b) Tətbiq edilən hüquq:
26. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ...
27. TM: Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
“ Maddə 5 5 . Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; ...”
“Maddə 6 6 . Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
“Maddə 6 7 . Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. ...”
“Maddə 6 8 . Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-). 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-). Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-).
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.
Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-)
Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Hüquqlarındövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir: 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (-)
30. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 28 oktyabr 2008-ci il tarixli Azərbaycan Respublikasının Qanunu:
İX. Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. X. Bu qanun qüvvəyə minənədək hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş bələdiyyə torpaqları üzərində istifadə müddəti bitdikdən sonra, həmin torpaqlar yalnız açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə icarəyə verilə bilər. Xİ. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir (12 dekabr 2008-ci il tarixdə dərc edilmişdir).
31. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; (-).
Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”
33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:
“Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.”
“Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.”
“Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.”
“Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; ...”
“Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. ...”
Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. (-)
Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı (-) 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
34. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. …”
“Maddə 68. Məhkəmə qərarının əsası
68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. …”
c) Məhkəmənin mövqeyi
35. Yuxarıda sadalanan normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Cavabdeh orqan isə yalnız adıçəkilən Qanunun 15-ci maddəsindəki əsaslardan biri olduğu halda daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina edə bilər.
36. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtinasını onunla əsaslandırmışdır ki, “Bələdiyyə torpaqlarının hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Qanunun İX maddəsinə əsasən, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər.
37. Məhkəmə hesab edir ki, cavabdehin etirazında qeyd olunmuş dəlillər əsassızdır.
38. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bələdiyyənin 26 may 2004-cü il tarixli, 117 saylı iclasının qərarı ilə Sumqayıt-Bakı avtomobil yolunun sağında sahəsi 1,64 ha olan torpaq sahəsi istehsal və satış olmaqla sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə iddiaçının icarəsinə ayrılmışdır. Həmin qərar əsasında iddiaçı ilə torpağın mülkiyyətçisi üçüncü şəxs arasında müvafiq torpaq icarə müqavilələri bağlanılmışdır. Mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının icarə hüququ daha əvvəl daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilmiş və iddiaçının adına qüvvədə olma müddəti 31 dekabr 2021-ci il tarixədək olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” verilmişdir. 2004-cü ildən yaranmış icarə münasibətlərinin davamı olaraq iddiaçı ilə üçüncü şəxs arasında torpaq sahəsinə dair 11 sentyabr 2023-cü il tarixdə növbəti torpaq icarə müqaviləsi bağlanılmış və icarənin müddəti 5 yanvar 2072-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi, icarə hüquq münasibətləri davamlı xarakter daşımışdır (§ 1-6, 8-9).
39. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunan 9-cu maddəsinə əsasən, həmin qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər.
40. Həmin qanun 28 oktyabr 2008-ci il tarixdə qəbul edilmiş, dərc edildiyi, yəni 12 dekabr 2008-ci il tarixdən qüvvəyə minmişdir.
41. Qanunvericilikdə torpaqlara münasibətdə icarə müqaviləsinin yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilməsi barədə tələb 28 oktyabr 2008-ci il tarixdə qəbul edilmiş və 12 dekabr 2008-ci il tarixdən qüvvəyə minmiş qanunun tətbiqi ilə yaranmış və bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olaraq qeyd edilmişdir.
42. Hazırkı iş üzrə icarə hüquq münasibətləri cavabdehin imtinasında, etirazında istinad etdiyi qanunvericilik normasının tətbiqdən əvvəl meydana gəlmiş və bu xüsusat yeni qanunla da icarə müqaviləsinin yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilməsi tələbinin tətbiq olunduğu torpaq sahələrinə aid edilməmişdir.
43. Bu səbəbdən məhkəmə qeyd edir ki, cavabdehin “torpaq sahəsi üzərində icarə müddətinin uzadılması yalnız açıq torpaq hərracı və ya müsabiqəsi ilə mümkündür” dəlili əsassızdır.
44. Məhkəmə eyni zamanda qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
45. Bundan əlavə, məhkəmə hazırki iddia tələbinin əsaslılığını araşdıran zaman Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 avqust 2023-cü il tarixli 2-1(102)-1995/2023 saylı, 11 aprel 2023-cü il tarixli 2-1(102)-702/2023 saylı, 6 may 2022-ci il tarixli 2-1(102)-717/2022 saylı qərarlarında qeyd olunan mövqeləri də nəzərə almışdır.
46. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, “Sumqayıt Bələdiyyəsinin 26 may 2004-cü il tarixli, 117 saylı iclasının qərarı ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə iddiaçıya Sumqayıt-Bakı avtomobil yolunun sağında ayrılmış 1,389 ha olan torpaq sahəsi üzərində onun icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması, çıxarış və torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ
47. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Sumqayıt Bələdiyyəsinin 26 may 2004-cü il tarixli, 117 saylı iclasının qərarı ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə İddiaçı MMC-yə Sumqayıt- Bakı avtomobil yolunun sağında ayrılmış 1,389 ha olan torpaq sahəsi üzərində İddiaçı MMC-nin icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının və torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Könül Həbibova